525.Az

Məhkəmə islahatları ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldir


 

Məhkəmə islahatları ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldir<b style="color:red"></b>

Azərbaycan ötən illərdə hüquqi dövlət və vətəndaş cəmiyyətinə keçid prosesini uğurla başa çatdırmış, demokratik inkişaf yolunun dönməzliyini təmin etmişdir.

Ölkəmizin müasir inkişaf trendinin səciyyəvi cəhətlərindən biri də səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması məqsədilə ictimai həyatın bütün sahələri üzrə islahatların dərinləşdirilməsi, eləcə də müasir məhkəmə-hüquq sisteminin formalaşdırılmasına xidmət edən ardıcıl tədbirlərin həyata keçirilməsidir.

Uzunmüddətli, dayanıqlı inkişaf, vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, habelə ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi baxımından ölkəmizdə siyasi-hüquqi və iqtisadi islahatlar paralel şəkilində gerçəkləşdirilir. Zamanın inkişaf ahənginə adekvat olaraq ədalət mühakiməsinin səmərəliyinin yüksəldilməsinə, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə, habelə bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiqinə əsaslanan mütərəqqi islahatlar zamanla təkmilləşir, yeni məzmun və forma kəsb edir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi məhkəmə-hüquq islahatlarını inamla davam etdirən və yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hüquqi dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi olaraq məhkəmə hakimiyyətinin davamlı surətdə yeniləşdirilməsini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bunun nəticəsidir ki, məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsinə, obyektiv və şəffaf şəraitdə hakim korpusunun formalaşdırılmasına, bu sahədə şəffaflığın təmin edilməsinə, elektron xidmətlərin genişləndirilməsinə xidmət edən islahatlar son illər daha geniş vüsət almışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev məhkəmə sistemində aparılan islahatlardan söz açarkən demişdir: "Ədalət pozulduqda əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür".

Azərbaycanda 2004-cü ildən geniş vüsət almış islahatların əsas hədəfi məhkəmə-hüquq sistemini ölkənin dinamik inkişaf tempinə adekvat olaraq müasirləşdirmək, məhkəmə orqanlarının özünüidarə imkanlarını genişləndirmək və ədalət mühakiməsinin səmərəliliyini artırmaq olmuşdur. Bu istiqamətdə ən mühüm addımlardan biri də 2004-cü ildə Məhkəmə-Hüquq Şurası haqqında qanunun qəbulu və həmin qanun əsasında Məhkəmə-Hüquq Şurasının yaradılması olmuşdur. Demokratik cəmiyyətlərdə mühüm yer tutan bu təsisatın yaradılmasında əsas məqsəd məhkəmələr və hökumət arasında yeni qurum yaratmaqla məhkəmə sisteminin müstəqilliyini, məhkəmələrin özünüidarə funksiyalarını gücləndirmək olmuşdur.

2005-ci ildə Məhkəmə-Hüquq Şurasının fəaliyyətə başlamasından sonra məhkəmə sistemində köklü dəyişikliklərə səbəb olan islahatlar uğurla gerçəkləşdirilmişdir. Şura ötən 12 ildə Azərbaycan Respublikasında müstəqil məhkəmə sisteminin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və digər məsələlərin reallaşdırılmasını təmin etmişdir.

Müasir dövrdə məhkəmə orqanlarının fəaliyyətinin səmərəliyinin mühüm amillərindən biri, şübhəsiz, onların seçimi prosesinin şəffaflığı və obyektivliyidir. Dövlətimizin başçısı bu məqsədlə məhkəmə orqanlarında hakim korpusunun sağlamlaşdırılmasını və yeniləşdirilməsini, seçim prosesinin tamamilə şəffaf və ədalətli meyarlar əsasında həyata keçirilməsini vacib istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. Bu məqsədlə Azərbaycanda artıq avropalıların da etiraf etdiyi kimi, ən mütərəqqi qaydalar tətbiq edilmişdir. "Məhkəmə-Hüquq Şurası haqqında" və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən təsis olunmuş Hakimlərin Seçki Komitəsinin uğurlu fəaliyyəti də xüsusi qeyd olunmalıdır.

Məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərin peşəkarlığı, onların mənəvi keyfiyyətləri ilə bilavasitə bağlıdır. Hakimlərin Seçki Komitəsi bunu nəzərə almaqla hakimliyə namizədlər üçün 2005-ci ildən çoxmərhələli prosedurlarla test üsulu ilə, habelə yazılı və şifahi imtahanlar təşkil etmiş, sonrakı mərhələdə onlar tədris kurslarına cəlb olunmuşlar. Ötən illərdə bu kurslarda yüksək məhkəmə hakimləri, görkəmli alimlər, habelə nüfuzlu xarici ölkələrin, o cümlədən, Türkiyənin mütəxəssisləri, Avropa Şurasının insan hüquqları üzrə komissarı, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri, Avropa Ümumi Hüquq Mərkəzinin ekspertləri iştirak etmişlər.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda sürətli iqtisadi inkişaf və məhkəmə müdafiəsi mexanizmlərinin genişləndirilməsi nəticəsində məhkəmələrə müraciətlərin sayının dəfələrlə çoxalması hakimlərin də iş yükünün xeyli artmasına gətirib çıxarmışdı. Bununla əlaqədar, ölkə başçısının müvafiq fərmanları ilə hakim ştatlarının sayı son 10 ildə 2 dəfədən çox artırılaraq 600-ə çatdırılmışdır. Hakimlərin işinin asanlaşdırılması, habelə vətəndaşlara göstərilən xidmətlərin yaxşılaşdırılması məqsədilə məhkəmə aparatı işçilərinin sayının 75 faizdən çox artırılması, hər bir hakimə ayrıca köməkçi ştatının ayrılması da səmərəli nəticələr vermişdir. 

Məhkəmə-Hüquq Şurası tərəfindən açıqlanmış statistika bu baxımdan maraq doğurur: iş həcminin çoxluğu ilə xarakterizə olunan apellyasiya instansiyası məhkəmələri hakimlərinin ştat sayı 2007-ci ildə 63 idisə, bu rəqəm hazırda 2 dəfədən çox artırılaraq 135-a çatdırılmışdır. Bakı şəhərinin rayon məhkəmələrində 2007-ci ildə faktiki olaraq 45 hakim fəaliyyət göstərmişdirsə, artıq onların sayı 100-ə çatmışdır.

Ümumiyyətlə, hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə, ən müasir beynəlxalq tələblər səviyyəsində seçimi nəticəsində son illər 2600 namizəd arasından 300-dən çox yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunmuşlar. Bunun nəticəsidir ki,  ölkə üzrə hakim korpusunun 60 faizini, Bakı şəhəri üzrə 80 faizini, apellyasiya instansiyaları məhkəmələrində isə yarıdan çoxunu məhz bu cür şəffaf seçimlərdən müvəffəqiyyətlə keçərək təyin olunmuş yeni nəsil hakimlər təşkil edirlər. Qeyd etmək lazımdır ki, 2017-ci illərdə 800-dən çox namizədlə aparılmış şəffaf seçim nəticəsində test, yazılı və şifahi imtahandan uğur qazanmış 126 nəfər Ədliyyə Akademiyasında tədrisə cəlb olunmuşdur.

Son illər hakimlərin müstəqilliyinin artırılması məqsədilə onların təyinat müddətinin artırılması istiqamətində də mühüm addımlar atılmışdır. Belə ki, əvvəllər hakimlər birinci instansiya məhkəmələrinə 5 il, yuxarı instansiya məhkəmələrinə 10 il müddətinə təyin edilirdilər. Məhkəmə-Hüquq Şurası tərəfindən aparılan məhkəmə islahatları nəticəsində artıq hakimlərin ən yüksək həddədək - müddətsiz təyinatı müəyyən olunmuş, habelə seçim prosedurları təkmilləşdirilmişdir.

Məhkəmə sistemində həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən təqdir olunur. Bu günlərdə Azərbaycanın təqdim etdiyi "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" adlı layihə Avropa Şurasının nüfuzlu "Ədliyyənin Kristal Tərəzi"si müsabiqəsinin mükafatçısı olmasını xüsusilə qeyd etmək istərdim.

Azərbaycanın təqdim etdiyi lahiyənin Avropada müsabiqəyə təqdim olunan 37 layihənin içərisində mükafata layiq görülən 4 layihədən biri olması və ölkəmizin adının ən yüksək kürsülərdən şərəflə çəkilərək, bir çox Avropa İttifaqı dövlətlərini qabaqlaması təbii ki, uğurlarımıza sevinən hər kəsdə yüksək fərəh hissi doğurdu.

Azərbaycana qarşı "ikili standartlar"ın vüsət aldığı şəraitdə uğurlarımızın beynəlxalq səviyyəli müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən etiraf olunması məhkəmə sistemində həyata keçirilən islahatların müvəffəqiyyətindən xəbər verir.

Xüsusilə vurğulamaq lazımdır ki, belə nailiyyətlər təsadüfi deyil. Avropa Şurası və Avropa İttifaqı tərəfindən hakimlərimizin seçim proseduru şəffaflığı və obyektivliyinə görə digər dövlətlər üçün örnək kimi dəyərləndirilir, mütərəqqi məhkəmə islahatlarımız nümunə göstərilir.

Elə bu ərəfədə Avropa Şurasının xahişi ilə mütəxəssislərimizin Moldovaya səfər edərək müsbət təcrübəmizi həmkarlarına aşılaması, Dünya Bankının tövsiyəsi ilə Moskva Şəhər Məhkəməsi sədrinin rəhbərlik etdiyi mötəbər nümayəndə heyətinin ölkəmizə eyni məqsədlə səfər etməsi bunu bir daha sübut edir.

HAŞİYƏ: Bununla belə əfsuslar olsun ki, sosial şəbəkədə ölkəmizin uğurlarına sevinmək əvəzinə qara yaxmaq istəyən də tapılıb, Azərbaycanın bu mükafatı alması canfəşanlıqla inkar edilməyə cəhd olunub. Görəsən həmin şəxsi narahat edən nədir?... ölkəmizin uğuru?...

Amma həmin fikirlərin müəlifinin kimliyini görəndə hər şey aydın olur. Bu, son dövrlər sosial şəbəkədə yersiz qərəzli fikirləri ilə məşhurlaşmağa çalışan Aslan İsmayılovdur. Təbii ki, belə saxtakarlığı ondan gözləmək olar. Axı o, Vəkillər Kollegiyasından da məhz saxta sənəd üstündə xaric edilib. Lakin bu heç də ölkəmizin uğuruna dözümsüz münasibət göstərməyə, məhkəmə sistemimizi gözdən salmaq naminə oxucuları aldatmağa əsas vermir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 oktyabr 2017-ci il tarixli sərəncamları ilə bəzi birinci instansiya məhkəmələrinin hakimlərinin və sədrlərinin təyinatı da yüksək razılıq və minnətdarlıq hissi ilə vurğulanmalıdır. Məhkəmə-Hüquq Şurasının təqdimatı əsasında möhtərəm Prezidentımiz həmin hakimlərə yüksək etimad göstərmişdir. Şübhəsiz, bu dəyişikliklər ədalət mühakiməsinin səmərəliliyinə, məhkəmələrdə insan hüquq və azadlıqlarının etibarlı qorunmasına, hakimlərin məsuliyyətinin artırılmasına xidmət edir.

Eyni zamanda vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermə hallarına qarşı barışılmaz mövqe nümayiş etdirilərək, cari ildə öz fəaliyyətlərində belə hallara yol vermiş apellyasiya və birinci instansiya məhkəmələrinin ümumilikdə 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilmiş, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilmişdir.

Hakimlərin peşəkarlığının artırılması da daim diqqət mərkəzində saxlanır. Bu baxımdan mütərəqqi Avropa təcrübəsinin, xüsusilə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinə böyük önəm verən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevin tövsiyəsi ilə mütəmadi olaraq (həftədə bir dəfə) Ali Məhkəmədə və bütün aşağı instansiya məhkəmələrində presedent hüququnun öyrənilməsi üçün seminarlar keçirilir.Presedent hüququnun öyrənilməsindən başqa, hakimlərin tədris proqramlarına  aktual mövzular, habelə məhkəmə etikası, korrupsiya ilə mübarizə, milli qanunvericiliyin yenilikləri və s. daxil edilir, xaricə tədris səfərləri təşkil olunur.

Hakimlərin sayının artırılması həm də yeni məhkəmələrin yaradılması və fəaliyyətə başlaması ilə şərtlənir. Əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkə regionlarının inkişafı məqsədilə son illərdə 20-yədək yeni məhkəmələr, o cümlədən, regionlarda yeni inzibati-iqtisadi, hərbi, ağır cinayətlər məhkəmələri yaradılmış, məhkəmə aparatlarının strukturu təkmilləşdirilmişdir.

 Məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı son 5 ildə uğurlu tədbirlər həyata keçirilmiş, qanunvericiliyə əsaslı dəyişikliklər edilmiş, o cümlədən, hakimlərin fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması və məhkəmələrin maliyyə müstəqilliyinin təminatının əlavə mexanizmləri təsbit edilmiş, hakimlərin maaşlarının azaldılması qanunla qadağan olunmuşdur.

Məhkəmə-Hüquq Şurasının məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində infrastrukturun müasirləşdirilməsi, məhkəmələr üçün yeni binaların inşası, onların maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması, müasir informasiya texnologiyaları ilə təmini, habelə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində olmuşdur. Aparılan islahatlar çərçivəsində məhkəmələrin fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi - "Elektron məhkəmə informasiya sistemi"nin yaradılması da ölkədə ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə xidmət etmişdir. 2017-ci ilin sonunadək ölkə üzrə məhkəmələrin 60 faizini əhatə edəcək bu sistemin tətbiqi ədalət mühakiməsinin səmərəsinin və keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Artıq qeyd olunduğu kimi, "Elektron məhkəmə" informasiya sisteminin tərkib hissəsi olan "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" adlı layihə 2017-ci ildə Avropa Şurasının ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək  mükafata layiq görülmüşdür. "Məhkəmənin Nəbzi - İdarəetmədə İnqilab" layihəsinin əsas mahiyyəti məhkəmə sistemində mütərəqqi elektron idarəetmənin tətbiq olunmasından ibarətdir. Bu sistem toplanan elektron statistik məlumatlar əsasında müxtəlif növ elektron analitik hesabatların hazırlanmasını, məhkəmə və hakimlərin fəaliyyətinin qiymətləndirilməsini və onun məhsuldarlığının müəyyən olunmasını təmin edir.

Son illər Bakının Yasamal, Sabunçu və Nərimanov rayonlarında, habelə Gəncə, Oğuz, Gədəbəy, Şəki və Qəbələdə yeni məhkəmə bina və kompleksləri inşa edilərək istifadəyə verilmişdir. Hazırda daha 8 məhkəmə binasının tikintisi davam etdirilir. Bütün bunlar, şübhəsiz, bir başlıca məqsədə - cəmiyyətdə məhkəmə hakimiyyətinə olan inamı artırmağa, ədalət mühakiməsinin səmərəliliyini və keyfiyyətini yüksəltməyə xidmət edir. Xüsusi vurğulamaq lazımdır ki, Ali Məhkəmənin müasir infrastrukturlu inzibati binası və ali instansiya olaraq qabaqcıl texnoloji yeniliklərə əsaslanan iş üslubu Avropada maraqla izlənilir.

Onu da qeyd etmək lazımdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı keyfiyyətcə yeni mərhələdə məhkəmə-hüquq islahatlarının səmərəliliyinin daha da yüksəldilməsinə xidmət etmişdir. Məlum sərəncam bir daha göstərir ki, ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində inamlı tədbirlər həyata keçirən Azərbaycan Prezidenti cənab İlham Əliyev humanizm prinsipini idarəçilikdə daim önə çəkir. Həyata keçirilən sistemli tədbirlər ölkədə ədalət mühakiməsinin yüksək keyfiyyətini, cəzanın tərbiyəvi əhəmiyyətini və səmərəliliyini təmin edir, vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, humanizm ideyalarının tam bərqərar olmasına geniş imkanlar açır.

Sərəncam əsasında Ədliyyə Nazirliyi, Ali Məhkəmə və Baş Prokurorluq tərəfindən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı qanunvericilik və məhkəmə-istintaq təcrübəsinin əhatəli təhlil olunması və irəli sürülmüş təkliflər əsasında Cinayət və Cinayət-Prosessual məcəllələrinə 300-ə yaxın dəyişikliklərin edilməsi ilə bağlı layihələrin hazırlanması da xüsusi vurğulanmalıdır. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli qanunu ilə müəyyən edilmiş dəyişikliklər məhkəmə-hüquq islahatlarının dünya standartlarına uyğun həyata keçirilməsinin əməli cəhətdən təsdiqinin bariz nümunəsidir. Həmin dəyişikliklərə əsasən, 15-dən çox cinayət tərkibi dekriminallaşdırılaraq cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçirilmişdir. Dekriminallaşma yalnız maddələrin ləğv edilməsi ilə deyil, həmçinin, cinayət tərkibinin yaranması üçün tələb olunan ziyanın məbləğinin artırılması ilə həyata keçirilmişdir.

Mühüm bir sıra dəyişikliklərlə zərərçəkmiş şəxslə barışmaqla cinayət məsuliyyətindən azadetmə institutu təkmilləşdirilmiş, habelə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azadetməni nəzərdə tutan yeni normalar müəyyən edilmişdir. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə cəmiyyətdən təcridetmə ilə bağlı olmayan yeni cəza növü müəyyən edilmiş və 158 maddənin sanksiyasına alternativ cəzalar, o cümlədən, yeni cəza növü olan azadlığın məhdudlaşdırılması əlavə olunmuş, 36 cinayətə görə isə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilmişdir.

Cəza siyasətinin humanistləşdirilməsi tədbirləri çərçivəsində, həmçinin, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə dəyişikliklər hazırlanmışdır. Bir çox düzəlişlərlə yanaşı, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin geniş tətbiqinə imkan verən elektron nəzarət vasitələri ilə bağlı müddəalar da nəzərdə tutulmuşdur. Ümumiyyətlə, sərəncamda verilmiş tapşırıq və tövsiyələrin icrası nəticəsində məhkəmələrin cəza siyasətində azadlıqdan məhrumetməyə, habelə həbs qətimkan tədbirinin seçilməsinə münasibət xeyli dəyişmiş, ötən müddət ərzində istintaq təcridxanalarına daxil olan şəxslərin sayı 25 faizə qədər azalmışdır.

Cinayət Məcəlləsində qeyd edilən dəyişiklər onun məqsəd və vəzifələrinin həyata keçirilməsi sahəsində günün tələblərinə cavab verən və ictimai münasibətlərin hazırkı səviyyəsində atılmış mühüm addımdır.

Qazanılan nailiyyətlər respublikamızın məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi islahatların beynəlxalq səviyyədə təbliğini və ölkəmiz haqqında obyektiv təsəvvürlərin möhkəmləndirilməsini zəruri edir. Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyinin (Assosiasiyası) sədri olaraq müxtəlif beynəlxalq tədbirlərdə iştirakım zamanı respublikamızda məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı hər zaman yüksək təəssüratların şahidi olduğumu qürur hissi ilə vurğulamaq istərdim. Beynəlxalq qurumların təmsilçiləri, əcnəbi hüquqşünas və hakimlər həmin tədbirlər zamanı Azərbaycanın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi sahəsindəki nailiyyətlərini təqdir edir, məhkəmə və hakimlərin müstəqilliyinin təmin olunduğunu xüsusi vurğulayırlar. Azəbaycanla daha yaxından tanış olmaq istəklərini gizlətmədən Assosiasiyanın növbəti iclaslarından birinə Azərbaycanın ev sahibliyi edəcəyinə ümidvar olduqlarını bildirirlər.   Beynəlxalq Hakimlər Assosiasiyası (BHA) və onun regional qrupu olan Avropa Hakimlər Assosiasiyasının (AHA) müxtəlif ölkələrdə keçirilən iclaslarının ölkəmiz üçün əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Bu qurumlarla qarşılıqlı faydalı əməkdaşlıq bir tərəfdən Azərbaycanın məhkəmə-hüquq islahatları sahəsindəki uğurlarının dünyaya çatdırılmasına, başqa tərəfdən isə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinə imkan yaradır.

Bütün bunlar bir daha təsdiqləyir ki, qlobal böhranın mənfi təsirlərini səmərəli inkişaf strategiyası ilə dəf edən, Bakı-Tibilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi qlobal layihələri inamla reallaşdıran Azərbaycanın hazırkı uğurlarının əsasında həm də insan və vətəndaş hüquqlarının yüksək səviyyədə təminatı, habelə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən davamlı islahatlar dayanır. Qazanılan nailiyyətlər məhkəmələrlə yanaşı, milli ədliyyə sisteminin də hərtərəfli yeniləşməsinə və müasirləşməsinə, dövlətin ən mühüm, əlahiddə hüquq təsisatlarından birinə çevrilməsinə imkan yaraır. Azərbaycan ədliyyəsinin yaranmasının 99-cu ildönümü ərəfəsində olan ədliyyə və məhkəmə işçiləri bu sahədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatları ürəkdən dəstəkləyir, yüksək diqqət və qayğını minnətdarlıq duyğuları ilə qarşılayırlar.

Şübhəsiz, məhkəmə-hüquq sistemi hər bir demokratik-hüquqi cəmiyyətin aparıcı qüvvəsi, onurğa sütunudur. Bu gün fəxrlə deyə bilərik ki, müstəqil Azərbaycan da möhkəm təməllər üzərində qurulmuş və müasir dünya tələbləri səviyyəsində fəaliyyət göstərən məhkəmə sisteminə malikdir. İnanırıq ki, bu sahədə ardıcıl islahatlar uğurla davam etdiriləcək, Azərbaycanın müasir məhkəmə sistemi daim digər dövlətlərə örnək kimi göstəriləcəkdir.

Ələddin CƏFƏROV
Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri

 





22.11.2017    çap et  çap et