525.Az

"Ziyalı" qəzet, yaxud ziyalı qəzeti


 

"Ziyalı" qəzet, yaxud ziyalı qəzeti <b style="color:red"></b>

Mənim əmək stajımın xeyli hissəsi ölkəmizin kütləvi informasiya vasitələri ilə sıx əlaqədə keçib.

Ölkəmizin demək olar ki, bütün mətbu nəşrlərinin çap olunduğu nəhəng nəşriyyat poliqrafiya kompleksinin, müstəqil KİV-nin təşəkkülü bumu başlayanda bu prosesin dövlət qeydiyyatını aparan müvafiq quqrumun  rəhbərliyində təmsil olunmuşam, jurnalistika fakültəsində media hüququndan mühazirələr oxumuşam. Azərbaycanda birinci müstəqil hüquq dərgisi olan “Qanun” jurnalının ilk redaktoru və həmtəsisçisi olmuşam, Təvözəkarlıqdan uzaq  görünə biləcək təqdimatda məqsədim dəyərli oxuculara çatdırmaqdır ki, çoxları üçün sirli bir dünya olan bu qazanın içində mən də xeylibir müddət qaynamışam.

Sadaladığım səbəblərə görə ötən illər ərzində ölkəmizdə işıq üzü görən KİV-nin özlərini imkan daxilində izləməklə bərabər, həm də onları ortaya-ərsəyə gətirən qələm sahiblərini tanımışam, onların çoxu ilə dostluq münasibətlərim bu gün də davam edir. Bu səbəbdəndir ki, tanıdığım, izlədiyim media vasitələri və onların redaksiyaları birlikdə, məndə üzvi varlıqlar, şəxsiyyətlər təsəvvürü yaradır və onların hər birisini mən məhz insanlara xas olan xüsusiyyətlərin toplusu kimi qəbul edirəm: cəsarətli qəzet, cığal jurnal, vətənpərvər informasiya agentliyi, reket sayt, qorxaq televiziya, qeyri-ciddi radio kanalı və s.. Ötən 25 il ərzində bəlkə də üst-üstə cəmi 25 sayını diqqətdən yayındırdığım (onları da imkan daxilində elektron versiyasını izləmişəm) “525-ci qəzet” bu baxımdan, məndə son dərəcə ziyalı və təmkinli bir şəxs təsəvvürü yaradır.

“525-ci qəzet” bütün varlığı, qanı və canı ilə Azərbaycançıdır. Azərbaycançılıq ideologiyası bu nəşrin əsas qayəsidir. Burada əksini tapan ictimai-siyasi, iqtisadi, mədəni və hətta idman xəbərlərində də bu ideologiyaya sadiqlik özünü göstərir. Bu illər ərzində hələ bir dəfə də olsun qəzetin səhifələrində milli natamamlıq və inamsızlıq sindromu yaradan materiala, məlumata rast gəlməmişəm. Bir çox KİV-də ağlaşma, bədbin ruh baş götürüb getdiyi halda, buradakı yazılarda soydaşlarımıza milli mənsubiyyətlərinə görə qürur hissi aşılanır. Milli-mənəvi dəyərlərimizi, xüsusilə dinimizin yüksək humanist ideallarını təbliğ edən materiallar da eyni məqsədlərə xidmət edir.            

Qəzet Qarabağla bağlı məsələlərin işıqlandırılmasına xüsusi diqqət yetirir. Onun hər sayında oxuculara, həm rəsmi xəbərlərdən, həm də redaksiyanın özünün hazırladığı materiallardan ibarət ən azı bir neçə maraqlı yazı verilir. Təsadüfi deyildir ki, qəzetin elektron səhifəsində yer almış “Qarabağ” rubrikasındakı yazılar ən çox izlənənlər arasındadır. Nəşrin müharibə zonasında yerləşən həmsərhəd rayonlarımızın həyatını və ordumuzdakı vəziyyəti daim diqqət mərkəzində saxlaması da təqdirə layiqdir.     

­Qəzetin səhifələrindən ölkəmizdə gedən ədəbi prosesi bütün çalarlarıyla izləmək olar. Özü də bu yazılar əksər hallarda peşəkar ədəbiyyatşünaslar, nəzəriyyəçilər üçün deyil, janrın xüsusiyyətlərinə uyğun olaraq geniş oxucu kütləsi üçün nəzərdə tutulur. Sırf ədəbi nəşrlərin dövriliyinin və tirajının məhdud olduğu bir dövrdə bu, xüsusilə əhəmiyyətlidir. Anar, Elçin, Nəriman Həsənzadə, Ramiz Rövşən, Məmməd İsmayıl və digər canlı klassiklərimizin yaradıcılığı ilə bərabər, istedadlı gənc yazarlarımızın uğurları barədə məlumatları da buradan almaq mümkündür. Mənim üçün xüsusilə xoşdur ki, həmyerlim və dostum, böyük şairimiz Musa Yaqubun son illər yazdığı şerlərin əksəriyyətini məhz “525-ci qəzet”in səhifələrindən oxumuşam.

  Bu nəşri cəsarətlə ölkəmizin tanınmış şəxslərinin portretlər qalereyası adlandırmaq olar. Qəzetin səhifələrində Azərbaycan tarixində önəmli rol oynamış ən parlaq şəxsiyyətlər haqqında mütəmadi olaraq geniş həcmli yazılara rast gəlmək olar. Özü də bu yazıların böyük əksəriyyəti, obyektivliyi ilə bərabər, həmin şəxslərə böyük məhəbbət hissi ilə seçilir. Tanınmış ziyalılarımız Şirməmməd Hüseynovun, Rafael Hüseynovun, Vilayət Quliyevin, İsa Həbibbəylinin bu silsilədən olan tədqiqatları xüsusilə əhəmiyyətlidir. Digər nəşrlərdə sensasiya xatirinə (bəlkə də düşmənçiliklə) böyük ziyalılarımızı aşağılayan materiallara burada nəinki rast gəlmirik, əksinə onların müdafiəsinə qalxan azsaylı nəşrlərdən biridir “525-ci qəzet”. Redaksiyaya minnətdarlıq hissi ilə vurğulamaq istərdim ki, qəzetin səhifələrində ara-sıra mənim də öz dostlarım haqqında (məs. Baba Vəziroğlu, Çingiz Qənizadə, haqq dünyasına qovuşmuş Rəşid Mahmudov və s.) qələmə aldığım yazılara yer verilir.

Bütün geniş, analitik, tarixi, ədəbi-bədii  materialları ilə birlikdə qəzet öz janr mənsubiyyətinin xüsusiyyətlərindən irəli gələn prinsiplərə də sadiqdir. Mən ölkə həyatının ən müxtəlif sahələrinə aid olan dəqiq və bitərəf informasiyanın, demək olar ki, hamısını artıq 25-ilə yaxındır ki, məhz  “525-ci qəzet”in səhifələrindən əldə edirəm. Bu informasiyaların bir hissəsi agentliklərə aid olsa da “525-ci”-lərə xas olan daxili “senzura”, abu-hava, dəsti-xətt burada da gözlənilir. Reytinq, sensasiya, tiraj, bilmirəm daha nəyinsə naminə digər nəşrlərdə baş alıb gedən, ucuz şou, şantaj, hədə, reket, xarakterli, böhtan, təhqir və söyüşə bulaşmış yazılara burada rast gəlinmir.

“525-ci qəzet” ölkə mediasında öz baş redaktoruna ən çox oxşayan nəşrdir. Yarandığı gündən redaksiyadakı iqlimə az və ya çox dərəcədə bələd olduğum üçün tam əminliklə deyə bilərəm ki, orada tam yaradıcı mühit hökm sürür, heç bir əməkdaşa heç bir şey diqtə olunmur. Bununla belə, Rəşad müəllimi tanıyanların və qəzeti izləyən dostlarımızın qəti inamına görə nəşrin bütün səhifələrindən həmişə baş redaktorun ziyalı, gülərüz və bir az da qayğıkeş çöhrəsi “boylanır”. Mənim müşahidəmə görə bu keyfiyyətlər, artıq redaksiyanın bütün kollektivinə sirayət edib. Hal-hazırda “525”də çalışan və şəxsən tanıdığım, qəzetin əsas yükünü çəkən Yusif Rzayevdə və Kamil Həmzəoğlunda, vaxtilə orada işləmiş,  mənə görə ölkəmizin ən əxlaqlı məmurlarından biri olan dostum Gündüz İsmayılovda da oxşar keyfiyyətləri sezməmək mümkün deyil.

Mənim üçün xüsusilə xoşdur ki, 25 il bundan qabaq, 1992-ci ilin bir payız günündə, Mətbuat və İnformasiya nazirliyindəki xidməti otağımda bu qəzetin adqoyma prosesinə fəal surətdə qatılmışam. Bu mərasimin iştirakçısı kimi daşıdığım mənəvi məsuliyyətdəndir ki, nəşrin bu illər ərzində davamlı və dayanıqlı uğurları onun çoxminli oxucuları arasında məni xüsusilə sevindirir. Buna görə də qəzetin kollektivini səmimi olaraq təbrik edirəm.

Simran Həsənov
Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri, Hüquq üzrə fəlsəfə doktoru

 





04.12.2017    çap et  çap et