525.Az

Yola vermək zamanın xəstəliyidir, yoxsa... (davamı)


 

Yola vermək zamanın xəstəliyidir, yoxsa... <b style="color:red">(davamı)</b>

Bu kəlmələri çox eşitmişdim, yeri gələndə özüm də işlədərdim. Ancaq necə deyərlər, sözgəlişi, fərqinə varmadan, sətiraltı mənasına əhəmiyyət vermədən. İlk dəfə məni bu haqda fikirləşməyə bir hadisə vadar elədi.

Biz artıq küçəyə çıxmışdıq.

– Qaşıyıb-qaşıyıb bir damcı qan çıxardırıq, onu da ki, görürsən də neçə yerə bölürük, – o, əlini küçənin kənarında poz verib dayanaraq, yəqin ki, maşın gözləyən bayaqkı qızlara tərəf uzatdı. Birdən nə isə yadına düşdü:

– Qardaş, telefonun üstündədir, mənimki otaqda qaldı, təcili bir zəng vurmalıyam.

Mən cibimdən telefonu çıxartdım. Səki demək istəyirdim ki, konturum azdı, o bir an içində telefonu əlimdən qapdı.

– Nədi o, ... rayonun icra başçısının nömrəsi neçədir? 211-nən başlayır ey...

– Yox, mən hardan bilərəm ki?!

O fikirləşə-fikirləşə nömrələri yığdı:

– Alo! Salam qardaş, mənəm ey ... qəzetin baş redaktoru. Qəzetimizin tam bir nömrəsini sənin rayonuna həsr etmək istəyirik... Nə olub? Alo... alo...

– Yəqin, kontur qurtardı.

O, az qala telefonu üstümə atdı:

– Ə, yekə kişisən, telefonuna əməlli kontur vur də... – ətrafına göz gəzdirdi, yəqin, tanıdığı bir adam tapmadı (ya da hamı bunu yaxşı tanıdığı üçün yan keçirdi). Əlacsız qalıb cibindən öz telefonunu çıxartdı. Mənim mat-məəttəl ona baxdığımı görüb, – bilirsən, mənim telefonum hər yerdə yaxşı çəkmir.

– Dostundursa, bəlkə, özü zəng vurar.

– Ə, bunlar öskürmürlər ki, qarınları acar, hələ cavab versə, böyük işdi... Alo! Alo... Hə, bağışlayın, bu telefonlar belədi dəə. Hə, mənəm, o biri telefonumdan zəng vururam, nə təər, necə tanımırsınız, qardaş, siz bizim çox hörmət etdiyimiz ziyalımızsınız, sizinlə fəxr eliyirik,  Allah canınızı sağ eləsin, hə sizi də qınamıram, o qədər boş-boş qəzet var ki! ...Yox, biz seryoznu adamlarıq, qardaş,  yuxarı-aşağıyla da razılaşmışam, elə öncədən sizin rayonu məsləhət bildik, o qədər işlər görürsünüz, gərək millət bilsin də... Görməmisiniz? Bizim yayım təşkilatları belə işliyir də, mən bu nömrədən nə qədər lazım olsa, şəxsən göndərəcəm...  İki gözəl xanımı da göndərmişəm, bizim ən oputnu müxbirlərdir, sən mənim canım, onları ləyaxlı yola verin, ayda-ildə bir dəfə əziyyət veririk, bizim  də sizdən başqa kimimiz var ey... Alo... alo...

Deyəsən, qarşı tərəf adboy vermişdi. Amma bu özünü onda qoymadı:

– Hə, bunu da belə yola verdik.

Ürəyim darıxdı, ilahi, insanın neçə üzü, neçə sifəti olar, adam nə qədər sırtıq olarmış?!  Getmək istəyəndə:

– Dayan-dayan, tapdım. Bizim o tələbə yoldaşı nədi, ə, tez-tez də qız üstündə döyülmürdü?..

– Hə.

– Hə, bax o. Axı onu xeylaxdı böyük bir komitəyə sədr qoyublar. Bilirsən də, filankəsin qohumudur axı. Az qala hələ deputat da seçirdilər. Əjilaf yaman xəsisdir, amma sənin işinə yarıyar. 10–15 böyük idarəsi var, oralarda saa da bir iş tapıb verər.

Mənim  işimi artıq həll eləmiş kimi ciddi danışdı:

– Sən belə elə, sabah özünü ver onun yanına, məsələni həll elə.

– Axı mən...

– A kişi, sənə nə deyirəm, onu elə.  Özünü tanımazlığa qoysa, denən mən göndərmişəm, utanıb eləmə. Ə, dost dostuna bə nə günündə lazımdır, pul istəmirsən ki, ağlaşma qursun. Get, yola verəcək, ilk maaşından da bir pivə qonaqlığı.

Bir tərəfdən tələbə yoldaşım, bir tərəfdən də aclıq artıq ürəyimi bulandırırdı. Avtobusa pul verməmək üçün hələ metroya qədər də piyada getməliydim. Dönərxanalardan, kafelərdən gələn xoş yemək iyindən qaçmaq üçün tez-tez yolu o üzə, bu üzə keçməli olurdum. Birdən yanımda bir maşın saxladı:

– Qonşu salam! Evə gedirsənsə, otur aparım.

Qonşum idi. O da mənim kimi məcburi köçkün idi – qonşu rayondan. O da mənim kimi ailə başçısı idi. O da mənim kimi peşə məktəbinin sınıq-salxaq yataqxanasının (olub-qalanı da bizimkilər bərbad etdilər) balaca bir otağında məskunlaşmışdı. Fərqimiz isə ondan ibarət idi ki, onun sınıq-salxaq bir jiqulisi  vardı, xaltura edib başını girləyir, ailəsini dolandıra bilirdi. Mənim kimi tam əliyalın deyildi. Bir fərqimiz də onda idi ki, onun cəmi 3 baş külfəti vardı, mən isə özümdən başqa 4 nəfəri saxlamalı idim. Yaxşı oğlan idi, amma bir az sırtıq idi, həm də zəvzək. Zalım oğlunun elə bir xirtdəyi yox idi. Gün ərzində başını soxmadığı yer qalmırdı, axşamlar da bütün görüb-bildiklərini bir-bir bütün qonşulara danışmasa, yatmazdı. Amma bacarıqlı oğlan idi. Savadı-sübutu olmasa da, əlindən inni-cinni qurtara bilməzdi. Allahla danışsaq xeyirxahlığı da vardı. Kimin başı ağrısa yüyürərdi, kimin jeklə, komendantla, komitə ilə bir problemi olsaydı qabağa düşən idi. Ona görə də  “delovoy” ləqəbini qazanmışdı. Bir cib də vəsiqəsi vardı. Mənim kimi fərsiz, bacarıqsız kişilərə evdə həmişə onu nümunə gətirərdilər. Neynəmək olar, Allah hərəni bir cür yaradıb də.

Həmişə ondan qaçsam da, açığı bugünkü görüşümüzə sevindim. Çünki yeriməyə taqətim qalmamışdı. Maşından qəşəng təzə çörək iyi gəlirdi. Ac toyuq yuxusunda darı görən kimi gözlərimin qabağına buğlanan təzə çörək gəldi və mən ağzımın suyunu uddum. Qonşumun isə kefi kök idi:

– Hə, qonşu danış görək nə var, nə yox, hardan gəlib, hara gedirsən? Yenə özünə bir iş tapmadın? Mənim işim “tu-tu” yaxşıdı, bir market tapmışam, onun malların daşıyıram. Axşama 5–10 manatım və 3–4 çörəyim nağdıdı. Sənnən də  gərək   özüm məşğul olam. Ə, vallah sən belə bir təhər adamsan ey...

Qonşum danışmağa təzəcə razqom götürürdü ki, hardansa bir yol polisi peyda oldu və bizi saxlatdı. Qonşumun sözü ağzında qaldı, bərk də dilxor oldu:

– Ə, qonşu xətrinə dəyməsin, nə bəd əyağın varmış? Axşam-axşam zibilə düşdük də...

Şişman yol polisi sağ əlini zorla gicgahına yaxınlaşdırdı (dedim indi yekə qarnının dartaşa çəkdiyi pencəyinin düymələri qopacaq. İncəvardan düymələr dəmirdən idi).

– Yol polisi, baş leytenant (filankəsov). Xahiş edirəm sənədləri təqdim edin.

– Günahımız nədir?

– Sən qarışma, sürücü ilə danışıram – o pompuş əlini biz gəldiyimiz istiqamətə uzatdı. – Yol hərəkəti qaydalarını pozaraq qadağan olunmuş yerdə maşını əyləyib passajir götürdün, kobud naruşeniya elədin, protokol yazacam, maşın da gedəcək ştrafnoya.

– Ə, qardaş  biz qaçqın adamlarıq, bu da mənim qonşumdu, evə gedirik də, yolda qoyub gedəydim? Naruşeniya nədi, ştrafnoy nədi, bir çatan külfətimiz var. Budey, buna bax... – ciblərini qurdalayıb 3–4 rəngbərəng vəsiqə çıxartdı. – Bax, bu, qaçqınlıq vəsiqəm, bu, şəhid ailəsi – balaja əmoğlum şəhid olub – bax bu, veteren kinişkam, bu da...

Qonşum maşından düşüb əlindəki vəsiqələri az qala onun gözlərinə soxurdu. Polis bir addım geri durub:

– Anırı dur ayə, elə bilərlər cibimə pul-zad basırsan – qonşumun pul haqda heç düşünmədiyini hiss edib – aya sən, deyəsən, demaqoq adama oxşuyursan. Biz də döyüş-vuruş görmüşük dana, aydan ha gəlməmişik – bir az da ciddi şəkildə – pravanı görüm.

Qonşum bərk ilişdiyini görüb suallı baxışlarla mənə baxdı. Məndən də bir hay çıxmayacağını duyub, bir az kənara çəkildi və cib telefonunu çıxarıb harasa zəng vurdu. Polis mənə baxıb:

– Aya, sənin bu qonşun nə anlamaz, tərs adamdır – dedi – elə biz də qaçqın kimi şeyik, savahdan axşama qədər bu küləyin-günün qavağına bir loxma çörək üçün çıxmışıq dana. Elə bilirsiniz biz tərəfdə yel əsif qoz tökülüb?!

Mən leytenantın açıq-aşkar nəyə işarə etdiyini duymuşdum. Qonşum məni bədayaq adlandırmaqda, bəlkə də, haqlı idi. Axı onu mənim üstümdə saxlatmışdılar. Deməli, cəriməni də mən çəkməliydim. Onsuz da hər tərəfdən məni bədlik basmışdı. Cibimdə 20 manat pulum vardı – bir onluq, iki beşlik. Mən əlimi cibimə salıb olan-qalan pulumu çıxartdım. Leytenant baxışları ilə mənim hərəkətlərimi izləyirdi.

Bu zaman qonşum kiminləsə danışırdı, sonra  telefonu polisə uzatdı:

– Rəis, səninlə danışmaq istəyirlər.

Rəis ağzını-üzünü turşudub başını yellədi və məcbur telefonu aldı. Mən isə əlimdə pul nə edəcəyimi bilmədən hərəkətsiz dayanmışdım. Qonşumun isə arxası mənə tərəf idi.

– Alo!

Leytenantın dodağı qaçmaqla bizim də üzümüz güldü.

– Aya, sənmisən? Salam, ay dağlar oğlu. Eşq olsun, aya, harda itib batmısan? Deyəsən, başın pul qazanmağa yaman bərk qarışıb ha... Aya ciin nətərdi, uşaqlar zad?..  Bunları hardan tanıyırsan?

Mən artıq işin düzəldiyini duyub pulumu cibimə qoymaq istədim. Ayıq lentenant da, deyəsən, bunu başa düşdü və danışa-danışa mənə yaxınlaşdı və bir göz qırpımında əlimdəki pulu (hamısını) qamarlayıb cibinə basdı. Qonşum ancaq indi başa düşdü ki, mən ona pul verdim və əllərini açaraq mənə gözlərini ağartdı. Bu o demək idi ki, sən nə edirsən? Ancaq gec idi. Heç birimiz pulu ondan geri istəyə bilməzdik. Polisin isə kefi kök idi:

– Ayıf döymü aya, yola verərəm, mənim bu ala-bula gözlərim üstünə. Aya, mamoğlu, sən ciiyin canı o toyuqdanmı, kolbasadan-sosiskadanmı bir karopka düzəlt bizə göndər. Canın üçün iki gündü naryaddayam, uşaqlar evdə ajınnan qırılır. Öpdüm, öpdüm... – üzünü bizə çevirib:

– Sizə də yaxşı yol. Ta neyniyək mamoğludu da...

Mən özümdən asılı olmayaraq:

– Olub-qalanım o idi – dedim.

Leytenant bir an ayaq saxladı, cibindən 5 manat çıxarıb mənə qaytardı:

– Ala, qoy halallıq olsun – dedi və maşınına  minib üstündəki fırlanan işıqları yandıraraq “vıyy” eləyib getdi.

Biz bir-birimizə baxdıq. Hər şeydən bir çıxış yolu tapan qonşum da mənim “yersiz” hərəkətimdən karıxmışdı:

– Ə... ə,  qonşu, nağardığındı, sənin nə işinə qalmışdı?

– Demədin bədəyağam.

– Ə, bədəyax olanda adam pul paylayır? Heylə pul xəşdiyənsən çıxart 5 manat da bizə ver də...

Yəqin, polisə dediyim axırıncı söz yadına düşdü və üzr istəyirmiş kimi:

– Zarafat eləyirəm – dedi. – Yaxşı ki, sənni-mənni yola verə bildik, mənim heç pravam-zadım da yoxdu axı.

Binanın qabağında maşından düşəndə yadıma düşdü ki, evə çörək almalıyam. Qonşuma “sağ ol” deyib, geri, yataqxananın tinindəki çörək budkasına tərəf qayıtdım.

– Ə, qonşu, dəəsən 5–10 manatını aldılar özünü itirdin, eviniz bu tərəfdədi ey.

– Çörək almağa gedirəm.

Qonşum maşının baqajını açdı.

– Gə bəri, çörək bu dey, burda.

O, içində 4 çörək olan setkadan 2 çörək çıxarıb mənə verdi. Maşındakı  gözəl çörək qoxusunun hardan gəldiyini indi anladım.

– Ala, səni xərcə salmışam, yarı bölək, qoy halallıq olsun.

– Yoox, bəlkə...

– Götür-götür, halal xoşunuz olsun, bu axşamı da belə yola ver, sabaha Allah kərimdir.

Nə qədər yorğun olsam da, səhərə qədər yata bilmədim. Köçkünlük həyatımda başıma çox iş gəlmişdi, amma son günün hadisələri, türkün sözü, bir az “fazla” olmuşdu, həm də düşünməyə vadar etmişdi: “Tələbə yoldaşım, qonşum, leytenant...” Hər şeydən də çox məni yandıran 15 manat idi. Böyük məbləğ olmasa da, mənim üçün ağır idi. Düzü bir az da özümü danladım:  “Sən iki manata qıyıb bir dönər alıb yemə, bütün günü ac qal, hətta 20 qəpiyə qənaət edib avtobusa belə minmə – bir yekəqarın da 15 manatını əlindən alıb “yaxşı yol” desin! Elə bilsəydim onun beşcəcə manatına həm qarnımı doyurar, həm də “kişi kimi” evə taksi ilə gələrdim. Yaxşı deyiblər: “Sən saydığını say, gör fələk nə sayır”. Fələyin saydığı da həmişə elə mənim başımda çatlayır”. Amma onu da deyim ki, iş-işdən keçdiyi üçün belə düşünürdüm. Evdəkilər ac ola-ola mənim kənarda yediyim bir loxma da boğazımda tıxanıb qalardı...

Şənbə-bazar olduğu üçün iki gün evdən çıxmadım. Fikirləşməkdən başım çatlayırdı. Neyləyəydim, hara gedəydim, kimin qapısını döyəydim? Tanıdığım adamların əksəriyyəti mənim günümdəydi. Bir də mən 5 baş ailəni kimə yük eləyə bilərdim?

Səhər geyinib evdən çıxanda yoldaşım barmağındakı üzüyü çıxarıb mənə uzatdı: “Apar bunu da sat. Neyniyək uşaqları acından qırmayacağıq ki”, – mənim xəcalətdən başımı aşağı dikdiyimi görüb təskinlik də verdi: “Darıxdırma özünü, pis günün ömrü az olar. Bir də təkcə biz deyilik ki, bu gündə...”

Bu sadə yaqut qaşlı ucuzvari bir üzük olsa da, ailəmiz üçün çox qiymətli idi. O, həm bizim nişan üzüyümüz idi, həm rəhmətlik anamın yadigarı, həm də Allahla bizim aramızda qalan yeganə qiymətli əşya idi. Əlbəttə, mən üzüyü götürmədim, çünki evdə hələ 30 manatımız vardı. Onunla da 2, ən çoxu 3 gün birtəhər dolana bilərdim. Bəs sonra?.. Mən bu suala cavab tapmaq, yoldaşımın, uşaqlarımın və nəhayət, öz gözümdə bir ailə başçısı, bir kişi kimi qalmağımın yeganə  və son qarantı olan o üzüyü satmamaq üçün hər şeyə hazır idim. Nəinki daş daşımağa, küçə süpürməyə, hətta “şərəflə dilənməyə” (bu sözü qələm yazdı) belə. Bir anekdot  xatırladım: “Mənim vəziyyətimdə olan bir adam öz-özünə fikirləşir: “Ay allax-ay allax, görən, öz-özümü öldürsəm sora məni tutarlar?” Bunu ürəyimdə danışanda arsız-arsız, hələ bir dodağım da qaçdı. Mənim vəziyyətimdə ölmək heç olmazdı. Ailəni, uşaqları bu vəziyyətdə qoyub ölmək hansı kişiliyə sığar... Hərə də ağzına gələn bir şey danışardı.

(Ardı var)

 





06.06.2013    çap et  çap et