525.Az

Qənbər Şəmşiroğlunun şeirləri


 

Qənbər Şəmşiroğlunun <b style="color:red">şeirləri </b>

EYLƏR, EYLƏR

Yaxşı münasibət, yaxşı qonşuluq
Həmişə üzünü ağ eylər, eylər.
Pis danışıq, pis hərəkət, pis adət
Təmiz ürəkləri dağ eylər, eylər.

Yaman arvad, yaman övlad, yaman qız,
Daim yaramıza bağlayacaq duz,
İgidsənsə bu işlərə dayan, döz,
Qəmlər ürəyində çağ eylər, eylər.

Əvvəldən qismətin gətirsə əgər,
Yaxşı münasibət dünyaya dəyər.
Layiqlilər bostanına gül əkər,
Əl qoysa kolluğu bağ eylər, eylər.

GÖRMƏDİK

İnanın, qardaşlarım,
Bu il burda dağ görmədik.
Qatıq-qaymaq yoxa çıxdı,
Nə əməlli yağ görmədik.

Başa düşmədik nə işdi,
Qəflətən bir tufan keçdi,
Elə güclü dolu düşdü,
Bircə meyvə sağ görmədik.

Yavaş-yavaş səpələdi,
Sonra bərk külək elədi,
Hər vaxtdakı tək elədi,
Nə bostan, nə bağ görmədik.

Heç kəs əsirgəmir varın,
Nazikbədən, yekəqarın,
Yeyib-içən qonaqların
Damağını çağ görmədik.

Üz tutduqsa hansı yana
Geri döndük yana-yana.
Yaxınlaşdıq bir çobana,
Bircə qoyun sağ görmədik.

Hərdən qalxardıq Kəpəzə,
Deyib-gülə, gəzə-gəzə.
Yığışıb edərdik məzə,
Bir yol yığıncaq görmədik.

Avqust, 2017

ŞƏMŞİRİN OCAĞINDAYAM

Dostuma məktub

Narahat olmağa dəyərmi, qardaş?!
Bilirəm ömrümün nə çağındayam.
Dağlardan enmişəm, yoxdu zirvələr,
Dünyanın adi bir bucağındayam.

Hər kəsin özünün təmənnası var,
Quşların qonmağa öz yuvası var,
Şikayət etməyin nə mənası var,
Anamız torpağın qucağındayam.

Elələri var ki, məni güdüllər,
Bəziləri baxıb qibtə edillər,
Hələ ki, nəfəsim gəlir, şükürlər,
Qənbərəm, Şəmşirin ocağındayam.

NƏ ETMƏK OLAR

Çalışıb cəhd etsən gecə və gündüz,
Dost söz eşitməsə, nə etmək olar.
Layiqli şum edib qovurqa çəksən,
Dənə də bitməsə, nə etmək olar.

Özü yaxşı bilir bizi Yaradan,
Kimə nəyi göndərəcək haradan.
Xoş nəğmə gözləsən qara qarğadan
Bülbül tək ötməsə, nə etmək olar.

Olsa da uğurun, xoş günlü çağın,
Haq tərəfdən yanmalıdır ocağın.
Qarşısına löhrəm çıxan ulağın
B ir addım getməsə, nə etmək olar.

Daim yaxşılığa can atan insan,
Bilməzsən pisliklər gələcək hardan.
Sırtılıb, sürtülüb, tərpənməz şeytan,
Yox olub itməsə, nə etmək olar.

ÇOXDAN BİLİRƏM

Özünü dost deyib atma ortaya,
Sən necə dostsansa, çoxdan bilirəm.
Səs salma ki, hər iş gəlir əlindən,
Alovsan, odsansa, çoxdan bilirəm.

Yeri gəlsə, söyləyirsən qohumuq,
Uzun müddət bir məsləkdə olmuşuq,
Çoxlarını yorub yolda qoymuşuq,
Qohumsan, yadsansa, çoxdan bilirəm.

Getmək istədiyin yerdən gəlirəm,
Ad-sanını dəftərimdən silirəm,
Demə ki, hər şeyi yaxşı bilirəm,
Necə insansa, çoxdan bilirəm.

YAXŞIDI

Tanımadan adamlara pis demə,
Hamı pis olmaz ki, kimsə yaxşıdı.
Bəzisini başa salmaq çətindi,
Hər kəs əməlini bilsə yaxşıdı.

Adam var, şad olur pis iş tutanda,
Danışaraq ayaq üstə yatanda,
Dəryalarda gəmiləri batanda,
Qeyrətlə köməyə gəlsə yaxşıdı.

Çoxdu pula qeyrətini satanlar,
Əyri yolla məqsədinə çatanlar,
Mərdiməzar, aralığı qatanlar,
Belələri lap tez ölsə yaxşıdı.

DÜNYA ÖZÜ ƏLƏKDİ

Dedim sənə, gedəcəyik dünyadan,
Niyə küsdün, küsmək nəyə gərəkdi?!
Bilməlisən, Yer üzünü büsbütün,
Dünya özü təmizləyən ələkdi.

Eləsi var, alda keçir şeytanı,
Səs-küyülə zəbt eləyir cahanı.
Yar-yaraşıq tez aldadır insanı,
Hamı deyir: bu ki, xalis mələkdi.

Söz verənin sözü doğru olmalı,
Deyilənlər qulağında qalmalı,
Gediriksə bir nişanə qalmalı,
Hər bir kəsə namus, qeyrət gərəkdi.

Yağış yağıb çökəklərdə göllənər,
Qurbağa da şükür edib dillənər,
Kətəyən payızda qopub hellənər,
Onu qovan küləkdi ki, küləkdi.

Getdiyi yoldaca yıxılır biri,
Ömrünü tərk edir, qalmayır diri,
Yaxşı bilməliyik biz də bu sirri,
Bu işləri düzən, qoşan Fələkdi.

BİLİNMƏLİDİ

Əzəldən obada, eldə qayda var:
Kim kimdən küsdüyü bilinməlidi.
Pislik edən cəhd eləsə, nə edər,
Axırı pisliyi bilinmədimi.

Dastan deyib, kələk gəlmək fənd deyil
İşin sonu nə olacaq - bənd deyil,
Qılıncım Misridi: dönən, sərt deyil,
Qılıncın kəsdiyi bilinməlidi.

Xəlbirdən kiçikdi gözü ələyin,
Daş qum olmaz - dərk edənə qoy deyim,
Əsməklə işləri əyən küləyin
Hayandan əsdiyi bilinməlidi.

ELƏ GÖZƏLDİ

Gecə-gündüz cəhd elədi, çalışdı,
Axırı əlinə nə gəldi-gəldi.
Zalım oğlu dərk eləyib düşünmür,
Tutduğu iş əngəldi ki, əngəldi.

Gücü çatar-çatmaz elə saraşdı,
Söz də eşitmədi, həddini aşdı.
Bərk ayaqda zingildəyərək qaçdı,
Qiymət alıb yüksəldikcə yüksəldi.

Gördük ki, bu adam dərsini aldı,
Hər yerdən qovdular ortada qaldı,
Əyri düzə elə bilir sualdı,
Elə yaraşıqlı, elə gözəldi.

AXI

Ay o taydan keçən xanım,
Mən bu tayda qaldım axı.
Səni dünən görən andan
Bil ki, heyran oldum axı.

Ətrafımız gül-çiçəkdi,
Üzün çiçəkdən göyçəkdi,
Dediyim düzdü, gerçəkdi,
Baxa-baxa öldüm, axı.

Boyun mərmərdən tökülüb,
Dilin şərbətə bükülüb,
Yanımda güllər əkilib,
Mən çiçəktək soldum axı.

GEDİR

Günümüzü yola saldıq,
Gün getsə də ömür gedir.
Yüz yalvarsan "astaca get",
Bizə heç nə demir, gedir.
Gün dolanır, ömür gedir.

Biri minib arabaya,
Üz tutub bir xarabaya,
Özü bilmir hara gedir,
Düşünmür bahara gedir,
Gün dolanır, ömür gedir.

Görmürük getdiyi yolu,
Qaydalarla həyat dolu.
Güclüdür qanadı-qolu,
Hara gəldi cumur, gedir,
Gün dolanır, ömür gedir.

Səsi-küyü çox olanlar,
Dünyaya səda salanlar,
Hər kəsdən xərac alanlar,
Qəm-kədəri udur gedir.
Gün dolanır, ömür gedir,
Artıq bir söz demir gedir.
Gün dolanır, ömür gedir.

KƏSİLDİ

Axşam-sabah zəng edərdim həmişə,
Nə oldu qəflətən ara kəsildi?!
Deyirdin bu dostluq çıxmaz yadımdan,
Bəlkə işin düşüb dara, kəsildi.

Aramızda xətir-hörmət var idi,
Sözümüz bir, məsləkimiz bir idi.
Aralığa hansı şeytan yeridi,
Ümidimiz ilk bahara kəsildi.

Olmuşuq aralı, olmuşuq uzaq,
Gəlib çatır mənə söz qalaq-qalaq.
Demişdin ki, eyni səmtə yol alaq,
Üzünü döndərdin hara, kəsildi?

 





23.11.2017    çap et  çap et