525.Az

Vətəni və xalqı ilə birgə tanınan ziyalı - Ramiz Abutalıbov


 

Vətəni və xalqı ilə birgə tanınan ziyalı - <b style="color:red">Ramiz Abutalıbov </b>

Oktyabrın 27-də görkəmli ziyalımız, diplomat, ictimai xadim Ramiz Abutalıbovun 80 yaşı tamam olur.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Fransada qalan, tarixin amansız dönəmində haqsızlıqla üzləşən, məcburən mühacir həyatı yaşamağa məhkum olan soydaşlarımızın arxivlərinin Azərbaycana gətirilməsində, həmin dövrün bizə düzgün və aydın çatırılmasında, tariximizin qaranlıq, toz basmış səhifələrinin açılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiətinə çatdırılmasında Ramiz müəllimin rolu olduqca böyükdür.

Xalqımız Ramiz Abutalıbovu öz həyatını Azərbaycan mədəniyyətinin təbliğinə, Xalq Cümhuriyyəti hökumətinin Paris sülh konfransında iştirak edən nümayəndələrinin taleyinə biganə qalmayan vətənpərvər, millətsevər bir şəxs kimi tanıyır.

Ramiz Abutalıbov sadə xalqın içindən çıxmış, mükəmməl təhsil görmüş, gənclik illərindən fəal ictimai həyata qoşulmuş uzun və mənalı bir ömür yaşamış, harada çalışmasından asılı olmayaraq vətənimizə vicdanla, peşəkarlıqla, təmiz adla xidmət göstərmişdir.Yaşadığı ölkələrdə mənsub olduğu xalqın adını yüksək səviyyədə tanıdan, öz milli mənsubiyyətinə görə qürur hissi keçirən böyük ziyalımızdır. Onun istər Parisdə, istərsə də Moskvada yaşadığı illərdə fəaliyyəti göz qabağındadır.

Bu gün 80 illik yubileyini qeyd etdiyimiz Ramiz Abutalıbov yorulmaz, məhsuldar fəaliyyəti sayəsində istər Azərbaycanda, istərsə də ölkəmizin hüdudlarından kənarda geniş xalq kütlələrinin məhəbbət və ehtiramını qazanmış sanballı, dəyərli ziyalımızdır.

Mən Ramiz müəllimi uzun illərdir, 2004-cü ildə Moskvaya gələndən tanıyıram. Bizi heç kəs tanış eləməyib, Moskvada keçirdiyimiz tədbirlərin birində görüşüb tanış olmuşuq. Bu tanışlıq ötəri olmadı, yaxın və sarsılmaz bir dostluğa çevrildi. Vətənpərvərlik, hər birimizin öz vətənimizə sevgi və sədaqətimiz, onun tarixinə, mədəniyyətinə, milli dəyərlərimizə hörmət və ehtiramla yanaşmamız, eyni baxışlarımız bizi yaxınlaşdırdı, adi tanışlığımızı sarsılmaz dostluğa çevirdi. Bu gündə hər ikimiz bu dostluqdan, yaxınlıqdan qürur hissi keçiririk.

2007-ci ildə mən Ramiz müəllim haqqında “Moskvanın yeni azərbaycanlısı” başlığı altında bir məqalə yazıb “Ədəbiyyat qəzeti”ndə cap etdirmişdim. Ramiz müəllimə bir şeir də həsr etmişəm. ”Dostum səni darıxmağa qoymarıq” adlı bir şeir. İstəməzdik ki, Ramiz müəllim bu qürbət ölkədə, tənha qalsın, darıxsın:

Kəlam müdrik, kəlmə şirin, söz açıq,
Millətimə gətirmisən ucalıq,
Sənə axı neyləyəndi qocalıq,
Sən cavansan, səni qoca saymarıq,
Dostum səni darıxmağa qoymarıq. 

Kədərlənmə, danışanda gül danış,
Ürəyinin nisgilini sil, danış,
Gördüyündən, bildiyindən gəl, danış,
Şirin-şəkər sözlərindən doymarıq,
Dostum səni darıxmağa qoymarıq... 

Ramiz müəllim haqqında, onun gördüyü işlər haqqında çoxsaylı yazıların olmasına baxmayaraq, düşünürəm ki, onun gördüyü işlərin müqabilində həm mənim, həm də digər qələm dostlarımızın yazdıqları azdır, yetərincə deyil.

Ramiz Abutalıbov mənim tanıdığım yeganə azərbaycanlıdır ki, dünyanın üç nüfuzlu dövlətinin prezidendləri tərəfindən yüksək mükafata layiq görülüb. 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində və inkişafında xidmətlərinə görə Fransanın o zamankı prezidenti Jak Şirak tərəfindən bu ölkənin ən yüksək mükafatı olan “Fəxri Legion” ordeni ilə təltif edilib. 2010-cu ildə isə Rusiya prezidenti Dmitri Medvedev tərəfindən “Puşkin” medalına layiq görülüb. Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğində xidmətlərinə görə 6 oktyabr 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Ramiz Abutalıbovun əsas diplomatik fəaliyyəti YUNESKO ilə bağlıdır. 1971-79-cu və 1985-92-ci illərdə YUNESKO-da BMT-in Təhsil, Elm və Mədəniyyət üzrə katibliyində çalışıb. 1993-2004-cü illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri olub. Beynəlxalq əlaqələr aləmində 1990-ci ildə İngiltərədə nəşr olunan “Kim kimdir?” ensiklopediyasında 259 sovet diplomatı arasında yeganə azərbaycanlı məhz Ramiz Abutalıbov olmuşdur. Onu da deyim ki, Fransada, ümumiyyətlə, Avropada Azərbaycan dilində mühazirə oxuyan ilk sovet vətəndaşı da məhz Ramiz Abutalıbovdur.

Ramiz müəllim illərdən bəri ürəyində qalan, lakin məlum səbəblərə görə illərlə həyata keçirə bilmədiyi arzularını gerçəkləşdirə bildi. Fransada işlədiyi illərdə çətinliklərinə baxmayaraq vətən üçün, xalq üçün çox böyük işlər gördü, Tanrının ona ayırdığı missiyanı şərəflə, vicdanla, qorxmadan, çəkinmədən yerinə yetirdi.

Təhlükəli bir davranış olmasına baxmayaraq, Ramiz müəllim YUNESKO-da işlədiyi dövrdə orada yaşayan mühacirlərlə tanış olmağa başlayıb. Ceyhun bəy Hacıbəylinin oğlu Timuçin bəylə, Əlimərdan bəy Topçubaşovun oğlu Ələkbər bəylə əlaqə yaradıb, Parisə gedən AXC nümayəndə heyətinin üzvü Məmməd Məhərrəmovla, Əlibəy Hüseynzadənin oğlu rəsssam Səlim Turanla da görüşüb, Şəmsi Əsədullayevin nəvəsi Ümmül Banu, Məlikovların yadigarı İren xanım Məlikova və başqaları ilə də görüşləri olub. Əlimərdan bəy Topçubaşovun nəvəsi Zərifə xanım və Nəsib bəy Yusifbəylinin qızı Zəhra xanımla tanışlığı yaranıb, daha sonra Məcid Musazadə, Əli Həsənzadə ("Azadlıq" radiosunun əməkdaşları) ona inanıb və arxiv sənədlərini etibar ediblər.

Ramiz müəllim “Parisdə illər və görüşlər”, (2006), “Özgələr arasında özününkü, özününkülər arasında özgə” (Moskva, 2007), “Azərbaycan Demıkratık Respublikası-90”, “Məhəmməd Əmin Rəsulzadə və Qafqaz konfederasiyası”, (Moskva, 2011), “Odlar yurdu Azərbaycanın siyasi mühacirətinin tarixi”, 1920-1945 illərdə” (rus dilində -2014 azərbaycan dilində - 2015, türk dilində - 2017), “A.M. Topçubaşı. Paris arxivi” - 4 cilddə kitablarının müəllifidir. Son iki kitab tarix elmıləri doktoru Georgiy Mamulia ilə müştərək yazılmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyəti üzvlərinin, ilk müstəqillik illərimizdə ən ağır missiyanı üzərinə götürən çətin, məşəqqətli, oğulların acı, ağır taleyinə həsr olunan 2016-cı ildə çəkilmiş “Əbədi ezamiyyət" filminin ideya müəllifi və baş məsləhətçi də Ramiz Abutalıbovdur.

Moskvada yaşadığı illərdə özünün 8 kitabını nəşr etdirmişdir, Azərbaycan həqiqətlərinin təbliğ olunması baxımından dövlətçiliyimizlə, tariximizlə, mədəniyyətimizlə bağlı 19 kitabın nəşr olunmasında, tərtibində yaxından iştirak etmişdir. Ramiz müəllimin keçdiyi həyat yoluna baxanda, onun gördüyü işlərə nəzər salanda adamın ürəyi dağa dönür, belə bir vətəndaşımızın olmasıyla qürur hissi keçirirsən.

 Parisdə Ramiz müəllimin təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyilə Əkbər ağa Şeyxulislamov, Mirzə Əsədullayevin, Nadir Əsədullayevin, (Əli Əsədullayev və Leyla xanım Tağıyevanın oğlu, Şəmsi Əsədullayev və Hacı Zeynalabdin Tağıyevin nəvəsi), general Hüseyn xan Naxçivanskinin qızı Tatyananın, Mariya Qacarın (O polkovnik Rzaqulu Qacarın həyat yoldaşıdır) məzarı abadlaşdırılıb.

Mən 2007-ci ildə Bakıda olarkən Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının rəisi mərhum general-leytenant Ziya Yusifzadəylə görüşəsi oldum. Bir saata yaxın söhbət elədik. Söhbət əsnasında Moskvada kimləri tanıdığım soruşdu, gördüyümüz işlərlərlə, keçirdiyimiz tədbirlərlə, diasporada fəaliyyət göstərənlərlə maraqlandı. Söhbət Ramiz müəllimdən düşəndə, Ziya müəllim dedi ki, Ramiz müəllim böyük şəxsiyyətdir, xalqımız üçün qənimət adamdır. Onu qoruyun. Sövet dönəmində Ramiz haqqında bizə çox donoslar yazırdılar, onu ləkələmək, pisikdirmək və işdən çıxarmaq istəyirdilər. Mən o zaman Ramiz müəllimin tərəfində qaldım, əlimdən gələn köməyimi əsirgəmədim...

Bu haqda Ramiz müəllim özü sonralar “Modern.az” saytına verdiyi bir müsahibəsində belə deyirdi: “Bakıya məzuniyyətə gələndə köhnə iş yerim olan Mərkəzi Komitəyə getdim. Orada “KQB”nin sədri Ziya Yusifzadə qarşıma çıxdı və mənə dedi ki, səndən yazırlar, ehtiyatlı ol. Bu da Parisdə bayaq dediyim beş kitabımın yazılması ilə bağlı olub. Yəqin bundan xəbər tutub. Amma biz həmin kitabları gizli buraxırdıq və başqa imza qoyurduq. Öz səfirliyimizə də göndərirdik ki, guya bunlar haradansa gəlib. Amma görünür haradansa informasiya sızdırılmışdı. Səfirlikdən MK-yə mənim haqqımda məlumat vermişdilər ki, o özünə aid olmayan işlərlə məşğuldur. Ziya Yusifzadə bu haqda çox danışmadı. Mən də başa düşdüm ki, artıq bu söhbət yuxarıda olunub və öz həllini tapıb. Çünki Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev də əvvəl rəhbərimiz olduğu üçün məni tanıyırdı. Ziya Yusifzadə ilə bərabər başqa nazirlər də məni tanıyırdı. Odur ki, səfirliyə məsələnin sakitləşməsi barəsində demişdilər”.

Ramiz müəllim həmişə bizə tövsiyə edir ki, əgər insan xoşbəxt olmaq istəyirsə, əqli və mənəvi zənginliyini daim artırmalıdır.

Ümumiyyətlə, Ramiz müəllim heç vaxt özünü düşünməyib. Bir müqəddəs arzusu Azərbaycanı müstəqil dövlət kimi görmək olub. Azərbaycanın müstəqillik gününü səbirsizliklə gözləyib. Azərbaycan müstəqil olandan sonra, rahatlıq tapa bilib hərçənd ki, o gün üçün çox darıxıb. Hər görüşümüzdə mənə deyir ki, bu gün çox sevinirəm, nə yaxşı ki, müstəqil dövlətimiz var.

Əziz Ramiz müəllim, 80 illik yubileyiniz mübarək olsun! Sizə cansağlığı arzulayıram, uğurlar diləyirəm. Sizin bir arzunuz çin olub, Artıq 26 ildir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edib, amma bir böyük arzunuz da Qarabağı azad görməkdir. Qarabağın azadlıq gününü görmək arzunuz da çin olsun və növbəti yubileylərinizi Şuşada, Kəlbəcərdə, Laçında, Ağdamda, Fizulidə, Zəngilanda,Cəbrayılda Sizi sevənlərlə birlikdə qeyd edək.

Moskva, 25.10.2017

 





26.10.2017    çap et  çap et