525.Az

Təhsildən keçən inkişaf xətti


 

Təhsildən keçən inkişaf xətti<b style="color:red"></b>

Azərbaycanın müasir inkişaf sürətinə bələd olan hər kəs yəqin ki, həm də bizim ölkəmizin hansı şəraitdə yaşadığını, hansı problemlərlə üzbəüz qaldığını yaxşı bilir. Qarabağ kimi böyük, məhsuldar və milli mədəniyyət xəzinəmizin daşıyıcısı olan bir bölgənin düşmən caynağında olması, geosiyasi cəhətdən mürəkkəb bir məkanda yerləşməsi, dövlətçilik quruculuğumuza qonşu paxıllığı və bu paxıllıqdan doğan fəsadlar fonunda da Azərbaycan iqtisadi, siyasi, ictimai dirçəlişin sahibinə çevrilməkdədir. Lap yaxın keçmişdə donor ölkələrin yardımına ehtiyacı olan ölkəmiz  indi özü ehtiyacı olan zəif dövlətlərə yardım əli uzatmaqdadır. Bütün bunlar Azərbaycanın öz problemlərinə artıq elmi gözlə, elmi yanaşmalarla baxmağının hesabınadır. Bu gün seçilən, təyin olunan kadrlardan Azərbaycan Prezidentinin ən yüksək tələblərindən biri onların problemlərə elmi yanaşma prinsipinin zəruriliyidir. Bunu təmin etmək üçün Azərbaycan təhsil sistemi, xüsusilə orta məktəb tamamilə yeni tədris üsulunu qəbul etməkdə, bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsini mənimsəməkdədir.

Dövlətimiz bütün sahələrdə və hər yerdə inkişafın təmin olunmasına çalışır. Bu sahədə qayğı daha çox cəbhə xəttindəki rayonlara yönəlir. Azərbaycan Prezidentinin iş təcrübəsi bir daha sübut edir ki, onun cəbhə bölgələrinə təyin etdiyi kadrlar buradakı problemlərin necə ağır olduğunu bilir və gecəni gündüzə qataraq onların həllinə çalışır.

Ağdam cəbhə xəttinin ən mürəkkəb yerində yaşayır. Bu rayonun icra başçısı  Nizami Sadıqov bir tərəfdən iqtisadi, siyasi quruculuq işləri ilə məşğul olur, digər tərəfdən cəbhə boyu kəndlərin sakinlərinin fərdi problemlərinin həlli istiqamətində iş aparır. Uşaqdan tutmuş böyüyə qədər hər kəsin torpaqlarımızın azad olunacağı inamı ilə yaşaması, çalışması  istiqamətində əməyini əsirgəmir. Onun fəaliyyətində rayonun orta məktəblərinin vəziyyəti, burada çalışan müəllim kadrlarının səviyyəsi, sosial şəraiti, şagirdlərin mənəvi dünyası və s. kimi məsələlər ayrıca bir istiqamət təşkil edir. Azərbaycan Prezidentinin regionların, xüsusilə cəbhə bölgələrinin problemlərini diqqətdə saxlayan proqram sənədləri başçının öz işində, ümidlərində daha inamlı olmasına birbaşa stimul verir. Buna görə də başçını cəbhə xəttinə yaxın məktəblərdə daha çox görmək olur. Məktəblərin maddi-texniki bazasının formalaşmasında, 20 ildən çox köçkünlük həyatı yaşayan bir rayonun məktəblərinin təmiri və yenilərinin tikilməsində Nizami müəllimin və onun kadrlarının çox böyük əməyi var.

Biz bu yazıda cəbhə xəttində yaşayan bir rayonun təhsil sahəsindəki uğurlarından söhbət açmaq istərdik. Əlbəttə, ilk baxışda belə zənn etmək olar ki, cəbhə xəttində yaşayan Ağdamın qayğıları daha çox müdafiə, iqtisadiyyat, camaatın işlə təmin edilməsi, əhalidə torpaqlarımızın tezliklə yağı tapdağından azad olunması  inamının gücləndirilməsi və sair kimi məsələlərlə bağlıdır. Bütün bunlar  respublika  rəhbərliyini, Ağdam  rayon  rəhbərliyini ilk növbədə düşündürən və bir çox hallarda həllini tapan problemlərdir. Ancaq bizim bu günkü uğurlarımızın, o cümlədən düşmənlə üz-üzə dayanmış Ağdamın qalib addımları birbaşa ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik proqramının həyata keçirilməsi, onun dövlətçilik kursunun uğurlu davamı ilə bağlıdır. H. Əliyev hələ 1990-cı illərin əvvəlində Azərbaycanın çətin günlərini, düşdüyümüz ağır vəziyyəti nəzərdə tutaraq deyirdi: “Ümumi çətinliklər nə qədər çox olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik və elmin inkişafı üçün mövcud olan imkanlardan daha da çox istifadə etməliyik”. Müdrik dövlət rəhbərinin bu sözləri bütün respublikada olduğu kimi, Ağdam rayon rəhbərliyi üçün də xüsusi bir proqram sənədidir. Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov ümummilli liderimizin bu sözlərini məktəb müəllimləri ilə vaxtaşırı görüşlərində xüsusi yada salır. Və bir də onu xatırladır ki, H.Əliyev bu sahənin uğurlarını birbaşa müəllimlərlə   bağlayırdı.  N.Sadıqov onun aşağıdakı fikrini müəllimlərlə bölüşməkdən həmişə qürur duyur: “Elm, təhsil, mədəniyyət sahəsində əldə etdiyimiz nailiyyətlər, Azərbaycan xalqının bu günkü yüksək təhsil, elm, mədəniyyət səviyyəsi, şüur səviyyəsi – bunların hamısı ilk növbədə müəllimlərin xidmətlərinin nəticəsidir”. Rayon icra başçısı H.Əliyevin bu sözlərini cəbhə xəttinin bir neçə  kilometrliyində yerləşən məktəblərin  sinif otaqlarında  dərs  aparan, şagirdləri yeni həyata hazırlayan cəsur Ağdamlı müəllimlərə  deyəndə  onların  ürəklərində  yeni təpər, yeni ümidlər cücərir. Və mütəmadi iştirak etdikləri seminarlarda, yığıncaqlarda Prezident İlham Əliyevin məktəb tikintisinə, məktəblərin yeni informasiya texnologiyaları ilə təmin olunmasına göstərdiyi  diqqət və qayğıdan bəhs edildikcə, cəbhə xəttindəki o müəllimlərin qələbəyə inamı birə-beş artır.

Bu gün Ağdamda 142  ümumtəhsil  məktəbi və başqa tipli məktəblər fəaliyyət göstərir. Onların 55-i rayonun özündə, 87-si isə köçkün məktəb kimi müxtəlif rayonlarda yerləşir. Bu məktəblərdə on doqquz minə yaxın şagird təhsil alır və onlara dörd minə yaxın müəllim dərs deyir. Bu məktəblərin uğurlarını onların məzunlarının ali məktəblərə qəbul sayında hər il özünü göstərən artımla da müəyyən etmək olar. Özünün də ömrünə qaçqınlıq taleyi yazılmış Elmira Şükürova on beş ildir ki, Ağdam təhsil idarəsinə rəhbərlik edir.  Elmira xanım bir neçə cəhətə görə rayon camaatının xüsusi hörmətini qazanmışdır: o, təhsil, məktəb işində böyük təcrübəyə malikdir; hər şeyə vətəndaşlıq, azərbaycançılıq mövqeyindən yanaşır; tələbkardır, amma müəllimlərə, şagirdlərə xüsusi qayğısı ilə tanınır; dövlətçilik prinsiplərini rəhbər tutur və yalnız bu prinsiplərdən çıxış edir; hər il ali məktəblərə qəbul olmuş məzunları xüsusi diqqətdə saxlayır, aşağı sinif şagirdlərini ruhlandırmaq üçün onların məktəblərdə görüşlərini təşkil edir və nəhayət, məktəb-müəllim-valideyn münasibətlərini daim diqqətdə saxlayır...

Elmira xanım yeniliyə meylli adam olduğu üçün rayon məktəblərində müəllimlərin yeni texniki tədris vasitələrindən istifadəsinə xüsusi şərait yaradır. Azərbaycan prezidentinin bu yaxınlarda  Respublika Nazirlər Kabinetinin  rəhbərləri ilə keçirdiyi müşavirədə rəhbər kadrların insanlarla səmimi münasibəti ilə bağlı tövsiyələri hamı kimi Ağdamdakı dövlət məmurlarının da diqqət yetirdiyi məsələlərdəndir. Elmira Şükürova Ağdam təhsil şöbəsinin tabeliyində olan adamlara – müəllimdən tutmuş texniki işçilərə qədər hər kəsə diqqətlə yanaşan bir rəhbər kadrdır. O, təhsil şöbəsinin işçilərinə həmişə  tövsiyə edir: Ağdam kövrək yerdir – deyir. Düşmənin beş addımlığındayıq. Məktəblərə, müəllimlərə arxa durun, onların qayğılarını öyrənin.

Və Elmira xanım təhsil işçilərində hiss etdiyi ciddi ehtiyacları birbaşa rayon icra başçısına şəxsən özü çatdırır və məsələnin hər dəfə həlli onun qürur duyduğu anlara çevrilir.

Regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi ilə əlaqədar çadırlarda, vaqonlarda yaşayan rayon əhalisi işğal olunmamış  ərazidə salınmış yeni qəsəbələrə köçürülmüş, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında son 10 il ərzində rayonda salınmış 14 qəsəbənin hər birində yeni, hər cür avadanlıqlarla təmin edilmiş, kompüter sinifləri olan məktəb binaları tikilib istifadəyə verilmişdir. Bundan başqa Səfərli kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni məktəb binası, Əlibəyli, Hacıturalı, Qaradağlı və Çəmənli kənd tam orta məktəbləri əsaslı təmirdən sonra  yeni avadanlıqlarla təmin edilmişdir. Ərazidə qalan, əsaslı təmirə ehtiyacı olan məktəblərin də 2013-2014-cü illər ərzində təmir edilməsi üçün Nazirlər Kabineti qarşısında məsələ qaldırılmışdır. Beləliklə, rayon ərazisində fəaliyyətdə olan bütün məktəblərdə tədris üçün tam normal şərait yaradılmışdır. Bu isə təhsilin göstəricilərinin yaxşılaşmasına öz təsirini göstərmişdir.

Bütün bunlar Ağdamda cəbhə xəttində  yaşayan bir rayonda insanların sabaha necə böyük inam bəslədiyinin bariz faktlarıdır. Əvvəllər öz mədəniyyət abidələri, elm adamları, incəsənət xadimləri ilə seçilən Ağdam erməni işğalından sonra bir müddət çaşqın vəziyyətdə qaldı. Lakin çox keçmədi ki, Ağdam belini dikəltdi və öz iqtisadiyyatı, mədəniyyət quruculuğu ilə yenidən gündəmə  gəldi, düşmənin acığına tamamilə yeni bir həyata qədəm qoydu. İndi Ağdam bütün istiqamətlər üzrə sürətli bir inkişaf yolundadır. Bu inkişafın əsas xətti təhsildən, ona dövlət qayğısından keçir.

Süleyman MƏMMƏDOV
Ağdam rayonu, Əfətli kəndindəki Həsənxanlı orta məktəbinin veteran müəllimi

 





31.05.2013    çap et  çap et