525.Az

Prezident və xanımı beynəlxalq sərginin açılışına qatılıb


 

Prezident və xanımı beynəlxalq sərginin açılışına qatılıb<b style="color:red"></b>

İyunun 4-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbir olan və öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası (“Caspian Oil and Gas”) sərgi və konfransı işə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Mərasimi Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud açıb.
Dövlət başçısı açılış mərasimində nitq söyləyib.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Prezident Barak Obamanın təbrik məktubunu oxuyub.
Sonra Böyük Britaniyanın Baş nazirinin xüsusi diplomatik elçisi Çarlz Hendri Baş nazir Devid Kemeronun təbrik məktubunu oxuyub.

Daha sonra dövlət başçısı və xanımı sərginin pavilyonları ilə tanış olublar.

Məlumat verilib ki, bu il “Caspian Oil and Gas” sərgisinin yubileyi əlamətdar bir tarix – sərginin mərhum prezident Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib.

Sərgi və konfransın iştirakçıları siyahısında dünyanın neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. Keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsindən 5 min 600 şirkət iştirak edib.
Diqqətə çatdırılıb ki, bu il öz yubileyini qeyd edən “Caspian Oil and Gas” sərgisində neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən dünyanın 27 ölkəsindən 386 şirkət iştirak edir. Onlar arasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ), “bp-Azerbaijan”, OMV, “Total”, TPAO, “Statoil”, “Petkim”, RWE və bir çox digər şirkətlər yer alır. Sərgi Bakı Ekspo Mərkəzinin 3 pavilyonunda, eləcə də komplekslə yanaşı açıq meydançada keçirilir. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi 5 ölkə sərgidə öz milli qrupları ilə təmsil olunur. Ötən illə müqayisədə sərgi meydançasının həcmi 22 faiz, eksponentlərin ümumi sayı isə 25 faiz artmışdır. Daha öncə Azərbaycan bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20 faizini təşkil edən yeni şirkətlər isə sərgiyə marağın böyük olduğunu göstərir.

Qeyd edilib ki, burada ən yeni neft-qaz avadanlığı, neftçıxarma və enerji daşıyıcılarının nəqli sahəsində qabaqcıl texnologiyalar nümayiş etdirilir. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycanda hazırda reallaşdırılan və gələcək layihələr də təqdim olunur.

Bildirilib ki, sərginin keçirildiyi illər ərzində sevindirici hal ondan ibarətdir ki, bu tədbirə qatılan yerli şirkətlərin sayı ildən-ilə artır və bu il onlar sərgi iştirakçılarının ümumi sayının 30 faizini təşkil edirlər. İyirmi şirkətin sponsorluq etdiyi sərginin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “qızıl sponsor”ları isə “bp-Azerbaijan” və “Statoil” şirkətləridir. Həmçinin dünyanın müxtəlif ölkələrindən onlarla aparıcı kütləvi informasiya vasitəsi sərgi və konfransa informasiya dəstəyi göstərir.
Diqqətə çatdırılıb ki, sərgi çərçivəsində keçiriləcək konfransın işgüzar proqramı da genişdir. Bu il konfrans neft-qaz bazarının yeni inkişaf təmayülləri, Xəzər dənizi regionunun potensialı və üstünlükləri, habelə dünyada enerji təhlükəsizliyi problemlərinin həlli perspektivlərini qiymətləndirmək üçün imkan yaradacaqdır.

 





04.06.2013    çap et  çap et