525.Az

Klassik və novator ənənələrin vəhdətini yaşadan qəzet - "525"-25


 

Klassik və novator ənənələrin vəhdətini yaşadan qəzet - <b style="color:red">"525"-25</b>

Hörmətli Rəşad müəllim,

Hələ məktəb illərindən daimi oxucusu  olduğum, 2011-ci ildən etibarən zaman-zaman müəyyən yazılarla çıxış etdiyim, ailəmiz üçün hər zaman doğma olan “525-ci qəzet”in 25 illik yubiley münasibətilə Sizi və bütün kollektivi təbrik edirəm.

Mənə elə gəlir ki, məhz müstəqil Azərbaycanda doğulub, boya-başa çatan yeni nəsil üçün “525-ci qəzet” adı hamının tanıdığı bir brend və eyni zamanda gündəlik təmasda olduğu doğma bir ünvandır.  Müstəqilliyin ilk illərindən daim Azərbaycan dövlətçiliyinin təbliğinə, milli-mədəni dəyərlərimizin qorunmasına, ölkə həyatının və respublikamızın xarici siyasətinin aktual mövzularının işıqlandırılmasına yönəlmiş fəaliyyətiniz yeni nəslin baxış bucağının formalaşmasına ciddi təsir göstərir.

Yeni minillik bütün dünyada ənənəvi mətbuatla onlayn medianın və yeni informasiya vasitələrinin amansız mübarizəsi ilə fərqlənir. XIX-XX əsrlərdə formalaşmış ənənəvi mətbuat ilk növbədə öz ciddi nizam intizamı ilə, peşəkar və böyük yol keçmiş yaradıcı heyətin tələbkarlığı ilə, rəsmi xronikada informasiyanın dəqiqliyi ilə, senzuranın mənfi və müsbət cəhətləri ilə, dəyərlərə hörmətlə və toxunulmaz mövzularla yaddaşlara yazılmışdır. Qloballaşma proseslərinin və informasiya texnologiyalarının gündəlik həyatımıza dərindən təsir etdiyi yeni dövrdə mətbuatda da klassik hesab olunan prinsiplərdə fundamental dəyişikliklər baş vermişdir. Bir tərəfdən yüksək informasiya texnologiyalarının, qlobal internet şəbəkəsinin təsiri altında proseslərə dərhal cavab vermək tələbi, xəbər yayımında operativlik və çeviklik, informasiyanın yayılma sürəti və ən mühümü məlumat bolluğu şəraitində doğru ilə yanlışı seçə bilmək yeni dövr mətbuatının qarşısında dayanan ən mühüm çağırışlardandır. Digər tərəfdən isə fərdi məlumat mənbəyinin yaranması, sosial şəbəkələrin geniş yayılması, “Facebook”, “Twitter”, “Telegram” kimi şəbəkələrdə hər kəsin öz şərhləri ilə informasiya məkanına müdaxilə etmək imkanı artıq yeni reallıqlardan xəbər verir. Bu xüsusda onlayn mediada ən yeni vasitələr – saxta (feyk) informasiya, troll hücumları və s. sadə oxucunu tamamilə çətin vəziyyətə salır. Günümüzdə sadə oxucunun informasiya mənbəyinə inamı ilə bağlı böyük tərəddüdlər mövcuddur. Bu baxımdan “525-ci qəzet” zamanın sınağından və onlayn medianın rəqabətindən üzüağ çıxmağı bacarmışdır.

Böyük qürurla qeyd etmək olar ki, “525-ci qəzet” klassik ənənələri davam etdirməklə müasir dövrün yeniliklərini özündə cəmləşdirə bilmişdir. Daim Azərbaycanın milli-mənəvi-dini dəyərlərinin keşiyində dayanmaqla, ölkəmizin görkəmli ictimai-siyasi, ədəbi-mədəni xadimlərinə yer ayırmaqla “525-ci qəzet” öz Vətən sevgisini, dövlətçilik prinsiplərini, Rəşad Məcid başda olmaqla kollektiv isə əsl vətəndaşlıq borcunu ortaya qoymaqdadır.

Xüsusi qeyd etmək lazımdır ki, artıq Azərbaycanda “525-ci qəzet” məktəbinin çoxsaylı məzunları da yetişmişdir.

“525-ci qəzet” beynəlxalq aləmdə baş verən proseslərə, Azərbaycanın xarici siyasətinin təbliğinə, ölkəmizin beynəlxalq həyatı ilə bağlı hadisələrə də xüsusi diqqət ayırır. Yaşadığımız dövr üçün xarakterik olan qlobal müstəvidə ikili standartlar, beynəlxalq hüququn və ədalətin pozulması, islamafobiya və türkafobiya, böyük güclərin pərdəarxası siyasi oyunları ilə bağlı analitik yazılar qəzetin geniş oxucu auditoriyası üçün dəyərini daha da artırır.

Əsrin dörddə biri ərzində klassik və novator ənənələrin vəhdətini yaşatmağı bacaran   “525-ci qəzet” Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən, çoxsaylı oxucuların sevgisini qazanan, dəyərləri yaşadan və gələcəyə boylanan mətbu orqanıdır. Yolunuz daim açıq, üfüqləriniz geniş olsun! Uğurlar doğma “525” !

 





19.11.2017    çap et  çap et