525.Az

Sözün gücü - "525"-25


 

Sözün gücü - <b style="color:red">"525"-25</b>

Bunu müəyyənləşdirəcək universal bir cihaz hələ kəşf olunmamışdır. Sözün hökmü, onun yükü, təsiri barəsində bizim milli mətbuat korifeylərimiz çox sözlər demiş və yazmışlar. 142 ildir ki, onların fikirləri öz aktuallığını itirməmiş, əksinə, ilbəil daha da yüksək məqama yüksəlmişdir.

Bütün dünyada sözün əhəmiyyətinə xüsusi qiymət verilir və ondan təsirli “silah” kimi istifadə edilir. Silahdan fərqli olaraq, bir söz bütöv bir cəmiyyətə, ölkəyə, hətta, dünyaya təsir etmək gücünə malikdir. Müasir dövrümüzdə bütün münaqişə və müharibələri həll etmək üçün əvvəlcə sözdən istifadə edilir. Yalnız bu cəhd nəticə vermədiyi halda silaha əl atılır. Söz güclü bir qoşunu hərəkətə gətirə və döyüşə girməyə sövq edə bilər. “Əgər qarşızınıza dünyanı dəyişmək məqsədi qoymusunuzsa, o zaman ən təsirli silah olaraq jurnalistikanı seçin”.
 
Bu sözləri vaxtilə görkəmli ingilis dramaturqu Tom Stoppard demişdir. Bəlkə də ötən əsrin əvvəllərində bu sözlər bir o qədər də ciddi qarşılanmır, jurnalistikanın cəmiyyətdəki rolu yetərincə qiymətləndirilmirdi. Amma zaman ötdü və biz dünyanın güc mərkəzlərini, sosial inkişafın əsas istiqamətlərini məhz kütləvi informasiya vasitələrinin formalaşdırdığı bir dövrə gəlib çıxdıq. Bu gün cəmiyyətin inkişaf dinamikasına təsir etmək və onu dəyişdirmək gücünə malik kütləvi informasiya vasitələri şüurlara təsir edəcək geniş imkanlara sahibdir. İctimai rəy formalaşdırmaq və gündəmi təyin etməkdə də mətbuatın rolu danılmazdır. Azərbaycan mətbuatında özünəməxsus üslub, xəbər və təlim-tərbiyə siyasəti ilə seçilən “525-ci qəzet” məhz bu məziyyətlərə sahib kütləvi informasiya vasitələrindəndir. 25 il ərzində seçdiyin yoldan sapınmadan, çətinliklərdən qorxmadan, heç nəyə və heç kimə təslim olmadan mümkün qədər obyektiv, düzgün məlumat ötürmək, xəbərin mənbəyi ilə oxucular arasında təmas yaratmaq, məlumatlandırmaq ilə yanaşı, həm də maarifləndirmək kimi mühüm missiyanın öhdəsindən bacarıqla gəlmək asan iş deyil.

Şübhəsiz ki, düşüncələrin, fikirlərin, ideya və ideologiyaların kəskin müxtəlifliyi dövründə orta balans tapmaq mühüm şərtdir. Söhbət “nə şiş yansın, nə kabab” anlayışından getmir. Bu yanaşmanı məlumat mühitinə aid etmək düzgün olmazdı. Söhbət başqa balansdan - ideologiya zənginliyində, bəzən isə onun yoxluğunda öz dəsti-xəttini, mövqe sabitliyini qoruyub saxlamaqdan, oxuculara, ümumiyyətlə, cəmiyyətə ümid işığı göstərməkdən gedir.

Əslində, 25 il çox uzun yoldur, bir igidin ömrüdür. Bu ömrü şərəf və ləyaqətlə yaşamaq asan iş deyil. Cəmiyyətimizin, dövlətimizin enişli-yoxuşlu yollardan keçdiyi bir vaxtda, xaotik hadisələrin cərəyan etdiyi və daha sonra sabitliyin hökm sürdüyü dövrdə fəaliyyət göstərmiş “525-ci”lər kapitanlarının sükanı möhkəm tutduğuna inanaraq mövqelərini dəyişmədən işlərini davam etdirmiş, hər zaman öz daxili və kollektivarası həmrəyliklərini və peşəkarlıqlarını qoruyub saxlaya bilmişlər. Şəxsən mən bunu yaradıcı insanın, bütövlükdə mətbu orqanının qazana biləcəyi ən böyük uğur kimi qiymətləndirirəm. Çünki hamımızın gördüyü, eşitdiyi, şahidi olduğu ümumi - bütövlükdə dünyada və ayrı-ayrı ölkələrdə, o cümlədən də biz də mövcud olmuş və hələ də şüurlara hakim kəsiləcək ideologiyanın tam formalaşmadığı, bir qədər də dəqiq desək, qeyri-müəyyənlik dövrü hamıya təsir edir və bu təzyiqlərin həm gücü, həm də mənbəyi müxtəlifdir. Həmin təsirlərə məruz qalmamaq, hər cür zərbələrdən qorunmaq, müəmmalı təkliflərdən çəkinmək insandan, xüsusilə jurnalistdən çox böyük səbr, cəsarət, əzmkarlıq, öz strateji məqsədini taktiki xırdalıqlara qurban vermədən həyata keçirmək bacarığı, aludəçilikdən kənarda  durmaq kimi xüsusi fərdi xarakter tələb edir. İnkişaf etmiş intellekt sahibinin əlində olan qələmin yazdığı hər söz, hər ifadə insanı həm güldürə, həm ağlada, həm sevdirə, həm də nifrətə sövq edə bilər. Bu, bir həqiqətdir. Sübuta və izaha ehtiyacı olmayan həqiqət... Sözün gücünün nə qədər yüksək qiymət və təsirə malik olduğunu hər kəs artıq anlayır.

Qəzet bolluğu və çap mətbuatının öz məkanının xeyli hissəsini elektron mətbuata verdiyi bir dövrdə ölkənin nüfuzlu KİV orqanına çevrilmək, müxtəlif tarixi şəraitlərdə, mürəkkəb sosial-iqtisadi şərtlər daxilində hər zaman günün nəbzini tutmaq, oxucuları ictimai maraq çevrəsində olan müxtəlif xarakterli və siyasi yüklü hər cür informasiya ilə təmin etmək və eyni zamanda da dövlətimizin apardığı uğurlu daxili və xarici siyasəti obyektiv qiymətləndirmək heç kimə adi iş kimi görünməsin. Düzdür, bu fikirləri yazmaqda məqsədim “525-ci qəzet”i başqa mətbu orqanlarla müqayisə etmək deyil. Bu, başqa anlama, anlaşılmazlığa gətirib çıxara bilər. Amma ədalət naminə deməliyəm ki, jurnalistikanın üç əsas funksiyasının - məlumatlandırma, maarifləndirmə və əyləndirmə öhdəsindən layiqincə gəlməklə yanaşı, “525-ciqəzet” həm də milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında əvəzsiz xidmətlər göstərib. Təkcə bu 25 il ərzində qəzetdə çap olunan uzaq və yaxın keçmişimizi əks etdirən tarixi materialları nəzərə alsaq, əminliklə deyə bilərik ki, bu qəzet gələcəkdə tarixi məlumat əldə etmək istəyənlərin inamla müraciət edə biləcəyi, eyni zamanda, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına və təbliğinə də önəm verən ensiklopedik mənbədir. Bu gün “525-ci qəzet”də Azərbaycanın ən tanınmış ziyalıları, alimləri, siyasətçiləri çıxış edirlər. Onların təsirli, məntiqli, ibrətamiz, maarifləndirici yazıları müasir gənclərimizin düzgün tərbiyəsində, bir şəxsiyyət kimi formalaşmasında əvəzsiz rol oynayır. Bu gün KİV gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. Buna nə qədər ehtiyac olduğunu heç kəs təkzib edə bilməz. Mənəvi-əxlaqi, ailə dəyərlərinin hücumlara məruz qalmasının və xarici təsirlər qarşısında dözümsüzlük göstərməsinin canlı şahidlərik. Dünya ictimaiyyətinin heç də birmənalı qarşılamadığı qloballaşma prosesinin getdiyi mürəkkəb tarixi şəraitdə medianın başlıca məqsədi gəncliyin mənəvi yetkinliyi uğrunda mübarizədə fəallıq vacib yer tutmalıdır.

Bütün bunları biz “525-ci qəzet”in timsalında görmüş və bəyənmişik. Bu qəzet rənglərin ağ və qaradan ibarət olmadığını həmişə oxuculara aşılamış, onları rənglərin müxtəlifliyinə, seçim imkanlarının genişliyinə inandırmış, onlara əlavə vaxt və şans vermək üçün xeyli zəhmət çəkmiş və bu vacib missiyanı indi də həyata keçirməkdədir. Bu, dövrümüzün ən vacib məsələlərindən biridir desək, yəqin ki, yanılmarıq. Bütün sadaladığım və bir yazıya, təbrikə sığışdırılması mümkün olmayan üstünlüklər heç şübhəsiz ki, qəzetin yaradıcı heyətinin, jurnalist, poetik janrın tanınmış nümayəndəsi, ictimai xadim kimi tanıdığımız, bacarıqlı təşkilatçı Rəşad Məcidin və onun peşəkar komandasının böyük uğurudur. Mən onları gərgin əmək hesabına, əziyyət bahasına ərsəyə gəlmiş və bu günə kimi öz nüfuzunu qoruyub saxlamış  “525-ci qəzet”in 25 illik yubileyi münasibətiylə ürəkdən təbrik edirəm, xalqın maariflənməsi yolunda gördükləri böyük işlərdə müvəffəqiyyətlər arzulayıram. Səhifələriniz hər zaman dolu, oxucularınız çox, uğurlarınız bol olsun!

 





13.11.2017    çap et  çap et