525.Az

Milli mətbuat məkanında "525-ci qəzet" - "525"-25


 

Milli mətbuat məkanında "525-ci qəzet" - <b style="color:red">"525"-25</b>

Dövlət müstəqilliyimizin verdiyi imkanlar, yaratdığı şərait ölkədə çoxsaylı mətbuat orqanının yaranması üçün də əlverişli bir fürsət oldu.

Həmin fürsətdən yararlanma mətbuatın həm də ona görə halal haqqı idi ki, xalqın dövlət müstəqilliyi uğrunda inadlı mübarizəyə hazırlanaraq təşkilatlanmasında onun (mətbuatın) da payı, xidmətləri az deyildi. Belə ki, həm çar, həm də sovet senzura sisteminin sərt qadağa və sayıq nəzarəti altında belə milli ictimai fikir müstəmləkə və totalitar rejimə qarşı öz müqavimətini müxtəlif şəkildə biruzə verir, xalqın dövlətçilik yaddaşını və milli istiqlal haqqını oyaq saxlamağa, onu sosial-mənəvi mürgüdən uzaq saxlamağa çalışırdı.

Təsadüfi deyil ki, milli istiqlal uğrunda fəal kütləvi mübarizə hərəkatı ərəfəsində illərlə Sov. İKP-nin orqanı statusunda fəaliyyət göstərmək məcburiyyətində olan milli mətbuat nümunələrinin bir çoxunda mərkəzdənqaçma əlamətləri aydın sezilməyə başladı; “Gənclik” – “Molodost”, “Azərbaycan”, “Ulduz” jurnalları, “Kommunist”, “Səhər”, “Molodyoj Azerbaydjana” qəzetləri, Azərbaycan televiziya və radiosu və sair mətbuat və informasiya orqanları mövcud rejimin qadağa, xof və sərhədlərini aşaraq inadla illərlə hazırlanmasında iştirak etdikləri xalq hərəkatına doğru meyillənmək yolunu tutdular. Nəticədə “Kommunist” qəzeti (və bəzi digər mətbu orqanlar) xalq hərəkatını təqdir edən, mitinqləri işıqlandıran müxtəlif məqalə və reportajlar dərc edir, Azərbaycan dövlət televiziyası mitinqdən canlı reportaj verir, “Kommunist” qəzetinin adı “Xalq qəzeti”nə, onun əlavəsi kimi çıxan “Səhər” müstəqil qəzetə çevrilir, ədəbi orqanlarda imperiyanın Azərbaycana qarşı yürütdüyü məkrli siyasətin ayrı-ayrı detallarını ifşa edən bədii və publisistik materiallar xalqın mövcud rejimə qarşı qəzəb və nifrətini, azadlıq, müstəqillik uğrunda mübarizə əzmini daha da möhkəmləndirir. Dönməz xarakterə çevirirdi.

Milli müstəqilliyin ilkin işartıları yeni-yeni nəşrlərin, mətbuat orqanlarının işıq üzü görməsi, mübarizə meydanına çıxması ilə də müşayiət olunurdu. “Azadlıq”, “Aydınlıq”, “Azərbaycan”, “Yeni Müsavat”, “Milli istiqlal”, “İstiqlaliyyət”  və s. və i.a. Müstəqilliyin ilk illərində onların sırasına öz səsi və nəfəsi ilə seçilməyə çalışıb qısa vaxt ərzində istəyinə çatan bir mətbuat nümunəsi də qoşuldu. Bu mətbu orqan adının orijinallığı ilə də diqqəti cəlb edən “525-ci qəzet” idi.

Həmin qəzet də imperiyanın müxtəlif təzyiq və qadağaları ucbatından milli istək və arzularını, fikir və düşüncələrini söyləyib öz ürəyini boşaltmaqla, soydaşlarını ictimai-milli oyanışa, istiqlaliyyət uğrunda mübarizəyə, səfərbərliyə çağırmağa təşnə olan sərbəst düşüncəli, müstəqil meyilli bir vətəndaşın və onun həmfikirlərinin, məsləkdaşlarının iradəsi ilə meydana çıxarılmışdı. Amalı birinci növbədə hansısa qrupun, partiya və ya qurumun deyil, bütövlükdə xalqın, vətənin və dövlətin mənafeyinə xidmət olan həmin təsisçi – Rəşad Məcid onun əsərinin – “525-ci qəzet”in oxucuların sevimlisi, etibarlı və etiqadlı, güvəncli həmsöhbəti olacağına ona görə inanırdı ki, ”... qəzet (“525-ci qəzet” – A.B.) həqiqəti başlıca meyar kimi qəbul edəcək və bir adamın, bir qrupun, bir partiyanın yox, Müstəqil Azərbaycan dövlətinin gələcəyinə xeyir verə biləcək doğrunun tərəfində olacaq”. Bu isə jurnalistikanın başlıca fəaliyyət prinsiplərindəndir; fikir və ictimai mövqe sərbəstliyi, xalqın firavanlığına, xoşbəxt gələcəyinə, dövlətin möhkəmliyinə, onun müstəqilliyinin davamlı və uzunömürlü olub getdikcə qüdrətinin artmasına, dövlətlə cəmiyyət, vətəndaşlar arasında qarşılıqlı inamın, vətəndaş cəmiyyətinin formalaşdırılmasına öz intellekti, vətənpərvərlik məzmunlu yazıları ilə dəstək vermək hər bir jurnalistin və mətbuat orqanının əsas fəaliyyət prinsipi, vətəndaşlıq amalı olmalıdır.

“525-ci qəzet”özünün fəaliyyəti ərzində jurnalistikanın bu prinsiplərinə sadiq qalaraq götürdüyü öhdəlikləri yerinə yetirə biləcəyinə həm də ona görə əmin idi ki, onun yaradıcı heyətinin tərkibinə və “ətrafına istedadlı, təmiz, saf cavanların toplaşacağına inanırdı”. Doğrudan da, “525-ci qəzet”in müəllif kontingenti, işçi heyəti istedadlı, sərbəst vətəndaş mövqeli, güclü, milli təəssüb hissinə, ayıq düşüncəyə malik jurnalistlər cəmləşməyə başladı; Yusif Rzayev, Yaşar  Əliyev və başqalarını “525”-in ətrafında təsisçinin imkan yaratdığı sərbəst yaradıcılıq atmosferi ilə yanaşı vətəndaş mövqeyinin, dünyabaxışın uyğunluğu, əqidə amal birliyi cəmləşdirdi. Baş Redaktor qəzeti təsis etməklə qalmayıb, onun işçi qrupunu, fəaliyyət prinsipini sağlam əsaslar üzərində formalaşdıra bildi.

Uğur qazanmağın əsas şərtlərindən biri də budur; təşkilatçılıq bacarığının, kadrların seçilməsi və yerləşdirilməsi, onların hər birinin iş qabiliyyəti və yaradıcılıq imkanlarının düzgün dəyərləndirilərək istiqamətləndirilməsi məharətinin nəticəsidir ki, redaksiyada sağlam, güvəncli və dayanıqlı bir mühit formalaşmışdır.

Qəzet jurnalistikanın əsas fəaliyyət prinsiplərinə, sağlam özüllü vətəndaşlıq mövqeyinə sadiq qalmaqla özünün mövzu, məzmun və mündəricə zənginliyini də təmin etməkdədir. Tədris prosesində gələcək jurnalistlərə yeri gəldikcə izah etdiyimiz kimi hər bir mətbuat orqanının fəaliyyətində Baş Redaktorun maraq dairəsinə, yaradıcılıq potensialı və dünyabaxışına uyğun cəhətlər hökmən özünü göstərir. “525-ci qəzet”in təsisçisi və Baş Redaktoru, həm də yazıçı və şair olduğu üçün həmin qəzetin səhifələrində ədəbi-bədii yazılar da sıx-sıx görünməyə, hətta həftəlik “Şənbə” – “Ədəbiyyat” nömrələri də çıxmağa başladı. Nəticə olaraq, milli ictimai-ədəbi yaradıcılıq üfüqlərində sağlam yaradıcılıq maştabının genişləndirilməsinə verdiyi töhfələr nəzərə alınıb Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyininin rəhbər heyətində – katibliyində də təmsil olundu.

“525-ci qəzet” öz fəaliyyətini Müstəqil Azərbaycan Dövlətinin milli mənafeyə, dövlət maraqlarına, xalqın firavanlığı mənafeyinə uyğun yürütdüyü uzaqmənzilli siyasətin tələb və prinsipləri əsasında qurmaqla sərbəst bazar iqtisadiyyatının tələblərinə də bacarıqla əməl edir. Bununla o, sahibkar (biznesmen) – jurnalist zümrəsinin formalaşmasına, həmin istiqamətdə də ənənə və varislik prinsiplərinə sadiqlik nümunəsini göstərir. H. Zərdabi, Səid və Cəlal Ünsizadə qardaşları, M. Şahtaxtlı, Ə. Ağayev, H.Vəzirov, C. Məmmədquluzadə, Ə. Cəfərzadə, H. Mahmudbəyov, Q. R. Mirzəzadə və başqalarının çoxsahəli vətəndaş-jurnalist fəaliyyəti ənənələri Rəşad Məcidin, Akif Aşırlıın, Aqil Abbasın və b-nın timsalında yenidən çiçəklənməkdə, öz bəhrəsini verməkdədir. Tədris prosesində, xüsusən “KİV-in iqtisadiyyatı” fənnini keçərkən biz həmin sahibkar jurnalistlərin fəaliyyətlərində, onların həm də sahibkarlıq fəaliyyətlərini, biznes bacarıqlarını, “qəzet bazarına girib” orada duruş gətirəbilmə qabiliyyətlərini tələbələrə örnək göstəririk. Çünki hər bir şəxsin, o cümlədən jurnalistin yazı yazmaq bacarığı ilə yanaşı, müxtəlif bank-maliyyə, sosial-iqtisadi, təşkilati-hüquqi və s. məsələlərlə əməli şəkildə məşğul ola bilməsi də onun intellekt göstəricilərindəndir. Bu sahibkar jurnalistlərin (və onların həmkarlarının, sənət dostlarının) hamısı gələcək, “... Bütöv, Böyük, Sarsılmaz Azərbaycan dövlətinin xoşbəxt, firavan sakinləri”nin mənafeləri uğrunda inamla çalışırlar. Həmin jurnalistlərin ön sıralarında olan “525-ci qəzet”in yaradıcı kollektivinin də fəaliyyətinə stimul verən, uğrunda çalışdıqları amalın həqiqətə çevriləcəyinə bəslədikləri sarsılmaz inamları, vətəndaşlıq məsuliyyətidir.

 





04.12.2017    çap et  çap et