525.Az

Akademik Milli Dram Teatrı İsveçə qastrol səfərinə gedir


 

Akademik Milli Dram Teatrı  İsveçə qastrol səfərinə gedir<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı İsveçə qastrol səfərinə yollanır. Kollektiv İsveç Krallığının paytaxtı Stokholm şəhərində olub.

525.az-ın məlumatına görə, qastrol səfəri Azərbaycanın İsveç Krallığındakı Səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Teatr Stokholmda yerləşən Södra Teatrının binasında milli dramaturgiyamızın banisi, klassik Mirzə Fətəli Axundzadənin pyesi əsasında Vaqif İbrahimoğlunun quruluş verdiyi “Lənkəran xanının vəziri” tamaşasını oynayıb. Tamaşannı quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı Siyavuş Kərimidir.

Tamaşada Xalq Artisti Nurəddin Mehdixanlı,  Əməkdar Artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov,  Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Firuz Xudaverdiyev, Şəlalə Şahvələdqızı, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, İlahə Həsənova, Aslan Şirinov, Elnar Qarayev, Mətləb Adbullayev, Rəşad Bəxtiyarov, Vüsal Mustafayev, Nigar Güləhmədova və Ramin Şıxəliyev iştirak ediblər.

Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyası ilə  1873-cü ildə milli teatrımızın bünövrəsi qoyulub. Bu komediyaya müxtəlif illərdə, müxtəlif yozumlarda səhnə həyatı verilib. Akademik Milli Dram Teatrının təqdim etdiyi yeni  quruluşda milli kolorit, şən yumorla  yanaşı 18-ci əsrdə hökm sürən idarəçilik üsul-idarəsinə sarkazmla işarələr vurulur. Rejissor ilk səhnələrdən tamaşaçının diqqətinə çatdırır ki, Xan sui-qəsd xofu ilə yaşayır. Tamaşa Xanın gəlişi zamanı təhlükəsizlik tədbirləri ilə başlayır. Hadisələrdən məlum olur ki, vəzir Mirzə Həbib öz vəzifəsini qorumaq üçün baldızı Nisə xanımı Xana ərə vermək fikrindədir. Nisə xanım isə Xanın qardaşı oğlu Teymur ağanı sevir. İki arvadının, qaynanası Pəri xanımın və baldızı Nisə xanımın kələkləri Mirzə Həbibi gülünc vəziyyətə salır. Tamaşa xoşbəxt sonluqla, dənizdə batan Xanın yerinə Teymur ağanın xan seçilməsi və sevgilisinə qovuşması ilə bitir.

Tamaşanın təlqin etdiyi fikrə görə, baş verən hadisələr yalnız bir cənub şəhərində deyil, xanlıq üsul-idarəsi olan dünyanın hər bir ölkəsində, hər bir dövrdə  baş verə bilər. Zəngin milli geyimlərimizlə, aktyorların koloritli oyunları ilə bizi XVIII əsrin sonlarına XIX əsrin əvvəllərinə aparan tamaşa problematikası və ideya-bədii təqdimatı etibarilə təsirlidir.

GÜNEL

 





05.06.2013    çap et  çap et