525.Az

Astanadan Soçiyə: Suriyada sabitliyin bərpasında tarixi gün...


 

Türkiyənin regionda sülhyaratma missiyası öz töhfəsini verməkdədir

Astanadan Soçiyə: <b style="color:red">Suriyada sabitliyin bərpasında tarixi gün...</b>

Noyabrın 22-də Rusiyanın Soçi şəhərində keçirilən Zirvə sammitində 3 ölkənin lideri – prezident Rəcəb Tayyıb Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin bir masada Suriya probleminin həllinə dair birgə razılıq əldə etmələri və Suriya Milli Dialoq Konqresinin başlanması haqqında qərar qəbul etməsi dünyanın siyasi tarixində ən mühüm yaddaqalan hadisə kimi yer almaqdadır.

Bu addım qlobal siyasi əhəmiyyət kəsb etməklə, Suriya böhranının siyasi yolla həlli prosesinin uğurla başa çatdığını, regionda örnəkverici siyasi presedentin ortaya qoyulduğunu şərtləndirdi. Suriyada qanlı münaqişəyə son vermək üçün yaradılan xüsusi siyasi hərəkatın - Astana prosesinin tam uğurla başa çatdığını Qərbə mesaj verdi.

On minlərlə insanın, körpə və qocanın qətlə yetirilməsinə, bəşər sivilizasiyasının ən qədim tarixi məkanı olan Suriyanın memarlıq abidələrinin məhv edilməsinə, min hektarlarla ərazinin xarabalıqlara çevrilməsinə göz yuman Qərbin illərdir ki, həll etmədiyi Suriya probleminin çözülməsi sanki dünya xəritəsinin üzərindən ağır bir daşın götürülməsi təsiri bağışladı. Türkiyə, Rusiya və İranın dövlət başçıları iki il əvvəl başlatdıqları sülhyaratma missiyasını uğurla başa çatdırmaqla bir daha lokal və regional münaqişələrin, terror və separatizmin kökünü kəsməyin mümkünlüyünü göstərmiş oldular. Eyni zamanda, Suriyada 7 il davam edən vətəndaş müharibəsini və 3 ilə yaxın müddətdə ölkənin böyük bir ərazilərini ələ keçirən İŞİD terror təşkilatı ilə mübarizəni sona çatdırmaqda fəaliyyətsizlik, iradəsizlik, qətiyyətsizlik nümayiş etdirən Qərb koalisiyasına, ABŞ-a sanki bir ibrət dərsi verildi.

Suriyada proseslər bundan sonra Suriya xalqının qəbul edəcəyi qərarlardan, möhkəm və mötəbər siyasi dialoqun yaranmasından, əsas fundamental prinsip və ali məqsəd olan müstəqil dövlətçiliyin, sülh və sabitliyin təmin olunması, ölkədəki bütün siyasi-ictimai tərəflərin birgəliyi ilə geniş təhlükəsizlik platformasının yaradılmasından asılıdır. Əsas odur ki, ölkədə yeni bir sülh perspektivləri yaranıb, indi hamı bu fürsətdən milli birlik naminə istifadə etməlidir. Ölkənin müqəddəratını xalq həll etməlidir, Qərbə, siyasi imperialistlərə bel bağlamaq olmaz.

Suriyada İŞİD-ə qarşı antiterror əməliyyatları bitdi, bəs regionda terrorizmin dayaqları tam məhv edildimi?

Türkiyə dövlətinin dünya ölkələri qarşısında qaldırdığı bir nömrəli məsələ olan qlobal terrorizmlə mübarizə hələ bitməyib. İŞİD-in Suriyadan qovulması bu bölgədə əmin-amanlığın bərpa olunması anlamına gəlmir. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, terrorla mübarizədə tam qələbə üçün sevinmək tezdir. Çünki Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatların yekunlaşmasına baxmayaraq, digər terrorçu qruplaşmaların fəaliyyətini davam etdirdiyi göz önündədir. İŞİD-in bəzi təhlükəli hərbi qrupları ötən həftə rahat şəkildə Qərb hərbi koalisiyasının gözü qarşısında Rakkadan digər ərazilərə, İraq istiqamətinə yollanıb. Digər pərakəndə terrorçu qrupların qalması da təhlükə mənbəyidir. Məsələ ondadır ki, Suriyada PKK, YPG və PYD hazırda Rakka və Afrində indi daha fəal mövqe qazanıb və ABŞ-ın silahlandırdığı kürd separatçıları İŞİD qədər, hətta ondan da qorxulu terror mənbəyidir. Bu halda necə təminat verilə bilər ki, YPG Suriyada, yaxud İraqda qanlı savaşların baş verməsində iştirakçı olmayacaq?

Türkiyə regionda oynanan çirkin ssenarinin konturlarına yaxşı bələddir. Kərkük, Ərbil, Osmaniyyə və digər əraziləri daim qan gölünə çevirən, İraq və Suriyanın ərazi bütövlüyünə açıq təhdidləri dayandırmayan, Qərbin açıq dəstəyi ilə silah və pulla təmin olunan PKK-YPG-PYD üçlüyünün Kandilin ssenarisi əsasında regionun sabitliyini pozmaq niyyətlərindən xəbərdardır. İŞİD-in yerində digər aktiv terror qruplarının fəaliyyəti artmağa başlayıb və bu prosesdə də dünya gücləri kənardan seyrçi mövqe nümayiş etdirir. YPG-PYD terrorçuları Türkiyənin ərazilərinin bir addımlığında silahlanır, Türkiyə daxilində qarşıqlıq salmağa çalışır, bölgədə sülhü və sabitliyi təhlükə olaraq qalır. PYD hətta Suriyanın yenidən bərpasında siaysi tərəf kimi təmsil olunmağa cəhd edir. Belə bir vəziyyətdə “Üçlüyün” əsas qütbü olan Türkiyə öz siyasi diqtəsi ilə hərəkət etməyə, regionun, eləcə də özünün sərhədlərinin sabitliyi üçün öz hərbi gücünü göstərməyə məcburdur və həmin qüvvələrin Suriyada siyasi tərəf kimi qəbul edilməsinə imkan verməyəcək. Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, ölkənin milli təhlükəsizliyinə təhlükə olan terror təşkilatları ilə eyni platformada yer almağımızı bizdən heç kəs gözləməməlidir: “Suriyanın siyasi birliyi və ərazi bütövlüyü ilə ölkəmizin milli təhlükəsizliyini nəzərdə tutan terrorçu ünsürlərin prosesdən kənarlaşdırması, Türkiyənin prioritetləri sırasında yer almaqda davam edəcək".

Maraqlı olanı budur ki, Rusiya və İran da Suriyada İŞİD-lə mübarizənin yekunlaşmasından sonra bu bölgədə təhlükəsizlik və sabitliyin pozulmasına cəhdlərin ola biləcəyini istisna etmirlər. Rusiya Prezidenti Vladimir Putin Suriyada İŞİD-lə mübarizənin tamamlandığını bildirsə də, Yaxın və Orta Şərqdə, digər bölgələrdə terrorizmin davam etdiyini vurğulayıb. Putin Yaxın Şərqdəki terrorizmin qarşısının alınmasında Türkiyəli həmkarı ilə həmrəy olduğunu deyib. Eləcə də Həsən Ruhani bölgədə terrora rəvac və dəstək verənlərə qarşı barışmaz mübarizə aparılmasının vacibliyini diqqətə çatdırıb.

Soçi sammitində mətbuat qarşısında bəyanat verən Rəcəb Tayyib Ərdoğan Suriya və regionda terrora dəstək verən, yeni terror qruplarını bəsləyən maraqlı ölkələri hərəkətlərindən əl çəkməyə dəvət etdi. Türkiyə üçün terror mövzusunun bir nömrəli məsələ olduğunu və qırmızı cizgini keçməyə cəhd edən istənilən qüvvələrin dərhal məhv ediləcəyini, antiterror əməliyyatlarının bundan sonra davam etdiriləcəyini, PYD-nin yuvasına qədər qovulacağını xatırlatdı.

Türkiyə regionda sülhə təhlükə yaradan bütün silahlı qruplaşmaların zərəsizləşdirilməsində fəallığı ilə seçilir və bunu Suriyada “Fərat qalxanı” əməliyyatı ilə dünyaya nümayiş etdirdi. Eyni zamanda, İraqda PKK-ya qarşı amansız əməliyyatlarla, Bərzaninin keçirdiyi saxta müstəqillik referendumu sonrası atılan təsirli addımlarla rəsmi Ankara bölgədə suyu bulandırmaq istəyən xarici və daxili təxribatçı-terrorçu qrupların əməllərinə imkan verməyəcəyinə işarə etdi.

Ərdoğan regionda sülh və təhlükəsizlik zolağı yaratmaq missiyasını üzərinə götürüb. Və digər ölkələri qlobal həmrəyliyə dəvət edir, terrorçulara eyni gözdən baxmağa və regionu sarsıdan yeni münaqişələrə səbəb olmamaq üçün terrorizmə birgə zərbə vurmağa çağırır. Bu prosesdə siyasi xəyanət, ikilistandartlıq və tərəf olmamalıdır. Türkiyə Suriyada ilk gündən başladığı sülpərvər missiya zamanı da beynəlxalq gücləri ədalətli, dürüst olmağa çağırmışdı. Onun bu çağırışına riyakar yanaşanlar Türkiyənin həqiqi qüdrətinin görürlər. Türkiyə isə Yaxın və Orta Şərq regionunda oynadığı fəal nizamlayıcı rolu davam etdirməkdə qərarlıdır.

 





24.11.2017    çap et  çap et