525.Az

500 iliniz qaldı... - "525"-25


 

500 iliniz qaldı... - <b style="color:red">"525"-25</b>

“...17 noyabr tarixi  mənim nəzərimdə  üç baxımdan əlamətdardır.

Bu tarixdə ünlü şairimizin “yatmış vulkana” bənzətdiyi Azərbaycan oyanıb, on minlərlə həmvətənimiz küçə və meydanlara axışaraq sovet imperiyasından milli hiss və tarixi yaddaşlarına hörmət tələb edib. ...Həmin gün ölkəmizin ən yeni tarixinə xalqın oyanması, Milli Dirçəliş günü kimi daxil olub.

...Bu tarixdə qızım Humay dünyaya gəlib.

Və nəhayət üç mühüm hadisə ilə əlamətdar olan eyni tarixdə yarandığı gündən ardıcıl əməkdaşlıq etdiyim, əksər yazılarımın ilk dəfə çap olunduğu  “525-ci qəzet”in ilk sayı işıq üzü görüb.

Yəqin ki, maraqlanan oxucular adla bağlı sirri bilirlər - təsis edildiyi dövrdə qəzet rəsmi qeydiyyat sırasında 525-ci idi.

Yəni ölkəmizdə 500-dən çox dövri nəşr mövcud idi.

Yarım mindən çox mətbu orqanın mütləq əksəriyyəti zamanın və oxucu zövqünün, tələbatının sınağından çıxa bilmədi.

“525-ci qəzet” isə altıncı yüzlükdən birinci onluğa, birinci beşliyə, birinci üçlüyə, nəhayət birinciliyə yolunu əzmlə davam etdirdi.

Adında üç rəqəmi ehtiva etməsinə baxmayaraq, bu gün həm yazı-pozu adamı kimi, həm də Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təəssübünü çəkən ziyalı kimi bu diqqətəlayiq mətbu orqanın yeri mənim təsəvvürümdə sadəcə bir rəqəmlə ifadə olunur.

Bu rəqəm 1-dir! Birinci qəzet!

Naməlumluqdan populyarlığa, tanınmazlıqdan şöhrətə, 525-cilikdən 1-ciliyə gedən yol asan olmayıb.

Belə yolu yalnız öz işinin vurğunları, həqiqi entuziastlar keçə bilərdilər. Tarixdə bunun nümunələri var.

1876-cı ildə Bakıya yolu düşən və Həsən bəy Zərdabinin “Əkinçi”ni necə vəziyyətdə, hansı əziyyət və məhrumiyyətlər bahasına çıxardığını görən bir fransız jurnalisti heyrətini bildirərək demişdi: “Görünür, siz öz millətinizi çox sevirsiniz”.

Azərbaycanın böyük inkişaf yolu keçdiyi indiki dövründə “525-ci qəzet” əməkdaşlarının hansı şəraitdə işlədiklərini, amma bütün çətinliklərə baxmayaraq, belə bir qəzet ərsəyə gətirdiklərini görəndə naməlum fransız jurnalistinin sözlərini təkrarlamamaq olmur: “Uşaqlar, görünür, siz  öz millətinizi (və həm də  qəzetinizi!)  çox sevirsiniz!”

Əks-təqdirdə bunca fədakarlıq imkansız görünərdi!

Gənc yaşlarından öz üzərinə böyük və ağır missiya götürən baş redaktor Rəşad Məcid öndə olmaqla qəzetin bütün əməkdaşları çox çətin bir vəzifənin öhdəsindən gəliblər - qəzeti yaşadıblar, imicini qoruyublar,  onu çeşidli oxucu auditoriyasının  mətbuat brendinə çevirə biliblər.

“525-ci qəzet” bizim - yaradıcı ziyalıların əsas tribunasıdır.

Əvvəldə də qeyd etdim: iyirmi ilə yaxındır ki, bu qəzetdə müxtəlif mövzularda yazılarım çap olunur.

Düzdür, onların sayı hələ  525-ə çatmayıb. Amma ümumi həcmi yəqin ki,  525 səhifəni bir neçə dəfə keçib.

Müəllifliyimdə ara-sıra fasilələr yaranıb. Özümdən asılı olmayan səbəblər üzündən bu fasilə bəzən hətta bir neçə il çəkib.

Oxuculuğum isə fasiləsiz olub. “525-ci qəzet”in çox nadir sayları gözümdən qaçıb.

Nədir bu qəzeti məndən ötrü bunca doğmalaşdıran?

“525-ci qəzet” oxucularını heyrətləndirməyə, indi dəbdə olan ifadə ilə desəm, onlarda “şok” yaratmağa yox, maarifləndirməyə çalışır.

“525-ci qəzet” həyatda və insanlardakı yaxşı, xeyirxah, işıqlı cəhətləri görməyə və göstərməyə,  nikbin notlar aşılamağa can atır.

“525-ci qəzet” bu gün çox böyük ehtiyac duyduğumuz təhsil və mədəniyyət sahəsinin güzgüsüdür. Onun həm uğurlarını, həm də problemlərini eyni ardıcıllıqla, eyni prinsipiallıqla göstərməyi bacarır.

“525-ci qəzet” dünyanı Azərbaycana gətirmək və Azərbaycanı dünyaya çıxarmaq üçün əlindən gələni edir.

“525-ci qəzet” partiya və qrup maraqları fövqündə, ümummilli mövqedə dayanmağı, Sabir demişkən, “dövrün aynası” olmağı  əsas hədəfi sayır.

Bu məziyyətlərin siyahısını yenə də artırmaq mümkündür...

Ancaq sadəcə yuxarıda sadaladıqlarım da “525-ci qəzet”ə və onun əməkdaşlarına sayğı hissi ilə yanaşmağa əsas verir.

Böyük Britaniyanın “Tayms” qəzeti 1785-ci ildən eyni adla çıxır.

Dünya şərqşünaslarının əsas yayın orqanı - 1822-ci ildən bu günə qədər nəşrini davam etdirən “Journal Asiatique” təxminən 200 illik mövcudluğu ərzində cəmisi 16 baş redaktor dəyişib...

“525-ci qəzet”ə bu rekordları təzələməyi, 2517-ci ildə özünün 525 illiyini  (Rəşad Məcidə də baş redaktorluğunun hələlik 50 illiyini) bayram etməyi arzulayıram.

Fantastik görünür?

Düşünürəm ki, “525-ci qəzet”də fantaziyanı həqiqətə çevirməyi bacaran gənclər çalışır və onların hər nəsli bu ənənəni özlərindən sonra gələnlərə təlqin etməyi, aşılamağı bacarsalar, ən ağlagəlməz xəyalları gerçək olar!

Növbəti yubileyinizdə mütləq sizinlə birlikdə olmaq vədi ilə...”

Bu sətirləri düz 5 il əvvəl, 2012-ci il noyabrın ilk günlərində “525-ci qəzet” yaranmasın 20 illiyini bayram etdiyi günlərdə Budapeştdən yazmışdım.

Yəqin ki, onları dəyişdirmədən indiki yubileyə də şamil etmək olar. Çünki qəzet aradan keçən illər ərzində təkcə yuxarıda sadalanan prinsiplərinə sadiq qalmayıb. Həm də onları həyatımızın, günümüzün prinsiplərinə, mənəviyyatımızın guşə daşına çevirməyə çalışıb.

5 il hiss olunmadan ötüb keçdi.

Təbii ki, həyatımızda çox şey dəyişdi. Yaşa dolduq, yəqin ki, daha çox həyat təcrübəsi qazandıq. Deyərdim bir az da qocaldıq.

Yazmaq həvəsi, 525 güzgüsündə görünmək və oradan özünə baxmaq  istəyi isə əsla azalmadı.

Və bu arada öz işinə vurğun insanların əməyinin bəhrəsi olan “525-ci qəzet” də həyatının ən gözəl dövrünə - 25 yaşına çatdı.

25 yaşlı insan cavandır. Amma 25 yaşlı qəzetə, teatra, məktəbə cavan demək mümkündürmü? Zənnimcə, yox. Yəqin ki, bu dövrü hələ uzun, çətin, mübarizələrlə dolu mövcudluğa hazırlıq mərhələsi, müdrikliyə gedən yolun başlanğıcı saymaq daha düzgün olardı.

Konkret insan həyatının sonu var. Eyni amala xidmət edən insanlar isə hansısa işi sonsuza qədər davam etdirə bilərlər. Hər yeni  nəsil estafeti sələflərdən alıb gələcəyə ötürə bilər. Mədəniyyətin uzunömürlülüyü, ideyaların yaşarılığı belə təmin olunur.

“525-ci qəzet”ə bu perspektivi arzulayıram.

25 illiyi arxada qoydunuz. İndi artıq yarım əsr, bir əsr, hətta 0,5 minillik miqyası ilə düşünmək lazımdır...

Budapeşt, 2 noyabr 2017-ci il.

 





13.11.2017    çap et  çap et