525.Az

Zəngilan həsrətimiz 24 yaşında


 

Zəngilan həsrətimiz 24 yaşında<b style="color:red"></b>

Həsrət çəkmək dünyadakı dərdlərin ən ağrılısıdır. Doğma yerlərdən, ürək qızdırdığın əziz insanlardan ayrılıb uzaq düşəndə həsrət odu yavaş-yavaş, için-için səni yandırmağa başlayır.

Əgər kimsədən soruşsalar ki, ən ağır dərd nədir? Yəqin ki, cavabında doğma yerlərdən və əzizlərindən uzaq düşüb həsrət çəkməkdir deyər. 24 ildir ki, biz zəngilanlılar da başqa qaçqınlar kimi dədə-baba yurdlarımızdan didərgin düşüb torpaqlarımızın həsrətini çəkirik. Doğma ocaqlarımıza qayıdacağımız günün, anın nə vaxt gələcəyini gözləyirik. Daha gözləməkdən gözlərimizin kökü də saralıb, qulağımız səsdə qalıb. O xoşbəxtliyin mütləq bir gün həyatımıza qədəm qoyacağı ümidi ilə yaşayırıq. Axı ümidsiz də necə yaşayasan? Çünki yenə bizə az-çox ümid təsəlli verir.

29 oktyabr 1993-cü il tarixi zəngilanlıların tərcümeyi-halına qara hərflərlə yazılıb. Əzablarla dolu olan qaçqınlıq həyatı o gündən başlayır. Həmin tarixdə erməni işğalçıları ölkəmizin başqa əraziləri kimi Zəngilan rayonunu da ələ keçirdilər. Amma rayonun ərazisi son ana, son günə qədər müdafiə olunurdu. Erməni hücumlarını dayandırmaq üçün cəsarətli, el qeyrəti çəkən oğullar ilk günlərdən silahlanaraq düşmənlərlə döyüşürdülər. Çətinliklə də olsa, qəsbkar hücumlarının qarşısı alınırdı. Ermənilər Zəngilana həm Mehri, həm də Qafan tərəfdən hücum edirdilər. Düşmənlərin məqsədi tez bir zamanda işğalçılıq planlarını həyat keçirib rayonun ərazisinə sahib olmaq idi. Amma yurdu qoruyan döyüşçülərin cəsarəti, hünəri ermənilərin niyyətlərini alt-üst edirdi. Əlverişli yüksəkliklər uğrunda gedən döyüşlər bir an olsun belə səngimirdi. Atılan top və güllə səsləri kəsilmək bilmirdi. Camaat artıq bu səslərə alışmışdı. Zaman o zaman idi ki, müharibə insanlara yazılmamış qanunlarını diktə edirdi. Güllə səsləri altında olsa da, həyat axarından qalmırdı. Günlər gərginlik içindən çətinliklə sıyrılıb keçirdi.

Xarici jurnalistlərlə cəbhə bölgəsinə olan ezamiyyətlərimin birində Zəngilan müdafiəçilərinin necə cəsarətlə vuruşduqlarının canlı şahidi oldum. Bu tarix 1993-cü il aprel ayının 18-nə təsadüf etmişdi. Şayıflı kəndindən qayıdıb rayon İcra Hakimiyyətinin binasına təzəcə çatmışdıq ki, ermənilərin Yuxarı və Aşağı Yeməzli kəndlərinə hücum etdiklərini xəbər verdilər. Vaxt itirmədən uğrunda qanlı döyüşlər gedən kəndlərə çatmağa tələsdik. Dəqiqələr ötüb arxada qaldıqca top və güllə səsləri yeri-göyü titrədirdi. Kəndlər uğrunda amansız döyüş gedirdi. Yaşayış məntəqələrinə qəflətən soxulmuş ermənilər xeyli irəliləyə bilmiş və evlərdən bir neçəsinə od vurmağa da imkan tapmışdılar. Göyə bülənd olan qalın tüstü burumları ətrafı görünməz etmişdi. Düşmən bu hərəkəti ilə müharibənin vahiməsini bir az da artırmağa çalışırdı. Əks-hücuma keçən əsgərlərimiz qısa vaxt ərzində qəsbkarları vurub kəndlərdən çıxartdılar. Yurd uğrunda döyüşən təkcə hərbçilər deyildi. Əli silah tutan kənd camaatı da döyüşçülərə qoşulmuşdu. Yadıma gəlir, erməni işğalçıları ilə vuruşanların arasında 16 yaşlı bir məktəbli də var idi. O, sinəsinə sıxdığı tüfəngi ilə qorxmadan düşmənin üstünə od ələyirdi. Həmin günlərdə rayonun ərazisi belə cəsur oğulların sayəsində qorunurdu.   

Təəssüflər olsun ki, belə möhkəm qorunmasına baxmayaraq, o gözəl yerlər soyuq bir payız günündə erməni qəsbkarlarının əlinə keçdi. Füzuli, Cəbrayıl və Qubadlı rayonları işğal olunduqdan sonra bölgədə gərgin vəziyyət yarandı. Rayonun ölkənin paytaxtı ilə quru sərhədinin kəsilməsi, əhalinin vahiməsini artırdı. Düşmən Qubadlı, Cəbrayıl istiqamətində olan bütün qüvvələrini Zəngilan üzərinə yönəltdi. Yağılar həm Mehri, həm Qafan, həm də Cəbrayılın qəsb olunmuş ərazilərindən rayonun mərkəzinə və kəndlərinə qoşun yeritdilər. Təbiidir ki, belə güclü qüvvənin qarşında bir rayonun özünümüdafiə taboru çox dayana bilməzdi. Yollar bağlı olduğundan ölkənin paytaxtından köməyin gəlməsi də mümkün deyildi. Qısa müddət ərzində qüvvələr nisbətinin kəskin dəyişməsindən yararlanan ermənilər Zəngilanı qəsb etdilər. Bu, düşmən tərəfindən işğal edilən sonuncu rayon oldu.

Erməni əlinə keçməmək üçün rayon camaatı özünü Arazın soyuq sularına vurdu. Çayı o tərəfə üzüb keçə bilməyən əhali faciəli anlar, dəhşətli günlər yaşadı. Güclü sel onları qabağına qatıb üzüaşağı apardı. Rayon camaatı ölkənin bütün tərəfinə səpələndi. Doğma ocaqlarından didərgin düşənlərin ağrılı-acılı günləri başlandı. Erməni qəsbkarlarının işğalı nəticəsində rahat ev-eşiyini itirmiş insanlar çətin günlər yaşamağa məcbur oldular. Onlar yaxın günlərdə geriyə - doğma ocaqlarına qayıdacaqları günü intizarla gözləyə-gözləyə həyat yollarına davam edirlər. Doğma ocaqlarına dönəcəkləri günün bir gün qapılarını mütləq döyəcəklərinə olan inamlarını heç vaxt itirmirlər.

Gör, neçə illərdir Zəngilansızlığın həsrəti ürəkləri yandırır. Doğma ocaqlarımız üçün qəlbimiz göyüm-göyüm göynəyir. Dədə-baba yurdumuz gecələr yuxumuzdan, gündüzlər fikrimizdən çıxmır. Gözümüzü açanda da, yumanda da uşaqlığımız, yeniyetməliyimiz və gəncliyimiz keçən o yerləri görürük. Neçə illərdir amansız müharibə rahatlığımızı əlimizdən alıb. Bir vaxtlar bu yurdu qəsbkarlardan qoruyub bizə ərməğan etmiş dədə-bablarımızın məzarlarının düşmən tapdağı altında qalması bizə utanclıq gətirir, başımızı aşağı edir, əsəblərimizi tarıma çəkir. Görəsən, bu həsrət, intizar uzunmu çəkəcək? Ümumiyyətlə, insan neçə il həsrət acısına dözə bilər? Neçə il həsrət çəkə-çəkə yaşamağa gücü çatar? Beş il, on il, on beş il... Yəqin ki, sonra həsrətin odu onun ürəyini yandırıb yaxır. Amma bizim çəkdiyimiz yurd həsrətinin nə az-nə çox, düz 24 yaşı var. Deyirlər, yaman günün ömrü az olar. Amma nədənsə bizim çəkdiyimiz bu yaman günlərin ömrü uzandıqca uzanıb gedir. 24 il bizi üzüb dərd verən, ürəyimizi yandıran həsrət sona yetmək bilmir. İllərdir ki, qəlbimizi göynədən bu həsrətin göynərtisini kəsə biləcək sevincin, fərəhin təşnəsindəyik.

Aylar, illər durna qatarı kimi ötüb keçdi. Yurdundan didərgin düşmüş neçə-neçə qaçqın, köçkün bu həsrətin odunda yanıb qovruldu. Ağır dərd onların qəddini əydi, həyatını məhv etdi. Zəngilanın bir parçası olan təkcə bizim altmış evlik kəndimizdən neçə-neçə cavanın, qocanın ürəyini yurd həsrəti yandırdı. Neçə-neçə ömürlər yarıda qırıldı. Onlar gözlərində doğma ocaqların həsrəti nigaran-nigaran yaşadığımız dünyadan köç etdilər. Bu insanların son sözləri, son kəlmələri doğma ocaqlar, doğma torpaqlar oldu. Onlar dədə-baba yurdunda dəfn olunmalarını istədilər. Amma bu, mümkün olmadı. Amansız ölüm əzizlərimizi doğma ocaqlardan xeyli uzaqlarda əlimizdən aldı.

Nə qədər deyib-danışsan da, başını müxtəlif işlərlə qatmağa çalışsan da, doğma ocaqlar yaddan çıxmır, unudulmur. Həsrət yanğısı daim ürəyimizdə od qalayır. Tezliklə yurdumuza qayıtmaq istəyirik. İstəyirik ki, həsrətə son qoyulsun, o yerlər yenə də bizi isti qoynuna alsın. Həyatımızın qalan hissəsini orada - dədə-baba yurdlarımızda yaşayaq. İllərdir ermənilərin söndürdükləri ocaqlarımızı yandırıb istisində qızınaq. Yenə də ayağımız doğma yerlərə dəysin, yenə də Həkəri çayının əbədi zümzüməsini eşidək, yenə də buz bulaqlardan su içək, yenə də o səma altında yaşayaq, yenə də o torpaqla pıçıldaşa-pıçıldaşa onu əkib-becərək. Yenə də, yenə də...

Hər dəfə Beyləqan-Füzuli bölgəsinə ezamiyyətə gedəndə zənn edirdim ki, yol sonda məni Zəngilana aparıb çıxaracaq. Amma Horadiz qəsəbəsindən o yana yollarımız bağlı idi. Bağlanmış yolları aşıb keçmək mümkün deyildi. Çünki işğalçılar bizi güllə deyil, güllə ilə qarşılayacaqdılar. Torpaqlarımızı zəbt etmiş düşmən qarşımızı kəsmişdi. Horadizin təbiəti biz tərəflərə yaman oxşayır. Hündür dərələr kəndimizi xatırladırdı. Bu yerlərin havası da, suyu da ahənrüba kimi məni özünə çəkirdi. Özümü doğma kəndimizdə hiss edirdim. Yolun kənarına vurulmuş lövhəyə baxanda isə lap kövrəlirdim. Lövhə Horadizdən Zəngilana 60 kilometrlik məsafə qaldığını göstərirdi. Deməli, məni doğma kəndimdən, el-obamdan altmış kilometlik bir məsafə ayırırdı. Bu anlarda quş olub doğma ocaqlara uçmaq istəyirdim. 24 ildir ki, bu məsafəni qət edib doğma yerlərə gedə bilməməyim ağır bir dərd kimi ürəyimin başından asılı qalıb.

Şükürlər ki, 2016-cı ilin uğurlu aprel döyüşlərindən sonra ordumuzun hissələri erməni işğalçılarına ağır zərbələr vurub geri sıxışdırdı. Həm Lələtəpə yüksəkliyi, həm də yüzlərlə hektar ərazi yağıların tapdağından azad olundu. Bu döyüşlər Azərbaycan əsgərinin gücünü bütün dünyaya göstərdi. Bundan sonra Zəngilana doğru uzanan məsafə bir az da qısaldı. Doğma ocaqlara bir neçə kilometr də yaxınlaşdıq. Aprel döyüşlərinin davam etdiyi günlərdə zabit və əsgərlərimizin uğurlarını görüb sevinirdik. Qüdrətli ordumuzun tezliklə düşmən tapdağı altında olan torpaqlarımızı azad edəcəyini gözləyirdik. Doğma ocaqlarımıza qayıdacağımıza inamımız xeyli artmışdı. Əgər beynəlxalq təşkilatların səyi ilə döyüşlər dayandırılmasaydı, inanıram ki, ordumuz bir neçə gün ərzində işğal altında olan torpaqlarımızı azad edəcəkdi. Gündən-günə güclənən Silahlı Qüvvələrimiz buna hazır və qadirdir. Bu gün yurdundan qaçqın düşmüş bütün insanlar doğma ocaqlarının azad olunması naminə vuruşmaq üçün hər an silaha sarılmağa hazırdır.

24 ildir həsrət çəkən bütün qaçqınların ürəyi intiqam hissi ilə döyünür. İnanıram ki, ürəyimizə, qəlbimizə yalnız düşməndən intiqam alandan sonra sakitlik və rahatlıq çökəcək. Həsrətdən qovrulan yaramıza yalnız qisas dərman olacaq. Gözlərimizin yaşı yalnız ermənilərdən intiqam alandan sonra quruyacaq. 24 illik həsrətin buzunu döyüş meydanlarında qazanılmış odlu, alovlu qələbə əridəcək, yalnız qələbə!

Zəngilana gedən yol Cocuq Mərcanlıdan keçir. İndi bu yol çox hamar və rahatdır. İnanıram ki, bu gün o gözəl məkanda yanan işıqların nuru, şüaları Zəngilanın zülmətə bürünmüş qaranlıqlarına da düşəcək.

 





01.11.2017    çap et  çap et