525.Az

"525-ci qəzet"ə aid təxmini elmi mövzular - "525"-25


 

"525-ci qəzet"ə aid təxmini elmi mövzular - <b style="color:red">"525"-25</b>

Təxminən 20 il əvvəl Rəşad Məcidlə ABŞ-da üçhəftəlik səfərdə idik.

Okeanın o tayına səfərimizin əsas məqsədi dünyanın ən demokratik dövlətinin siyasi sistemi, ölkənin qaynar həyatı, fərqli düşüncələri təmsil edən insanları, Amerika cəmiyyəti ilə tanış olmaq idi. Bu unudulmaz səfər "Media proqramı" adlandığından, təbii ki, biz populyar qəzetlərin redaksiyalarını, informasiya agentliklərini, müxtəlif statuslu teleradio kanallarını da gəzdik, amerikalı jurnalistlərin iş təcrübəsi ilə tanış olduq. Amerikalılar kifayət qədər həssas insanlardır, ona görə də olduğumuz bütün media qurumlarında bizim cəmi üç nəfərdən ibarət olan qrupumuza ciddi maraq göstərir, maraqlı suallar verirdilər. Yadımdadır ki, səfər boyu görüşlərimizdə ən çox səslənən sual "525-ci qəzet"in adı ilə bağlıydı və bu rəqəmin nə demək olduğunu Rəşad Məciddən tez-tez soruşurdular. Xatırlayıram ki, "Vaşinqton post" qəzetinin redaksiyasında bizə bələdçilik edən menecer əməlli-başlı bu adın sehrinə düşmüşdü və sualları yağış kimi yağdırırdı. Ayrı-ayrı məsələlərin qəzetdə necə işıqlandırılmasını, tənqid verib-verməməyi soruşurdu, jurnalistlərin sərbəstlik dərəcəsi ilə maraqlanırdı. Onun qənaəti beləydi ki, bu cür orijinal ad daşıyan qəzetin özü də çox qeyri-adi olmalıdır. Və sanki  öz gümanının doğruluğuna əmin olmaq üçün  gənc həmkarına qəzet işinin incəliklərinə aid belə incə suallar verir və aldığı cavablardan məmnun olduğunu gizlətmirdi...

lll

Əlbəttə, qəzetin adının qeyri-adiliyi məsələnin bir tərəfidir və bu ad orijinallıq mənasında yalnız müəyyən müddətdə cazibədar ola bilər. Jurnalistikada məzmunun öndə olması səbəbindən hər hansı qəzetin geniş auditoriyanın rəğbət və etimadını qazanması üçün çox şərtlər lazımdır. "525-ci qəzet", məhz bu şərtlərə əməl etdiyi üçündür ki, əsrin dörddə birini adlayıb bugünədək itkisiz və zədəsiz gələ bilib. Bu illərdə qəzetin çox önə çıxan, necə deyərlər, reytinq qıran vaxtları da olub, hansısa məqamda zəif kimi görünən zamanları da. Amma bu 25 ilin hamısında cəmiyyətin diqqət mərkəzində olan bir media qurumu kimi "525-ci qəzet" həmişə şax dayana bilib, öz prinsiplərinə, dəyərlərə və peşə əxlaqına sadiq qalıb.

Təkcə Azərbaycanda yox, dünyanın istənilən yerində qəzet buraxmaq çətin işdir, bizim kimi məmləkətlərdə bu, ikiqat çətindir, ona görə ki, cəmiyyət bir sabit formasiyadan hələ rəngi dəqiq bilinməyən başqa bir fazaya keçib. Bax, bu mürəkkəb keçiddən irəli gələn çətinliklərin əksəriyyəti qəzetlərə və jurnalistlərin davranışına davamlı təsir edir. Ona görə ki, mətbuat cəmiyyətin bütün sferaları ilə sıx bağlıdır, toplumun düşüncə, davranış və əxlaqında yaxşı və ya pis - nə baş verirsə, hamısı qəzet səhifələrinə sıçrayır. Burada seçim, duyum və şərə müqavimət bacarığı çox önəmlidir. Qəzetin kollektivi heç vaxt axına qoşulmadan, heç zaman hissə qapılmadan həmişə əxlaqi dəyərləri, millət və dövlət düşüncəsini önə çəkib. Vaxtilə Üzeyir Hacıbəyli "Azərbaycan" qəzetinin məramını bu sözlərlə bəyan etmişdi: Vətən abadlığı, millət səlamətliyi, dövlət intizamı və bir də İstiqlal! Mənə elə gəlir ki, dərin məna və mündəricəsi olan bu kəlamları eynilə "525-ci qəzet"in də amalı saymaq olar.

Deyirlər, hər cür müqayisə qüsurludur, amma həqiqətin ortaya çıxması üçün ona həmişə ehtiyac var. Müqayisə ilə götürsək, "525"lə eyni vaxtda başlayan qəzetlərin bir çoxu yarıda qaldı, bəziləri müxtəlif səbəblərdən dayandı, istiqamətini dəyişənlər də çox oldu, amma bu qəzet büdrəsə də, bütün çətinliklərə baxmayaraq, qamətini düzəldib yoluna davam edib. Bu gün Rəşad Məcid kimi ustad bir redaktorun rəhbərlik etdiyi qəzet, sözün həqiqi mənasında ümummilli qəzetə çevrilib. Qəzetin səhifələrində yaşadığımız tarixin bütün cizgilərimdən tutmuş, milli-ictimai düşüncəmizin bütün seqmentləri öz əksini tapır. Bu işıqlı yolda qəzetin bütün kollektivinə uğur və dəyanət arzulayıram.

 





25.10.2017    çap et  çap et