525.Az

İnanmaq çətindir


 

Əməkdar artist Züleyxa xanım Hacıyevaya

İnanmaq çətindir<b style="color:red"></b>

Züleyxa xanım, Sizin əziz, kübar, xanım-xatın ciyərpara balanız,  Dövlət Radiosu diktorlarının sevimli bacısı, bənzərsiz  səsi ilə  efiri bəzəyən diktor Rəna xanımın vaxtsız və qəfil vəfatı  bütün varlığımla məni sarsıtdı. Bu nə  gediş, bu nə ayrılıqdı belə?! Axı sonu görünməyən bu ağır səfərə nə  özü, nə də biz-yaxınları hazır deyildik...

İki-üç yaşlarından diktor kollektivinin sevimlisi olan Rəna əslində bu sənətə lap körpəliyindən hazırlanırdı. Kollektivi özünə necə öyrəşdirdisə, taleyini də həmişəlik efirə bağladı. Bütün maraqları sənəti ilə bağlı idi. Ziyalı ailəsində böyümüş bu qız təpədən-dırnağa ziyalı idi. Əməkdar artist, Prezident təqaüdçüsü, görkəmli diktor, atası-rəhmətlik Kamil Məmmədov musiqi  verilişləri redaksiyasının baş redaktoru idi.O da həddindən artıq sevdiyimiz həmkarımız idi. Rəna Sizin hər ikinizin ən gözəl xüsusiyyətlərinizi  özündə  cəmləşdirmişdi. Hər hərəkətindən, hər danışığından zəriflik,  nəciblik  yağırdı.

Züleyxa xanım, əziz bacım, Sizin ən böyük dərdiniz  onun  ailə həyatı qurmaması idi. Elə hey deyərdiniz ki, bu qız birini bəyənib ailə qursaydı, dərdim olmazdı...Bilirsiniz niyə ailə həyatı qurmadı Rəna? Ona görə ki, onun son dərəcə ismətli, sabit, bir az da ağıllı, güclü xarakteri hər kişini bəyənməyə imkan vermirdi. Və yəqin ki,  sadəcə evlənmək xatirinə ailə qurmaqdansa, evlənməməyi tərcih etdi. Rəna mərd, qətiyyətli və istiqanlı idi. Ürəyində necə idisə, zahirən də elə görünürdü. İşinin vurğunu  olduğu üçün yorulmaq bilmədən çalışardı. İşə münasibəti ilə hamıdan fərqlənərdi. Şəxsən mən Azərbaycan Radiosunda ikinci elə bir  səs, ikinci elə bir oxu tərzi tanımıram. Bu səs çətin unudula...

Züleyxa xanım, talesiz bacımın yoxluğuna çoxdan ağlamadığım bir yanğı ilə ağladım. Azərbaycan Radiosunun diktorları və  Rəna Kamilin fondumuzdakı verilişləri onun  arxasınca nalə çəkirlər. Yoxluğuna öz səsi fəryad edir.

Sözsüz ki, bu ağır itki bir ana  kimi ən çox Sizi yandırdı, sinənizə dağ çəkdi. Lakin inanın, biz həmkarlarını da yaman sarsıtdı. Yaxşı ki, bu ağrıya inanmaq çətindir. Yoxsa...

Deyirlər, Tanrı  yaratdıqlarının ən yaxşılarını öz yanına aparır. Deyirlər, torpaq da yaxşıları seçir. Belə olmasaydı, Rəna Kamil bizdən bu tezliklə ayrılmazdı. Dünyalarca sevdiyi anasını, bircə bacısını, bizləri gözüyaşlı qoyub getməzdi. Bəlkə də,  təbiətindəki bütövlük, kamillik onu göylərə apardı...

Züleyxa xanım, bu elə bir dərd,  elə bir qismətdir ki, burada hər cür təsəlli gücsüzdür. Övlad itirən anaya necə təskinlik verəsən?! Ancaq bir onu deyə bilərəm ki, Allah Sizə səbr versin. Qalan balanız və nəvələriniz sağ olsunlar. Onsuz da bu dərd Sizinlədir. Ancaq inanın, dostlarınız, həmkarlarınız Sizi heç vaxt tək qoymayacaqlar. Bu ayrılıq hamımızındır.

Allah rəhmət eləsin.

Məzarı nurla dolsun.

Qara Tağızadə
Xalq artisti, diktor

 





03.06.2013    çap et  çap et