525.Az

Metroda ehtiyatlı olun! - (Yumoreska)


 

Metroda ehtiyatlı olun! - <b style="color:red">(Yumoreska)</b>

Bu yaxınlarda yolum Bakı metrosuna düşmüşdü. Tələbəlik dövrümə ağlım getdiyindən aldığım yeni kitabı vərəqləyir, bəzi yerlərini nəzərdən keçirirdim.

Bu arada diktor elan elədi ki, metropoliten ərazisində şübhəli şəxs, sahibsiz əşya görənlər dərhal müvafiq adamlara xəbər versinlər. Xarici ölkələrin metrolarında baş verən terror hadisələrini yada salanda belə ehtiyatlı davranışı təbii saydım və mütaliəyə daldım. Hər hansı əsəri onun əsasında çəkilmiş filmdən sonra oxumağın bir ayrı ləzzəti var. Yaxşı qavranılr, qaranlıq bir şey qalmır. Kitabda o yerə çatmışdım ki, don Vito Korleonenin evində onun qızı Konni və Karlo Rissinin toy məclisi təşkil olunub. Qonaqlar yeyib-içir, şənlənirlər. Ona görə şənlənirlər ki, bir azdan durub toya ən azı 50-dən, 100-dən pul yazdırmayacaqlar. Onlar nəinki toya pul salmayacaqlar, əksinə, bu toydan yararlanacaqlar. Çünki “Xaç atası” kimi tanınan və Korleone mafioz qrupunun başçısı Vito belə xırdaçılıqlardan uzaqdır. O, siciliyalıların adətinə uyğun olaraq toy əhlinin, dost və həmkarların xahişlərini dinləyib həllinə göstəriş verir.  Xahişə gələnlər çox gözəl bilirdilər ki, toyun yiyəsi öz qızının toyunda kiminsə sözünü yerə salmayacaq, problemin həlli kimdən asılıdırsa, ona “imtinaolunmaz təklif” verib məsələni yerindəcə həll edəcəkdir. “Bu ki, kişi adammış” - deyə fikirləşərkən bayaqkı elan bir də səsləndi. Başımı qaldırdım ki, nəəəə?  Vaqondakıların hamısının nəzəri mənə dikilib, nəzər-diqqəti üzərində hiss etmək pis şey deyil, amma gərək səbəbi ola. Bunların nəzər-diqqəti bir ayrı şeydi, əyri - əyri baxmaq, şübhəli şəxs qismində süzməkdi. Əvvəl nə baş verdiyini anlamadığıma görə istədim deyəm “noolub ee... xeyir ola belə məni hədəfə almısınız?” Amma demədim, çünki bir nəfər deyil, iki nəfər deyil, hansına üz bozardım?  Kəc baxışlarımla qarşılıq verib onları susdurmağa çalışdım, amma faydası yox, onlar çox, mən tək.

Bu yerdə Məhəmməd Füzulidən şeir deyəcəkdim, yadıma düşmədi. Söhbət ondan gedirdi ki, öylə bir yerdəyəm ki, dost yox, həmdərd yox, dövran zəbun, düşmən qəvi... Aralıqda bir dənə də “bisükun” sözü olmalıdır. Nəsə, baxhabax, baxhabax, nəhayət onların kəc baxışlarının səbəbini anladım. Şübhələnməsinlər neynəsinlər, hamının əlində telefon, qulağında qulaqcıq. Əlində kitab olan yalnız bir nəfər. O da mən. Üstəlik, əlimdəki kitab dükanlarda ən çox satılan dedektiv “stoyanka” əsərlərindən deyil. Mario Püzonun “Xaç atası”dır. Yaxalanmayım deyə gedəcəyim ünvana bir stansiya qalmış aradan  çıxdım.

Başıma gəldiyindən, sizi də xəbərdar edirəm: Metroda ehtiyatlı olun!

 





21.10.2017    çap et  çap et