525.Az

“Azərbaycan və İsraili sıx dostluq münasibətləri birləşdirir”


 

“Azərbaycan və İsraili sıx dostluq münasibətləri birləşdirir”<b style="color:red"></b> Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda AJC Global Forum yəhudi lobbisi forumunun açılış mərasimində iştirak edib. APA-nın məlumatına görə, XİN başçısı iştirakçılara ölkəmizin enerji resurslarının təminatçısı kimi həlledici rolu və Azərbaycanla İsraili birləşdirən sıx əlaqələr barədə məlumatlandırıb.
 
Nazir qeyd edib ki, Azərbaycan və İsraili diplomatik münasibətlərin sərhədlərini aşan sıx dostluq münasibətləri birləşdirir. Onun sözlərinə görə, əhalisinin böyük əksəriyyəti müsəlmanlar olan Azərbaycan tarixində antisemitizm olmayıb və ölkəmiz bu gün 35 minə yaxın yəhudinin doğma vətənidir.
 
Nazir bu yaxınlarda İsrailə ilk rəsmi səfər etdiyini, səfər çərçivəsində Fələstinə də getdiyini xatırladıb. Elmar Məmmədyarov təklif edib ki, müsəlman, xristian və yəhudilərin dinc birgə yaşamasına dair Azərbaycan təcrübəsi İsrail və Fələstin arasında sülhün bərqərar olmasına yardım üçün “beynəlxalq körpü” rolunu oynasın.
 
Qeyd edək ki, AJC Global Forum adlanan tədbir hər il ABŞ-ın yəhudi lobbisi tərəfindən keçirilir. Tədbirdə dünyanın 60-dan çox ölkəsindən nümayəndələri iştirak edirlər. Bu il forum iştirakçıları plenar sessiyalar çərçivəsində “ərəb baharı”nın nəticələrini, immiqrasiya, inteqrasiya və uyğunlaşma məsələlərini müzakirə edəcəklər.
 
Forumun açılış mərasimində Polşanın xarici işlər naziri Radoslav Sikorski, Çexiya xarici siyasət idarəsinin rəhbəri Karel Şvartsenberq iştirak ediblər. ABŞ-ın dövlət katibi Con Kerrinin də forumda çıxışı gözlənilir.
 





03.06.2013    çap et  çap et