525.Az

"525"in 25 yaşı - "525"-25


 

"525"in 25 yaşı - <b style="color:red">"525"-25 </b>

Hər şeyin sürətlə dəyişdiyi bir zamanda "525-ci qəzet"in iyirmi beş yaşı tamam olur, az qala Azərbaycanın müstəqilliyi ilə yaşıd olan bizim doğma qəzet, əslində sabitlik, tarazlıq və müdriklik rəmzidir.
 
Ədəbi dərgilərin, ədəbiyyatla, sənətlə bağlı mətbu səhifələrin maliyyə böhranı və müxtəlif səpgili gərginliklər  yaşadığı 90-cı illərdə  özünü saxlaya bilən "525" həqiqətən tunelin sonundakı ümid işığı,  boğanaqlıq şəraitində təmiz hava gətirən  nəfəslikdi.

Uzun illər Azərbaycan ədəbiyyatını, ziyalı fikrini, ziyalı düşüncəsini səhifələrində işıqlandıran "525"  ölkə müstəqilliyinin yetirməsi kimi onunla bir addımlayır, onunla birgə yaşayır.  Neqativlərlə reytinq və oxucu qazanmağa üstünlük verən çox sayda qəzetlərdən, bu gün qəzetlərdən çox populyarlıq qazanmış internet saytlarından  fərqli olaraq "525"  öz simasını nikbin notlara kökləmiş, bütün fəaliyyətində səhifələrini  yaxşıya, pozitivə açmağı bacarmışdır. Dörddə bir əsrdir ki, qəzet hər  cür çətinliklərdən keçərək  öz yolundan sapmamış, rəğbət doğuran imicini saxlaya bilmişdir.  

Hər bir övlad valideyninə bənzəyir. Bu adi həqiqəti bir daha təsdiq etmək üçün bir Rəşad Məcidə, bir də "525-ci qəzet"ə baxsaq, heyrətamiz oxşarlığın şahidi olarıq.   Həqiqətən, "525-ci qəzet" istedadlı  nasir, incə duyumlu şair, zamanın ruhunu anındaca hiss etməyi bacaran, çağın ritmini dərhal tutan və ona uyğun fəaliyyət istiqaməti götürən  görkəmli jurnalist Rəşad Məcidin  özünə çox oxşayır. Qəzetin bir neçə nömrəsi ilə  tanışlıq kifayət edir ki, uzaqdan belə Rəşad Məcidin kim olduğunu müəyyən edə biləsən.

Rəşad Məcid qəzetin işlək müxanizmini elə bir ustalıqla qurub, elə bir komanda yaradıb ki,  sanki "525" Rəşad Məcidsiz də işləyə bilər. Bu yerdə görkəmli dirijorumuz  Niyazi ilə bağlı bir məqam yadıma düşür. Mayestronun uzun illər  baş dirijoru olduğu Azərbaycan Dövlət Simfonuk orkestrinin gərək ki, 60 illik yubileyi münasibətilə indiki Heydər Əliyev adına sarayda gözəl bir konsert proqramı düzənlənmişdi. Sırada Fikrət Əmirovun məşhur "Azərbaycan" kapriççiosu idi. Orkestr tam heyyəti ilə  çıxış edir, Niyazi də dirijor pultu arxasında  təkrarsız  jestləri ilə ifaçıları idarə edir, tamaşaçıları ovsunlayır. İfanın şirin yerində Niyazı səhnəni yumşaq və yüngül addımlarla  tərk edib kulisə çəkilir, orkestr isə ifasında  davam edir, daha böyük şövqlə, daha böyük məsuliyyətlə. Kapriççionun finalına  yaxın mayestro üzündə tutduğu işin nəticəsindən razı təkrarsız  təbəssümü səhnəyə qayıdıb öz yerini tutur. Effekt gözləniləndi. Tamaşa salonu alqış səsindən titrəyir. Dirijorun özünə və komandasına güvənc jesti hamı tərəfindən sözsüz anlaşılır. Mayestro tamaşaçılarına demək istədiyini incə bir jestlə çatdırmışdı. Bildiyim qədər Rəşad Məcid də qəzet ətrafında öz həmfikirlərindən ibarət elə bir işlək, peşəkar  komanda yaradıb ki, aylarla redaksiyada görünməsə belə, "525" öz forma və məzmununu dəyişməyəcək, baş redaktorun cızdığı sınırları aşıb keçməyəcək, hər gün vaxtında oxucuları ilə görüşə gələcək.

"525"-in ən qiymətli cəhətlərindən biri, hər şeydən əvvəl dövlətçilik prinsiplərindən çıxış etməsi, milli mənafeyimizə sədaqətlə xidmət göstərməsi, qəzetin söz demək imkanlarını yaxşı cəhətlərə kökləmək, cəmiyyət həyatında baş verən müsbət meyilləri düzgün qiymətləndirmək, pislər haqqında ötəri bir informasiya vermək,   yaxşıları isə xüsusi bir şövqlə qabartmaqdır. Axı, biz bu günki Azərbaycan reallığında heç də az olmayan neqativlərlə bərabər, çox qiymətli cəhətlərin olduğunu da hər gün gündəlik həyatımızda görür, hiss edirik. Əlbəttə, biz bilirik ki, təyyarənin kursuna uyğun olaraq uçuşu uğurla başa vurması normal hadisədir və o, maraq doğuran xəbər deyil, yəni belə də olmalıdır qənaətinə görə, qəza törətmiş təyyarə haqqında söz isə artıq həyəcan doğuran informasiyadır, deməli,  bu xəbəri dərc edən qəzet və ya sayt daha çox oxucu cəlb edəcək. Bu informasiya bəlkə də  xəbəri verən mətbuat səhifəsinin   biznes marağına xidmət edə bilir, oxucuda isə,  şübhəsizdir ki, qorxu, narahatlıq və bunlara bənzər neqativ ovqat yaradır. Əlbəttə, mən o fikirdə deyiləm ki, yaxşı-pis nə var, hamısını çəhrayı rəngə boyayıb verək, sadəcə, pisləri şişirdib dadını çıxartmağın  tərəfdarı deyiləm, mən  yaxşını görməyin və hətta onu, ölçü hissini itirmədən, qabartmağın tərəfdarıyam. Bir oxucu kimi bu istəyimi mən "525"də görürəm.

Bu gün jurnalistikamız insanlara bir həqiqəti dönə-dönə çatdırmalıdır, 25 ilə  yağı düşmənlər əhatəsində, müharibə şəraitində, sovetlərin çoxumuzda tərbiyə etdiyi naqisliklərin bir az da artdığı mühitdə iki-üç əsrdən artıq demokratiya yolu keçmiş Fransa, Almaniya, İngiltərə səviyyəsində demokrtaik cəmiyyət qurmaq mümkünsüzdür. Reallığı anlamaq, onunla hesablaşmağı bacarmaq lazımdır. Fikrimcə, həyat hadisələrinə ayıq və real gözlə baxan "525" məhz bu dediyimiz mövqedən çıxış edir, oxucularında dövlətçilik ruhu tərbiyə etməyə, insanlarda indiyə və gələcəyə ümid, inam hissi yaratmağa çalışır. 

"525"in yaxşı cəhətlərindən biri də,   ədəbiyyata, mədəniyyətə böyük diqqət yetirməsi,  sosial statusundan, yaşından, mövqeyindən, hətta yaradıcılıq potensialından asılı olmayaraq, az-çox istedadı olan   bütün yaradıcı insanlara özünü göstərmək imkanı yaratmasındadır. Artıq 25 ildir "525" bir ədəbiyyat qəzeti funksiyasını da yerinə yetirir. Qəzet öz  səhifələrində şeirdən, hekayədən tutmuş roman kimi iri həcmli əsərlərə də səxavətlə  yer ayırır. Artıq neçə illərdir qəzetin hər şənbə nömrəsi bir ədəbiyyat məcmuəsi  kimi nəşr olunur. Oxucular "525"in  hər şənbə buraxılışını böyük  maraqla gözləyirlər.

"525", dediyimiz kimi, bütün yaşda olan yaradıcı insanlar üçün ərk və güvənc yeridir, eyni zamanda bizim doğma qəzet gənc yazarların özünü göstərmək meydanıdır. Neçə gənc yazıçı məhz "525"in səhifələrindən keçərək böyük ədəbiyyata vəsiqə almışdır. Bu qəzetdə jurnalist kimi yetişmiş onlarla yazar indi ölkənin müxtəlif kütləvi informasiya vasitələrində çalışır, ölkə jurnalistikasının istiqamətini müəyyənləşdirirlər. Bu qəzetdə işləmək, orada təcrübə keçmək hər bir jurnalist üçün  əla zəmanət, hətta nüfuzlu bir sertifikatdır.

"525-ci qəzet" iyirmi beş ildən sonra da ölkə jurnalistikasında öz avanqard mövqeyini qoruyub saxlayır, çevikliyi hesabına zamana uyğunlaşmağı bacarıb dövrün özü ilə qoşa addımlayır, keçmişə qovuşan hər günə "525-ci qəzet" adlı imzasını  atır, ən vacibi - müstəqilliyimizin salnaməsini yaratmaq kimi şərəfli missiyanı yerinə yetirir. Bu yolda mən qəzetin baş redaktoru Rəşad Məcidə və onun rəhbərlik etdiyi  istedadlı kollektivə davamlı  uğurlar arzulayıram. 

 





04.12.2017    çap et  çap et