525.Az

Mikayıl Müşfiqin ən irihəcmli “Seçilmiş əsərləri” təqdim edildi


 

Kitab rəfinizdəki Xalq əmanəti

Mikayıl Müşfiqin ən irihəcmli “Seçilmiş əsərləri” təqdim edildi<b style="color:red"></b>

Bir neçə il əvvəl ölkəmizin mədəni həyatına əhəmiyyətli, ciddi hadisə kimi daxil olan “Xalq əmanəti” layihəsinin 8-ci nəşri- böyük şairimiz Mikayıl Müşfiqin “Seçilmiş əsərləri” iyunun 4-də, şairin doğum günü ərəfəsində oxuculara təqdim olundu. Hər dəfə olduğu kimi “Xalq Bank”ın mərkəzi ofisində baş tutan bu dəfəki təqdimat mərasiminə 6 ölkədən-Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qırğızıstan və Özbəkistandan da tanınmış şairlər qatılmışdılar. Yeni nəşr haqqında danışmamışdan əvvəl “Xalq əmanəti” layihəsinin fəlsəfəsi haqqında qısaca danışmaq və indiyə qədərki nəşrlərini retrospektiv sərf-nəzər etmək istərdik.

Niyə “Xalq Əmanəti”? 

Hər şey addan başlayır. Necə deyərlər, ad-işin yarısı, niyyətin hamısıdır. Əlbəttə, layihə üçün olduqca uğurlu seçim olan “Xalq əmanəti” adı onu həyata keçirinlərin gözəl və xeyirxah niyyətindən, məqsədindən danışır.

Bəllidir ki, elə bir sənət, elə bir sənətkarlıq nümunəsi yoxdur ki, o xalqın olmasın. Onun ümumi yaddaşını ifadə eləməsin. Bunu bir an belə olsa yaddan çıxarsaq, demək ki, özümüzü inkar etmiş olarıq. “Xalq Bank”ın ideya müəllifliyi və himayəsi ilə ərsəyə gələn “Xalq Əmanəti” layihəsi, layihə çərçivəsində işıq üzü görən kitablar ilk növbədə çağdaş mədəni həyatımız üçün dəyərli örnək və inkişafda olan müstəqil ölkəmiz üçün kiçik bir töhfədir. Bankın milli –mədəni irsin yaşadılması, gələcəyə ötürülməsi istiqamətində atılmış uzaqgörən addımı millətə və xalqa olan bir vəfa borcunun ödənilməsi nümunəsidir . Özü də layiqlə. Çünki hər bir nəşr bütün məziyyətləri nəzərə alınarsa peşəkarcasına icra olunub.

Səkkizinci kitaba qədərki yol 

“Əgər sözlər olmasaydı, insanlar musiqi ilə, rənglərlə, rəqəmlərlə danışardılar. Böyükağa Mirzəzadənin ən müxtəlif formalarda,fərqli çərçivələrdən bizə göstərdiyi hadisələr çay kimi axan zamanın bir anlığa dondurulmuş obrazları bu fikri təsdiq edir... Onun rəngləri insanlarla danışır, bu rənglərin öz dili, öz musiqisi, ruhu, istisi, soyuğu,öz günəşi, öz küləyi var...B.Mirzəzadənin əsərlərindəki təbiət canlıdır, nəfəs alır: hava, torpaq, su və bu rənglərin molbertdə yoğrulması- insan, Allahın yaratdığı əmanət...Maraqlıdır ki, bu irsi qoruyub gələcəyə ötürənlər xalq əmanətinə çevrilirlər...” – “Xalq əmanəti” layihəsinin ilk nəşrinə – Xalq rəssamı Böyükağa Mirzəzadənin rəngkarlıq və qrafik işlərindən ibarət nəfis albom-kitabın girişində bu sözlər yazılıb. O vaxtdan bu yana keçən zaman ərzində layihə çərçivəsində Xalq şairi Məmməd Arazın “Seçilmiş əsərləri”, Xalq rəssamı Maral Rəhmanzadənin rəssamlıq əsərlərindən ibarət albom-kitab, Xalq şairi Hüseyn Arifin “Seçilmiş əsərləri”, görkəmli Azərbaycan rəssamları Xalidə Səfərova və Mahmud Tağıyevin rəngkarlıq və qrafik işlərindən ibarət birgə albom-kitab, Xalq rəssamı Səttar Bəhlulzadənin rəngkarlıq və qrafik işlərindən ibarət kitab və “Azərbaycan sikkələri” albom-kataloqu işıq üzü görüb. Hər biri yüksək məzmunda və peşəkar bədii tərtibatla, yüksək poliqrafik keyfiyyətlə təqdim olunan bu kitabların daha bir gözəl məziyyəti onların böyük tirajla, özü də kommersiya məqsədi güdülmədən hədiyyəlik nəşr edilməsi, məktəb və kitabxanalara, mədəniyyət müəssisələrinə, eləcə də aidiyyatlı bütün auditoriyalara paylanmasıdır.

Unudulmaz Müşfiq 

Müşfiqin “Xalq əmanəti” layihəsi çərçivəsində işıq üzü görən “Seçilmiş əsərləri”nə layihənin redaktoru və kitabın tərtibçisi Səlim Babullaoğlunun yazdığı “Son söz yerinə”yazısında bu cümlələr var: “Müşfiqin taleyini də, şeirini də, milli poeziyamızdakı yenilikçi yerini də düşünüb onu digər xalqların ədəbiyyatlarındakı eyni mövqeyə malik çoxlu şairlərlə tutuşduranda anlayıram ki, XX əsr yeni poeziyamızın “saatını”, “ dünyəvi vaxtını” məhz Müşfiqlə qura bilər(d)ik. Onda geri qalmayacağ(d)ıq...” Təbii ki, həm də məhz bu haqlı məqam zəruri edib Müşfiqin kitabını. Layihənin üçüncü poetik toplusu, bütövlükdə isə səkkizinci nəşri olan bu kitaba, unudulmaz şairin müxtəlif illərdə yazdığı çeşidli poetik növ və formalardakı əsərləri, tərcümələri və bir məktubu daxil edilib. Kitaba daxil edilmiş əsərlər, tərcümələrin xaricində, “Ana. Vətən. Həyat”, “İnsan.Təbiət. Tərəqqi”, “Gözəllik. Sevgi”, “İthaflar” və “Uşaqlar üçün şeirlər...” kimi on tematik başlıq altında təsnifləşdirilib. Və bu mənada kitab bir yenilikdir. Amma kitabın “yenilikçi məziyyətləri” bununla bitmir. “ Seçilmiş əsərlər”də Mikayıl Müşfiqin ölümündən sonra nəşr olunan bütün kitablarındakı bəzi qaçılmaz təhriflər aradan qaldırılıb, ilk dəfə altı şeiri bəzən yeni redaktədə, bəzən isə şairin sağlığında işıq üzü görmüş kitablarındakı nümunələrə əsasən təqdim edilib. Müşfiqin həyatının vacib anları mümkün qədər dəqiq, qısa, eyni zamanda ən müfəssəl faktoqrafiya ilə “şairin bioqrafiyasının əsas məqamları” bölümündə təqdim edilib, mövcud mənbələr tutuşdurulub və dəqiqləşdirilib. Nəşrin “daxili əlavələri” kimi təqdim edilən və şairin həyatını ən erkən çağlarından başlayıb son günlərinə qədər əks etdirən fotolar, əlyazmaların faksimilesi, arxiv sənədlərinin surəti nəşri dolğunlaşdırıb. Görkəmli ədəbiyyatşünas alim, kitabın məsləhətçisi Rafael Hüseynovun “ön söz” yerinə təqdim olunan “Bağ romanı” essesi Müşfiqin “Yenə o bağ olaydı” kimi poetik şedevrinin həqiqi tarixçəsini danışmaqla şairin bizim üçün şeirlərindən formalaşan romantik obrazını bitkinləşdirib, Müşfiqin “dostlarının əhatəsindəki xoşbəxt və eyni zamanda məlum dövrə təsadüf eləyən keşməkeşli həyatına” işıq salıb, onun mühitini gözlərimiz önündə canlandırmağa çalışıb.

Kitabın üzərində işləyən yaradıcı qrup, tərtibçilər prinsip olaraq yalnız bir məqsəd güdüblər. Müşfiqin bu kitabını ələ alan istənilən oxucu həm şairin yaradıcılığını bütöv şəkildə görə bilsin, həm də onun həyatı, həyatının müxtəlif anları ilə tanış ola bilsin. Mikayıl Müşfiqin “Seçilmiş əsərləri” təkcə şair Müşfiqi deyil, eyni zamanda tərcüməçi və insan olaraq Müşfiqi göstərməyə çalışıb.Hərçənd istənilən şair haqqında ən doğru sözü yenə də onun şeirləri deyir.

Müşfiq bütün həqiqi şairlər kimi böyük Sözün əmanətini doğma dilində, dilimizdə xalqa qaytarmışdı. Və “Xalq əmanəti” seriyasının digər nəşrləri kimi hazırki kitabın da əsas məqsədi milli şeirimizin daha bir görkəmli nümayəndəsinin xalqımıza miras qoyduğu o əmanəti , o ölməz şeirləri dilimizin və həmvətənlərimizin yaddaşında yenidən təzələmək oldu.

 





05.06.2013    çap et  çap et