525.Az

İcazənizlə bir neçə kəlmə söz deyim... - "525"-25


 

İcazənizlə bir neçə kəlmə söz deyim... - <b style="color:red">"525"-25</b>

Xanımlar və cənablar!

Bu gün biz "525-ci qəzet"in ad gününü qeyd edirik. Artıq iyirmi beş ildir, o, bizim aramızdadir. Deyə bilmərəm, bu illər sürətlə ötüb keçdi, yox, əksinə, xoşbəxtlikdən bu illər ağır-ağır, asta-asta keçib getdi və bu mənə "525"in  varlığından zövq almaq, onun mövcudluğunun qədir-qiymətini anlayıb fəaliyyətini qiymətləndirmək imkanı verdi. Bu illər ərzində mən onu çox yaxından tanıya bildim. Ona görə də indi, icazənizlə, onun şərəfinə bir neçə kəlmə söz demək istəyirəm.

Əziz "525-ci qəzet!"

Bilmirəm, xəbərin var, ya yox, amma sən dünyaya mənim gözlərim qarşısında gəlmisən. Bəli, 1992-ci ilin bir payız günündə, sən doğulanda mən də yanındaydım. Çox ağır il idi o il. O ilin ölkəmizin tarixində ən çətin illərdən biri olduğunu desəm, yəqin, səhv etmərəm. Müharibənin qızmar dövrü idi. Günahsız insanlar həlak olur, qadınlar, uşaqlar, qocalar əzab çəkirdilər. Xarici və daxili düşmənlər torpaqlarımızı, azadlığımızı, müstəqilliyimizi əlimizdən almaq üçün bizə meydan oxuyurdular. Bir neçə ölkəni çıxmaqla, bütün dünya bizə qarşı idi. Bax, sən belə çətin bir vəziyyətdə dünyaya göz açdın. Üstəlik, sən hələ doğulmazdan əvvəl ölkədə 524 qəzet və jurnal fəaliyyət göstərirdi. Sən 525-ci oldun. Yəni elə doğulduğun gündən azı 524 rəqibin var idi. Açığını deyim, sənin gəlişinə heç də hamı sevinməmişdi. Məhz buna görə də, nə qədər kədərli olsa da, deyəcəm, sənə ömrün qayğısız uşaqlıq dövrünü yaşamaq nəsib olmadı. Həyatının ilk günlərindən çətinliklərlə üzləşmək körpə bir qəzet üçün asan deyildi. Əvvəla, sən yaşamaq uğrunda mübarizə aparmalıydın -  524 rəqibin arasında sağ qalmaq hər kəsin işi deyildi. Sən bax, bu minvalla, belə çətinliklərlə, belə əziyyətlərlə böyüdün əzizim.  

Mənim fikrimcə, insanın taleyi ilə qəzetin taleyi arasında oxşarlıq çoxdur. İnsan təkcə bədəndən ibarət olmadığı kimi, qəzet də təkcə dörd qatlanmış, sözlər və cümlələrlə dolu səhifələrdən ibarət deyil. Məncə, əsl qəzet insan kimi canlı varlıqdır. O da əziyyət çəkə bilər, yaralanar, ədalətsiz hücumlara məruz qalar, o da xəstələnə, hətta öldürülə də bilər. Bir insan kimi qəzet də bu həyatda özünə həm dost, həm də düşmən qazanır. Və ən nəhayət, qəzetin də ağıllısı var, axmağı var, güclüsü və zəifi, düşüncəsizi və məntiqlisi var, savadlısı və avamı var.

Sən hələ ilk addımlarını atandan hiss etmişdim ki, heç kəsə bənzəməyəcəksən. Sən həqiqətən də hamıdan fərqli idin. Əvvəla, adına görə: sənin adın elə qəribə və orijinal idi ki, hamının diqqətini özünə çəkirdi. Bilirsiz ki, doğulduğumuz ilin, bürcümüzün, adımızın bizim şəxsiyyətimizə və həyatımıza çox böyük təsiri var. Sənə gəlincə, doğulduğun ilin, bürcün və adının taleyinə təsirini görməmək mümkün deyildi. Sən 1992-ci ildə - meymun ilində dünyaya göz açdın. Çinlilər belə hesab edirlər ki, meymun ili zodiakın ən özünəməxsus ilidir. Meymun ilində doğulanlar gözəl sözləri sevir, biliklərini artırmağa can atır, yüksək ağıl və zəka sahibi olur, eləcə də bütün digər bürclərlə dil tapmağı bacarırlar. Güclü intellekt sahibi kimi geniş məlumatlara malik olan "meymunlar" dünyada baş verən hər şeydən xəbərdardırlar. Onlar adətən çox diplomat olur və ən çətin problemləri belə təəccüb doğuran çevikliklə həll etməyi bacarırlar. Sərbəst və individual olduqlarına görə onları heç vaxt heç nəyə məcbur etmək olmaz. Onlarda azad seçim qabiliyyəti və azad iradə olduğundan, həmişə ancaq öz fikirləri ilə yaşayır, öz bildikləri kimi hərəkət edirlər.

Deyilənlər sənin xarakterini ifadə etmirmi? Mən Səni tanıyandan belə olmusan və indiyə kimi də zodiakin bu ili altında doğulanlar kimi elə də qalmısan. Indi gəl sənin bürcünə nəzər salaq. Sən noyabrın 17-də -  əqrəb bürcü altında işıq üzü görmüsən. Ünsürü su olan bu bürcün altında dunyaya gələnlər, müəmmalı, sirli, möcüzə və instinktlərə bağlı bir həyat sürürlər. Əqrəb bürcü Plutonun təsiri altındadır və bu planetin ləng hərəkəti bu bürc altında doğulanlara sakit, dinc təbiət bəxş edir. Deyirlər ki, bu burcun altında dünyaya gələnlər çox güclü olurlar, çünki kainatın harmoniyasını və inkişafını dərk edirlər. Onlar sarsılmaz ideyaları və ağılları sayəsində öz həyatlarında, eləcə də başqalarının həyatında, bir xalqın, bir millətin taleyində geniş miqyaslı dəyişikliklər etməyə qadirdilər.

Gördüyün kimi, sənin adın, anadan olduğun ilin, bürcün, planetin sənin taleyində böyük rol oynayır. Bəlkə də buna görə xarakter etibarilə sən həmişə hamıdan seçilmisən, başqalarından fərqli olmusan. Hər cəhətdən. Dediyim kimi, elə əvvəldən sən heç kəsə bənzəmirdin. Hamı kimi fikirləşmirdin, yoldaşlarının sözlərini təkrarlamırdın, səni həmkarlarından fərqli olaraq, tamamilə başqa problemlər maraqlandırırdı. Ən əsası da odur ki, heç kəs səninlə darıxmırdı. Səni ələ alıb vərəqləmək oturduğun kreslodan durmadan dünyaya səyahətə çıxmaq kimi bir şeydir. Hər kəs axtardığını səndə tapa bilir. Yadıma gəlir, sən lap elə uşaqlıqdan, siyasət və iqtisadiyyatla yanaşı, incəsənət, idman, poeziya, ədəbiyyat, kino və musiqi aləmi ilə də maraqlanırdın. Səndə həmçinin, fəlsəfə və tarixə, tibb və səhiyyəyə böyük həvəs olub. Yarandığın gündən bir qədər sonra təkcə mən yox, ətrafındakıların çoxu, sənin son dərəcə istedadlı olduğunu anlamışdı. Elə buna görə də tez bir zamanda, gözü götürməyənlərin hədəfinə çevrildin. Sənin ağlına, istedadına və xeyirxahlığına həsəd aparanların haqsız hücumlarına, haqsız tənqidlərinə  məruz qaldın. Ancaq xoşbəxtlikdən sən büdrəmədin, böyük sarsıntılar yaşamağına, iqtisadi və siyasi çətinliklərə baxmayaraq, soyuqqanlılığını qoruyub saxladın, yıxılmadın, gücünü toplayıb yoluna davam etdin. Və budur, artıq 300 ay, 1300 həftə, 9125 gün, 219 000 saat, 13140000 dəqiqə və 788 400 000 saniyədir ki, sən ölkəmizdə, eləcə də planetimizdə baş verən hadisələr barədə öz şəxsi, individual nəzər nöqtəni bizimlə paylaşırsan...

Bir şeyi də qeyd edim, bu iyirmi beş ildə mən həmişə sənin yanında olmadım, necə deyərlər, sənin necə böyüyüb başa çatdığını görə bilmədim. Tale məni səndən uzaqlara atdı, ancaq bununla belə, istəyirəm biləsən ki, bizi bir-birimizdən ayrı salan 3813 kilometr məsafəyə baxmayaraq, sən hər zaman mənimlə olmusan - sən sevinəndə sevinmişəm, kədərlənəndə kədərlənmişəm. Bu gün səni sağlam, xoşbəxt və məmnum görməyimə necə sevindiyimi təsəvvür edə bilməzsən. 1992-ci il noyabrın 17-də Bakıda, mən sənin doğumunu valideynlərinlə bərabər yaxşıca  qeyd etmişdim. Moskva arağı ilə dolu olan qədəhimi qaldırıb, sənə, "Dünyamıza xoş gəlmisən, qədəmlərin uğurlu, səhifələrin maraqlı olsun" demişdim. Bu gün isə həmin gündən düz 25 il sonra, 2017-ci il noyabrın 17-də, səndən çox-çox uzaqda - Parisdə - qədəhimi fransız şərabı ilə doldurub, sənin şərəfinə qaldırıram: "Əziz "525-ci qəzet", nə yaxşı ki doğulmusan, nə yaxşı ki varsan, nə yaxşı ki bizim həyatımıza daxil olmusan. Mən həmişə səninlə fəxr etmişəm, fəxr edirəm və inanıram ki, həmişə  də fəxr edəcəyəm. Ad günün mübarək olsun. Öpürəm. Sənin sağlığına!"

Şahin SİNARİYA

 





25.10.2017    çap et  çap et