525.Az

Yüz Gözəl Sevgi Şeiri- “Həm gözəldi, həm əhli-dildi...”


 

PƏRVİNin təqdimatında

Yüz Gözəl Sevgi Şeiri- <b style="color:red">“Həm gözəldi, həm əhli-dildi...”</b>

Maneələr sevgini gücləndirir, münasibətləri möhkəmləndirir deyirlər. Amma hansı maneələr? Ürəyiyumşaq valideynin, ya da dayaz mühitin yeniyetməyə, gənc aşiqə qoyduğu yasaqları sındırmağa nə var ki?! Uzağı, bir neçə il əziyyət çəkib sevginin həqiqiliyini sübut eləməli olacaqsan. Və sənin məhəbbət yolunda  təcrübən artdıqca, sevməyin “peşəkar”ına çevrildikcə qabağında kimsə dura bilməyəcək. Elə qadağalar da sevdiyinə daha artıq vurulmaqdan, birliyinizi əbədiləşdirməkdən başqa bir iş görməyəcək.

Amma ən ağırı, ən dəhşətlisi taleyin yasaqları ilə qarşılaşmaqdı. Gözünə, əllərinə, vücuduna qadağan olunanı ürəyin istədimi, işin bitdi... Daha doğrusu, rahatlığın. Axı Sən taleyə, keçmişə necə müdaxilə edəcəksən?! Zamanı geri çevirib  sevdiyinə səndən qabaq sahib çıxmış adamın yolunu dəyişə bilərsənmi? Əsla! Ancaq barışmaq, təslim olmaq da istəmirsən. Hərdən lap cığal uşaqlar kimi aparırsan özünü... Hərəkətlərinə haqq qazandırmaq üçün məntiqsiz səbəblər də tapırsan... Təxminən belə: mən onu hamıdan çox sevirəmsə, mənim olmalıdır. Sanki başqasının ürəyindən və sevgisindən xəbərin var... 

... Heç zaman sənin olmayacaq birinə vurulmaqdan üzücü nə isə varmı?  Vəziyyətin çox qəlizdi. Çünki ürəyin başından zirək çıxıb bu dəfə.

... Aşıq Ələsgərin isə gözləri zirək çıxmışdı... Alagöz xanıma gözü düşməsəydi, qol-qanadı da sınmayacaqdı. Qoşmasında dediyi kimi! Əslində bəlkə də bu, qoşma deyil, novelladır. 3 bəndlik şeirdə hadisə var. Və şairin ustalığı bu qısa mətndə həmin hadisənin incəliklərini göstərə bilməsidir. “Çərşənbə günündə, çeşmə başında gözüm bir alagöz xanıma düşdü...” Misranın gözəlliyi yalnız səs oyununda (çərşənbə – çeşmə, gözüm – alagöz) deyil, həm də konkretliyindədir. Konkret zaman var: Çərşənbə günü, konkret məkan var: çeşmə başı. Bu mənada şeirin ilk misrasını uğurlu nəsr əsərinin birinci cümləsi kimi qəbul etmək olar. Həm də xanımın ilk səciyyəsi: alagöz. Elə təkcə bu misralardan bütöv bir səhnə, hadisə göz önündə canlanır. Lakin Aşıq Ələsgər bununla kifayətlənmir, Alagöz xanımın digər cizgilərini də diqqətə gətirir. “İşarət eylədim dərdimi bildi,  gördüm həm gözəldi, həm əhli-dildi...” Şair bir işarədən dərd anlayan Alagöz xanımın, həm gözəl, həm də ağıllı olmasını xüsusi vurğulayır. Amma söhbət hansı dərddən gedir? Heç şübhəsiz Sevgidən. Xanım başqa bir dərdə başını bulayıb, gözündən gülməzdi... Və bu misrada “gözləri güldü” yox, məhz “gözündən güldü” ifadəsi necə də təzə səslənir?! Sanki şair ideal səs, söz oyunu, qafiyə, ritmdən istifadə edərək maraqlı bir novella yazıb. Və hər bir əsərdə olduğu kimi bu “novella”nın da kuliminasiyası var.

... Özünə həmdərd tapan yaralı Ələsgərə gözəlin verdiyi cavab əsərin zirvəsidir: “Nişanlıyam, özgə malıyam!”. Xanım ayrı söz də deyə bilərdi. Məsələn,  “başqasını sevirəm...” cavabını başdan eləmək saya bilərdik... Amma bu cavabda qəribə bir təəssüf çaları var. Yəni bəlkə daha əvvəl, mən bağlı olmadığım vaxt  rastlaşsaydıq, mən sənin yaralarına məlhəm, sən mənim dərdimə şərik ola bilərdin. Amma əfsus, nişanlıyam, özgə malıyam! 

Məhz novellada olduğu kimi gözlənilməz sonluqla bitir hekayə... Qol-qanadı sınmış Ələsgərin bundan sonra nə edəcəyini düşünmək oxucuya qalır... 

Maneələr sevgini gücləndirir... Taleyin yasaqları isə qol-qanadını sındırır! Amma Sən! Təslim olma! Sevirsən axı! Məncə, Ələsgər də olmadı... Təslim olmadı!      

Aşıq Ələsgər:

“İşarət eylədim, dərdimi bildi...”

Çərşənbə günündə, çeşmə başında

Gözüm bir alagöz xanıma düşdü.

Atdı müjgan oxun keçdi sinəmdən,

Nazu qəmzələri qanıma düşdü.

 

İşarət eylədim dərdimi bildi,

Gördüm həm gözəldi, həm əhli-dildi,

Başını buladı, gözündən güldü,

Güləndə qadası canıma düşdü.

 

Ələsgərəm hər elmdən halıyam,

Gözəl, sən dərdlisən, mən yaralıyam,

Dedi nişanlıyam, özgə malıyam,

Sındı qol-qanadım, yanıma düşdü.

 

 





03.06.2013    çap et  çap et