525.Az

Doğma Rafiq Hüseynli


 

Doğma Rafiq Hüseynli<b style="color:red"></b>

Ötən ilin bu vaxtı AzTV-dən Azərbaycan Televiziyasının 60, radiosunun 90 illiyi münasibətilə Heydər Əliyev Sarayında keçirilən təntənəli yubiley mərasiminə baxırdım.

Bir gözüm ekranda, bir gözüm monitorda idi. Bir yandan da əllərim ürəyimə qoşulub həvəslə yazırdı. Doğma diktorlarımdan yazırdım. O diktorlar ki ağlım kəsəndən onları "görmüşəm", söhbətlərini "dinləmişəm". Onları heç ailəmdən ayırmamışam. Axı necə ayıra bilərdim? Bütün günü "evimizdəydilər".

Əslində, televiziyanın qüdrəti budur. O, heç vaxt ailənə qonaq gəlmir. O, sanki ailənin içində yaşayır. Yadımdadır, uşaq vaxtı dostlardan biri hər dəfə televizora baxmaq istəyəndə bəzənib ekran qarşısında əyləşirdi. Elə bilirdi ki, diktorlar onu izləyirlər. Televiziyanın sehri tək bu epizodda deyil. Hər kəsin televiziya ilə bağlı xatirəsi var. Çünki ona biganə yanaşmaq qeyri-mümkündür. Hətta XXI əsrdə - internetin, sosial medianın at oynadan vaxtında belə o öz dəyərini itirmir. Axı ekran yaddaşı kimi ekran xatirəsi də əbədidir. Elə ona görə ekrandakıların çoxu sadəcə yaddaşının lazımsız yerində ilişib qalmırlar, ürəyində kök salırlar.

Necə ki, televiziyanın canlı əfsanəsi Rafiq Hüseynli uzun illər ekranda görünməsə də, ömürlük gedişi hamını, hətta onun verilişini heç zaman izləməyənləri belə kövrəltdi. Çünki Rafiq Hüseynli böyük vətənpərvər idi. Yox, yox, o, əsla vətən sevgisini pafoslu nitqlə tamaşaçılarına car çəkmirdi. O, sözü ruhlandırırdı, gözəl səs tembri ilə Azərbaycan dilinə şərəf verirdi, intellekti, şəxsiyyəti ilə tamaşaçılarını heyran edirdi. Sənətinə sevgiylə yanaşmaq vətənpərvərlik deyilmi? Hələ mən sağlığında əfsanələşməyini demirəm. Bu isə Vətənə xidmətdir. Özü də vicdanla xidmət. Ona görə noyabrın 3-də Rəşid Behbudov adına Mahnı Teatrına gələn yüzlərlə insan yalnız onun dost-tanışları, tələbələri, iş yoldaşları, qohumları deyildi. O mərasimə pərəstişkarları da qatılmışdı. Hətta mənim kimi dəfnə gedə bilməyib, ürəkləri orda olanlar az deyildi. Əminəm ki, ürəyi orda olanların sayı mərasimdə iştirak edənlərdən qat-qat çox idi.

Səbəb aydındır. Peşə sevgisi, işinə məsuliyyətlə yanaşmaq. Nə olsun ki, o, uzun illər ekranda görünmədi, nə olsun ki, ara-sıra kadrarxası mətnlər oxudu. Bu ki o böyük sənətkarı tamaşaçıların yaddaşından silə, ürəklərindən qoparda bilmədi. Bir də axı insanın içində işıq olanda o heç vaxt sönmür. Və o işıq ekrandadırsa, bir dəfə efirdə olmağı kifayətdir ki, yaddaşa həkk olsun, tamaşaçıların doğmasına çevrilsin.

Rafiq Hüseynli əsl aydın idi, işıq saçırdı. Elə buna görə də o, yalnız mənim üçün - onu heç zaman diktor kimi ekranda görməyən bir insan üçün yad sayıla bilməzdi. 

Onu qonaq olduğu verilişlərdən və bir də oxuduğu 13 mahnıdan tanıyıb sevmişəm. Efirdə necə tanıya bilərdim? O, ötən əsrin 91-ci ilində ekrandan gedəndə cəmi 10 yaşım vardı. Bir də canlı əfsanəni mənə sevdirən onun tələbələri olub. Hansı diktorun müsahibəsini oxuyuram, onun haqqında ürəkdolusu danışır. 

İnsan canlı, yəni şəxsiyyəti ilə dipdiri, bütöv olanda o, hətta dünyadan gedəndə belə yaşamaq haqqını itirmir. Rafiq Hüseynli də sadəcə köçünü çəkib əbədiyyətə qovuşdu.

İndi onun üçün Zaman dayanıb. Amma Zaman onu səsin, sözün ruhuna hopdurub.

Yeni dünyan mübarək, sənətkar!

P.S. Milli "Nostalgiya" kanalımız yaradılsaydı, Rafiq Hüseynlinin aparıcısı olduğu verilişlərə baxardıq. Əminəm ki, həmin verilişlər yeni nəsil televiziya aparıcıları üçün "ustad dərsi" olar.

 





08.11.2017    çap et  çap et