525.Az

“Qarabağ Muğam Mərkəzinin böyük imkanları, gözəl gələcəyi var”


 

“Qarabağ Muğam Mərkəzinin böyük imkanları, gözəl gələcəyi var”<b style="color:red"></b>

Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi bu gün respublikamızın sayılıb-seçilən musiqi və mədəniyyət mərkəzlərindən birinə çevrilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın xeyir-duası ilə fəliyyətə başlayan adıçəkilən Mərkəz Qarabağ regionundan, ətraf bölgələrdən olan  istedadlı gənc muğam ifaçılarının aşkar edilməsi və yetişdirilməsi sahəsində ciddi uğurlara imza atıb.

Muğam Mərkəzinin yeni təyin olunmuş direktoru Tofiq Cəfərovun dediklərinə görə, yarandığı gündən etibarən sözügedən mədəniyyət ocağı tərəfindən həyata keçirilən müxtəlif tədbirlər, müsabiqələr, geniş konsert proqramları, müxtəlif tamaşalardan parçalar regionun ictimai həyatını canlandırıb, adamların fəallığının və əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olub. Öz işini bu ilin ötən dövründə də uğurla davam etdirən Muğam Mərkəzində təşkil olunan Yeni il və Novruz şənlikləri ilə əlaqədar konsert proqramları, muğam yarışmaları, ədəbi-bədii tədbirlər həm uşaqlar, həm də böyüklər tərəfindən rəğbətlə qarşılanıb.

Mərkəzin kollektiv üzvlərinin III Beynəlxalq “Muğam Aləmi” festivalı çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakları maraq doğurub. Son vaxtlar yaradılmış həvəskar ifaçılardan ibarət “Aysel” uşaq muğam ansamblının uğurlu çıxışlarını qeyd etmək yerinə düşər. Ansambl rayonda keçirilən bütün tədbirlərdə yaxından iştirak edir. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş rayonun ümumtəhsil məktəblərində təşkil edilən konsert tamaşaları bu baxımdan diqqəti çəkir. Həmin tədbirlərdə Muğam Mərkəzinin şagirdləri Nərmin Sultanova və Ceyhunə Şirəliyeva fərqləndiklərinə görə rayon icra hakimiyyətinin Fəxri Fərmanına layiq görülüblər. Gənc ifaçılardan Arzu Mahmudova, Qəşəng Cavadova, Zəhra Məmmədova, İntiqam Abbasov və Nurlan Rüstəmovun çıxışları da yüksək dəyərləndirilib. Bu günlərdə Muğam Mərkəzində olarkən İsveçrənin respublikamızdakı səfiri xanım Sabin Ulman Şaban və onu müşayiət edən nümayəndələr gənc istedadların ifasında maraqlı bir konsert proqramına tamaşa ediblər. Hörmətli qonaqlar konsertdən xoş təəssüratlarla ayrılıblar.

Qarabağ Muğam Mərkəzinin muğam ifaçıları yetişdirmək üçün geniş imkanlara malik olduğunu və bu sahədə daha böyük uğurlar qazanmağın mümkünlüyünü dilə gətirən T.Cəfərov bununla bağlı bəzi vacib məsələlərə də toxunub. Bölgədə və ətraf rayonlarda istedadlı gənc muğam ifaçılarının kifayət qədər çox olmasını əminliklə qeyd edən direktorun qənaətinə görə, Milli Konservatoriyanın və digər nüfuzlu musiqi təhsili müəssisələrinin mütəxəssislərinin iştirakı ilə gənc muğam ifaçılarının üzə çıxarılması, Muğam Mərkəzinə cəlb olunması, onlara müəyyən məsləhətlər verilməsi, eləcə də respublika tədbirlərində iştiraklarının təmin edilməsi yaxşı səmərə verə bilər. Qeyd olunub ki, bu gün Muğam Mərkəzinin Milli Konservatoriyanı, digər ali və orta ixtisas məktəblərini bitirən kamança, tar və başqa musiqi alətləri üzrə ifaçı kadrlara zəruri ehtiyacı vardır. Muğam Mərkəzində hər il səs üzrə vur-tut 6 nəfərdən ibarət şagird qəbulu olduğundan söz açan Tofiq müəllim həmin sahə üzrə şagird qəbulunun artırılmasının və kamança, tar siniflərinin də açılmasının vacibliyini vurğulayıb.

Direktor əlavə edib ki, respublika televiziya kanalları tərəfindən Qarabağ Muğam Mərkəzinin  fəaliyyətinin müntəzəm işıqlandırılmasına, istedadlı ifaçıların verilişlərə dəvət olunmalarına lazımi şərait yaradılması da vacib məsələlərdəndir. Sonda T.Cəfərov respublikamızda muğam sənətinin inkişafında misilsiz xidmətlərinə, gənc ifaçıların yetişdirilməsi sahəsinə göstərdiyi böyük diqqət və qayğıya görə millət vəkili Mehriban Əliyevaya bütün kollektiv üzvləri adından təşəkkürünü bildirib.

Yəhya PAŞAZADƏ

 





07.06.2013    çap et  çap et