525.Az

Aqil Abbas Gənc Ədiblər Məktəbinin qonağı olub


 

Aqil Abbas Gənc Ədiblər Məktəbinin qonağı olub<b style="color:red"></b>

Mayın 30-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) üzvləri ilə millət vəkili, yazıçı Aqil Abbasın görüşü keçirilib. Dünyanın Ən Varlı Şəhərinin taleyindən yazan ədibin görüşünə Ağdamdan, Qazaxdan, Tovuzdan, Şəmkirdən və digər bölgələrdən gələnlər vardı. Aqil Abbasın ən yaxın dostlarından olan AYB-nin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tanışlıqlarının 30 illik tarixi olduğunu önə çəkdi: “Aqili Ağdamda orta məktəbdə oxuduğum vaxtdan tanıyıram. O, Ağdam Dövlət Dram Teatrındakı bir tamaşa haqqında fərqli fikirlər söylədi. İlk dəfə ədəbiyyat haqqında, tamaşa haqqında belə qeyri-adi təsir bağışlayan bir çıxış eşitdim və bunun mənim həyatımda böyük rolu oldu. Elə oldu ki, jurnalistika fakültəsində oxuyurdum, bir gün Aqil auditoriyaya girdi, bizimlə tanış oldu, sonra isə məni başqa sahənin adamları olan dostlarımdan ayırıb “Azneft”dəki məşhur çayxanaya apardı. Mən bu çayxanada ədəbiyyatımız, tariximiz haqqında heç yerdə eşitmədiyim fikirlərlə tanış oldum. Aqil 1983-cü ildə çıxan ilk kitabını mənə vermişdi. Sonralar isə “Batmanqılınc” romanının qələmlə yazdığı əlyazmasını mənə bağışladı. Hələ o zaman yazdığı ilk povesti – “Evləri köndələn yar” böyük populyarlıq qazanmışdı. Aqil Abbas olmaq çətindi. O, həddindən artıq orijinal adamdır. “Unikal adam” adlı bir yazımda onun xarakterinin fərqli məqamlarından, tanımadığı adamların ona olan sevgisindən yazmışdım. Bunu qazanmaq asan iş deyil. Bu, böyük bir ömürdü, insanlara qarşı böyük sevgidi, xarakterdi. Biz eşitmişik ki, əvvəlki dövrdə yazıçıların böyük məşhurluğu olub, amma bu gün informasiyanın bol olduğu, müxtəlif meyllərin toqquşduğu bir vaxtda Aqil Abbas kimi tanınan bir yazıçı yoxdu. Onun yazı prosesi də çox qəribədi. O, standart yazıçı deyil”.

Daha sonra Aqil Abbas gəncləri salamladı və onlara tövsiyələrini verdi: “Mənim həyatda sevdiyim bir şey var – oxumaq, oxumaq, yenə oxumaq. Hər şey kitabda yazılıb. Mən sizə səmimi deyirəm ki, kitab oxumayan adam sevə bilməz. Hətta Allahın verdiyi sevgini də dərk etmək üçün oxumaq lazımdır. Kimsə “Leyli və Məcnun”u, “Əsli və Kərəm”i, gözəl sevgi romanlarını oxumayıbsa, hind filmlərinə baxmayıbsa, o, necə sevə bilər?! Mən həmişə tələbələrə deyirəm ki, dörd il oxuyun, sonra əlli il bu dörd ili xərcləyəcəksiniz. Əlli ilin xətrinə bu dörd ili oxumaq lazımdır. Şuşada “Məclisi-üns”ə üzv olmaq üçün klassik poeziyadan iki min beyt şeir bilmək lazımıydı. Əlbəttə, birinci öz ədəbiyyatımızı, tariximizi sonra isə dünya ədəbiyyatını öyrənmək vacibdir. Bizdə bir qrup gənclər var ki, onlar Azərbaycan ədəbiyyatını oxumurlar. Oxumadıqları adamları da tənqid edirlər”.

Gənclərin təcrübəsiz olmasını nəzərə alaraq Aqil Abbasa ilk sualı peşəkar jurnalist Rəşad Məcid ünvanladı: Gənclik illərində ilk yazıların necə çıxdı, kimlər sənə kömək elədi?

Aqil Abbas: İlk yazımı 1971-ci ildə Bəxtiyar Vahabzadənin dərsində yazmışam. Dərsdə boş vaxtımda ya şəkil çəkərdim, ya da nəsə qaralayardım. Təsadüfən küçədən Qədir Rüstəmovun “Sona bülbüllər”i eşidildi və mən beş yüz dəfə “Sona bülbüllər” yazıb qaraladım. Əsəri yazandan sonra isə Bəxtiyar müəllimə verdim. Oxudu və dedi ki, povestini “Ulduz” jurnalına vermişəm. Həmin əsərdə bıçaqlanma səhnəsi vardı. Mənə dedilər ki, komsomolçu komsomolçunu bıçaqlaya bilməz. O səhnəni çıxartmağımı istədilər. Ondan sonra həvəsdən düşdüm, yazı yazmadım. Sonra “Evləri köndələn yar”ı Anar müəllimə verdim. Anar müəllim povestimi oxuyub bəyəndiyini və əsəri “Ulduz” jurnalına çap olunması üçün verdiyini dedi. “Ulduz” jurnalından mənə dedilər ki, zəif əsərdi, çap eləmə. Mən də razılaşdım. Aradan bir ay keçəndən sonra Anar müəllimlə qarşılaşdım. Məndən əsərin niyə çap olunmadığını soruşdu. Dedim ki, əsəri zəif hesab etdilər. Jurnalın növbəti nömrəsində povestim çap olundu. Bu əsərə görə çoxlu sayda oxucu məktubları aldım. O zaman povest yazmaq qadağan idi. Povesti yalnız Anar müəllim, Elçin müəllim, İsi Məlikzadə, Sabir Əhmədli və Mövlud Süleymanlı yaza bilərdi. Gənc müəllif yalnız hekayə yaza bilərdi. Həm də çap orqanları az idi. Yazıçılar Birliyinə daxil olmaq üçün isə on çap vərəqi nəsr, üç min misra şeirin olmalıydı. Olanlara da gərək rəy verəydilər. İndi isə tanınmaq, çap olunmaq çox asandı.

Daha sonra GƏM üzvləri yazıçı haqqında fikirlərini bölüşdülər və onları maraqlandıran, cavab tapmaq istədikləri suallarını səsləndirdilər. Aqil müəllim də gəncləri diqqətlə dinlədi və səmimiyyətlə bütün sualları cavablandırdı.

Pərviz Axundov: Sizin yazılarınızın əksəriyyəti Qarabağ mövzusundadır. Ümid edirsiniz ki, bu əsərləri yazmaqla Qarabağ problemini Azərbaycanın xeyrinə həll edə bilərsiniz?

Aqil Abbas: Qarabağ problemini müharibə ilə həll edəcəyik. Heç vaxt sülh yolu görməmişəm. Müharibədə hər kəsin öz işi var. Əgər mən yazıçı kimi üç yüz adamın ürəyində Vətən toxumlarını səpmişəmsə, döyüş ruhunu aşılaya bilmişəmsə, bu, mənə bəsdi. Müharibədə 20 faiz döyüşür, 20 faiz də onlara qoşulur, 20 faiz də onlara baxıb qaçmır.

Elşad Barat: Bu gün yüzlərlə istedadlı gənclər var ki, işsizdirlər. Millət vəkili kimi bu haqda nə deyə bilərsiniz?

Aqil Abbas: Mən gənclərə həmişə kömək etmişəm. Yeganə adamam ki, işçilərimin adını bilmirəm. Onlara “qızım”, “oğlum” deyə xitab edirəm. Bizim qəzetdə işçiləri redaktor seçmir. Kimsə tanıyır ki, bir adamın istedadı var, onu dəvət edirik. Mən jurnalistika fakültəsindən tələbələr gətirmişəm onlar həm oxuyublar, həm də işləyib maaş alıblar. Onlardan biri Vahid Qazi, o biri isə “525-ci qəzet”in redaktoru Yusifdir.

Elşad Barat: Aprel ayının 1-də anadan olmusunuz. Bunun sizin həyatınıza nə kimi təsiri var?

Aqil Abbas: İnanın ki, aprelin 1-də doğulmasaydım, ad günümün hansı ayda, hansı gündə olduğu mənim üçün maraqsız olardı. Mən bunu “Ən xoşbəxt adam” əsərimdə də yazmışam.

Vəfa Qafarova: “Şöhrət” ordeni sizin üçün hansı stimulu yaratdı? Yəni “bundan da artıq işləməliyəm, yoxsa daha dincəlmək mənim haqqımdır” stimulunu?

Aqil Abbas: Orden verəndə adamın məsuliyyəti artır ki? Adam məsuliyyətsizdirsə, ona nə ad verirsənsə ver, yenə həmin adam olacaq və ya əksinə.

Gülnar Səma: Sizin əsərlərinizin bir çoxunda Qədir Rüstəmovun obrazı var, bunun səbəbi nədir?

Aqil Abbas: Mən musiqini çox sevirəm. Mənim üçün dünyada sevdiyim Qədir Rüstəmov var, Rəmiş var. Bütün günü çirkabın içindəyik, Qədirin səsi isə adamı təmizləyir. Onun Tanrıdan gəlmə, qəribə səsi vardı. Biləsiniz ki, Qədir nə oxuyubsa, hamısında ritmi pozub. Ancaq səsinə görə adamlar onu sevib. Qədirlə möhkəm dost olmuşuq. Onu sonuncu görənlərdən biri də mən olmuşam. İstanbula getmişəm, qulağına da çığırmışam ki, Qədir, Ağdamı qaytarmışıq...

Elməddin Nicat: Ola bilməz ki, Aqil Abbas şeir yazmasın...

Aqil Abbas: Şeir yazmışam. Heç birini vərəqə köçürməmişəm, şeirləri əzbər bilmişəm, sonra isə yadımdan çıxanlar olub.

Elmin Nuri: Gənc yazarların bir qismində əndazəni aşmış üsyankarlıq, qarşılarına çıxan hər şeyə yox demək istəyi var. Bu istək yaradıcılığın qarşısına sədd çəkə bilərmi?

Aqil Abbas: Gənclik üsyankar olur, ancaq bir qrup yaranıb ki, onlar əxlaqsız yazılar yazırlar. Onları qəbul etmirəm. Bunlar keçmişdə maraqlı ola bilərdi. Məsələn, “Kəlilə və Dimnə”də belə bir hissə vardı. Hamı o bir vərəqin xətrinə bu əsəri oxuyurdu. İndi internetin inkişaf etdiyi bir vaxtda belə şeylər maraqlı deyil, ona görə bu cür əsərlər yazmaq əxlaqsızlıqdır. Bu şeylər insanlarda psixoloji pozğunluq yaradır. Hamını bəyənmirlər, bəyənməsinlər. Ancaq sonra görək onlar özləri nə yazacaqlar. Adi bir fəhlə məni bəyənməyə bilər, bunun ona haqqı çatır. Ancaq yaradıcı adam başqasını inkar edəndə gərək özü ortaya nəsə qoysun.

Famil Mədətov: “Dolu” romanınızda sonradan əsərə əlavə etmək istədiyiniz hissələr olubmu?

Aqil Abbas: “Dolu” romanım təxminən iki bu qədər olub. Lakin bir qismini ixtisar elədim. İndi adamların irihəcmli əsərləri oxumağa vaxtı yoxdu, həm də bütün müharibəni yazmaq mümkün deyil. Bu mənim müharibədə gördüyümün 5-10 faizidir. Təbii ki, yazmaq istədiyim çox şey var, amma həcm baxımından bəzi şeyləri yazmamışam. Mən bu romanı təkcə Qarabağ müharibəsinə yox, ümumən müharibənin əleyhinə yazmışam. Müharibə hər yerdə müharibədir. Gələcəkdə bu mövzuya yenə qayıdacam. Azərbaycan təkcə ermənilərlə yox, bütün dünyayla vuruşub. Biz hamıyla vuruşub 80 faiz torpağımızı saxlamışıq. Bu xalq həmişə vuruşub, ona yuxarıdan aşağı baxmaq olmaz.

Tənqidçi Əsəd Cahangir həm birinci, həm də ikinci GƏM-in bir sıra tədbirində iştirak etdiyini, bu görüşün daha maraqlı keçdiyini bildirdi: “Mən görüşlərin əksərində iştirak etmişəm. Gördüyüm, şəxsən iştirak etdiyim, hətta özümlə də keçirilən görüşü də nəzərə alsaq ilk tədbir idi ki, əsl yazıçı görüşü oldu, yazıçı sözü eşidildi və hər iki tərəf üçün maraqlı oldu. Mən bir şeyi anladım ki, yazıçı oxucuyla və ya gənc yazarlarla görüşməsi üçün müəyyən bir həyat təcrübəsi, zəngin yaradıcılıq yolu keçməlidir ki, deməyə sözü olsun. Bəzi yazıçıların deməyə sözləri olmur və adamlarında onlara verməyə sualı olmadığından nəticədə görüş maraqsız və sıxıcı olur. Aqil müəllimə təşəkkürümü bildirirəm. Bu görüş mənim və gənclərin xatirindən uzun müddət silinməyəcək”.

Sonda Aqil Abbas gənclərə uğurlar arzuladı və onlar üçün kitablarını imzaladı.

Ənənəyə uyğun olaraq, tədbirin ikinci hissəsində GƏM üzvləri şeirlərini səsləndirdilər, şeirlər haqqında fikirlərini bölüşdülər.

 





03.06.2013    çap et  çap et