525.Az

Jirinovskinin plagiat fikirləri


 

Jirinovskinin plagiat fikirləri<b style="color:red"></b>

Bir neçə gün əvvəl, daha dəqiq desək, noyabrın 22-də Rusiyanın televiziya kanallarından birində efirə gedən şou-layihəyə qonaq qismində dəvət olunanlar arasında hər zaman öz fikirləri ilə cəmiyyətdə əks-səda doğurmağa çalışan siyasətçi Vladimir Jirinovski də var idi.
 
Verilişdə Rusiya, Türkiyə və İranın dövlət başçıları arasında həmin vaxt gedən danışıqlar müzakirə olunurdu. Mövzu ilə bağlı rəy bildirən Jirinovski belə bir fikir səsləndirdi: "Rusiya-Türkiyə-İran ittifaqının yaradılması mənim ideyamdır. Mən sırf bu məsələ ilə bağlı Türkiyəyə səfər edib Ərdoğanla danışmışam. Ərdoğan da öz növbəsində bu fikrimi dəstəklədiyini bildirib. Mən ona NATO-nu tərk etməyi və İncirlik hərbi bazasını Rusiyaya verməyi təklif etdim. Ərdoğan bunun əvəzində Türkiyəni Rusiya silahı ilə təmin etməyi tələb etdi".

Barəsində bəhs etdiyim veriliş efirdə getdiyi vaxt Soçidə Rusiya, Türkiyə və İranın dövlət başçıları arasında danışıqlar aparılırdı və studiyanın ekranlarında həmin görüş canlı yayımlanırdı.

Düzdür, Rusiyada keçiriləcək prezident seçkiləri ərəfəsində gözlənilən və gözlənilməyən hər şey baş verə bilər. Rusiyanın Liberal Demokratik Partiyasının prezidentliyə namizədi kimi Vladimir Jirinovskinin də bu fikirləri səsləndirməkdə məqsədi seçicilərin gözündə xal toplamaq idi. Onun "R.T.Ərdoğan, V.Putin və H.Ruhani arasında hazırda gedən danışıqlar mənim ideyamdır" deməsi bunu açıq-aşkar sübut edir. Seçiciləri, xüsusilə də cənab V.V.Jirinovskinin tərəfdarlarını və pərəstişkarlarını məyus etmək istəməzdim. Qoy, onlar bizim Rusiyada keçiriləcək prezident seçkilərinə müdaxilə etmək istədiyimizi düşünməsinlər. Əsla! Amma nə etmək olar ki, reallıq başqa cürdür. V.Jirinovskinin dedikləri Rusiya-Türkiyə-İran ittifaqının yaranmasının tarixi zərurət olması fikrinin ilk dəfə 21 avqust 2013-cü ildə dərc olunmuş "Yeni alyans: Rusiya-Türkiyə-İran üçbucağı" başlıqlı məqalədə səsləndirilməsi faktını dəyişə bilməz. Yeri gəlmişkən, elə həmin ildə "Üçbucağın vəhdəti" adlı qəzetimiz Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Həmin məqalədən bəzi sitatları bir qədər sonra diqqətinizə çatdıracağam. İndi isə cənab V.Jirinovskinin ermənilər üçün xarakterik olan özgəninkini mənimsəmək cəhdinin açıq-aşkar oğurluq olduğunu deməyi özümə borc bilirəm. Mənfur ermənilər bizim musiqimizi, tarixi abidələrimizi, torpaqlarımızı oğurladıqları kimi Rusiyanın Liberal Demokratik Partiyasının lideri V.Jirinovski də müasir geosiyasət üzrə illər əvvəl verdiyimiz proqnozları öz adına çıxartmağa çalışır.

Bütün bunları müəllif hüquqlarım pozulduğu üçün kompensasiya almaq məqsədilə demirəm. Şükür Allaha, məni tanıyanlar bu cür fikir və əməllərdən uzaq olduğumu bilirlər. Əksinə, başqalarının oğurlayaraq öz adlarına çıxartmaq istədikləri fikirlərin sahibi olduğum üçün bir anlıq özümlə fəxr etdim. Yadıma Molla Nəsrəddinin bir lətifəsi düşdü: "Gecələrin birində yenə də Mollanın evinə oğru gəlir. Molla tez girir şkafa. Oğru hər yeri axtarır, əlinə bir şey keçmir. Axırda şkafı açır ki, bəlkə oradan bir şey tapsın. Baxır ki, Molla şkafın içindədir. Oğru özünü itirib qışqırır:

- Burada nə neynirsən, kişi?

Molla deyir:

- Hirslənmə! Gördüm evdən heç bir şey tapa bilmirsən, xəcalətimdən girdim bura".

Molla Nəsrəddinin sözü olmasın, biz də o vaxt utanardıq ki, Jirinovski kimilər bizdən oğurlamağa heç nə tapmazdılar.

P.S. Rusiya ilə Türkiyənin yaxınlaşmasını son 10-15 ilin ən mühüm hadisəsi hesab etsək, yanılmarıq. Düzdür, hələ yalnız yolun başlanğıcıdır. Amma bir az irəlini görməyi bacaranlar nə baş verdiyini anlayırlar. Bu, bəlkə də dünyada güc balansının dəyişəcək bir amilə çevrilə bilər. Belə səmərəli əməkdaşlıq və yarana biləcək qarşılıqlı etimad heç şübhəsiz ki, Avropanın özündə də siyasi-iqtisadi vəziyyəti yaxşılaşdıracaq, həmçinin, Avropanı ABŞ-ın "yedəy"indən bir az uzaqlaşdıracaq. Əminəm ki, bu proqnozlara şübhə ilə yanaşan çox az ekspert tapılar.

Rusiya-Türkiyə-İran üçbucağı bu ideyanın ilk dəfə kimin səsləndirməsindən asılı olmayaraq, dövrün tələbi, günümüzün reallığıdır. Bu ittifaq bir çox düyünləri açacaq, regiondakı əsas ziddiyyətli məqamlara aydınlıq gətirəcək, "üçbucaq" yaxınlığında yerləşən respublikaların təhlükəsizliyini təmin edəcək.

Dünyanın geosiyasi mühiti dəyişməkdədir. NATO hərbi-siyasi alyansı son nəticədə hərbi, iqtisadi və siyasi baxımından Türkiyə kimi güclü dövləti itirmək təhlükəsi ilə qarşı-qarşıyadır. Bu isə sonda həmin alyansın məhvinə gətirib çıxaracaq. Əslində, NATO-nu tərk etmək üçün Türkiyənin ciddi səbəbləri var. Özünüz fikirləşin, axı, NATO Türkiyənin nəyinə gərəkdir?  İqtisadi partnyora çevrilmiş Rusiyaya qarşı mübarizə aparmaq və ya artıq parçalanmaq üzrə olan Avropa İttifaqına daxil olmağa ümid bəsləmək üçünmü? NATO-nun demək olar ki, bütün üzvlərinin Türkiyənin Avropa İttifaqına üzv olmasına əyri-əyri baxdığı və "erməni genosidi" adı verilən qondarma faciəni dəstəkləməyənlərə hədə-qorxu gəldiyi bir vaxtda bunun nə əhəmiyyəti ola bilər? Əlbəttə, bu, Türkiyənin, türk xalqının şəxsi işidir. Mən sadəcə mövzu ilə bağlı mülahizələrimi irəli sürürəm.

Türkiyə-Rusiya-İran. Bu cür kombinasiya sözügedən "üçlüy"ün təkcə Yaxın Şərqdə deyil, bütün Xəzəryanı regionda təsir gücünü birə on artırır. Bu proses isə öz növbəsində istənilən xarici təhlükəni neytrallaşdıra bilər. Bu gün Türkiyə ilə Rusiyanın öz səylərini birləşdirməsi onları öz daxili problemlərinin həllində tamamilə yeni səviyyəyə çıxarır. Regiondakı uzunmüddətli sabitliyin sərhədləri dumanlı da olsa, görünmə məsafəsi artıb. Bu isə öz növbəsində qonşuları, o cümlədən, yeganə həll olunmamış böyük problemi - Ermənistan tərəfindən işğal olunmuş torpaqların geri qaytarılması olan Azərbaycanı sevindirməyə bilməz. Problemin həlli daha çox Rusiyadan asılı olsa da, bu ölkə ilə yaxınlıq regionu müharibə və qanlı münaqişələrdən təmizləməyi tələb edir. Bu da vacib şərtlərdən biridir. Zənnimcə, Rusiya və Türkiyənin Cənubi Qafqazdakı siyasi və hərbi-iqtisadi sabitliyin qorunub saxlanılmasında belə canfəşanlıq göstərdiyi halda az bir zaman kəsiyində Qarabağ problemi də danışıqlar yolu ilə öz həllini tapacaq. Mən buna inanıram. 

 

 





28.11.2017    çap et  çap et