525.Az

Mənim sevimli qəzetim - "525"-25


 

Mənim sevimli qəzetim - <b style="color:red">"525"-25</b>

Hər gün səhər çağı evimizdən bir az aralı qəzet köşkünə yaxınlaşıram. "525-ci qəzet"i mütləq oxumalıyam.

Əvvəlki illərdə yalnız şənbə nömrələrini alırdım, çünki ədəbiyyat aləmi, ədəbi proses (şeir, nəsr nümunələri, tənqid və ədəbiyyatşünaslıq materialları, yeni kitablar haqqıfnda resenziyalar, Bakıda, bölgələrdə, hətta ölkəmizdən kənarda keçirilən maraqlı tədbirlər barədə məlumatlar əks olunur şənbə nömrəsində). Amma üç ildir ki, bu qəzeti bazar ertəsini çıxmaqla hər gün alıram. Çünki "525" təkcə ədəbiyyatı işıqlandırdığına görə deyil, ümumən ictimai-siyasi hadisələr, Azərbaycan dünyası, həyatımızın bütün sahələrinə aid informasiyalar, dünyada baş verən olaylar haqqında  ən operativ materialları əks etdirir. Və mən "525"in həftəiçi nömrələrində də yenə ədəbi dünyamızla ünsityyətdə oluram. Ona ayrıca bir ədəbiyyat qəzeti kimi baxıram.

"525-ci qəzet" yaranandan mən onun təkcə sevimli oxucusu yox, həm də sadiq müəlliflərindən biriyəm. Mənim tənqidçi kimi fəaliyyətim təkcə "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat qəzeti"ndə, "Ədalət" və "Kaspi" qəzetlərində deyil, "525-ci qəzet"də öz əksini tapır, hətta deyərdim ki, bu sırada birincilik "525-ci qəzeti"ndir. İndi hesablayıram ki, hər il orta hesabla bu qəzetdə mənim 20-25 yazım çıxıbsa, bu 25 ildə bunun sayı ən azı 400-500-ə gəlib çıxır. Ona görə də mən "525"in mənə göstərdiyi bu böyük qayğının, etimadın qarşısında baş əyirəm. Ayrı-ayrı sənətkarların yaradıcılığı, yeni kitablar, ədəbiyyatın müxtəlif problemləri, xüsusilə ədəbi gəncliklə bağlı yazdığım məqalələri bir yerə toplaşam və ən azı bunlar iki-üç qalın kitaba yerləşə bilər.

"525-ci qəzet" sanballı qəzetdir və mən bunu öz yazılarım orada dərc edildiyinə görə demirəm. Qəzetlər çoxdur, təbii ki, bu çoxluq hələ kəmiyyət göstərisi deyil. "525" keyfiyyətinə, minlərlə Azərbaycan ziyalısının zövqünü, maraq dairəsini tam mənada ödədiyinə görə baş qəzetlərdəndir. Mən bu qəzetdə o qədər maraqlı, sanballı, oxunaqlı yazılarla üz-üzə gəlmişəm ki, onların sayı-hesabı yoxdur. Və "525" Azərbaycan elitasının qəzetidir, - desəm yanılmaram. Bu qəzetin daimi müəllifləri sırasında Anarın, Elçinin, Fikrət Qocanın, İsa Həbibbəylinin, Şirməmməd Hüseynovun, Sabmr Rüstəmxanlının, Nizami Cəfərovun, Vilayət Quliyevin, Cahangir Məmmədlinin, Elmira Axundovanın, Vaqif Bəhmənlinin, Telman Orucovun, Pərvinin, Cavanşir Yusiflinin  imzalarını tez-tez görürəm və əlbəttə maariflənirəm. "525" bu mənada həm də maarifçi qəzetdir və Zərdabi ənənələrini davam etdirir.

Əlbəttə, hər bir qəzetin başbiləni və orada çalışan zəhmətkeş heyəti olur. Rəşad Məcid ilk nömrədən ta bu günə qədər bu qəzetin baş redaktorudur və bizim mətbuat aləmində çox nadir hadisələrdən biridir ki, baş redaktor dəyişmir. Məncə, "525" Rəşad Məcidin tərcümeyi-halıdır. Əsl təşkilatçılıq qabiliyyəti, yüksək seçim istedadı, məsuliyyət hissi və ən başlıcası jurnalist məharəti Rəşad Məcidin simasında özünü əks etdirir. Təsadüfü deyil ki, Rəşad Məcid çağdaş Azərbaycan mətbuatının görkəmli simalarından biri kimi tanıyırlar. Ancaq təbii ki, qəzeti bir adam çıxara bilməz. Məınim yaxından ünsüyyətdə olduğum iki şəxçin fəaliyyətini mütləq qeyd etməliyəm. Biri Yusif Rzayevdir, biri də Seyfəddin Hüseynli. Rəşad Məcidin vuran əlləri.

"525-ci qəzet" mənim sevimli qəzetimdir və nə qədər yaşayıramsa, belə də olacaq. Qəzetin 30 illiyini, 35 illiyini də görə bilərəm ümidiylə sizlərə cansağlığı, könül xoşluğu arzulayıram!

 





04.12.2017    çap et  çap et