525.Az

Cavanşir Babaxanlının şeirləri


 

Cavanşir Babaxanlının <b style="color:red">şeirləri</b>

DƏRDİM
 
Alındı əlimdən isti ocaq da
Daha bir şeyimiz qalmadı dərdim.
Soyudu daş kimi isti qucaq da
Bizə çarə edən olmadı dərdim.
 
Bizim umduğumuz qalmadı, getdi
Bizi ümid yada salmadı getdi
Duman bizim üçün çalmadı, getdi
Yadına bir kəs də salmadı dərdim.
 
İçimiz, çölümüz bumbuz olubdu
Yoxsa bizi görən göz tutulubdu
Bu bahar gül-çiçək erkən solubdu
Göz yaşlarım duzu yarmadı, dərdim.
 
Sən mənim, mən sənin dərdinəm, dərdim
Mən sənin qürbətdə kəndinəm dərdim
Gəlibdi bu gecə röyama kəndim
Yandırdı lampamı yanmadı dərdim.
 
XALQ YAZIÇIMIZ
ELÇİN ƏFƏNDİYEVƏ
 
Elə təzələdiz söz dünyasını
Sözün çıraq olub alışdı, yandı
Hər kəs təzə gördü öz dünyasını
Çıraq işığında danışdı, yandı.
 
Dünyada gördülər nələr olarmış
Tanıdı özünü tanımayanlar.
Bildilər kim kimə necə allanmış
Tanındı, dost-tanış tanımayanlar.
 
Zaman öz atını çaparaq gedir
Çıraq işığında hara bilmirəm.
Tozu ayaq altdan qoparaq gedir
Kim düşüb harada dara bilmirəm.
 
Vətənin o başı bu başı olmaz
Bizə nəfəs verən anadır Vətən
Namaza düzəni olub canamaz
Gül açıb canamaz, güllənib Vətən
 
Çox yollar yorumsuz yağışda, qarda
Göz yaşı görmüsüz qanın içində
Sözün Vətən olub, olubsa harda
Siz yollar gedəndə qarın içində
 
Səbrin qalxan olub, hikmətin də pir
Gələn istəyini alıb gedibdir.
Səbrində qalanlar getmək istəmir
Qarşına at olub bir yal gəlibdir.
 
Gəlib Babadağa sizi aparsın
Kənddən köçənlərim geri qayıtmır
Çıxıb Babadağdan ustad çağırsın
Gecələr gözlərim heç yuxu yatmır.
 
Qalmışam kənd ilə dərd arasında
Kəndin itiyindən qalanı mənəm
Hər kəs gecələyir öz yuvasında
Çarpaz dağlanıbdı yad əllə sinəm.
 
Yetmiş yaşa çatdın, yaşın mübarək
Yüz yaşın kəndimdə keçirək ustad.
Gül açan torpağın, daşın mübarək
Qalıb biçmədiyim biçənək ustad.
 
AĞLAYIR
 
Seyrə gəldim dağı, düzü
Bulaq olub durna gözü
Çıxıb gedib kənddən yüzü
Sözüm ağlar, gözüm ağlar.
 
Qalıb yurdda ocaq yeri
Artıb könül dərdi səri
Bir sümüyəm, bir də dəri
Kəndə gələn dözüm ağlar.
 
Qürbət mənə gün vermədi
Kəndə gəldim el görmədi
Yurd dağılıb sevinmədim
Qaldım yurdda özüm ağlar.

 





06.06.2013    çap et  çap et