525.Az

Vilnüsdə ermənipərəst Litva tarixçisi tutarlı cavablarla susduruldu


 

Vilnüsdə ermənipərəst Litva tarixçisi tutarlı cavablarla susduruldu<b style="color:red"></b>

Sirr deyildir ki, Ermənistan işğal və ilhaq etdiyi Azərbaycan ərazisində yaratdığı oyuncaq “dövlət” qurumunun beynəlxalq səviyyədə tanınması ilə bağlı rəzil məqsədinə nail olmaq üçün dəridən-qabıqdan çıxır və bu yolda hətta ən şərəfsiz üsul və vasitələrdən istifadə etməyi özü üçün ayıb saymır.

Bu yolda erməni təbliğat qüvvələri və onların xaricidə fəaliyyət göstərən havadarları  həyasızcasına tarixi uydurmalar və iftiralar yayımlayır, qara piardan istifadə edərək ictimai fikri özləri üçün əlverişli yönümdə formalaşdırmağa çalışır, dünyanın müxtəlif ölkələrindəki siyasətçiləri və medianı heç nədən çəkinmədən rüşvət və digər vasitələrlə satın alır və beləliklə həmin ölkələri qondarma “Dağlıq Qarabağ Respublikasının” de jure olaraq tanınması yönümündə kökləyirlər.

Bu baxımdan erməni ekspansionistləri tərəfindən Avropada törədilən qara fitnə-fəsadlar siyahısına bu ilin 14 mart tarixində daha bir biabırçı fakt əlavə olundu. Belə ki, həmin tarixdə Litva Respublikası Seymində 12 nəfər məsuliyyətsiz millət vəkili “Dağlıq Qarabağla parlament dostluq qrupunu” yaratdıqlarını bəyan etdilər.

Qeyd edək ki, bu fakt Litvadakı Azərbaycan diasporunu və Azərbaycanın bu ölkədəki səmimi dostlarını da hiddətləndirdi və onların qəti etirazlarına səbəb oldu. Litva parlament üzvlərinin bu cür dağıdıcı fəaliyyətini tamamilə zərərsizləşdirmək və üzdəniraq “Dostluq qrupunun” ləğv edilməsi məqsədi ilə Litva azərbaycanlıları cəmiyyəti və “Litva – Azərbaycan” Assosiasiyası tərəfindən birgə tədbirlər görülməyə başlandı. Həmin tədbirlər çərçivəsində Litva Respublikası Seyminin sədri Vidas Gedvilasa, Seymin Xarici İşlər Komitəsinin sədri Benediktas Yuodkaya və Hüquq və Hüquq qaydaları komitəsinin sədri Yulyus Sabatauskasa Seymin Nizamnaməsində müvafiq dəyişikliklərin olunması yolu ilə Parlamentlərarası dostluq qruplarının təsis qaydalarının optimallaşdırılması və qanunla nəzərdə tutulmamış “Dostluq qrupunun” ləğv olunması barədə təklif və tələblər ehtiva olunmuş rəsmi müraciətlər ünvanlandı. Seymin sədr müavini və Parlamentin İdarə heyətinin üzvü İrena Degutene, Seymin Konservatorlar – xristian demokratlar fraksiyasının sədri və Parlamentin İdarə heyətinin üzvü, keçmiş Baş nazir Andryus Kubilyus, Liberal Sayudis fraksiyasının sədri, sabiq nəqliyyat naziri Eligiyus Masyulis, Seymin Xarici İşlər komitəsinin sədr müavini, sabiq xarici işlər naziri Audronyus Ajubalis, İnsan hüquqları komitəsinin sədr müavini Mantas Adomenas və bir sıra digər nüfuzlu siyasətçilərlə görüşlər keçirilərək məsələ ilə bağlı müvafiq müzakirələr aparıldı və ilkin nəticələr əldə edildi. Bunlarla bərabər, Litva Azərbaycanlıları Cəmiyyəti və “Litva – Azərbaycan” Assosiasiyası adından kütləvi məlumat vasitələri ilə müxtəlif dillərdə bəyanatlar yayımlandı, müsahibələr və məqalələr dərc edildi.

Mətbuatda sözügedən yönümdə Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə çap olunmuş yazılardan tarixçi və ictimai xadim, “Litva – Azərbaycan” Assosiasiyasının prezidenti İmantas Melyanasın “Tarixçinin elmi səviyyəsi və siyasətçinin vicdan saflığı haqqında fikirlər” adlı məqaləsini xüsusilə vurğulamaq istərdik. 28 mart 2013-cü il tarixində Litvanın www.balsas.lt xəbərlər portalında litvaca yer almış bu publikasiya ermənipərəst Litva tarixçisi və siyasət adamı Algis Kaşetanın “1988-1991-ci illərdə Litva və Ermənistan, eləcə də Dağlıq Qarabağ milli azadlıq hərəkatlarının bir-birinə oxşarlığı” mövzusunda bu ilin mart ayında Litvanın www.delfi.lt internet qəzetində dərc etdirdiyi analitik məqaləyə cavab olaraq hazırlanmışdır.

Qeyd edək ki, sözügedən tarixçi və ictimai-siyasi xadim Algis Kaşeta 1996-cı ildən indiyədək davamlı olaraq Litva Respublikası Seyminə üzv seçilir. O, bir müddət Seymin idarə strukturlarında rəhbər vəzifələrdə çalışıb. A. Kaşeta 2005-ci ildə Litva Parlamentində qondarma erməni soyqırımının tanınmasını təşkil etmiş əsas şəxslərdən biridir. Erməni xalqı qarşısında “xidmətlərə görə” Ermənistan Respublikasının orden və medalları ilə təltif olunub, Fəxri Fərmanlara layiq görülüb. O, hazırda Seymin Milli təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür. Uzun illər ərzində Litvanın Ermənistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri olub və indi isə həmin qrupun sədr müavinidir. 14 mart 2013-cü il tarixində Seymdə “Dağlıq Qarabağla parlament dostluq qrupu”nu yaradanlardan biridir. Yeri gəlmişkən qeyd edək ki, həmin Qrupa ermənilərin “haqq işinin” havadarı olaraq tanınmış daha bir Litva tarixçisi – millət vəkili Dalya Kuodite də daxildir.

Tarixçi İmantas Melyanasın sözügedən məqaləsində təqdim olunan tarixi faktlar və paralellər, ictimai-siyasi tutuşdurmalar, analitik ümumiləşdirmələr  və məntiqi nəticələr litvalı siyasətçilər və elm adamlarının böyük qismi tərəfindən çox müsbət qarşılanmış, həmçinin geniş ictimaiyyət dairələrində yaxşı dəyərləndirilmişdir. Yazı ilə bağlı Litva mətbuatında dərc olunmuş şərhlərdə, İ. Melyanasın intellektual səviyyəsi, geniş dünyagörüşü və vətəndaş cəsarəti yüksək qiymət almışdır. Bu məqalə litvalı ermənipərəst tarixçi A. Kaşetaya və Seymdə fəaliyyət göstərən “Dağlıq Qarabağla parlament dostluq qrupu” üzvlərinə tutarlı cavab olaraq nəticə etibarı ilə onları susdurmuşdur.

“Litva – Azərbaycan” Assosiasiyasının prezidenti İ. Melyanasın publikasiyasında araşdırılan mövzuya olan geniş marağı nəzərə alaraq məqalə Litva Azərbaycanlıları Cəmiyyətinin xətti ilə rus dilinə tərcümə olunmuş və 2 iyun 2013-cü il tarixində Azərbaycanın www.day.az saytında “Litovskiy istorik razoblaçil loj armyan i ix druzey” başlığı altında yerləşdirilmişdir.

 





06.06.2013    çap et  çap et