525.Az

Miflərə həmlə baha başa gəlir- Türkiyədəki hadisələrə baxış


 

Miflərə həmlə baha başa gəlir- <b style="color:red">Türkiyədəki hadisələrə baxış</b>

Bu günlər qardaş Türkiyədən həyəcanlı xəbərlər alınır. İstanbuldakı Taksim meydanındakı parkı məhv edib, yerində ticarət mərkəzi yaratmaq barədəki hökumətin lazımınca götür-qoy edilməmiş cəhdi kəskin etirazlarla qarşılanmışdır. Şəhərin az sayda oksigen rezervuarlarından biri sayılan yaşıllığın hansısa şübhəli məqsəd naminə ləğv edilməsi, sakinlərin bir hissəsində kəskin qəzəb dalğası yaratmışdır. Bu vaxtadək özünü möhkəm okean gəmisi kimi hiss edən Ərdoğan hökuməti gözləmədiyi bir halda görünməmiş tufanla üzləşdikdə, xeyli kövrək olduğunu hiss etdi.

Hətta səhvlərində də özünə olduqca güvənən, onların həyata keçirilməsində xalqın rəyinə məhəl qoymadan inadkarcasına hərəkət edən hökumət, bu dəfə də əhalinin kükrəyən qəzəbinə əhəmiyyət vermədi, adekvat olmayan sərt  tədbirlər görülməsi baş alıb getdi. Polis plastik güllələrdən, gözyaşardıcı qazdan, böyük təzyiqli su şırnaqlarından və həmişəki kimi dəyənəklərindən geniş surətdə istifadə etdi. Xeyli nümayişçi xəsarət aldı, qan töküldü, təkcə bir gecədə 2000 nəfərədək adam həbs edildi. Nümayişçilər də bunu cavabsız qoymadılar. Fransız inqilablarından miras qalan barrikadalar qurulmasına əl atıldı.

Avtoritarizmdən ilhamlanan və getdikcə qürrələnən Türkiyə demokratiyasının özü əvvəlki vaxtlardan da artıq zədə aldı. Qonşu ölkələrdə “ərəb baharı”nı böyük sevinclə qarşılayıb, yeri gəldi-gəlmədi onların daxili işinə müdaxilə edən Türkiyə hökuməti başqalarını həvəsləndirdiyini indi artıq öz küçələrində görəndə, belə “bahar”ın azacıq işartılarına da dözə bilmədi, mübarizə ağacının çiçəklənməsinin qarşını almaq üçün tumurcuqları məhv etmək qərarına gəldi. Sarsılmaz gücünə, əl atdığı hər cür tədbirlərin yenə də uğurla baş tutacağına əmin olduğundan, çubuğu elə əydi ki, onun qırılma təhlükəsi yarandı. Ölkənin başqa şəhərlərində də etiraz nümayişləri, iğtişaşlar baş verdi. Qığılcımı söndürmək səyləri onun daha gur alovlanmasına şərait yaratdı. Etiraz yanğını Avropa ölkələrinə də keçdi, orada yaşayan çox sayda türk öz həmvətənlərinin səsinə səs verməyi milli borc kimi hiss edərək, Türkiyə hökumətinin  səhvlərinin kəskin tənqidini Avropanın demokratik dövlətlərinin küçə səhnələrinə çıxartdılar.

Yəqin ki, hətta etiraz mitinqlərində iştirak edənlər də etiraf edə bilərlər ki, Ərdoğan hökuməti ölkənin iqtisadi, sosial inkişafı üçün Turqut Ozal istisna olmaqla, öz yaxın sələflərindən xeyli çox işlər görmüş, son illərdə Türkiyə dövlətinin beynəlxalq nüfuzunun yüksəlməsinə nail olmuşdur. Təəssüf ki, bu artan nüfuzdan heç də həmişə ağıllı qaydada səmərəli istifadə edilmir. Öz qüdrətinin heybətli olduğunu göstərmək üçün ehtiyatsız hərəkətlərə yol verməklə, hər cür yollarla fövqəldövlətin etimadını qazanmaq üçün vacib mənafelərə məhəl qoyulmaması, yəqin ki, bir gün öz zəhərli bəhrələrini göstərəcəkdi. Ən başlıcası, hakimiyyətdə olan “Ədalət və İnkişaf Partiyası” müxalifətin pozitiv tənqidinə belə məhəl qoymamaq, addımbaşı onu ələ salmaq, həzz qaydasında tapdalayıb əzmək, çoxluğun hegemonluğunu əldə etmək yolu ilə, əslində vətəndaşların bir hissəsi arasında özünə qarşı avtoritarizmdən xumarlanmağına görə nifrət hissləri oyatdırmağa başladı.

Taksim meydanındakı parkın məhv edilməsi xırda məsələ olmasa da, belə böyük etirazlar üçün səbəb rolu oynaya bilməzdi. Xalqın bir hissəsinin hakimiyyətə neqativ münasibəti, qazandakı buxar kimi özünə çıxış yolu axtarırdı və əlinə düşən bəhanə fürsətini buraxmaq istəmədi. Ərdoğan ölkədə çox şeyi dəyişməyə can atır. Ancaq bu olduqca mürəkkəb məsələyə o qədər də ciddi araşdırma və qərar qəbul etmək qaydasında yanaşılmır. Qazanılan uğurlar bünövrəsi üzərində səhvlər, nəticəsi axıra qədər düşünülməmiş olan qərarların verilməsi də bu meylin məntiqi törəməsi hesab edilməlidir.

Türkiyədəki əsas narazılıq din və mif problemi ilə əlaqədardır. Ümumiyyətlə, mifin dağıdılmasının və dinin dəyişdirilməsinin hökmən ağır nəticələrə səbəb olan hadisələr təsiri bağışlaması aydın bir məsələdir. XVIII əsrdə Avropada Reformatsiyanın təsiri altında xristian dininin parçalanması, yeni protestant dininə keçilməsi geniş miqyasda baş verirdi və bu, Müqəddəs Roma İmperiyasının əhatə etdiyi knyazlıqlarda da öz əksini tapırdı. Həmin dövrdə belə bir həqiqət məlum oldu ki, din dəyişildikdə, bu, hökmən hakimiyyətin, hökmdarın dəyişilməsinə də gətirib çıxarır. Ona görə də status-kvonun qorunub saxlanılması, belə xoşagəlməz variantın baş tutmaması üçün qərara alındı ki, knyazlıq bütünlükdə hökmdarın mənsub olduğu dini qəbul etsin. Bu, hökmdarlar üçün əsl immunitet yaradırdı.

Mifə münasibətdə də iri miqyaslı dəyişikliklər, əslində ənənələrin məhv edilməsi xarakteri daşıdığından, müəyyən siyasi kataklizmlərlə müşayiət olunur. Alman xalqının dərnəklərdə, partiyalarda birləşmək həvəsi onun millətçilik ruhunun qabarmasına xidmət edən Bismak irsi, həmçinin Birinci Dünya müharibəsindəki məğlubiyyətdən sonra ağır reparasiya vasitəsilə təhqirə məruz qalmasına görə intiqam hissi Hitleri, nasional-sosializmi meydana gətirdi və bu, xalqı fəlakətə sürüklədi. XIX əsrin sonunda yaranan və şiddətlənən alman millətçiliyi və irqçilik bu xalqı militarizm yoluna çıxardı və ona böyük bəlalar bəxş etdi.

Mif bir qayda olaraq, yarandığı andan olduğu kimi, məhv ediləndə də hökmən faciələrə aparıb çıxarır. Böyük Oktyabr Sosialist inqilabından sonra elmi kommunizm əslində dinə çevrilmişdi və ona sitayiş təlqin edilirdi.

SSRİ-də Leninin bütləşdirilməsi, Stalinin şəxsiyyətə pərəstişin bərqərar olması, kütləvi repressiyalarla, iri miqyaslı qanun pozuntuları ilə müşayiət olunmuşdu. Lakin artıq mif mövcüd idi və əhalinin böyük əksəriyyətinin şüuruna hakim kəsilmişdi. Xruşşovun bu mifin bir hissəsini ehtiyatsız qaydada dağıtması, onun özünün nüfuzunu heçə endirdi və dünyadan köçməmişdən əvvəl barəsində çalınan rekviyemi özünün də dinləməsinə şərait yaratdı. Qorbaçov ölkəni siyasi islahata uğratmağa cəhd edəndə onun iqtisadi tənəzzülünü şiddətləndirdi. Və quruluşa yönəltdiyi zərbə, bəlkə də xəyanəti ilə özünün də siyasi sonluğunu sürətləndirdi. Yeltsin yeni kapitalizm cəmiyyəti yaratmaq üçün oliqarxlar adlanan kiçik “qılıncgəzdirənlər” dəstəsinə arxalanmaqla, xalqın taleyini bütünlüklə zamanın acı hökmünün sərəncamına buraxdı və ölkənin iqtisadi-sosial iflasına səbəb oldu. SSRİ-nin və Rusiyanın bu rəhbər xadimləri mif yaratmaqdan və mifi dağıtmaqdan həzz alırdılar. Lakin nəticə onların gözlədiklərinin tam əksinə çevrilirdi. Axı, Böyük Fransa inqilabının meydana gətirdiyi terror da başqa qurbanlarla yanaşı, inqilabın öz rəhbərlərinin həyatını da udması ilə başa çatdı.

Türkiyədəki hadisələr də birmənalı deyildir. “AK” partiya ideoloji sahədə axıradək düşünülməmiş iki hərəkətə əl atdı, bunun birincisi, demokratiya pərdəsi altında İslam dininin dayaqlarının güclü surətdə möhkəmləndirilməsi, ikincisi isə, həmin dinə ilk böyük zərbəni vuran və bunu “layiqlik” irsi kimi qoyub gedən Atatürk mifinin hərtərəfli qaydada demontaj edilməsi sahəsindəki meyllər idi. İslam dininin təsirini gücləndirmək üçün onun simvolikaları ön plana çəkildi. Qadınların və qızların hicab örtməsi az qala ən böyük milli qarşıdurmaya səbəb olan bir problemə çevrildi. Hökumət başçısının və üzvlərinin ictimai yerlərdə dini ibadətlər etməsinin, qadınlarının hicabda gəzməsi onların mövqeyini açıq nümayiş etdirirdi. Hakim partiya xalqın xeyli hissəsinin münasibətinə məhəl qoymadan Atatürkə olan pərəstiş binasını sökməyə girişdi. Onu nəzərə almadı ki, bu mifin 80-ə yaxın yaşı vardır və həmin dövr ərzində hərtərəfli qaydada təlqin edilmiş, şüurlara yerləşdirilmişdir. Digər tərəfdən, bu mif heç də boş yerdən yaranmamışdı, ona olan münasibətdən asılı olmayaraq, heç kəs Mustafa Kamal Paşanın yeni Türkiyənin, modernləşməyə qədəm qoymuş bir ölkənin yaradıcısı, banisi olduğunu inkar edə bilməz. Atatürk şüurlarda da böyük inqilab əmələ gətirmiş, dini cəhalətə, ümumilikdə geriliyə ağır zərbə vurmuş, ölkəsinin gələcək inkişafı üçün qoyulan möhkəm bünövrənin memarı rolunu oynamışdı. Ona görə də Atatürk irsinə örtülü həmlələr heç də xalqın müəyyən hissəsi tərəfindən rəğbətlə qarşılanmır, bunu edənlərə qarşı kin, qəzəb hissləri yaradırdı. Bu həmin Türkiyədir ki, XIX əsrin sonunda Sultan II Əbdülhəmidin dövründə Avropadan alınan generatorun üstündə, onun rotorunun fırlanmasını bildirən təlimatdakı “Revolution” “fırlanma” sözündən bunu “inqilab” ifadəsi kimi başa düşüb qorxduqlarından, həmin avadanlığı tezcənə geri qaytarmışdılar. Atatürk  isə qabaqcıl elmə, mədəniyyətə Türkiyənin qapılarını taybatay açmışdı.

Qədim Misir faraonları özündən əvvəlkilərin piramidalarının xarabalığı üzərində öz piramidasını tikməyi yasaq hesab edirdilər. Bir mifi dağıdıb, özünə mif düzəltmək üçün isə ciddi bir əsas olmalıdır, əgər bu, qum üstündə qurulursa, çox qısa müddətdə dağılacaqdır.

Ərdoğan hökuməti ilk dəfədir ki, belə ciddi müqavimətlə üzləşir və pis hal odur ki, ona dözümsüzlüklə, hətta aqressivliklə cavab verir. Hadisələrin dinamikasını proqnozlaşdırmaq çətindir, çünki hökumət xalqın hər bir üzvünün sosial vəziyyətinə müsbət təsir edən xeyli işlər görmüşdür və narazıları ilə müqayisədə tərəfdarları heç də az deyildir. Lakin etiraz dalğası genişləndikcə, böyüdükcə, bu, tsunami effekti yarada bilər. Və heç şübhəsiz, Türkiyəyə, onun imicinə böyük zərbə vurardı. Qardaş ölkəyə və xalqa isə, öz problemlərini sakit, ağıllı qaydada, demokratik prinsiplər əsasında həll etməsini istərdik. Çünki Türkiyə üçün olan problemi biz özümüzünkü hesab edirik və ona  heç də laqeyd, seyrçi mövqeyindən yanaşmırıq. Xalqın hətta kiçik seqmenti ilə qarşıdurma fayda vermir və bu məsələdə hökumətin bədnam “prinsipiallıq” nümayişi xalqın tələbini vecinə almaması, kiçik tonqalın daha gur alovlanmasına səbəb ola bilər və onun dilləri hökmən hökuməti də qarsacaqdır.

 





04.06.2013    çap et  çap et