525.Az

Adı 525... - "525"-25


 

Adı 525... - <b style="color:red">"525"-25</b>

... Tutalım, adam özünə bir köynək yaxın saydığı birinin doğum gününə necə sevinirsə, hə, mən də eynən.

Vallah, hə...

“525-ci qəzet”in 25 yaşı oldu. Yəqin bilirəm: hələ illər sonra qoşa 5, sonra 7, sonra qoşa 9 gələcək. Sonra biz olmayanda o evi ocaq, qapısı açıq qocanın böyür-başında yenə cavanlar qaynaşacaq, yenə nə isə öyrənəcək, həyəcanla girib, sevinclə çıxacaqlar.

Bu illər görmüş qoca ədasına, əli hər şeydən üzülüb xatirələrdən təskinlik tapan nostalji dolu tövrə fikir verməyin, üstündən vur-tut altı-yeddi il keçib. Yeddi il əvvəl bizə - o təzə-təzə cümlə quran uşaqlara qapılarını taybatay açan ilk qəzet “525” olub.

Metro vaqonunda “Nəriman Nərimanov stansiyası” deyildimi, mənim içimi qəribə həyəcan bürüyüb. Ki, görəsən, şənbə sayına göndərdiyim o yazı haqqında nə deyəcəklər?! Hələ bunun, deyək, bir noyabr şənbəsində yuxulu-yuxulu köşkə cummağı var, öz yazını axtarmağın, “görəsən, hansı cümləmi düzəldiblər” nigaranlığı var...

Hələ bunun sonrası da var: şəhərdə

üzünə gülümsəyib salam verən adama görə “yəqin yazımı qəzetdə oxuyub, bəyənib” kimi yüz fikrə düşmək var, yazını universitetdə bir müəlliminə göstərib “525”in hesabına qiymət almaq var...

Hələ bunun sonralar ee, lap sonralar yol polisinə üstündə “525-ci qəzet” yazılan vəsiqəni göstərib “yaxşı yol” eşitməyini demirəm...

lll

“525-ci qəzet”in 25 yaşı oldu. 92-yə “dünyanın dağılan vaxtı” demək olarmı, əl-əlbət, olar. Cəmi beşcə il əvvəl kitab da, ədəbiyyat da, yazıçı da gözəl günlər yaşamışdı. Biz bütün bunları ancaq xatirələrdə oxumuşuq. Həm də o xatirələrdə ki, orda şairin, yazıçının böyük nostaljisi, təəssüfünü görmüşük. “525” elə bir zamanda doğulub ki, onda heç insan insana lazım olmayıb, nəinki ədəbiyyat. Mən bunları görmüşəmsə də, yadıma gəlmir. Danışırlar, deyirlər. “525”in səhifələrində şeir çap olunanda, hekayə görünəndə adamlara qəribə gəlib. Bəlkə ürəklərində gülüblər də. Hələ bunun şairə yaxşı şeirinə görə qonorar, yazıçıya yaxşı hekayəsinə görə qonaqlıq verməyi də var. Bu ədəbiyyat təəssübkeşliyi, kitab sevgisi idi. Bu həm də gələcəyin kitabla gələcəyinə inanmaq idi. Biz ona görə “525-ci qəzet”i dəyər bilirik, əziz tuturuq.

lll

Tələbəyəm, gəlmişəm redaksiyaya. Deyirəm, salam, xanım, Rəşad müəllimlə görüşmək istəyirəm. Xanımın başı bərk qarışıqdır, cavab verir ki, Yazıçılar Birliyindədir. Gözləyirəm, gəlir, utana-utana otağına keçirəm. Ki, ikinci kursda oxuyuram, qəzetə iş üçün gəlmişəm. Universitetdə azmış kimi burda da Rəşad Məcidin sual-cavabı: kimsən, nə oxumusan, necə oxuyursan, nə yazırsan?! Məni sonralar abi çağırdığım adamın yanına göndərir - Yusif Rzayevin. Abinin sorğu-sualı lap dözülməz. Deyirəm, müəllim, vallah, hekayə yazıram, bir-iki şeir qaralamışam, mənə içi dolu qovluq göstərəsən ki:

- Burda bilirsən nə qədər hekayə var?! Hələ şeiri demirəm. Bizə sosial mövzulardan yazan qoçaq bir oğlan lazımdır. Bacararsan?! 

Candərdi deyirəm, bacararam, müəllim, bacararam!

Tələbə Qəbulu Komissiyası ilə bağlı nəsə bir mövzu tapşırır. Ki, yaz gətir, görək bir şey alınır?! Heç nə alınmır, yaza bilmirəm. Elə o gedən gedirəm, ey...

lll

Sonra bizim “Gənc ədiblər” dövrümüz başlandı. “Gənc ədiblər”ə gəldiyim birinci tədbirdən reportaj yazıram, bu dəfə Rəşad Məcid özü məni axtarır: “Sən hər həftə bizə yaz!” O “bizə yaz”ın dalınca hər şənbə səhəri köşkə tələsmək, Seyfəddin Hüseynlidən adam içinə çıxarmaq üçün səliqəli-sahmanlı cümlə yazmağı öyrənmək, imzamın tanınmağı, püxtələşmək gəlir. Mən “525-ci qəzet”in Azərbaycan mətbuat tarixindəki rolundan, müasir mediadakı yerindən, peşəkar kollektivindən, yetişdirdiyi jurnalistlərdən yaza da bilərəm, danışa da. Amma nə hacət? Bunlar haqqında yazanlar çox olacaq, danışanlar sıraya düzüləcək. Və qəzet bunu haqq edir, əlbəttə, haqq edir. Gəlin, sizə üç ulduz o tərəfdə dayanan bir əhvalat danışım.

lll

Oxudum ki, qəzetin redaksiyası dəyişilib. Üstündən xeyli keçdi, Tərcümə Mərkəzinin yanından keçirdim. Avtobusdan düşüb o qəddi qoca binaya yaxınlaşanda yadıma düşdü ki, nə zaman o zamandır, nə məkan o məkan.

Və kürək ardında bir uçurum həyəcanı ilə növbəti avtobusa atılıb minməyin qəribə duyğusu...

lll

Yaşın mübarək, doğma qəzet! Mən buna adım kimi əminəm: sənin divarların arasında hələ kimlər yetişəcək, kimlər. O adamlar ki, hələ 25 il sonra da sənin qarşında baş əyib yazı oxuyacaqlar...

 





12.11.2017    çap et  çap et