525.Az

“Milli Şura” vahid namizədi necə müəyyənləşdirəcək?


 

“Milli Şura” vahid namizədi necə müəyyənləşdirəcək?<b style="color:red"></b>

“Milli Şura” vahid namizəd müəyyənləşdirə bilməyəcək”. Bu sözlər Sosial Demokratlar Partiyasının sədri Araz Əlizadəyə məxsusdur. Bir sıra müxalif qüvvələr tərəfindən yeni yaradılan “Milli Şura”ya münasibət bildirən A.Əlizadə söyləyib ki, konfliktli insanların orada təmsil olunması bir daha onu göstərir ki, “Milli Şura”dan heç nə alınmayacaq. Onun sözlərinə görə, bu qurum ayaq tutub gəzməyəcək: “Milli Şura” harada nəyi itirib, onu da tapıb ora soxub. Bu qurum amorf bir təşkilata çevriləcək. “Milli Şura”nın prezident seçkilərinə vahid namizədlə qatılacağını gözləmək olmaz. Çünki İsa Qəmbər onsuz da seçkilərə gedəcək. Əli Kərimli də bildiyim qədəri ilə namizədliyini verəcək. Lalə Şövkətin Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürəcəyi bildirilir. Hərəsinin ağzından bir avaz gəlir. Bunlar “xərçəng”, “durna” və “balıqdır”.

Politoloq Elşən Musayev “Milli Şura”nı ən rəngarəng qurum adlandırıb: “Gedib öndərim dedikləri Rəsulzadənin abidəsi önündə boğazdan yuxarı moizələr oxuyurlar, üzərindən də  3-4 saat keçməmiş bir araya gəlib elə həmin Rəsulzadənin qurduğu dövləti çökdürən Rusiyanın təlimatı ilə yeni birlik yaratdıqlarını bəyan edirlər. Sözün əsl mənasında bu, rüsvayçılıqdır. “Milli Şura” güman ki, Azərbaycan siyasətində bu günə qədər formalaşan birliklərin ən rəngarəngidir. Çünki onun tərkibində hər cür nümunə var. İllərin uğursuzluğuna düçar olan ənənəvi müxalifət, siyasi riyakarlığın bariz nümunələri , qərbpərəstlər, ruspərəstlər, iranpərəstlər. Və  aralarında bir tək rast gəlmədiklərimiz – Azərbaycanpərəstlərdir! Elə bu səbəbdəndir ki, təşkilatın yaranması ilə bağlı aparılan son müzakirələrdə ümumən Azərbaycan adı keçməyib. Bütün kritika və dilemma Rusiya ilə Avrointeqrasiya meylləri arasında haçalanıb. Nə qəribədir ki, bu acı həqiqəti, aralarında gedən anti-Azərbaycan ritorikasını özünə lider deyən siyasi səbatsızlar mətbuat səhifələrinə belə çıxarmaqdan çəkinməyiblər. Müxalif mətbuat dünənki manşetlərində özü etiraf etdi ki, birbaşa Rusiya təmsilçiliyini ifadə edən qərarların qəbuluna qarşı  azacıq da olsa İsa Qəmbər təsir etməyə çalışıb. Sonunda isə onu da inandırmağa nail olublar ki, belə olmasa heç bir dəstəkdən söhbət gedə bilməz. Avropadan və qərbdən birmənalı şəkildə imtina etmək və tam heyətlə Rusiyanın üzərinə “yıxılmaq” lazımdır. Çünki məsləhət belədir! O zaman sual olunur: Yaxşı bəs bunlar, sahib olduqları ideologiya ilə hara aparmaq istəyirlər Azərbaycanı? Daha nələri satmağı, qurban verməyi planlayırlar görəsən? Öz millətinə qarşı olan bu qədər nifrətin, qəzəbin, kinin səbəbi nədir? Elə hey deyirlər, təşkilatlanırıq. Kiminlə? “Skayp qəhrəmanı” İbrahimbəyovlamı? Azərbaycan siyasətinin Amerika bürosundakı təmsilçisi Rəsul Quliyevləmi? Yoxsa özünü siyasətdən tam ayırıb məişət qayğılarına həsr edən Lalə Şövkətləmi? İnanın, cəmiyyət içində bir nəfər belə ciddi nüfuzu, istedadı olan kəs üzv olmayıb bu təşkilata! Hətta görün nə  vəziyyətdir ki, Bəxtiyar Hacıyev belə bəyənməz olub bunları. Bir ayın nəticəsi və əmək sərfiyyatı olaraq tapıb ortaya çıxardıqları isə Əvəz Temirxandan, Mirmahmud Fəttayevdən o yana keçmir. Təşkilatçıların ən az ikidə bir təmsilçiləri virtual ulduzlardır, xaricdə kök salanlardır, bu ölkəyə, bu millətə sözün əsl mənasında dəxli olmayanlardır! Odur ki, hələ bir az da səbr etməyə dəyər. Gözləyək görək Rəsul Quliyevdən  distansion siyasətin estafetini təhvil alan İbrahimbəyov “Oskar” festifalı ilə səhv saldığı Azərbaycan siyasətində daha hansı “xariqə”ləri” yaradacaq, daha hansı janrları tətbiq edəcək və daha kimlərə quruluşçu rejissoru olduğu tamaşada rol verəcək...”.

E.Musayevin sözlərinə görə, ənənəvi müxalifətin nəyə qadir olduğu ortadadır və bu mövzu ətrafında bundan sonra milyon dənə də əlavə müzakirələr açılsa yenə mahiyyət dəyişməz olaraq qalacaq: “Kimsənin də bu ölkədə boğazdan yuxarı söylənilən fikirlərə, populist çıxışlara, saxta qəhrəman jarqonlarına aldanacaq, aludə olacaq halı yoxdur. Çünki siyasi meydanın, axarın, axının nəbzini tutmaq insanlar üçün bu gün artıq keçilməz bir baryer deyil. Hər kəs də fərqindədir ki, 20 illik uğursuzluğun kompensasiyasını 20 günün ərsəyə gətirdiyi bir təşkilatla-”Milli Şura” ilə bərpa etmək olmaz. Bunun üçün fikir deyil, insan resursu gərəkdir. Hansı ki, müxalifətimizin də ən kasad və ağrılı nöqtəsidir. AXCP rəhbərliyi iddia edir ki, sonucda vahid namizəd məsələsini həll edəcəyik. Necə? Yoxsa vahid namizədlik adlı – illər uzunudur kabusa çevrilən və dalana dirənən məsələni heç gərəkməyən anda yenidən gündəmə gətirməyin başqa nə anlamı ola bilərdi ki? Yaxud öz qəzetində Müsavat başqanı haqqında yazdırdığın təhqiramiz yazılarlamı? Üzdə həmrəylikdən danışıb altdan mirzələrinlə göndərdiyin “müsavatçılar heç bir məqamda önə keçməsin, keçməməlidir, keçə bilməz” adlı mesajlarınlamı? Yoxsa mətbuata saxta reytinq cədvəlləri ötürməkləmi, ya da prezidentlik namizədliyinə münasibətdə öz ətrafına xitabən “mən imtina edəcəm-amma siz dirəşin” – səmimiyyəti iləmi?

Politoloq daha sonra bunları söyləyib: “Milli Şura”nın elan olunduğu bir neçə gündür, artıq aləm deyib bir-birinə. Biri təşkilatdakı üzv sayının “razborkası”nı aparır, digəri “açıq qapı” doktrinası elan edir, bir başqası da özünə əl qatıb ki, vahid namizəd kim olacaq. Siz ortalığa bir nizamnamə, bir fəaliyyət proqramı qoydunuzmu ki, hələ olmayan təşkilatın olmayan tərkibini də müəyyən edəsiniz? Və ya ortada olmayan nəyisə bölüşdürmək hansı istedadın, məfkurənin məhsuludur görəsən? Azərbaycanın radikal müxalifətinin potensialı yoxdur. Xalq anlayıb, özləri də anlamalıdırlar bunu nəhayət. Kvartal başı fərqli tərkiblə elan etdikləri təşkilatların adını dəyişməklə işin və nəticənin mahiyyətinə təsir edə bilməyəcəklər. Bu insanlar hər seçkidə fərqli qüvvələrə yarınaraq, müxtəlif rənglərə boyanaraq – narıncı, yaşıl köynəklərə, libaslara bürünərək nəhayətdə siyasətçiyə deyil, göy qurşağına bənzəyəcəklər. O da ki, ən yaxşı halda”.

AQİL

 





01.06.2013    çap et  çap et