525.Az

Rəcəb Tayyib Ərdoğan nümayişçilərin tələblərini yerinə yetirməyəcək


 

Rəcəb Tayyib Ərdoğan nümayişçilərin tələblərini yerinə yetirməyəcək<b style="color:red"></b>

Baş nazir Taksim meydanı ilə bağlı inşaat planlarından vaz keçməyəcəklərini bəyan edib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulun Taksim meydanı ilə bağlı inşaat planlarından vaz keçməyəcəklərini bəyan edib. APA-nın xəbərinə görə, Tunisə səfər edən R. T. Ərdoğan bu ölkənin baş naziri ilə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında R. T. Ərdoğana Türkiyədə baş verən hadisələr barədə sual ünvanlanıb və ondan polis zorakılığına məruz qalan insanlardan üzr istəyib-istəməyəcəyi soruşulub. Baş nazir cavabında bildirib ki, müavini (Bülənt Arınç) bu barədə lazımi açıqlamalar verib: “Söhbət qaz bombalarından ifrat şəkildə istifadə olunmasından gedirsə, bununla bağlı üzüntümüzü dilə gətirdik. Dünyada gözyaşardıcı qazdan istifadə etməyən ölkə yoxdur. Bütün hüquqlar qanun çərçivəsində reallaşdırılmalıdır. “İstədiyimiz yerdə mitinq keçirərik, yaxıb-yıxarıq” deyənlərə imkan verməyəcəyik. Məsum insanlara və dövlət malına zərər verirlər, avtobusları, küçələri yandırırlar. Ekoloji həssaslıq göstərən insanların niyyətlərindən sui-istifadə edirlər”.
 
R. T. Ərdoğan Taksim meydanı üçün hazırlanan layihənin həm ekologiyanı, həm də tarixi və mədəniyyəti bir arada toplayan bir layihə olduğunu söyləyib: “Bu layihə İstanbulda çox gözəl bir mühit yaradacaq. Orada böyük bir opera mərkəzi də inşa edəcəyik. Dağıdılacaq yerlərin əvəzində daha gözəl binalar tikəcəyik”.
 
Baş nazir Türkiyədəki hadisələrdə iştirak edən 7 xarici ölkə vətəndaşının saxlanıldığını da açıqlayıb.
 
Xatırladaq ki, Türkiyə hökuməti İstanbulun Taksim meydanındakı Gəzinti Parkını söküb yerində daha əvvəl mövcud olmuş Topçu Qışlasının binasını (Osmanlı ordusunun artilleriya kazarması) bərpa etmək istəyir. Bu binanın içində ofislər və ticarət mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Buna etiraz edən ekoloji təşkilatların mayın 27-də başlayan kiçik miqyaslı etiraz aksiyasına qarşı polisin sərt müdaxiləsindən sonra on minlərlə insan Taksimə axışıb. Etirazlar daha sonra ölkə miqyasına yayılıb və hələ də davam edir.
 
Baş nazirin son açıqlamasından sonra vəziyyətin daha da gərginləşəcəyi gözlənilir.

 





06.06.2013    çap et  çap et