525.Az

Jurnalistlərin evi: namizədlər müəyyənləşirmi?


 

Jurnalistlərin evi: namizədlər müəyyənləşirmi?<b style="color:red"></b>

Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binadan mənzilə iddialı media nümayəndələrinin siyahısı iyunun 15-nə kimi Mətbuat Şurasına təqdim olunmalıdır. Bəs mətbuat orqanları öz namizədlərini müəyyənləşdiribmi? “Media forum” saytı bu sualla redaktorlara müraciət edib.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov:

- Biz hər şeydən əvvəl bu prosesi aşkarlıq şəraitində, şəffaf qaydada həyata keçirmək barədə qərarlaşdıq. Mənzilə ehtiyacı olan jurnalistlərə həm redaksiya həmkarlar komitəsinə, həm də onun nəzdində yaradılmış mənzil-məişət qrupuna müraciət etməyi tövsiyə elədik. Mənzil-məişət komissiyasında sənədlər toplandıqdan və namizədlərin kimliyi bilindikdən sonra həmkarlar təşkilatının ümumi yığıncağı keçirildi, “Azərbaycan” qəzeti öz namizədlərini müəyyənləşdirdi. Bəzi səbəblərə görə onların kimliyini açıqlamaq istəmirəm. Seçdiyimiz namizədlər uzun müddət mənzil növbəsində dayanan, “Azərbaycan” qəzetində fasiləsiz işləyən jurnalistlərdir, hətta aralarında 53 il mediada çalışan və məcburi köçkün olan şəxslər də var. Lazımi sənədlər toplandıqdan sonra iclasın protokolları imzalanıb möhürləndi. Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi iclasda mən iştirak edirdim.

 “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev:

- Ümumiyyətlə, biz hələ qərar qəbul etməmişik. Bu səbəbdən qəti fikir deyə bilmərəm.

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli: 

- Redaksiyamızda evə ehtiyacı olan jurnalistlər çoxdur. Amma Mətbuat Şurasının üzvü olmadığımız üçün mənzillərə iddia edə bilmirik.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu:

- Kollektivin iştirakı ilə redaksiyada iclas keçirilib. İclasa Mətbuat Şurasının nümayəndəsi də qatılıb. Şuranın tövsiyələrinə uyğun olaraq protokol tərtib olunub. Yaxın günlərdə digər lazımi sənədləri protokola əlavə edib Mətbuat Şurasına göndərəcəyik. Namizədlərin kimliyini indidən açıqlamaq istəmirəm. Bircə bunu deyə bilərəm ki, onlar evi olmayan və imzaları tanınan jurnalistlərdir. Biz çalışdıq ki, mənzilə ən çox ehtiyacı olan və meyarlara cavab verən namizədlərin üzərində duraq. Kollektivimizin bütün əməkdaşları ev almağa layiqdir. Amma biz hamıdan çox ehtiyacı olanları seçdik və bu seçim bütün kollektivin iştirakı ilə demokratik şəraitdə baş tutdu.

“Lent.az” saytının baş redaktoru Qabil Abbasoğlu:

- Tələb olunan qaydada iclas keçirdik. İclasda Mətbuat Şurasının nümayəndəsi də iştirak etdi. Üstəlik, iclası videoya çəkdik. Hesab edirəm ki, həm qanunvericiliyə, həm şirkətin daxili qaydalarına, həm də qoyulan tələblərə uyğun iclas keçirdik. Lazımi sənədlər yaxın günlərdə Mətbuat Şurasına təqdim olunacaq.

 “Olaylar” informasiya agentliyinin və eyni adlı qəzetin təsisçisi Yunus Oğuz:

- Hər iki redaksiyada iclas keçirmişik. Qaydalar bizim həm agentlikdən, həm də qəzetdən üç namizəd seçməyimizə imkan versə də, biz real addım atdıq. Hər redaksiyadan bir namizəd müəyyənləşdirdik. Alim Hüseynli və  Süleyman İsmayılovun namizədliyi Mətbuat Şurasına təqdim olunmaq üçün təsdiqləndi.

Mətbuat Şurası İdarə Heyətinin mayın 23-də keçirilmiş iclasında jurnalistlər üçün tikilmiş mənzillərin bölüşdürülməsi meyarları müəyyənləşdirilib.

Son 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər.

Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd verəbilər.

Namizədin irəli sürülməsi üçün redaksiya iclası keçirilməli, namizəd(lər) müəyyənləşdirilməli, bununla bağlı Azərbaycan Mətbuat Şurasına məktub ünvanlanmalıdır (möhürlü və imzalı).

Redaksiyanın məktubunda bunlar yer almalıdır:

- namizədin şəxsiyyət vəsiqəsinin surəti;

- namizədin əmək kitabçasının surəti;

- namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı);

- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin adına evin (mülkün) olmadığını təsdiqləyən sənədin əsli;

- namizədin tərcümeyi-halı.

KİV redaksiya iclasının vaxtını Azərbaycan Mətbuat Şurası ilə razılaşdırmalı və həmin iclasda Mətbuat Şurasının nümayəndəsi də iştirak etməlidir.

Göstərilən sənədlər iyun ayının 15-dək Azərbaycan Mətbuat Şurasına təqdim edilməlidir.

Azərbaycan Mətbuat Şurası toplanmış materialları Prezident Administrasiyasına təqdim edəcək.

 

 





05.06.2013    çap et  çap et