525.Az

Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi (davamı)


 

Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi<b style="color:red"> (davamı)</b>

Anar İSGƏNDƏROV
Tarix elmləri doktoru, professor

Təzəpir məscidi bir tarixi qərarın da şahidi oldu. Sovet ordusu tərəfindən gülləbaran edilən insanların cənazələrinin 1918-ci ilin mart qırğını şəhidlərinin dəfn olunduğu yerdə torpağa tapşırılması qərara alındı. Bu tarixi qərar Şeyxülislamın iştirakı ilə Təzəpir məscidində çıxarıldı. Qətlə yetirilənlərin meyitlərinin çoxu Şeyxin iqamətgahının yerləşdiyi Təzəpir məscidində yuyulurdu. Şeyx burada cənazə namazı qılanların önündə durur, Qurani-Kərimdən surələr oxuyur, adamlara Allahdan səbr diləyir, ürək-dirək verirdi. Onu tez-tez Dağüstü parkda şəhidlərin məzarları arasında dərin hüznlə dolaşan görmək olurdu. 20 Yanvar faciəsi ilə bağlı Moskvada, Azərbaycan SSR-in daimi nümayəndəliyinin konfrans zalında İttifaq əhəmiyyətli fərdi pensiyaçı Heydər Əlirza oğlu Əliyev toplaşanlara müraciətlə deyirdi: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən,bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın...”

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçova, surətləri, BMT-nin baş katibi Peres de Kuelyara, bütün dövlətlərin və dinlərin başçılarına göndərdiyi məktubunda yazırdı: “Nə qədər olsa da, mənim sözlərim Azərbaycan xalqının sonsuz kədərini, milyonlarla insanın üzərinə hakim kəsilmiş müsibəti çatdırmaq iqtidarında deyil. Mən bunları ona görə demirəm ki, siz bizim dərdimizə şərik olasınız, halımıza acıyasınız. Bu, mənim bütün xalqım üçün təhqir olardı. Bu, mənim şəhid olmuş həmvətənlərimin ruhunu təhqir etmiş olardı. Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanmışdır. Bunların arasında uşaqlar, qadınlar və qocalar vardır. Tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla deşik-deşik edilmiş cəsədlər insanı dəhşətə gətirir. Bir dövlət başçısı kimi sizin imzanızla törədilən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz...”

Heydər Əliyev deyirdi: “Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də ölkənin ali siyasi partiya rəhbərliyinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır...”

Şeyxülislamın məktubunda deyilirdi: “Qoşunların yeridilməsi üçün uydurulmuş bütün səbəbləri Azərbaycan xalqı nifrət və qətiyyətlə rədd edir. Həmin səbəblərdən biri də güya Sovet dövləti üçün təhlükə sayılan “islam faktoru”dur. Bununla əlaqədar mən aşağıdakıları bildirirəm: İman əhli olmaq, o cümlədən islama mənsubiyyət əslində şovinizmdən, milli lovğalıqdan uzaq olmaq deməkdir. Çox yaxşı bilirsiniz və bunu mənim sizə vaxtilə dediklərim də sübut edir ki, Zaqafqaziyanın müsəlman ruhaniləri siyasi və millətlərarası münaqişələrdə dindən silah kimi istifadə etmək niyyətində olmamışlar. Çox yaxşı bilirsiniz ki, diyarımızda baş verən hadisələrin ən ağır anlarında islam ağılla və bütün məsələrin dinc yolla həllinə çağırmışdır. Belə olduğu halda uydurma “islam faktoru”nu hərc-mərclik törədən səbəb kimi araya atmaq qəzəb doğurmaya bilməz. Tamamilə aydındır ki, bununla müəyyən məqsəd güdülmüşdür. Demək, müsəlmanları xristianlara qarşı qoymaqla millətlərarası toqquşmaları daha da kəskinləşdirmək niyyəti güdülmüşdür...”

Moskvada Heydər Əliyev deyirdi: “Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya-siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”.

 Şeyxülislam sözünə davam edərək yazırdı: “Bilin ki, bu faciə ilə bağlı əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edəyəcəyik. Bir dövlət ki, imperiya hökmranlığı niyyəti ilə millətlərarası çaxnaşmanı aradan qaldırmaq əvəzinə, onu daha da qızışdırır, bir dövlət ki, öz ordusunu öz vətəndaşlarının qatilinə çevirir, bir dövlət ki, öz adamlarına layiqli güzərandan daha çox ölmək hüququ verir, belə dövlət ancaq nifrətə layiqdir. Bakıda canlı insan ürəklərinə tuşlanmış güllələr milyonlarla insanın yenidənqurmaya olan son ümidlərini məhv edən bir atəş idi...”.

Heydər Əliyev deyirdi: “Yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş və bu gün də davam edən faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir”.

 Şeyxülislam həzrətlərinin ittihamnaməsi bitib-tükənmək bilmirdi: “Özlərini əsl işğalçı kimi aparan cəza qoşunlarını Bakıya yeritməklə siz Sovet hökumətini rüsvay etdiniz və bununla təsdiq etdiniz ki, müstəqillik və xalqların ləyaqəti kimi anlayışlar bu hökumətə tamamilə yaddır. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız bir dövlət başçısı kimi ifşa etdiniz. Sizin haqqınızda yaranmış bir əfsanə də puç oldu, çünki bir əli ilə xarici məmləkətlərlə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı cəza tədbirləri imzalayan adamı “Sülh uğrunda mübariz” adlandırmaq ən azı ləyaqətsizlikdir. Ən qanlı müharibələrdə də həkimlərə, tibbi yardım göstərənlərə atəş açılmamışdı. Sizin əmrinizlə Bakıya hücum edən qoşunlar yaralananlara kömək göstərən iki həkimi də güllələmişlər...”

Heydər Əliyev deyirdi: “Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yerləşdirilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar, görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər. Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar”.

Şeyxülislam həzrətləri tələb edirdi: “Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək mən Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm. Heç bir xalqla, həmçinin azərbaycanlılarla silah gücüylə danışmaq olmaz. Bu 10 gün, Əfqanıstandakı kimi 10 il davam edə bilər. Amma gec-tez ədalət və haqq işi qələbə çalmalıdır. Allah-təalanın izni ilə bu haqq işi Azərbaycanda da qalib gələcəkdir. Məhz buna görə mənim xalqımın ən yaxşı oğul və qızları özlərini sovet qoşunlarının güllələrinə sipər etdilər. Dərin inamla və iman hissiylə üzümüzü Allah-təalaya tutur və Onun ulu dərgahından bu gün şəhid olan balalarımız üçün rəhmət diləyirik. Qoy Allah-təala bu fəlakəti mənim xalqımın başına gətirənləri, bu işə rəvac verənləri zəlil etsin. Ya Rəbb, Vətənimizin, elimizin, bu ağır günündə bizlərə özün kömək elə. Amin!”

Beləcə, Azərbaycanın iki böyük oğlu–siyasi lider və dini lider, bir-birindən xəbərsiz halda, eyni vaxtda, baş verən qanlı qırğına və onun baiskarlarına eyni prizmadan birmənalı münasibətini bildirmiş, xalq üçün məqbul olan eyni tələbləri irəli sürmüşdülər. Şeyxülislam həzrətlərinin məktubu elə həmin gün həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda əldən-ələ keçmiş, dövlət və hökumət başçıları, dini təşkilatlar və hüquq müdafiəsi təşkilatları ona öz münasibətlərini bildirməyə başlamışdılar.

Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyindəki bəyanatı isə həm SSRİ-nin, həm də dünya dövlətlərinin siyasi dairələrində çox böyük əks-səda doğurmuş, təcrid vəziyyətində olan Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması işində mühüm rol oynamışdı.

1990-cı ilin qanlı yanvarı sovet rəhbərliyinin SSRİ adlı totalitar rejimi qoruyub saxlamaq üçün növbəti və son cəhdlərindən biri idi. Lakin sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu qanlı hadisə onu qorxutmadı, əksinə SSRİ-yə qarşı olan nifrəti daha da artırdı.

(Ardı var)

 





05.06.2013    çap et  çap et