525.Az

Həyat keşikçisi


 

Həyat keşikçisi<b style="color:red"></b>

Həkim “hikmət” sözündəndir. İnsanın ruhunu və fizionomiyasını mükəmməl bilib dərd-bəladan, fəsadlardan qoruyan peşə sahiblərinə “həkim” deyirlər.

Allahın gözəl adları haqqında olan elm isə “əsmai-hüsna” adlanır. Və “əsmai-hüsna” sırasında Allahın adlarından biri də həkimdir.

Bəli, Allahın yaratdığı bəşər övladının cansağlığı keşiyində duran peşə sahibləri – həkimlər belə bir müqəddəs ad daşıyırlar...

Kəmalə Süleymanova da həkimdir.

Qədim Elladada həkimlik peşəsinin adı “həyat müdafiəçisi, həyat keşikçisi” demək imiş.

Kəmalə xanım da indiyə kimi neçə-neçə ananın həyat keşikçisi, müdafiəçisi olub.

Şabran şəhərində 1989-cu ildə Tofiq Abbasov adına orta məktəbi bütün fənlərdən əla qiymətlərlə bitirən Kəmalə xanım “həkimliyi insanlar üçün ən faydalı, ən gərəkli peşə” hesab edən atası Tahir müəllimin, anası Xalidə xanımın öyüd-nəsihəti ilə sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktika fakültəsinə verdi. Ölkənin ən nüfuzlu tədris ocaqlarından birinin çətin qəbul imtahanlarından uğurla çıxıb tibb institutunun tələbəsi oldu. Sonra növbəti sınaq – ilk semestr imtahanları, onun qiymət kitabçasına yazılan qiymətlər də yalnız “əla”lar oldu, kursdan kursa keçənəcən, qiymət kitabçasındakı o “əla”lar dəyişmədi və Kəmalə xanım 1995-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdi. İnstitutun əlaçı məzunu kimi o, paytaxt xəstəxanalarının birində də qalıb işləyə bilərdi. Lakin Kəmalə xanım doğma rayona qayıtmağı, burada insanların cansağlığı keşiyində durmağı üstün tutdu. 1995-ci ildə Şabran rayon mərkəzi xəstəxanasının doğum şöbəsində mama-ginekoloq kimi əmək fəaliyyətinə başladı. Beşillik praktik təcrübədən sonra 2000-ci ildə bir vaxt tələbəsi olduğu ali məktəbin aspirantı oldu. “Xlamidiya infeksiyası fonunda hamiləliyin gedişi, xüsusiyyətləri, kliniki-epidemioloji aspektləri” mövzusunda elmi tədqiqatlarını yekunlaşdıraraq, 2005-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə etdi, tibb elmləri namizədi alimlik dərəcəsi aldı. Burasını da qeyd edək ki, indi Kəmalə xanım Şabran rayon mərkəzi xəstəxanasında alimlik dərəcəsi almış yeganə həkimdir.

Kəmalə xanım deyir: “Respublikamızda anaya, qadına dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir”.

Ümummilli lider Heydər Əliyevin dediyi müdrik sözlərdəndir ki, “Qadın çox ülvi varlıqdır. Ona hörmət hər bir insanın yüksək mənəvi borcudur. Mən məmnuniyyət hissi ilə deyə bilərəm ki, bizim ölkəmizdə – Azərbaycanda qadına hörmət günü-gündən artır və insanlar qadının həyatda, cəmiyyətdə rolunun əhəmiyyətini daha da dərindən dərk edə bilirlər”.

Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün çox vacib bir sosial sahə kimi səhiyyənin də inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. İndi respublikamız bu sahədə dövlət başçımızın dediyi kimi, “Biz indi ən inkişaf etmiş ölkələrdən geri qalmırıq. Bizdə yaradılan gözəl şərait inkişaf etmiş ölkələrdəki şəraitə uyğundur, bəzi hallarda onları üstələyir. Avadanlıqla təchizat məsələlərinə də böyük diqqət göstərilir”.

İki il bundan qabaq avqustun 15-də rəmzi açılışında cənab Prezident İlham Əliyevin də iştirak etdiyi rayon mərkəzi xəstəxanası dövlət başçımızın ölkənin bütün vətəndaşları kimi Şabran sakinlərinə də diqqət və qayğısının yeni bir təzahürü oldu.

Bu yeni 3 mərtəbəli xəstəxananın ümumi sahəsi 5 min 117 kvadratmetrdir.

Bu gün öz müqəddəs həkim adı ilə təkcə çalışdığı kollektivdə deyil, eləcə də Şabranda xətir-hörmət, ad-san yiyəsi olan Kəmalə xanım xoşbəxt qadındır. Axı, qadının xoşbəxtliyi həm də onun ailə səadətində, ana sevinci və fərəhindədir.

Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinə yüksək bal ilə qəbul olunan oğlu Mahir tələbə adı ilə ona ötən yay övlad sevinci bəxş edib.

Qızı Günelin tələbə adına isə üzə vurmasa da, Kəmalə xanım daha çox sevinib, axı, Günel ana yolunun davamçısı olacaq! Günel də ötən il qardaşı kimi yüksək bal ilə Azərbaycan Tibb Universitetinin tələbəsi olub.

Hələ məktəbli olan oğlu Vüqar, qızı Xalidə də yəqin ki, analarına beləcə sevinc dolu, fərəh dolu övlad payı bəxş edəcəklər.

Kəmalə xanımın, əlbəttə, ən böyük sevinci bir də həyatlarının keşiyində durduğu insanların cansağlığıdır.

Aydın TAĞIYEV

 





06.06.2013    çap et  çap et