525.Az

Makovelski zirvəsi


 

Makovelski zirvəsi<b style="color:red"></b>

Aleksandr Osipoviç Makovelski. Görkəmli rus və Azərbaycan alimi. Mənşəcə polyakdır.

2 iyul 1884-cü ildə Qrodno şəhərində anadan olub. 16 dekabr 1969-cu ildə Bakı şəhərində vəfat edib. İxtisasca tarixçi-filosof idi.

1946-cı ildən SSRİ Elmlər Akademiyasının tarix və fəlsəfə bölməsinin müxbir üzvü (tarix-fəlsəfə üzrə) olub.

1949-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib.

Fundamental əsərləri antik fəlsəfə, məntiq və Yaxın Şərq xalqlarının fəlsəfə tarixinə həsr edilib.

Desəm ki, Makovelski mənim adını eşitdiyim ilk filosoflardan olub, təəccüblənməyin. Bunun öz tarixi var. Məsələ burasındadır ki, qonşumuz, tanınmış pedaqoq Qasım Köçəri oğlunun yolu hərdən Bakıya düşürdü və oradan qayıtdıqdan sonra o, öz təəssüratlarını həvəslə həmkarlarına və şagirdlərinə danışırdı. Onun Makovelski adlı (mən o zamanlar, uzaq uşaqlıq illərində, bu sözü familiya yox, ad hesab edirdim) bir alim haqda söylədikləri isə dinləyicilər arasında xüsusi maraq kəsb edirdi. O vaxt mən orta məktəbin aşağı sinfində oxuyurdum. Qasım Köçəri oğlu bizim qohum və qonşu idi. Onun oğlu tanınmış filosof Firidun Köçərli o vaxtlar Fəlsəfə İnstitutunun  direktoru idi. Sən demə, Firidun müəllimdən əvvəl həmin instituta (sekrora) məhz akademik Makovelski rəhbərlik edib. Qasım Köçəri oğlu Makovelski haqda, bu böyük alimin sadəliyini, böyüklüyünü təsdiq edən çox maraqlı əhvalat və epizodlar danışırdı. Xatirimdədir, bir gün Bakıya növbəti səfərindən kəndə qayıdan qocaman müəllimimizin əlində çox yaraşıqlı bir əsa gördük. Əsanın üzərindəki zərli işləmələr uzaqdan adamın diqqətini cəlb edirdi. Qasım müəllim həmin əsanı ona Makovelskinin hədiyyə etdiyini qürurla söyləyirdi. Bəli, elə deyilişi, səslənməsi belə özlüyündə maraq doğuran bu “Makovelski” adı mənə elə o vaxtlardan tanış idi. Sonralar mən bu böyük alimin elmi irsi ilə tanış oldum. Onun antik fəlsəfəyə aid tədqiqatları və orijinaldan tərcümələri bu gün də öz dəyərini saxlamaqdadır. Mən özüm  vaxtilə “Avesta” ilə bağlı yazdığım silsilə məqalələrdə bir neçə dəfə onun əsərlərindən iqtibas gətirmişəm.  

Aleksandr Osipoviçin ölümündən onillər keçir. Doğrusu, mən bu böyük alimin Bakıda indiyəcən hansısa vərəsəsinin qalması barədə məlumatsız idim. Bir dəfə görkəmli şair İlyas Tapdıqla məşhur “əjdəha” heykəlinin yanında yerləşən və o heykəldən heç də az məşhur olmayan “alimlər evinin” qabağında gəzişərkən müsahibim, yaxınlıqdakı skamyada əyləşib nəzərlərini uzaqlara dikmiş nurani, ahıl bir qadını göstərib məndən soruşdu: “Bilirsən o qadın kimdir?” Mən qadını tanımadığımı bildirdim. O, gülümsəyib dedi: “Bu xanım sənin məşhur həmkarın filosof Makovelskinin nəvəsi Olqa xanımdır. Mənim qonşumdur. Musiqiçidir. Çox mədəni xanımdır. İstəsən səni tanış edə bilərəm.”

Tanışlıqdan sonra mən Makovelski haqqında onun nəvəsinin xatirələrini qələmə almaq istədiyimi bildirdim. Olqa Alekseyevna Yujanina-Makovelskaya ilə vədələşib bir neçə gündən sonra onun mənzilində görüşdük.

Bu mənzildə hər şey qədimlikdən xəbər verir: mebellər də, kitab rəfi də, rəfdəki kitablar da... Burada vaxtilə böyük alim yaşayıb. Azərbaycan (və eləcə də dünya) fəlsəfi fikrinin görkəmli tədqiqatçısı bu mizin arxasında əyləşib, bu döşəmənin üstə gəzişib.

–Olya xanım, babanızı necə xatırlayırsınız?

O, xeyli fikrə gedib aram-aram öz yaddaşını təzələməyə çalışır.

– Babam çox vicdanlı, zəhmətkeş, sadə, təvazökar adam idi. Öz arvadını, yəni mənim nənəmi sonsuz bir məhəbbətlə sevirdi. Ümumiyyətlə, onlar bir-birinin vurğunu idilər. Gecə-gündüz işləyirdi. Özünü Azərbaycan alimi hesab edirdi. Əsl vətəndaş idi.

–O, daim, bütün yaradıcılığı boyu dövlətin, partiyanın himayəsində olub, mükafatlara, təltiflərə layiq görülüb...

–Bəli, onunla yaxın təmasda olan adamlara həmişə belə gəlib. Amma əsl mahiyyətdə belə deyil. Bəlkə də indi çoxlarına qəribə gələ bilər; babam heç kommunist partiyasının üzvü də deyildi. Ona dəfələrlə partiyaya keçməsini təklif etmişdilər, amma  həmişə bu təklifdən yayınmışdı. Cavanlıqda deyirdi ki, özümü hələ kommunist olmağa hazır bilmirəm, qocalanda isə artıq bunun gec olduğunu bildirirdi... Sizə bir məsələni bildirmək istəyirəm, Aleksandr Osipoviç gəncliyində Rusiyada Sovet hakimiyyətinin qurulmasını faciə hesab etmişdi. Bunun da öz səbəbi vardı. Makovelski hələ lap gənc yaşlarından bir fəlsəfə tədqiqatçısı kimi məşhur idi. Artıq 1914-cü ildə fundamental “Sokrataqədərkilər” əsərinin birinci cildi işıq üzü görmüşdü.  Bu zaman alimin cəmi-cümlətanı otuz yaşı vardı.1915-ci ildə ikinci cild çapdan çıxdı. Bu əsərin işiq üzü görməsi Rusiya və Avropanın elmi ictimaiyyəti üçün böyük bir hadisə oldu. ”Sokrataqədərkilər” əsərinin hər iki cildi çapdan çıxdıqdan sonra mətbuatda çoxsaylı rəylər, resenziyalar dərc olundu. Elmi ictimaiyyət, alimlər, filosoflar qiymətli əsərin ərsəyə gəlməsini müsbət rəylərlə və böyük razılıqla qarşılamışdılar. 1918-ci ildə “Sokrataqədərki fəlsəfə” əsəri, yəni tarixi-təndiqi mənbələrin xülasəsi, kitab halında işıq üzü gördü, 1919-cu ildə isə “Sokratagədərkilər”in üçüncü cildi çap olundu. Təsəvvür edin ki, bütün bunlar vətəndaş müharibəsinin qızğın dövründə Kazan şəhərində yazılmış və çap olunmuşdu. Dediyim odur ki, Aleksandr Osipoviç bütün həyatını elmə bağlamışdı və ona elə gəlirdi ki, Sovet hakimiyyəti bəşər mədəniyyətinin mövcud dəyərlərinin üstündən xətt çəkəcək. Onun belə düşünməsinin bir əsası da vardı; fəhlə-kəndli hökumətinin cəza dəstələri həmin illərdə bir çox görkəmli elm adamlarını məhv etmişdi. Babam depressiyaya qapılmışdı, özünü güllələmək istəyirmiş, onu bu fikirdən nənəm daşındırıb. Sonralar onlar bu barədə danışanda mən eşitmişəm.

Mən Olqa xanımın dediklərinə əlavə edirəm:

–Aleksandr Osipoviçi kommunistlər öldürmədi, o, sovet hakimiyyəti illərində geniş elmi fəaliyyətlə məşğul oldu. Nəinki, rus və Azərbaycan, hətta, bütün dünya fəlsəfi elmi bundan qazandı.

–1920-ci ildə babam müxtəlif şəhərlərdəki universitetlərdən, o cümlədən Bakı Universitetindən dəvət almışdı. O, azərbaycanlıları çox sevirdi, elə buna görə də tərəddüd etmədən Bakını seçdi. 1920-ci ildən ta 1960-cı ilə qədər Bakı Universitetində müəllimlik etdi. Eyni vaxtda o, Politexnik və Pedaqoji İnstitutlarda, Müəllimlərin Təkmilləşdirilməsi İnstitutunda, Xalq Təhsili İnstitutunda mühazirələr oxumuşdu. Elmi-Tədqiqat Pedaqoqika İnstitutunda da işləmişdi. Universitetdə babam bir neçə predmetdən müharizələr oxuyub: fəlsəfə tarixi, sosial-siyasi nəzəriyyə tarixi, məntiq, psixologiya, məntiq tarixi, estetika, etika, pedaqogika... Babam ensiklopedik adam idi. Hətta, ahıl yaşlarında belə oxumaqdan yorulmazdı. O, əsl filosof, mütəfəkkir və pedaqoq idi.

–Bilirəm, o, lap gənclik illərindən dərin elmi tədqiqat işləri ilə məşğul olub.

–Bəli, 1904-cü ildə üçüncü kurs tələbəsi olarkən Kazan Universitetinin yüzillik yubileyində “Sofoklun “Antiqona” faciəsində dramatik konfliktə yeni baxışların dəyərləndirilməsi” adlı əsərinə görə medalla mükafatlandırılmışdı. O vaxt onun cəmi iyirmi yaşı vardı.

–Makovelskinin Azərbaycanda ictimai-fəlsəfi fikir tarixinin öyrənilməsində  də əvəzsiz xidmətləri olub. Nizami və Vazeh haqda qiymətli tədqiqatların müəllifidir. O, bizim ölkədə yeni elmi sahənin əsasını qoyub bu, Azərbaycan fəlsəfəsinin tarixi adlanır.

–Bilirəm. Artıq sizə bayaq dediyim kimi, o, Azərbaycanı və azərbaycanlıları çox sevirdi. Elə bu məmləkətdə yaşayıb işləmək istəyi də bu sevgidən qaynaqlanmışdı.

–Onun bizdə çoxlu yetirmələri-ardıcılları və şagirdləri olub.

–Mən onların, Makovelskinin yetirmələrinin demək olar ki, hamısını görmüşəm. Heydər Hüseynov, Şükufə Mirzəyeva, Möhbalı Qasımov, Firidun Köçərli onun tələbələri olub. Heydər Hüseynovun ölümü babama çox təsir etmişdi, o, uzun müddət özünə gələ bilmədi. İndi mən sizə bir şəkil göstərəcəm, görün oradakı adamlardan kimisə tanıyırsınızmı.

Yeri gəlmişkən onu da deyim ki, Olqa xanım bu yaşda komputeri öyrənib, internetdə öz övladları, indi Sankt-Peterburqda yaşayan oğlanları ilə yazışır. O, ayağa durub komputeri işə salır, ekrandan mənə sanki tarix boylanır. O, söhbətini davam etdirir :

–Bu şəkil min doqquz yüz altmış dördüncü ildə çəkilib. Babamın səksən illiyi münasibətilə onun dostları və tələbələri bizim mənzilə toplanıblar. Bax, babam burada, ortada əyləşib.

–İcazə verin buradakıların bir qismi barədə də danışım. Bax, burada, kresloda əyləşmiş Aleksandr Osipoviçın arxasında dayanan adamların bəzilərini mən şəxsən tanıyıram. Akademik Firidun Köçərli, akademiyanın müxbir üzvləri Məqsəd Səttarov və Ziyəddin Göyüşov. Vaxtilə, onlar məndən imtahan götürüblər, müəllimlərim olublar. İndi onların heç biri həyatda yoxdur. Allah hamısına rəhmət eləsin.

–Heyif, hamısı gözəl, istedadlı adamlar idi.

–Siz babanızın son günlərini necə xatırlayırsınız?

–Ömrünün son illərində onun eşitmə və görmə qabiliyyəti zəifləmişdi. Amma yaddaşı, zehni çox iti idi. Biz onun dediklərini kağıza köçürürdük. Aleksandr Osipoviç   özünü heç vaxt işsiz təsəvvür etmirdi. Daim axtarışda idi.

–Onun əlyazmalarını saxlayırsınızmı?

–Min doqquz yüz səksəninci illərin birinci yarısında babamın vaxtilə işlədiyi instituta Moskvadan çox görkəmli bir alim dəvət olundu. Zahid Orucov... Tanıyırsız yəqin...

–Bəli. Dialektik məntiq üzrə dünyada tanınmış mütəxəssisdir.

–O, mənə bir dəfə zəng vurub babamın nəşr olunmamış əsərlərinin taleyi ilə maraqlandı. Mən o vaxt indi haqqında danışdığım əlyazmaları aparıb instituta verdim. Sonrasından xəbərim olmadı.

–Mən bu məsələ ilə maraqlanaram.

(P.S. Maraqlandım. Öyrəndim ki, böyük alimin əsərləri yığılıb, nəşrə hazırdır, sadəcə çap üçün vəsait çatışmazlığına görə “yatıb qalmaqdadır”).

Hiss olunur ki, Olqa Alekseyevnanın mənzilinin təmirə ehtiyacı var. Mən bunu eyhamla bildirirəm:

–Sizin yaşadığınız bina təmir olunub, amma mənziliniz...

–Bilirəm siz nə demək istəyirsiniz. Mən ömrümdə kiməsə ağız açmamışam, innən belə də bu barədə kiməsə müraciət edən deyiləm. Babamın adı, xatirəsi Azərbaycanda daim əziz tutulub. O, indi Fəxri Xiyabanda uyuyur. Amma ürəyimdən bir istək keçir. İstərdim ki, əlaqədar təşkilatlar mənim bir istəyimin reallaşmasına kömək etsinlər. Bizim binanın fasadında görkəmli alimlərin çoxunun xatirə lövhələri vurulub. Məncə babam da belə nadir simalardan olub. İstərdim ki, onun da adı əbədiləşdirilsin. Axı Azərbaycan elminin inkişafında onun rolu çox olub.

Mən Olqa Alekseyevna ilə xudahafizləşirəm.

Bu yazını işləyərkən Makovelski ilə, habelə, onun şəxsi həyatı ilə  bağlı bir sıra materiallarla, sənədlərlə tanış oldum. Öyrəndim ki, böyük alim 1908-ci ildə gələcək arvadı Vanda Zalevskaya ilə tanış olaraq evlənib, 60 il birgə həyat sürüblər. 1909-cu ildə onların Sofya adlı qızları dünyaya gəlib. Mənim müsahibim Olqa Alekseyevna Sofyanın qızıdır. Olqa xanımın bir məqaləsində nənəsindən misal gətirdiyi bir şeir diqqətimi çəkdi.

Jiznğ – ne uvleçenğe, jiznğ –
odno stremlenğe,
Tornaə doroqa v solneçnuö dalğ.
Dlə toqo, kto lovit kajdoe mqnovenğe,
U koqo estğ volə, tverdaə, kak stalğ. 

Yeri gəlmişkən xatırlatmaq istərdim ki, Olqa Alekseyevna Yujanina-Makovelskaya Azərbaycandakı polyak icmasının sədridir. Tanınmış skripka ifaçısıdır. Çoxlu şagirdləri var. Öz peşəsinə ürəkdən bağlıdır.

Gələn il böyük alimin, dahi filosofun  anadan olmasının 130, vəfatının 45 illiyidir. Heç şübhəsiz ki, dünya fəlsəfə elminin böyük simalarından, titanlarından, zirvələrindən biri də Aleksandr Osipoviç Makovelski olub.

Güman edirəm ki, Olqa xanımın arzusu tezliklə çin olacaq.

 





03.06.2013    çap et  çap et