525.Az

Böyük təbriklər - "525"-25


 

Böyük təbriklər - <b style="color:red">"525"-25</b>

“525”lə əməkdaşlıq həyatımın heç unutmadığım maraqlı və zəngin mərhələsidi.

Sərt yazılarımı da bu qəzetdə yayımlamışam, səs-küylü yazılarımın da tribunası olub, xeyli mətn eksperimentlərim üçün də rahat meydan rolunu oynayıb. Özündən deyən mətbu orqanların yayımlamağa ürək etmədiyi yazılarım çap edilib “525”də.

Orda özümə ömürlük dostlar qazanmışam. Redaktorum Yusif Rzayevlə kitablarımın redaktoru kimi qəzetdən kənar işbirliyimiz də olub. Baş redaktor Rəşad Məcidin adını həmişə böyük dəstəkçim kimi çəkirəm. İndi də vurğulayacam. Məni yazmağa həvəsləndirən az sayda adamdan biridi. Özümə məxsus yekəxanalıqla bunu da vurğulayım ki, Rəşad çox adama stimul verib, gəncləri işləməyə həvəsləndirib, bacardığı kimi dəstək olmağa çalışıb. Ancaq heç kim mənim kimi bunu xüsusi intonasiya ilə vurğulamayıb. Bəlkə də heç vurğulamayıb.

“525”də mənə çox uğur gətirən yazılarım olub. “Erkəklər” kitabım hissə-hissə  çap edilib. Biz yazdığımız dönəmdə qəzet diqqət mərkəzindəydi.

“Postmodernist televiziyaçıya realist cavab” adlı yazım ölkənin demək olar bütün mətbu orqanlarında, əyalət qəzetlərində tirajlandı. Onda gördüm ki, qəzeti demək olar hər yerdə oxuyurlar. Bu qəzeti və onun əməkdaşlarını özəl sevgi və sayğıyla xatırlayıram həmişə. Mənim üçün ən önəmli məqam isə publisist kimi ilk yazımın bu qəzetdə yayımlanmasıdı. Akademik Azad Mirzəcanzadə haqda köşəm mənə  uğur qazandırıb.

Uğurlu-uğursuz, düşərli-düşərsiz anlayışına inanıram. İnanıram ki, hər nəsnənin, yerin, şəxsin düşərli, ya düşərsiz enerjisi var. “525-ci qəzet” uğurlu energetikası olan qəzetdi. Bunu Rəşad Məcidin işıqlı, pozitiv aurası ilə bağlayıram. “525” qəzetçilik tariximizdə önəmli yer tutur. Gələcəkdə ölkənin “mətbuat keçmişi”nin  araşdırma mövzusu olacağına şübhə etmirəm.

Böyük təbriklər!

 





13.11.2017    çap et  çap et