525.Az

"Müasir Azərbaycan mətbuatı və "525-ci qəzet" mövzusunda elmi konfrans - Fotolar


 

"Müasir Azərbaycan mətbuatı və "525-ci qəzet" mövzusunda elmi konfrans - <b style="color:red">Fotolar</b>

Dünən Azərbaycan Dillər Universitetində (ADU) universitetin Azərbaycan ədəbiyyatı və Azərbaycan dilçiliyi kafedraları və Azərbaycanşünaslıq Elmi-Tədqiqat Laboratoriyasının birgə təşkilatçılığı ilə "Müasir Azərbaycan mətbuatı və "525-ci qəzet" mövzusunda tələbə və gənc tədqiqatçıların elmi konfransı keçirilib.
 
Konfransda ADU-nun professor və müəllimləri, tələbələr, "525-ci qəzet"in təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Universitetin Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova tədbiri açaraq əvvəlcə "525-ci qəzet"in yaranma tarixindən, onun Azərbaycan mediasındakı və ədəbiyyatındakı mövqeyindən danışıb.

Sonra söz məruzəçilərə verilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov "525-ci qəzet"də peşəkarlıq məsələləri" mövzusunda məruzəsində qəzetin məqsəd və məramından, peşəkarlıq xüsusiyyətlərindən söz açıb. Bildirib ki, "525-ci qəzet" yarandığı ilk gündən aydın və səlis manerası ilə hər zaman oxucuların mediadan gözləntilərini qarşılayıb: "525-ci qəzet" yalnız ziyalıların deyil, bütün təbəqənin insanlarının rahatlıqla oxuyacağı və anlayacağı qəzetdir. Bu da onun peşəkarlığından irəli gəlir". Qəzetin gənclərə dəstəyindən danışan akademik qeyd edib ki, hazırda ölkənin müxtəlif sayılıb-seçilən media qurumlarında, eləcə də digər təşkilatlarda bu qəzetin yetirmələri fəaliyyət göstərməkdədir. O deyib ki, böyük ideallara xidmət edən qəzetin ən böyük dəyəri o idealları yüksək peşəkarlıqla ifadə etməsindədir.

Fəlsəfə doktoru proqramı üzrə dissertant Nərmin Muradova "525-ci qəzet"lə bəzi ərəb və ispan qəzetlərinin ədəbiyyata münasibətində oxşar və fərqli cəhətlər" mövzusunda məruzəsində hələ XIX əsrdə çap olunmuş ilk mətbu orqan "Əkinçi" qəzetindən başlamış milli mətbuatın tarixinə qısa nəzər salıb. "525-ci qəzet"in günümüzdə ən çox oxunan qəzetlər arasında ilk sıralarda olduğunu deyən məruzəçi onu ərəb və ispan qəzetləri ilə müqayisədə təqdim edib. Bildirib ki, "525-ci qəzet" yalnız milli ədəbiyyatı deyil, ümumi olaraq bütün dünya ədəbiyyatını, eləcə də ərəb ədəbiyyatını daim diqqətdə saxlayır. Buna misal olaraq, ilk müsəlman Nobel mükafatçısı, misirli yazıçı Nəcib Məhfuz başda olmaqla, bir sıra yazıçılar haqqında qəzetin səhifələrində dərc olunmuş məqalələrdən misallar çəkib. Dissertant, həmçinin, ərəb mətbuatında dərc olunan Azərbaycan ədəbiyyatı ilə bağlı materiallara da nəzər salıb və təəssüflə qeyd edib ki, ispan mətbuatında ölkəmizin ictimai-siyasi durumu ilə bağlı xəbərlər dərc olunsa da, ədəbiyyatı ilə bağlı heç bir nümunə yoxdur.

Fəlsəfə doktoru proqramı üzrə dissertant Pərvin Mürsəlova "525-ci qəzet və beynəlxalq jurnalistika" mövzusunda məruzəsində qeyd edib ki, belə bir mövzu seçməkdə əsas məqsədi beynəlxalq jurnalistikanın ölkəmizdəki inkişafına töhfə verməkdir. "525-ci qəzet"i Azərbaycanın ədəbi normalara riayət edən ən öncül media orqanlarından biri kimi səciyyələndirən məruzəçi çıxışında qəzetin beynəlxalq arenadakı fəaliyyətinə nəzər salıb. Qeyd edib ki, sözügedən qəzet təkcə milli mətbuata yox, ədəbiyyat sahəsinə də öz töhfələrini verməkdədir.

ADU-nun Filologiya və jurnalistika fakültəsinin II kurs tələbəsi Gülşanə Mustafayeva çıxışını "525-ci qəzet və ədəbi gənclik" mövzusu üzrə təqdim edib. O deyib ki, mətbu orqan meydana gəldiyi ilk gündən Bakı Dövlət Universitetinin və eləcə də digər universitetlərin Jurnalistika fakültəsi üzrə təhsil alan tələbələri daim diqqətdə saxlayıb, onların ilk qələm təcrübələrini sevgi ilə dərc edib, gənclərə öz yardımını əsirgəməyib. Məruzəçi qəzetin hələ 1993-cü il 17 iyul tarixli sayında ağdamlı 14 yaşlı şagirdin çap olunmuş "Ağdam, yəni Azərbaycan təhlükədədir" adlı yazısını xatırladaq, qeyd edib ki, hər zaman bir amala xidmət edən qəzet bir çox istedadlı yaradıcı gənci ətrafında cəm edə bilib. G.Mustafayeva məruzəsində qəzetlə əməkdaşlıq edən gənc yazarların da fikirlərinə yer verib.

Universitetin Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı Aynur Səfərli "525-ci qəzet"in fonunda milli-mənəvi dəyərlərin əksi" mövzusunda məruzə edərək deyib ki, "525-ci qəzet" ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dini tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik kimi dəyərləri təbliğ etməyə xüsusi önəm verən mətbuat orqanıdır. Məruzəçi bildirib ki, "525-ci qəzet" kütləvi informasiya vasitəsi olaraq bütövlükdə bir dünyadır və bu dünya öz sosial-psixoloji təsiri mahiyyəti ilə əvəzedilməz, müqayisəolunmaz dərəcədə təsir gücünə malikdir. O, gənclərin milli ruhda tərbiyəsində qəzetin əvəzsiz xidmətlərinin olduğunu da vurğulayıb.

ADU-nun Filologiya və jurnalistika fakültəsinin tələbəsi, türkmən əsilli Akqabay Muradov "Türkmənistan mediası ilə müqayisədə "525-ci qəzet" mövzusunda məruzə edib. Məruzəçi Türkmənistanda çap olunan "Zaman" və "Vatan" qəzetləri ilə "525-ci qəzet" arasında paralellər aparıb. "Zaman" qəzetinin "Çinar" adlı əlavəsində, eləcə də "Ədəbiyyat və incəsənət" bölməsində yalnız tanınmış yazarların çap olunduğunu vurğulayan A.Muradov ondan fərqli olaraq, "525-ci qəzet"də tanınmışlarla eyni səhifədə gənclərin də yazılarına rast gəlməyin mümkünlüyünü qeyd edib. Məruzəçi dil, üslub baxımından fərqləri sadalayarkən "525-ci qəzet"in dilinin kütləvi, aydın və rəvanlığını nəzərə çatdırıb, burada Azərbaycan ədəbi dil normalarının gözlənildiyini deyib.

İctimai-siyasi xəbərlərin təhlilində sözügedən qəzeti Türkmənistanın "Vatan" qəzeti ilə müqayisə edən A.Muradov deyib ki, "Vatan" qəzeti siyasi xəbərləri yalnız kiçik informasiya şəklində çatdırırsa, "525" onun analitik şərhinə və politoloqların açıqlamasına da yer verir. O, iki dövlətin mediası arasında oxşarlıqları qeyd edərək deyib ki, "525-ci qəzet" və istənilən türkmən KİV orqanı öz nəşrlərində xalqın milli adət-ənənələrini, tarixini, mental dəyərlərini oxucularına çatdıraraq, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, adət-ənənələrimizin yaşadılmasında əvəzsiz xidmət göstərir.

Universitetin Filologiya və jurnalistika fakültəsinin tələbəsi Nuridə Yəhyazadə "525-ci qəzet"in şənbə buraxılışı" haqqında danışıb. Bu məruzə üçün qəzetin baş redaktoru Rəşad Məciddən müsahibə aldığını deyən çıxışçı baş redaktorun vaxtilə "New York Times" qəzetinin şənbə buraxılışını gördükdən sonra həftəsonları daha irihəcmli buraxılışlar buraxmaq qərarına gəldiyini bildirib. O deyib ki, qəzetin şənbə buraxılışında yalnız Azərbaycanda deyil, başqa ölkələrdə yaşayan yazarların da yaradıcılıq nümunələri çap olunur.

"525-ci qəzet"də ana dili məsələsi" mövzusunda məruzə edən Filologiya və jurnalistika fakültəsinin tələbəsi Kəmalə Həsənova deyib ki, qəzetin oxucular tərəfindən sevilməsinin əsas səbəblərindən biri də çatdırılan informasiyaların düzgünlüyü ilə yanaşı, ana dilinə verilən dəyərdir. Məruzəçi çıxışında qəzetin səhifələrində dərc olunmuş bir sıra xəbər və məqalələrdən sitatlar gətirib.

Daha sonra ADU-nun Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağayeva, Pedaqoji elmlər üzrə fəlsəfə doktoru Vidadi Bəşirov, professor Adil Babayev və başqaları çıxış edərək qəzetin milli mətbuatdakı yerindən, jurnalistikanın və ədəbiyyatın inkişafındakı xidmətlərindən söz açıb, ona yeni yaradıcılıq uğurları arzu ediblər.

Sonda "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid başda universitetin rektoru, akademik Kamal Abdulla olmaqla konfransın təşkilində xidmətləri olan hər kəsə, çıxışçılara və məruzəçilərə təşəkkürünü bildirib, məruzələrlə bağlı fikirlərini bölüşüb. Ədəbiyyatın jurnalistika başda olmaqla, bütün elm sahələri ilə əlaqəsini vurğulayan R.Məcid Dillər Universitetinin tələbələri ilə qəzet arasında əməkdaşlığın mümkünlüyündən danışıb, qəzetin hər zaman gənclərin üzünə açıq olduğunu deyib.

Şahanə MÜŞFİQ

 





01.12.2017    çap et  çap et