525.Az

Kumirimlə vida


 

Kumirimlə vida <b style="color:red"></b>

Rafiq Hüseynovu qatıldığım tədbirlərdə dəfələrlə görsəm də, onunla cəmi iki dəfə ünsiyyətim olmuşdu.

İlk ünsiyyət 1992-ci il martın 6-da Milli Məclisin prezident Ayaz Mütəllibovun istefa verdiyi iclasına təsadüf eləmişdi. "Səhər" qəzetinin ştatdankənar müxbiri idim. Ştatdankənar olsam da, o zaman jurnalistikaya çox böyük hörmət vardı deyə, şansım gətirib istefa tələbi irəli sürən qadınların təmsilçiləri ilə birlikdə parlamentə keçə bilmişdim. 18 yaşım vardı, üstəlik də, yaşımdan xeyli kiçik görünürdüm. İclaslararası fasilə zamanı mənim kimi bir çox gənclərin kumiri olan Rafiq Hüseynovu görüb qeyri-ixtiyari ona yaxınlaşdım. Əvvəlcə salam verdim. Salamımı alan kimi təlaşla, "Sən kimin qızısan" - soruşdu. Dedim, "siz mənim anamı, atamı tanıyırsınız ki? "Sən bura kiminlə gəlmisən" - deyəndə anladım ki, məni hansısa deputatın uşağı zənn edib. Düzü, pərt oldum və yekə-yekə dedim ki, mən uşaq deyiləm...

İkinci ünsiyyətim isə 15 il sonra oldu. "Hyatt park"da keçirilən tədbirlərdən birinə eyni liftdə qalxırdıq. Uşaqlığımın idealı olan adamla təkbətək qalmamdan yararlanıb ona pərəstişkar sevgimi açıqlamaq istədim. Dedim, Rafiq müəllim, 6-cı sinifdə oxuyanda sizə fanatınız kimi məktub yazmışdım. "O məktuba cavab gəldimi?" - soruşdu. Yox, gəlmədi - dedim. "Gör, mən həyatımın ən böyük səhvini buraxmışam ki, belə bir gözəl qıza cavab yazmamışam" - cavabını verdi. Rafiq müəllimin incə yumor hissinə heyran qaldım...

...Rafiq Hüseynov ömrünün sonuna kimi kübarlığını və xarizmasını qoruyub saxlaya bildi. Allah rəhmət eləsin!

Ankara

 





31.10.2017    çap et  çap et