525.Az

25 il yüksək vətəndaş mövqeyində... - "525"-25


 

25 il yüksək vətəndaş mövqeyində... - <b style="color:red">"525"-25</b>

“525-ci qəzet”ə az-az yazsam da, hər sayını maraqla oxuyuram, ötən 25 il ərzində bu artıq bir mənəvi ehtiyaca çevrilib.

Keçən əsrin 90-cı illərinin ikinci yarısında İranda diplomatik xidmətim zamanı təyyarə ilə Bakıdan Tehrana gətirtdiyimiz qəzetlər içərisində “525-ci qəzet” də var idi. Bu qəzetdə çap olunan, tanınmış alimlərimizin və yaradıcı ziyalılarımızın tarix və mədəniyyətimizin ayrı-ayrı öyrənilməmiş guşələrinə işıq tutan, yaxud milli dövlətçiliyimizin çağırışlarına əsl ziyalı mövqeyindən cavab verən polemik və düşündürücü məqalələri o zamanlar olduğu kimi, indi də oxuyur, dəyərləndirirəm.

Ötən 25 il müstəqil dövlətimizin-Azərbaycan Respublikasının qurulması, inkişafı və daha da çiçəklənməsi tarixi olduğu kimi, “525-ci qəzet”in də şərəfli və məsuliyyətli qəzetçilik yollarında sınaq və imtahan illəri olmuş, dəyişməz və  səbatlı milli - vətəndaşlıq mövqeyi qəzetdə aparıcı istiqamət olmuşdur. Bu xəttin günümüzdə də davam etməsi olduqca təqdirəlayiqdir.

Bir qəzetin əsrin dörddə biri ərzində, özü də bir ictimai sistemin, bir nəhəng imperiyanın dağılması, tamamilə yeni münasibətlərə əsaslanan müstəqil dövlətçiliyin yaranması illərində, həmçinin ziddiyyətli və keşməkeşli  keçid dövründə həmişə doğru yolda olması, ictimai fikrin rəğbətini qazana bilməsi, sözsüz ki, ilk növbədə təsisçi və Baş redaktor kimi Rəşad Məcidin yüksək vətəndaş mövqeyi və redaksiyanın işçi qrupunu təşkil edən fədakar jurnalist və yazıçıların gərgin zəhməti ilə mümkün olmuşdur. Onları 25 illik yubiley münasibətilə ürəkdən təbrik edir, bundan sonra da səmərəli yaradıcılıq uğurları arzulayıram.

 





21.11.2017    çap et  çap et