525.Az

"Ədəbi 525" və redaktoru Rəşad Məcid - "525"-25


 

ÜÇ TEZİS İŞIĞINDA

"Ədəbi 525" və redaktoru Rəşad Məcid - <b style="color:red">"525"-25</b>

“525” - müstəqilliyin qəzetidir. 25 il əvvəl milli ictimai varlığımıza müstəqillik ab-havasının, müstəqillik ideyalarının romantik qanadında daxil olmuş və reallığın hər cür sərt üzünə sinə gərərək məqsədyönlü fəaliyyətində həmin ideyaları həyata keçirə, gerçəkləşdirə bilmişdir. Məhz o qəzetlərdəndir ki, bu gün haqqında Mirzə Cəlilin təbirilə: “525-ci qəzet”i “Təbiət özü yaratdı, zəmanə özü yaratdı” deyə bilirik.

“525” - ümummilli qəzetdir. Professor Cahangir Məmmədli yubiley münasibətilə qələmə aldığı “525” - zamanın sorağında” adlı sanballı kitabında ilk addımlarından “ictimai və millət maraqları”nı güdən, “müstəqil Azərbaycan dövləti” uğrunda çarpışan və gələcəkdə (yəni bu gün) “böyük, bütöv, sarsılmaz Azərbaycan dövləti”ndə(n) öz payını və yerini görə bilən qəzetin 25 illik çətin, şərəfli, mübarizə və qalibiyyət dolu yolunu dərin bələdliklə, təfərrüatlı, geniş faktlara və mənzərələrə varmaqla analitik süzgəcdən keçirir. Zamanı üçün kifayət qədər cəsarətli “525-ci yerdən birinci olmaq” iddiasından “ümummilli qəzet” səviyyəsinə, mətbuat aləminin olimpinə yüksələn “525-ci qəzet”in mərhələlərlə (1990-cı illərin içindən, onillik, iyirmi illik və bu gün zirvələrindən) zamanla birgə dəyişən obrazı və dəyişməz iddiasına haqq və layiqincə dəyər verir. Kitaba əlavə olunan “525” materialları, qəzetin müəlliflərinin yubiley sözü və təbrikləri də bu qiyməti əyani olaraq təsdiq və illüstrə edir.

“525” - həm də ədəbiyyat və sənət qəzetidir. Bu imici də ona zaman qazandırmışdır. Məqaləmdə bu barədə danışmaq istəyirəm. Həm də “525” və ədəbiyyat, “525-ci qəzet”dən görünən ədəbi proses barəsində yox. Bu mövzunu professor Cahangir Məmmədli kitabın “525-ci qəzet və ədəbi mühit” adlı bölməsində kifayət qədər işıqlandırır. Qəzetin müəllifləri sırasında ədəbiyyat adamları, yazıçılar, şairlər, publisist və tənqidçilər, ədəbiyyatşünas və professorlar bəlkə də ən böyük çoxluğu təmsil edir və bu məqama onlar da önəm verirlər.

Akademik İsa Həbibbəyli yazır: “Siyasətçilər üçün ən yaxşı ictimai-siyasi qəzet kimi qəbul edilən “525-ci qəzet” ədəbiyyatçılardan ötrü də geniş auditoriyası olan oxunaqlı ədəbiyyat qəzetidir...” Xalq yazıçısı Anar deyir: “Bəlkə qəzetin bu qədər populyarlıq qazanmasına, sevilməsinə əsas səbəb ədəbiyyata geniş yer verməsidir. Klassiklərimizdən çağdaş yazarlarımıza qədər ən müxtəlif müəlliflərin əsərlərinin çapı, təbliğatı, bu qəzetin xidmətləri sırasında qeyd olunmalıdır...” Xalq yazıçısı Elçin deyir: “525-ci qəzet” ictimai-siyasi qəzetdir, ancaq ədəbiyyat mövzusu (və ədəbiyyatın maraqları!) onun ən prioritet mövzularından biridir və o vaxt ki, bir çox mətbuat orqanlarında dərc olunan naşı və avam müəlliflərin “bədii”, eləcə də “tənqidi” yazıları bədii-estetik zövqü korşaldırdı, “525-ci qəzet” özünün professional müəlliflər aktivini yaratmağa nail oldu, istedadlı gəncləri özünə cəlb etdi, bədii ədəbiyyatla, onun problemləri ilə bağlı vacib bir tribunaya çevrildi, bununla da son 25 ildə ədəbiyyatımızın inkişafında əhəmiyyətli rol oynadı...”

Belə ki, “525-ci qəzet” və ədəbi proses, “Ədəbi 525”in müstəqillik dövrü ədəbiyyatının gəlişməsində mühüm rolu və yeri, ümumən ədəbi həyat, ədəbi inkişaf, ədəbi proses kontekstindən görünən “525-ci qəzet” “525-ci qəzet”dən görünən ədəbi proses mövzusundan daha genişdir və şəksiz ki, daha dərindən öyrənilməyə hacəti var. “Ədəbi 525”in müstəqillik dövrü ədəbiyyatının təşəkkülündə bizim ədəbi mətbuatımız qədər (“Azərbaycan”, “Ulduz”, “Ədəbiyyat qəzeti” və s.), bəzi görünməz məqamlarda isə deyərdim, hətta daha artıq xidmətləri var. Məqaləmdə  “hamının qəzeti”nin hamıya bəlli tərəflərindən yox, həmin “görünməz tərəflər”dən danışmağa, mövzunun yığcam konturlarını cızmağa çalışacam.

lll

“525-ci qəzet” küll halında, sözsüz ki, başda Rəşad Məcid olmaqla böyük bir yaradıcılıq kollektivin istedadının bəhrəsidir. “525” haqqında söz deyənlərin hər biri bunu vurğulamağı borc bilir. Amma səhv etmərəm, desəm ki: “Ədəbi 525”in ideya müəllifi və generatoru bilavasitə Rəşad Məcidin özüdür; hətta kollektivdə Yaşar Əliyev və Seyfəddin Hüseynli kimi gərəyincə layiqli yazıçı, ədəbiyyatçı, ədəbi redaktor olsa da; və zaman keçdikcə bu maşını hərəkətə gətirən işlək mexanizm formalaşsa belə. Ramiz Rövşən də təxminən elə, belə deyir: “Amma günün, zamanın konyukturası çox şeyi dəyişə bilsə də, bu qəzetin əbədi və ədəbi dəyərlərə olan münasibətini, sədaqətini dəyişə bilməyib. Bir vaxtlar ölkənin ən kütləvi qəzetlərindən biri olan “525-ci qəzet”i bu gün Azərbaycanın ən ziyalı qəzetlərindən birinə çevirən də məhz onun bu keyfiyyətidi və bu keyfiyyət heç şübhəsiz ki, qəzetin yaradıcısı, mənim əziz dostum Rəşad Məcidin adıyla, onun xarakteri, zövqü, ağlı və istedadıyla bağlıdı...”

Rəşad Məcid özü “Ədəbi 525”in yaranmasını 1996-dan hesablayır: “O zaman Azərbaycanda nəşr olunan qəzetlər, ictimai-siyasi qəzetlər öz səhifələrində ədəbiyyat nümunələri dərc etmirdilər. Bəzi dostlarımız deyirdilər ki, ədəbiyyat nümunələri dərc etmək qəzetin populyarlığına mənfi təsir göstərir. Elə bu nöqteyi-nəzərdən də çıxış edərək, qəzetlər bədii əsərlərin dərcindən imtina edirdilər. Amma biz bu ənənəni sındırdıq. Və mən çox sevinirəm ki, bu gün Azərbaycanda bir çox qəzetlər bədii ədəbiyyata xüsusi səhifələr ayırırlar, bədii əsərlərə geniş yer verirlər...”

Mən də xatırlayıram. Hətta o zaman çalışdığım “Ədəbiyyat qəzeti”ndə “Ədəbi qəzetlər” adlı bir yazı yazmış (11 aprel 1997), başda “525-ci” olmaqla günün “Müstəqil qəzet”, “Rezonans”, “Azadlıq”, “Xalq qəzeti”, “Panorama” və s. kimi ictimai-siyasi qəzetlərinin ayrıca ədəbiyyat səhifələri verməsini dəstəkləmiş, ədəbi prosesə təkan/təpər vermək kimi dəyərləndirmişdim. O da yadımdadır ki, həmin illərdə Anar müəllim Yazıçılar Birliyinin rəhbərliyində “525-ci qəzet”lə görüşə (4 nəfər idilər: Rəşad Məcid, Yaşar Əliyev, Yusif Rzayev və gərək ki, Qalib Toğrul) Ayaz Vəfalını və məni də çağırmışdı. Və məclis boyu Anar artıq formalaşmaqda olan “Ədəbi 525”in hünərlərini bircə-bircə təqdir etməklə, sanki həm də o zamanlar bir qədər donuq görünən “Ədəbiyyat qəzeti”ni ibrət almağa, ədəbi fəallığa dəvət edirdi. Bəlkə də mənə belə görünürdü; amma fürsətdən bəhrələnərək, bütün 1997-ci il boyu “Ədəbiyyat qəzeti”ndə “525-ci” və bəzi digər qəzetlərlə açıq və gizli polemikada bir sıra proses məqalələri dərc etdirdim (“Qəzetlərdə rubrikalar”, “Ədəbi qəzetlər”, “Şeir bazarı”, “Gərdişin təşvişi”, “Qəzet hekayələri”, “Ədəbi dərgilər”, “Ədəbi susanlar”, “Ədəbi fəallıq - yəni necə?”, “Ədəbi siyasət - yəni nə?” və s.) və rezonansı da oldu. Polemika lazımdır, polemik ruh olmasa, mənəvi hərəkət olmaz və bunun ifadəsi olan ədəbiyyat və sənət olmaz, o da ola müstəqilliyin ədəbiyyatı. “Ədəbi 525”in qaldırdığı məsələlərə ədəbiyyat müstəvisindən münasibət bildirməklə, bəlkə də daha çox elə “525-ci qəzet”in mövqeyini dəstəkləyirdim, nəinki “Ədəbiyyat qəzeti”ni; polemikaya təkan verdiyinə, prosesə azad polemik ruh gətirdiyinə görə.

Beləliklə, birinci tezisim. “525-ci qəzet” ötən əsrin sonlarında müstəqillik dövrü ədəbiyyatının təşəkkülündə bir sıra digər mətbuat arasında qabaqlayıcı və qabaqcıl rol oynamışdır. Həm də təkcə səhifələrində ədəbiyyata geniş yer ayırması ilə yox; məlumdur ki, yazıçıların 1997-ci il qurultayından sonra ulu öndər Heydər Əliyevin bilavasitə qayğısı nəticəsində Yazıçılar Birliyinin ədəbi orqanları ardıcıl çıxmağa başladı və Ədəbiyyat yenidən prosesə qayıtdı. “Ədəbi 525”in yeri bu halda ədəbi müxtəlifliyə, müsahibə və mübahisələrə, müzakirə və fərqli baxışlara alternativ meydan açması ilə müəyyənləşir; bu isə çoxsəsli, çoxüslublu ədəbiyyata aparan yolun başlanğıcını qoyurdu.

lll

“525 sevərlər” birmənalı olaraq 60-cıların “Ədəbi 525”i sevdiyi, nəşrinə sevindiyi və onu dəstəklədiyini vurğulayırlar. Professor Cahangir Məmmədli yazır: “Azərbaycanın 1960-cı illərdə yaradıcılıq dünyasına qədəm qoymuş və sonralar bütövlükdə sovet məkanında “altmışıncılar” adlandırılan önəmli sənət adamları, xüsusilə yazıçı, şair, tənqidçi və dramaturqları bu qəzeti öz yaradıcılıqlarını ictimailəşdirmək tribunası kimi qəbul etmişlər”. 60-cılar “525”i seçdilər; professor öndə: Anar, Elçin, İsa Həbibbəyli, Rafael Hüseynov, Afaq Məsud, Kamal Abdulla, Ramiz Rövşən olmaqla onlarla adlar sadalayır, müəyyən misallar da göstərir. Anarın esse, məqalə, hekayələri ilə yanaşı, “Ağ qoç, qara qoç” povesti, “Yaşamaq haqqı” traktatından parçalar, Elçinin “Qarabağ hekayələri”, “Nağıl-hekayələri”, portret-məqalələri, publisist yazıları, zaman-zaman ədəbi prosesə yön verən “Ədəbiyyatımızın Vaysman xəstəliyi”, “Sosrealizm bizə nə verdi?”, “Aqoniya, yoxsa təkamül?”, lap bu günlərdə “Söz azadlığı tənqidimizə nə verib?”, Yaşar Əliyevin “Elçinlə ədəbiyyat söhbəti” adlı tənqid silsilələri məhz “525”də çap olundu. O da maraqlıdır ki, istər Anar, istərsə də Elçin 2000-ci illərdən başlayaraq yazılarını “Ədəbiyyat qəzeti”ndən də çox “525”in şənbə saylarına etibar edir, bəzən isə eyni yazıları paralel hər iki qəzetdə dərc elətdirirdilər. Ramiz Rövşənin “İnsan mənzərələri” silsiləsini, Afaq Məsudun yeni hekayələrini və “Duyğu imperiyası”nı, Kamal Abdullanın hekayə və esselərini “525”dən oxumuşuq.

Professor Cahangir Məmmədli bir tele-çıxışında məxsusi vurğuladı ki: əgər “525-ci qəzet” özü mətbuat aləmində bir brenddirsə, şənbə  sayları da “525”in brendidir. Qocaman professor Şirməmməd Hüseynovun Üzeyir Hacıbəyli, M.Ə.Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Əlibəy Hüseynzadə və başqa onlarca klassik publisistlərimizin əski əlifbadan alıb latına transliterasiya etdiyi yazılarını məhz burda oxumuşuq. Vilayət Quliyevin “XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan dövlət və ictimai xadimlərinin azərbaycançılıq, dövlətçilik, müstəqillik ideyalarını” aktuallaşdıran, müasir oxucuya çıxaran ardıcıl tədqiqatları ilə də burda tanış olmuşuq. Akademik İsa Həbibbəylinin ədəbiyyat tariximizin neçə-neçə “yatmış səhifələri”nə yenidən ehya verən akademik yazılarını da ilk olaraq “525-ci qəzet”də vərəqləmişik. Klassik Şərq-Qərb fəlsəfə dəyərləri ilə günün aktuallıqları üzərinə yeriyən Səlahəddin Xəlilovun fəlsəfi yazılarını da biz “525”də izləmişik...                           

“Ədəbi 525”, həmçinin, klassik “tənqid fəallığı”nı hərəkətə gətirdi. Zəmanəmizin ən məhsuldar filoloqu akademik Nizami Cəfərovun çoxaspektli “ədəbiyyat yozumları”, zəmanəmizin ən intensiv tənqidçisi Vaqif Yusiflinin usanmaz “ədəbiyyat enerjisi”, yeni dövr tənqidçilərindən Bəsti Əlibəylinin 60-cılar ədəbiyyatına tükənməz sevgisi və sədaqəti, Cavanşir Yusifli, Əsəd Cahangir imzaları “525” səhifələrində(n) ardıcıl görünməklə  tənqidi prosesə rəvac verdi. O cümlədən, 2003-cü ildə “Proza önə çıxdı” adlı silsilə yazılarımdan başlayaraq mən də “525-ci qəzet”də dərc olunmağa start verdim...    

Beləliklə, ikinci tezisim. 2000-ci illərin əvvəllərində nə zamandır nostaljisini yaşadığımız 1960-1980-ci illərin canlı ədəbi prosesinin müstəqillik dövrü ədəbiyyatında təzə formatda bərpa olunmasında “Ədəbi 525”in misilsiz xidmətləri vardır. Doğrudur, bu zaman “525-ci qəzet” yeganə deyildi. Hətta “yeni”nin, yeni tələblərin sorağında “Yeni Azərbaycan”, “Ədalət” kimi qəzetlərin yeni yaranmış “Ədəbiyyat” əlavələri daha intensiv görünür, Yazıçılar Birliyinin ənənəvi mətbuatını alternativlər yarışına çağırırdılar. Bir-birini əvəz edən “Ruh”, “Proloq”, “Sənət qəzeti” kimi sırf ədəbi qəzetlər, yenisi.net, adyazar, kult.az kimi ədəbi saytlar irəli gəlmişdi... Amma şəksiz ki, “Ədəbi 525” daha əvvəllərdən gəlirdi, daha təmkinli idi və görünür ki, daha uzaq niyyətlərində israrlı idi. Bunu Rəşad Məcidin hələ 2002-ci ildə media-həmkarlarına çağırışından da görmək olur: “Arzu edərdik ki, həmkarlarımız öz diqqətlərinin istiqamətini dəyişsinlər. Ədəbiyyatımıza daha çox diqqət yetirsinlər, ədəbiyyatımızın, mədəniyyətimizin problemlərini işıqlandırsınlar, onların həllində öz köməklərini əsirgəməsinlər. Hesab edirəm ki, hamımız birgə çalışsaq, buna nail ola biləcəyik...”

“Ədəbi 525” 1960-1980-ci illərin klassik ədəbi proses təcrübəsini mənimsəmiş, 60-cıların platformasında durur və hər növ “yenilikçiliy”ə tələsmədən məhz onu dəstəkləyirdi. Belə bir misal. 2001-ci ildə Yazıçılar Birliyi “525-ci qəzet”i “Çağdaş ədəbiyyatı səmərəli və ardıcıl şəkildə təbliğ etdiyinə görə” “Sözün sorağı” mükafatına layiq gördü. 2002-ci ildə bu dəfə təşəbbüsü ələ alaraq “525-ci qəzet” “İlin bədii əsəri” mükafatnı təsis edir. Və ilin nəticələrinə görə Elçinin “Sarı gəlin” hekayəsi bu mükafata layiq görüldü. 2003-cü il üçün həmin ödülü Anarın “Ağ qoç, qara qoç” povesti, 2005-ci il üçün isə Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı qazandı. Həpsi 60-cılar. Məsələn, alternativ prosesdən misal desəm, 2003-cü ildə yeni yaranmış YeniSi ədəbi internet portalı da “Proza N” adlı bir müsabiqə keçirmiş və müsabiqədə məhz 60-cıların - Sabir Əhmədlinin, Elçinin, Kamal Abdullanın, Afaq Məsudun, Əkrəm Əylisli və Ramiz Rövşənin münsifliyi ilə qaliblər yeni gənc imzalar - Şərif Ağayar, Mehman Musabəyli və Seymur Baycan olmuşdular...

Bu zaman Rəşad Məcidin özü də Ədəbiyyatda hələ gənc imza idi. Amma artıq, görünmüşdü; ona etibar etmişdilər, onu seçmişdilər. Rəşad Məcid 2004-cü ildə yazıçıların XI qurultayında Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi seçildi... Bu, hər şeydən öncə, “Ədəbi 525”in qələbəsi idi.

lll

Bircə hekayə ilə ədəbi olimpə sıçrayış, ən azı bizim ədəbiyyat tariximizdə, görünməmişdir. Söhbət “10 sentyabr” hadisəsindən gedir. O hekayədən ki, gənc yazıçı özünə inamla, bircə mənəvi aktla bütün dünyanı xilas etmək istəyirdi. Hekayə Rəşad Məcid xarakterinə yaraşan tərzdə, həyata maksimalist və bir qədər ironik yanaşa bilməyin nümunəsi idi... Doğrudur, Rəşad Məcid şairdir, “Hələ ki vaxt var” adlı ilk kitabı 1993-cü ildə çıxıb. Sərrast qələmli publisistdir, zəngin mənəvi xəyalatı olan esseistdir və “10 sentyabr”ı yazan nasirdir. Amma bütün bunları ədəbiyyat oxucuları daha ətraflı sonradan, Rəşad Məcidin kitablarından “10 sentyabr” (2004), “Əlvida və salam” (2009), “Dəlicəsinə” (2014), “Çiyələk qadın” (2014), “Bir də gəlməyəcək” (2015), “Cığıraçan” (2015) və “Roman” (2015), xüsusən də akademik İsa Həbibbəylinin “Bütün yönləri ilə yaradıcı” portret-oçerkindən bildi. Daha da mühüm olan Rəşad Məcidin ümumən ədəbiyyat adamı, bacarıqlı ədəbiyyat təşkilatçısı olmasıdır...

Bir sıra “proses yazıları”mda 2004-cü ildən sonrakı dövrü mən Yazıçılar Birliyinin tarixində ədəbi mübarizənin Anar mərhələsindən Rəşad Məcid mərhələsinə keçidlə səciyyələndirmişəm. Təbii ki, başqanın öz xeyir-duası ilə; Anar yazır: “Onu da xüsusi vurğulamaq istəyirəm ki, elə ilk nömrələrindən “525-ci qəzet” gənclərə geniş meydan verdi. Bu, həm də yaradıcı heyətin uzaqgörənliyindən, millətin gələcəyi üçün bacarığını əsirgəməməsindən xəbər verən məqamdı. Məhz buna görə Yazıçılar Birliyinin gənclər üzrə katibi məsələsini düşünəndə ağlımıza gələn ilk namizəd Rəşad Məcid oldu...” 2000-ci illərin əvvəllərində Yazıçılar Birliyi ənənə əsasını, klassik ədəbiyyat dəyərlərini qorumaqla, eyni zamanda, yeni tarixi şəraitə axıracan köklənə bilmir; haqlı-haqsız zamanın yetirdiyi alternativ qurumların, habelə daim üsyankar ədəbi gəncliyin həmlələri ilə üzləşirdi. Hətta “2000-cilər” deyilən bütöv bir ədəbi nəsil kənarda qalmağa üstünlük verib, AYB-yə qarşı müxalif və ya da loyal mövqedə dururdular. Struktur və kadr islahatları məhz 2004-dən sonra başladı. O cümlədən, Gənclər katibi Rəşad Məcid ona etibar olunan yeni vəzifənin imkanları və “Ədəbi 525” vasitəsilə 2000-ciləri loyallaşdıraraq, növbəti ədəbi nəslin səmtini yenidən Yazıçılar Birliyinə çevirə bildi. Demək olar ki, ədəbi gəncliyi ifrat solçuluğa və radikalizmə meyl edən AYO-nun (Azad Yazarlar Ocağının) əlindən aldı.

Deyim ki, bu məqamda isti xarakterə malik Rəşad Məcidin bir insan kimi fərdi keyfiyyətləri xüsusi rol oynayır. Yaşca Rəşad məndən cavandır, amma onu həmişə özümdən çox-çox müdrik görmüşəm. Praktik olaraq onu küsdürmək, incik salmaq mümkünsüzdür; o da ola ədəbiyyata münasibətdə. Ədəbi mühitdən bilirik, dəfələrlə olub ki, bu və ya digər istedadlı gəncin AYB-yə qarşı, Anar müəllimə qarşı çılğın etiraz və həmlələrinə Rəşad Məcid sipər olub, zərbəni üzərinə götürüb. Prinsipiallıqla AYB mövqeyində dursa  da, gənc istedadı da qoruyub, mənən əzilməsinə yol verməyib...

Belə ki, həyata keçirdiyi çoxsaylı layihələr sırasında (ki, Cahangir müəllimin kitabında da əks olunub və hamısından bir yazıda danışmaq çətindir), xüsusən Rəşad Məcidin 2008-ci ildə yaratdığı və bugünəcən də uğurla davam etdirdiyi Gənc Ədiblər Məktəbi güclü effekt doğurmuş. Qətiyyətlə demək olar ki, son on ildə ədəbiyyata gələn və artıq özünü təsdiq etmiş bir çox  istedadları həmin məktəb yetirmiş. O cümlədən: Qismət, Cavid Zeynallı, Zərdüşt Şəfizadə, Aysel Əlizadə, Pərvin, Ulucay Akif, Emin Piri, Gülnar Səma, Şahanə Müşfiq və onlarla digərlərini misal çəkmək olar. Doğrudur, günün rəngarəngliyi, müstəqillik dövrü ədəbiyyatının polifonizmi içərisində AYB-nin “gənclər siyasəti” yalnız bircə xətdir, amma leytmotivi təmsil edən xətdir. Anar da etiraf edir: “Doğrudan da, Azərbaycan Yazıçılar Birliyi ətrafında birləşən, Gənc Ədiblər Məktəbində toplaşan istedadlı gənclərin tanıdılmasında, meydana çıxmasında “525-ci qəzet”in xüsusi rolu var”.

Bu da olsun üçüncü tezis. Günün ədəbiyyatının yaranmasında, məxsusən yeni ədəbi nəsil yazıçı və oxucularının formalaşmasında “Ədəbi 525” və onun redaktoru Rəşad Məcidin fəal rolu danılmazdır. Doğrudur, bu missiyada o, yeganə deyildir; günün ədəbi proses rəngarəngliyini yaradanlar: ədəbi mətbuat, “Azərbaycan”, “Ulduz”, “Ədəbiyyat qəzeti” ilə yanaşı, “Kaspi” qəzeti, “Kulis.az” və “Axar.az” saytları, Yaradıcılıq fakültəsi, Yaradıcılıq fondu və Sim-sim.az saytı, Kitabevim.az, Sənət.az və Ustad dərgisi, Yazı dərgisi, Avanqard.net və s. çoxsaylı proses subyektləri içərisində “Ədəbi 525” məhz onunla seçilir ki, təkcə zamanın tendensiyalarını passiv ifadə etməklə kifayətlənmir; az sayda ədəbi ideya forpostlarındandır ki, özü də tendensiya yaradır. Bəlkə buna görədir ki, 25 illik tarixi addımlarında, günün dəbinə uyub yarıyolda qalan nə qədər sıra yoldaşlarını geridə qoyub, daha da inamla irəliləməkdədir.

Bu gün artıq “Molla Nəsrəddin” yaşına çatmış “525-ci qəzet”ə “Molla Nəsrəddin” uzunömürlüyü, əbədiyyət ömrü arzulayaq.

 





02.12.2017    çap et  çap et