525.Az

Elxan Əzizovun şeir və təmsilləri


 

Elxan Əzizovun şeir və <b style="color:red">təmsilləri </b>

ÖMÜR-GÜN YOLDAŞIM

Bizim görüşümüz təsadüf oldu,
Bircə anda qəlbim eşqinlə doldu.
Sonra tənhalığa xitam qoyuldu,
Ömür-gün yoldaşım, ürək sirdaşım.

lll

Gözəllər içində ən gözəlimsən,
Həm sonuncu sevgim, həm əzəlimsən,
Gah ciddi bir xanım, gah məzəlimsən,
Ömür-gün yoldaşım, ürək sirdaşım.

lll

Birgə alnıaçıq həyat sürmüşük,
Bəzən çiynimizə düşüb ağır yük,
Düşmən də görmüşük, dost da görmüşük,
Ömür-gün yoldaşım, ürək sirdaşım.

lll

İki qız ərməğan etdin mənə sən,
Sevimli nəvəmə əziz nənəsən.
Çətin günlərimdə dayaq - yenə sən,
Ömür-gün yoldaşım, ürək sirdaşım.

DÖRDLÜKLƏR

Nankorun azarı qəliz mərəzdir,
Əsas əlaməti kindir, qərəzdir.
Köməklik etsən də, üzünə durar,
İstəyirsən onu boynunda gəzdir.

Dostluğun təməli təmiz ürəkdir,
Birlikdə kəsilən halal çörəkdir.
Xoş günündə uzaq olsa, eybi yox,
Dost adama çətin gündə gərəkdir.

Tanrı gözəlliyi yaradıb iki,
Fərqlidir zahirdə və batindəki.
Görünən gözəllik gəldi-gedərdir,
Dəyişmir digəri saf qızıl təki.

Yaşayanlar olur səksən, doxsan il,
Ağsaqqal “saqqalı ağ” demək deyil.
Belə ada görə yaşın həddi yox,
Müdriklik, təfəkkür sayılır dəlil.

Nə böyük sevincdir, doğulsun nəvən,
Demək çoxalıbdır səni də sevən.
Onun şəkər dili, bircə öpüşü
Babanın ömrünü uzadır həmən.

Müqəddəs sayılıb hər kişi üçün
Ailə  - keçmişdə, həmçinin bu gün.
Doğma ocağına biganə qalan
Millətin qədrini bilərmi, düşün?!

Çoxları çalışır toplasın sərvət,
Fəqət bir qisminə bu olur qismət.
Xəstəlik tutanda anlayır onlar:
Yalnız sağlamlıqdır ən böyük nemət.

Diqqət çəkmək üçün hər yekəxana
Sataşar özündən önə çıxana.
Sərasər layiqli cavab alsa da,
Düşdüyü vəziyyət dərs olmaz ona.

Düşməndən həmişə gözlə ədavət,
Dostdan ummalısan yalnız sədaqət.
Camaat içində xəcil olarsan,
Övlad sənə qarşı bəsləsə nifrət.

Etibarsız yaxın özgədən betər,
Nə xeyir işlərə, nə şərə yetər.
Ömrü bu minvalla çatanda sona
Kimsənin qəlbində doğurmur kədər.

Abırlı, həyalı olmadığından
Heç nədən çəkinmir utanmaz adam.
Gözünün odunu almasan onun
Yırtıcılar kimi qudurar tamam.

Başına övladın qoysa da bir tac,
Qalmayasan ona ömründə möhtac.
Nə qədər hörmətin saxlansa belə,
Qısa olar dilin sənin naəlac.

Dilindən söz çıxdı, sadiq qal ona,
Unutsan, çevrilər aşkar yalana
Bir dəfə vədinə etməsən əməl,
Tanış-biliş sənə çətin inana.

Ən adil hakimdir əslində vicdan,
Onu bəxş eləyib bizə Yaradan.
Çirkin əməlləri, cinayətləri
Törədər vicdanın itirən adam.

Ali məqsədinə yetişmək üçün
Zəhmət çəkməlisən halal və düzgün.
Fırıldaq yollarla arzuna çatsan,
Səni qalib deyil, sayarlar düşgün.

Harınlamış adam sanki buğadır,
Qızışıb hamıya hey buynuz atır.
Sərt zərbə alınca görürsən artıq
Qınında gizlənmiş qorxaq bağadır.

İnsanı doğuşdan sınayır Allah
Hərənin içində gizlədib tamah.
Kimi cilovlayır vaxtında onu,
Kimi qulu olub işlədir günah.

Ən çirkin kələyə əl atar, əgər
Kiçik bir xeyrini görsə hiyləgər.
Belə düşüklərə yaddır əzəldən
Səxavət, ləyaqət, mənəvi dəyər.

Həyatın dəyişməz qanunları var:
Bir dəfə satqınlıq edən adamlar,
İstər kişi olsun, istərsə qadın,
Mütləq qayıdırlar bu yola təkrar.

Bəxt quşu başına qonubsa gerçək,
Ehtiyac duyana çalış ol dəstək.
Heç dartma özünü, sadə dolan, dur.
Yoxsa büdrəyəndə qalacaqsan tək.

Dəyişir zamanla çox şey bərabər,
Başqa cür yozulur bəzən dəyərlər.
Yaxşılıq, yamanlıq meyarı itib,
Pislik etməyənə “yaxşı” deyirlər.

Cavanlıqda qəsdin olsa ədalət,
Çəkməyəcək ahıl vaxtı xəcalət.
Bil ki, saleh əməl sayəsində sən
Görəcəksən həm də hörmət, kəramət.

Bu günün işini qoyma sabaha,
Geri çəkmək olmaz vaxtı bir daha.
Cavanlıqda xırda saydığın işlər
Başa gələr sənə sonralar baha.

Öz səviyyəsini, çox qəribədir,
Gizlətsə də hər kəs, yaxşı dərk edir.
Vay, bacarmadığı işə girişsin,
Sonda rüsvay olub, onu tərk edir.

TƏMSİLLƏR

KƏPƏNƏK

Aşiqlik eşqinə düşdü kəpənək,
Şama tərəf uçdu pərvanələrtək,
Onun alovuna yaxın dayandı,
Birdən qanadının ucları yandı.
Qorxudan təngidi tamam nəfəsi,
Yüksəldi göylərə ahı, naləsi.
Söydü pərvanəni, söydü şamı da.
Söydü möcüzəli bu axşamı da.
Beynində həkk oldu belə bir fikir:
Məhəbbət həyatçün təhlükəlidir.

İLANIN DƏRDİ

İlan fısıldadı, zarıdı yaman:
- Dünya gözlərimdə zindan olubdur.
Dərdim çox böyükdür, yoxdur inanan,
Zəhərim çevrilib dərman olubdur.

SARMAŞIQ

Ağacın gövdəsinə
Sarmaşıb ucalırdı.
Belə bacarığından
Özü də həzz alırdı.
Əsdi zəif bir külək
Hardansa birdən-birə.
Uca ağacla birgə
Dəydi sarmaşıq yerə.
Ayılanda gördü ki,
O, lap əzəldən çaşıb.
Saf gövdə dura-dura
Çürüyünə sarmaşıb.
     
EŞŞƏYİN QEYDİ

Ceyranın tərifini
Eşidib bir gün eşşək,
Dedi bir iradım var,
Düzünü deyəm gərək.
Ceyran gözəl olsa da,
Qüsuru vardır, axı,
O, nə anqırır, nə də
Uzun deyil qulağı.

TÜLKÜNÜN VƏTƏNİ

“Haralısan, de görək?”
Soruşdular tülküdən.
O da gülümsəyərək
Cavab verdi: “Düzü, mən
Deyə bilmərəm bunu.
Biz aslanın hələlik
Öyrənə bilməmişik
Haralı olduğunu”.

ƏQRƏBİN ARZUSU

Hansı əqrəbin əgər
Arzusun alsan xəbər,
“Sancdığım adamların
Hamısı ölsün” deyər.

QANAD

Özünü dartırdı qaz:
“Lovğalansam yeridir.
Çox quş həsəd aparır,
Qanadlarım iridir”.
Sərçə eşidib bunu,
Çikkildədi: “Yaxşı bil,
Qanad uçmaq üçündür,
Yaraşıq üçün deyil”.
XUDPƏSƏND SABUN

İstəmirdi tez əriyə,
Yoxa çıxa işlənərək.
Ömrü uzun olsun deyə
Gizlənirdi yarasa tək.
Çox dolandı, gəzdi tənha,
Unuduldu tamam sabun.
Təmizlikçün yaransa da,
Özünü toz basdı onun.

İLANBALIĞI

O ilandır, ya balıq?
Heç kim bilmir düzünü.
Çünki tez-tez dəyişir
Öz əvvəlki sözünü.
Balığa o, “balığam”,
Deyir rastlaşan kimi.
İlana da tanıdır,
Özünü ilan kimi.

QƏLƏM

Vəzifəli əllərin
Olmuşdu o, nökəri.
Nə desələr, yazırdı,
Yıxmışdı çox evləri.
Çirkin əməlləriylə
Ləkələnmişdi adı.
Son sahibi öləndə
Onu sayan olmadı.
Çoxuna baş əysə də,
Qaldı qələm avara.
Lazımsız bir şey kimi
Tulladılar kənara.

KORAMAL

İlanlar dəstəsindən
Koramal gen gəzirdi.
İstəmirdi desinlər
Onlarla həmfikirdi.
Ömrü boyu heç kəsə
Vurmasa da bir zərər,
Zəhərli ilan bilib,
Yazığı öldürdülər.

ƏYRİ GÜZGÜ

Qarşısında duranı
Göstərirdi eybəcər.
Sataşanda birinə
Həzz alırdı nə qədər.
Tamam bezmişdi ondan
Həm böyük, həm də kiçik.
Sındırdılar, nəhayət,
Etdilər çilik-çilik.

KƏRTƏNKƏLƏ

Zəhərsiz kərtənkələ
Rüsvay olubdur yaman,
Aşkar şərləyib onu,
İşə salıbdır ilan,
Danışır harda olsa:
“Axı günahım nədir?
Zəhəri verən mənə
Əclaf kərtənkələdir”.
       
PİŞİK

Nabələdlər yanında
Qürrələnirdi pişik:
“Pələnglər nəslindənəm,
Daim fəğan etmişik”.
Amma xəcil olurdu
Bir it gördüyü zaman
Dırmaşırdı ağaca
Canının qorxusundan.

 





28.10.2017    çap et  çap et