525.Az

Fikrət Qocanın şeirləri


 

Fikrət Qocanın <b style="color:red">şeirləri</b>

Aprel şəhidləri

Bizi ilk qarşılayan
Aprel şəhidləriydi,
Bu Cocuq Mərcanlının
Ən müqəddəs yeriydi.
Ayağına gül qoyduq
Şəklinə baş əydik.
Ay oğul, təki belə
Toyunuza gələydik.
Daim gənc qalarsınız
Göz aydın, üzü gülər,
Daim ayağınızı
Öpəcək qızılgüllər.
Əsgər gedən oğullar
Burdan gedər döyüşə.
Sevən yaşıdlarınız
Bura gələr görüşə.
Gələnlər gedəcəklər
Kimi ucalacaqdı,
Kimi qocalacaqdı,
Kimi zəfər çalacaq!
Düşməndən intiqamı
Dönə-dönə alacaq!
Aprel döyüşçüləri
Belə cavan qalacaq.
Onlar zamandan güclü,
Dövrandan üstündülər.
Onlar gecə aydılar.
Gündüzlər də gündülər...
Eh... Bunlar hamısı sözdü,
Şəhidlər ölümsüzdü!

Şuşa Məscidi

Cocuq Mərcanlıya
Şuşadan qonaq gəlib.
Cocuq Mərcanlının ağ gününə.
Geyinib dümağ gəlib.
Şuşanın məscidi namaza durub.
Əllərini Allah dərgahına qaldırıb.
Qarabağa azadlıq diləyir.
“Allahım, köməyimiz ol” - deyir.
Azanın səsi
Haqqın qapısını döyür.
Məscid onun üzüdü,
İçi insan içidi.
Bu Şuşadakı Məscidin özüdü,
Əsgərlərimizə gəlmiş elçidi.
Gəlin bizi alın! - deyir.
Gəlin zəfər çalın! - deyir.
Azərbaycanın ən uca Şuşa səhnəsindən,
“Qarabağ Şikəstəsi”nin səsindən
Ən uca zənguləsindən
Yadları salın!
Qarabağı alın! - deyir.
Məsciddə görüş
Ruhu titrədən bir görüşdü.
Ordumuz ayağa qalxsa
Şimşək kimi çaxsa
Ordumuz üçün ən asan iş döyüşdü .
Qalanını tarix yazır.
Hər azərbaycanlının içində
Bir əsgər var
Döyüşə hazır!

Yaman olur

Havadan, sudan, çöldən
Gözəllik ətri gəlir.
Qızılgüllər titrəyir
Əlvan ləçəklər gülür.
Bu gözəllik qoynuna
Tanrı nuru tökülür...
Sevincdən gözüm dolur.

lll

Şirin dil son hədd ola
İnsanlar arasında.
Ölkələr arasında
Qızılgül sərhəd ola...
Yar həsrəti-hicranı
Ən çəkilməz dərd ola...
İnsanlar mələk olur.

lll

Beşiyim, məzarımsan
Ana torpağım mənim.
Qəlbin qəlbimdə vurur
Ay Qarabağım mənim.
Bülbüllər yetişdirən
Havam, bulağım mənim.
Görürəm rəngin solur.

lll

Səni belə görəndə
Tufan olur, qan olur.
Hirsim qaynayıb daşır,
Səbrim ilə savaşır.
Bizə döyüş yaraşır,
Bizə zəfər yaraşır.
Hikkəm başımdan aşır
Ruhum dağa dırmaşır,
Varlığım tufan olur.
Xalq bu həddə gələndə
İntiqam yaman olur.

Biz Cocuq Mərcanlılıyıq

Dağlı eniş-yoxuşlu,
Torpaqlı, daşlı, quşlu,
Ağaclı - vətəndaşlı
Hamımız bir canlıyıq.
Biz Cocuq Mərcanlılıyıq.

lll

Yollar qəddi, ütülü,
Bulaq-sükut bülbülü,
Şehli bağların gülü -
- Qəlbi həyəcanlıyıq.
Biz Cocuq Mərcanlılıyıq.

lll

Körpədən son yaşacan,
Lap ayaqdan-başacan.
Ey böyük Azərbaycan
Hamımız bir canlıyıq!
Biz Cocuq Mərcanlılıyıq.


Lələtəpə

Dədəm Qorqudun dövründə
Laləli bir təpə idim.
Sonradan lələ olmuşam,
Bir Lələtəpə olmuşam.

Başımın üstündə Allah,
Əlimdə üç rəngli bayraq.
Gecə, gündüz, axşam, sabah,
Ana yurda keşikçiyəm.

Xalqın dağ olmuş səsiyəm,
Mən igidlər nərəsiyəm.
Mən lələlər lələsiyəm.
Məktəblərin zəng səsiyəm.

Dağam, dağlar balasıyam.
Mərcanlılar qalasıyam
Hələ mənim çox işim var
Çox zəfərlər çalasıyam.

Yurdun Lələ dayağıyam,
Elin Lələ bayrağıyam,
Əsgərlərin səngəriyəm,
Düşmənlərə göz dağıyam.

Birinci sinfə ikinci dəfə Cocuq Mərcanlıda getdim

Birinci sinifdəyik
Mən və sinif yoldaşım.
Onun yeddi yaşı var,
Mənim səksən üç yaşım.
Onun  ilə söhbətə
Bərk qarışmışdı başım.
Müəllimə dedi:
- Yaxşı!
Siz sakit olun bir az.
Dərsdə danışmaq olmaz.
Mən tez kəsdim sözümü,
Yığışdırdım özümü.
Sinif dostum soruşdu:
- Sən də qorxursan ondan?
- Mən qorxuram qanundan.
- Qanun kimdi, ay dayı?
- Hamı ona tabedi
Səndən, məndən savayı.
- Niyə o bizə dəymir?
- Sənin yaşın çox azdı,
Mənim yaşım lap çoxdu.
Bizi əsgər qoruyur
Heç bir qorxumuz yoxdu...

Səidə qızıma

(Mahnı mətni)

Quliyeva Səidə Allahqulu qızı Bakıda rahat evini qoyub, könüllü Cocuq Mərcanlıya gedib. Orta məktəbdə işləyir. O, ürəyinin çağırışına əməl edib. Hər ürəkdə belə çağırış olmur. Ürəkdə belə istək olsa da, hər adam cəsarət edib Bakıda rahat evini qoyub, düşməndən yeni alınıb, yeni salınmış Cocuq Mərcanlı qəsəbəsinə işləməyə, yaşamağa gedə bilməz. Bunun üçün ürəkdə istəkdən başqa qeyrət, təpər, alovlu vətənpərvərlik, vətəni əsl Leylinin Məcnuna olan məhəbbəti kimi bir İlahi məhəbbət olmalıdır. Səidə qızımızda o var. Qızın özü də bilmir ki, qəhrəmanlıq elə buna deyirlər.

Səni vətənin çağırdı.
Səs qəlbində ağrıdı.
A qeyrətli qızım mənim,
Şir ürəkli quzum mənim.
Qoy tanısın el səni də,
Səidə, ay Səidə.

lll

Kitabların sirdaşısan,
Hamının qız qardaşısan.
Özündən xəbərin yoxdu,
Sən özündən də yaxşısan.
Qəlbin günəşdir sinəndə,
Səidə, ay Səidə.

lll
 

Mərcanlıda cocuqlara
Şirin nağıl olacaqsan.
Evdə bacı olacaqsan ,
Çöldə oğul olacaqsan.
Adın nəğmədir sənin də,
Səidə, ay Səidə.

lll

Başdan-ayağa hünərsən,
Odlar qızı igid ərsən.
İnanıram ilk imkanda
Şuşaya da sən gedərsən,
Olacaqsan orda sən də,
Səidə, ay Səidə.

 





21.10.2017    çap et  çap et