525.Az

Yola vermək zamanın xəstəliyidir, yoxsa... (sonuncu hissə)


 

Yola vermək zamanın xəstəliyidir, yoxsa... <b style="color:red">(sonuncu hissə)</b>

Bu kəlmələri çox eşitmişdim, yeri gələndə özüm də işlədərdim. Ancaq necə deyərlər, sözgəlişi, fərqinə varmadan, sətiraltı mənasına əhəmiyyət vermədən. İlk dəfə məni bu haqda fikirləşməyə bir hadisə vadar elədi.


... Güclü, qulaqbatıran siqnaldan səksəndim. Kubik yüklü nəhəng bir “Kamaz”  az qala məni vuracaqdı:

– Alə, canundan bezmisən bəgəm?

Mən başını kabinədən çıxarıb əsəbi halda mənə haqlı olaraq qışqıran qarayanız sürücünün qan çəkmiş gözlərinə baxdım. Bir anlıq sükutdan sonra: “Yooxx...” dedim və özümdən asılı olmayaraq:

– Sizə fəhlə, daş daşıyan lazım deyil? – deyə soruşdum.

Sürücü əsəbi şəkildə  əlini yellədərək:

– Alə, get çayuvu iç, alə – dedi və daş dolu ağır “Kamaz” qaz verib yerindən necə götürdüsə, ətraf qapqara dumana büründü.

Mən hisli tüstüdən çıxıb səkiyə çatanda gördüm ki, yolu keçdiyim tuşda çayxana varmış. Əlacım kəsilmişdi, “baş redaktor”un məsləhətinə baxıb o biri tələbə yoldaşımın yanına getməkdən başqa çarəm qalmamışdı. Şərəfsiz bir adamın yanına gedib imdad diləməyin, kömək istəməyin tam yanlış, həm də boş-boşuna olduğunu yaxşı bilirdim. Ancaq ayaqlarım məni ora aparırdı...

Komitənin koridorunda qeyri-adi bir canlanma vardı. İki-bir, üç-bir yığışıb nə isə pıçıldaşırdılar, mən yanlarından keçəndə isə hamı susur nəzərləri ilə məni müşayiət edirdilər. Hiss olunurdu ki, onlar heç də işdən-gücdən danışmırlar. Hətta biri, mən heç nə soruşmadığım halda:

– Sədrin otağı ikinci mərtəbədədir – deyib baş barmağını yuxarı qaldırdı.

Qəbul otağına girəndə katibənin məni çoxdan gözlədiyi qonaq kimi, özü də xoş qarşılamağına məəttəl qaldım. 2–3 ay açdığım qapılardan topladığım təcrübə mənim təəccüblənməyimə əsas verirdi. Ağlıma gəldi ki, girişdə axran soruşanda –jurnalistəm, sədrin tələbə yoldaşıyam – demişdim. Düşündüm ki, yəqin, axran zəng vurub gəlişimi bildirib, yaxud “baş redaktor” ona zəng edib vəziyyətimi deyib, sədr də məni yaxşı qarşılamağı tapşırıb. Elə bil xoş bir yuxu görürdüm. Amma buna heç inanmağım gəlmirdi. Eyni zamanda özümə təskinlik verib fikirləşdim ki, zaman adamları dəyişə bilər. Onun haqqında pis düşündüyüm üçün bir anlıq öz içimdə xəcalət də çəkdim.

– Buyurun, deyim kim gəlib?

– Tələbə yoldaşı, – mən adımı da dedim.

Qız birbaşa telefonla sədrə məlumat verdi. Sədr necə qışqırdısa, katibənin səksənib qulağından kənara çəkdiyi (bəlkə də, mənim eşitməyim üçün belə etdi) dəstəkdən başqa, bağlı qapının arxasından da eşitdiyim cavaba açığı çox pis oldum:

– Mən heylə adam tanımıram. Bəəm bura bazar-zaddır, hər yoldan ötəni qəbul otağına buraxırsınız?  Heç qəbul günüm-zad da deyil.

Bərk pərt olmuşdum. Qızın da gülərüz çöhrəsindən əsər-əlamət qalmamışdı. Yenə məni vəziyyətdən o çıxardı (bəlkə də, mənə yazığı gəldi). Dönüb getmək istəyəndə o:

– Bəs siz qəzetdən gəlməmisiniz?

(İndi dəqiq bildim ki, axran ona məlumat verib.)

– Başımla “hə” dedim..

– O məsələ ilə bağlı gəlmisiniz?

– Hansı məsələ?

– Boy, xəbəriniz yoxdu? Hamı ondan danışır ki...

– Nədən?

Qız dönüb mebelrəngli qapıya  baxdıqdan sonra əli ilə mənə oturmağı işarə etdi. Hiss etdim ki, onun da öz sədrindən zəhləsi gedir.

– Bilirsiz, mən burda beş ildən çoxdu işləyirəm. Bundan əvvəl bir yaxşı sədrimiz vardı, savadlı, tərbiyəli, mədəni. Bunu isə 5–6 aydır bizə sədr qoyublar. Gələndən də aləmi qatıb bir-birinə. Hamı da bundan narazıdır. Hə, o qız da bundan şikayət edib də...

– Hansı qız?

– Bu təzə gələndə yığdı müavinləri-zadı ki, pis işləyirsiniz, kabinetdən bayıra çıxmırsınız, idarələrdə nələr baş verdiyindən xəbəriniz yoxdur, nə bilim nə... Nə isə... Getdi bir-iki idarəyə. İdarələrin birində bir findi-furuşka katibə qız vardı. Söz-söhbət yayıldı ki, onu təkcə qəbul edib, söhbət ediblər, özünüz bilirsiniz də... Heç aradan bir həftə keçmədi ki, həmin orta təhsilli findi-furuşkanı gətirdi yanına, qoydu böyük bir şöbəyə müavin. Hamıya da dedi ki, gəncləri irəli çəkmək lazımdır. – Katibə gözünü qapıdan çəkmirdi. – Nə başınızı ağrıdım yes-yekə şöbə müdiri dura-dura bütün səlahiyyəti, voju vermişdi o qızın əlinə, saatlarla yanından çıxmırdı. O da hamını barmağında fırladırdı. Möhkəm söz-söhbət yaranmışdı. Hətta bir-iki nəfər açıq-aşkar üzünə vurublar ki, day belə də olmaz. Bu da özünü qanmazlığa vurub demişdi ki, əşşi təcrübəsiz qızdı də, yola verin getsin. Hə... Nə başınızı ağrıdım, qız oldu hamilə. Camaatın da gözü kor-zad deyil ki... Sən demə qızın əmrini müvəqqəti vermiş imiş, gördü ki, söz-söhbət böyüyüb, səsi yuxarılara da gedib çıxır, qızı qaytardı əvvəlki yerinə. Qız da dedi ki, ölləm-öldürrəm, buna dözmərəm. Xülasə, deyirlər qız bundan şikayət edib. Bu da dönüb itə...

Bu zaman bayaqkı qırmızı telefon qışqırmağa başladı. Katibə heç yerinə də keçmədən dəstəyi qaldırdı. Sədr nə dedisə, “yaxşı, bu saat” –  deyib dəstəyi yerinə qoydu. Başqa telefonla nömrə yığa-yığa mənə baxıb bic-bic gülümsədi:

–  İndi özünüz də şahid olacaqsınız, həmin idarənin müdirini istəyir – deyə pıçıldadı:

– Alo! Filankəs müəllim, sədr sizinlə danışmaq istəyir. Yox-yox, vallah deyə bilmərəm, bərk əsəbidir, məni də işdən qovar. A kişi, gör bir nə deyir də...

Katibə müdiri sədrlə calayıb, mənim yanıma yüyürdü:

– Diktafonunuz var? Səslərin yazmaq istəyirsiniz? Təşkil edərəm...

Mən başımla “yox” işarəsi verdim. O, sədrin qapısını ehmalca azacıq araladı və əli ilə məni çağırıb pıçıldadı:

– Heç olmasa, gəl, qulaqlarınla eşit.

Sədr elə nərilti ilə danışırdı ki, elə yaxınlaşmadan da aydınca eşidilirdi. Özü də bu “zırrama” dəstəklə də danışmırdı ki, heç olmasa danışdığı adamın səsi yayılmasın. Selektorla danışıq apaydın eşidilirdi:

– Ə, orda nə oturmusan, bir hayasızın öhdəsindən  gələ bilmirsən?

– Cənab sədr, gərək əvvəlcədən...

– Nə əvvəlcədən əə, oturtmamışdın qapının ağzında? Demirdin yaxşı qızdır. Mən nə bilim, sənə inanıb dedim əməlli adamdır, cavandır, irəli çəkək adam olsun. Nə bilim bu fahi... nəhlət sənə şeytan.

– Rəis  mən nə vaxt dedim yaxşı qızdır, istədin, mən də təqdimat yazdım.

– Kəsəsi, çağır danış bu ifritə ilə – işi təcili yola ver getsin, ərizəsin-filanın ordan götürsün, qalanın özüm həll edəcəm.

– Cənab sədr, necə yola verim, bətninə uşaq düşüb...

– Ə, uşaq düşüb də, dəvə-zad düşməyib ki, çağır danış, başa sal nə istəyir ver rədd olsun, yoxsa özün rədd olacaqsan ha, məni tanıyırsan.

– Cənab sədr...

– Bəd əyaxda, qohumdan-əqrəbadan, nə bilim, o qaçqından-köçkündən bir adam tap kəbinin kəsdir. Nə istəsələr obeşat elə, eşitdin? Bu məsələni yola ver, sonra da gəl otur yanımda müavin. Özün alası olacaqsan ha axırda, yoxsa, özün bilirsən, sənin də məsələlərinin hamısını qaldıraram, özünü də basdırram qoduxluğa.

– Cənab sədr...

– Heç nə eşitmək istəmirəm, səni nəyə qoymuşam, əə, o boyda vəzifəyə? Küçədə it döydüyün yadından çıxıb, “qaçqınam, köçkünəm” deyib yalvardığını nə tez unutdun? Hər şeyi təcili yoluna qoy, axşam da səni gözləyirəm, vsyo!

– Cənab... düt... düt ...  – sədr adboy vermişdi.

Katibə qapını yavaşca örtüb az qala pıçıltı ilə:

– Eşitdiniz? Yazacaqsız, hansı qəzetdə?.. Qardaş, yazacaqsız? Qardaş,  sizə nə oldu, yazacaqsız, sizə   inanmaq olar? Yoxsa siz də...

Özümü çox pis hiss edirdim. Havam çatmırdı. Elə bil qüvvətli bir əl məni boğurdu. Otaqdan necə çıxdığımı, pilləkənləri nə təhər düşdüyümü xatırlamıram, onu bilirəm ki, birtəhər özümü küçəyə atıb dərindən nəfəs aldım. Başımda bircə fikir vardı və məni dəhşətə gətirirdi: “Deməli, mən də bunnan görüşsəydim, kömək istəsəydim, bu alçaq mənə də deyə bilərdi ki, get o qızı al, işini düzəldim. Di gəl ondan sonra “ölünü qoy, dirini ağla”. Allah uzaq elə, görəsən, bu şəhərdə nə qədər belə “kişi” var?” Allah, sən özün saxla...

Birtəhər özümü evə çatdırdım. Yoldaşımın, uşaqların üzünə baxa bilmirdim, elə bil bu dəhşətli təklifi, doğrudan da, mənə eləmişdilər. Uşaq üçün yerdən salınmış döşəkçənin üstündə uzandım, başımı körpəmin süd qoxusu verən yastığına qoydum. O əclafla görüşə bilmədiyim üçün bir anlıq özümü “xoşbəxt” hiss etdim.

Köçkünlük həyatımda başıma gələnlər gözlərim önündə canlandı. Bu hadisələrin kulminasiyasında dayanan “yola ver” kəlməsinin altı öz-özünə cızılırdı. Allahım, bu “yola vermək” zamanın xəs­təliyidir, yoxsa... Bu “yola verənlər”, yola verə-verə hara gedib  çıxacaqlar, yol qurtarandan  (bu məqam mütləq gələcək) sonra nəyi hara verəcəklər? Bayaqkı katibə qadının pıçıltılı səsi məni rahat buraxmırdı: “Yazacaqsız?.. Qardaş, yazacaqsız? Sizə inanmaq olar?” Və içimdən bir səs eşidirdim: “Hə!”

  

EPİLOQ ƏVƏZİ  

Gecə yatmadığıma baxmayaraq, özümü gümrah hiss edirdim. Yəqin, ona görə ki, içimdəki “ağır yükü” qoltuğumda bərk-bərk sıxdığım qəzetin ara­sın­dakı vərəqlərə boşaltmışdım. İndi məni bircə şey düşündürürdü: “Bunu harada çap etdirə bilərəm?”

Nəşriyyatın qabağında təsadüfən universitet müəllimim ilə görüşdüm. Əvvəllər hərdən görüşüb-dərdləşirdik. Dostluğumuz da vardı. Mən həmişə onu dəyərli bir insan, müəllim hesab edirdim:

– Müəllim, axşam bir yazı yazmışam, imkanınız varsa, ayaqüstü bir baxardınız, məsləhət bilsəniz...

Nəşriyyatın bufetinə gəldik. Müəllim məni də çaya qonaq etdi və yazını oxumağa başladı. Mən onu yazıdan ayırmamaq üçün, hətta çayının soyuduğunu belə qəsdən yadına salmadım.

Qonşu stollardakı hay-küy də onu yazıdan ayırmırdı və bu mənə ləzzət verirdi. Öz qulaqlarım isə istər-istəməz ətrafdakı müzakirədəydi. Kimsə yeni çıxmış bir jurnal gətirmişdi, əldən-ələ gəzirdi. Görünüşü lap xarici jurnalları xatırladırdı. Oxuyanlar içinin də çox gözəl olduğunu deyirdilər. Hətta bəziləri “əşi, yüz faiz bunu xaricdə çap ediblər, burda belə jurnal buraxmaq mümkün deyil” – deyə iddia edirdilər. Mənim diqqətim isə müəllimimin  üzündən yayınmırdı. Nəhayət, o, yazını oxuyub başa çıxdı:

– Bu, əməlli-başlı bir essedi, çoxdandı belə səmimi yazı oxumamışdım, təbrik edirəm, gözəl yazıdı.

Bu zaman qonşu stoldan biri əlində bayaqkı jurnal ona yaxınlaşdı:

– Müəllim (o, doğrudan da, burda oturanların çoxuna jurnalistika fakültəsində dərs demişdi) bu jurnala baxmısınız?

Yalnız indi soyumuş çayından bir qurtum alan müəllim başı ilə “hə” dedi.

– Axşam televizorda da göstərirdilər, həqiqətən də, bu, jurnal nəşrində yeni bir nəfəsdi. Amma bayaqdan spor edirik, bu, doğrudanmı Bakıda çap olunub? Dizaynı da çox gözəldi. İnsafən içi də yaxşıdır.

– Bəli, mənim tələbələrim buraxıblar.

– Ə, gördünüzmü, mən deyirdim dəə, bu saat Bakıda elə nəşriyyatlar, mətbəələr var ki, bundan da yaxşı nəşrlər buraxa bilərlər.

Mən bir jurnala, bir də müəllimə baxıb udqundum. Deyəsən, müəllimim də ürəyimdən keçəni hiss etmişdi:

– Bilirsən nə var, bu jurnalın baş redaktoru mənim tələbəm olub, istəyirsən zəng edim onun yanına apar?

Sevincdən üzüm gülürdü. Bəlkə də, son zamanlarda bu mənim sifətimdəki ilk təbəssüm idi.

...“Baş redaktor” yazılmış qapını ehmalca döydüm. “Buyurun” kəlməsini eşidib içəri girdim. Hürdürboylu, gənc bir qadın qabağındakı ümumi dəftəri vərəqləyirdi. Qarşıdakı masada mənə baxmaq üçün başını zorla yana döndərən ortayaşlı, kök bir kişi oturmuşdu. Ağ köynəyinin kirlənmiş yaxalığına daram bağlanmış qalstuku, deyəsən, bir az onu boğurdu. Elə bil başqa adamın köynəyini, pencəyini geyinmişdi. Mən giriş otağında oturduğu üçün bu yaraşıqlı, mədəni qadını ilk baxışda katibə bildim. Lakin otaqda ikinci qapının olmadığı məni bir az karıxdırdı.

– Üzr istəyirəm, mən baş redaktoru...

Gənc qadın bin anlıq başını qaldırıb mehriban bir səslə:

– Buyurun, buyurun, – deyib mənə oturmaq üçün yer göstərdi. – Əyləşin, bu dəqiqə bitirirəm.

Oturdum. Ancaq içimdəki təəccüb məni tərk etməmişdi. İndiyə qədər qəbuluna getdiyim birinci baş redaktor idi ki, belə sadə, qəbul otaqsız, katibəsiz... Belə jurnalın belə redaktoru...

– Qardaşoğlu, sən də yazımı gətirifsən? Yəqin, mənim kimi şairsən.

Narahat aurası ilə məni sıxan şişman “şair”ə qısaca “yox” dedim. O isə bunun heç fərqinə varmadı.

– Malades, sən də bu jurnalı seçmisən. Demək bir az çirkinlikdi, çox yerdə çap olunmuşam, azdan-çoxdan imzamı da yaxşı tanıyırlar dana, kim istədi vermədim, dedim bu dəfə şeirlərimi bu gözəl xanımın özü kimi gözəl jurnalına verəjəm.

Baş redaktor onun sözünə heç bir reaksiya vermədən mənə tərəf baxdı:

– Yəqin, müəllim deyən adamsınız, mənə zəng etmişdi.

Mən yenə qısaca “bəli” – dedim.

– Tələsmirsiniz ki, mən bu saat, çay, ya kofe içirsinizmi?

– Yox, çox sağ olun – dedim.

– Qardaşoğlu, nə qaraqabaq adama oxşuyursan ha... Yazı-pozu adamı gərək söhbətcil, sinədəftər olsun. Mən bütün şeerlərimi bədahətən  deyirəm, uşaqlar da kağıza yazer. Səhərdən bu xanımın gözəlliyi mənə bir ilham gətirer ki, özümü zorla saxlıyeram. O, əlini baş redaktora tərəf açaraq:

– El-obamın incəbelli, sərv qamətli ceyranı,

Hüsnünə bərabər bir gözəl hanı?

Gözlərin qaradır, baxışın ürkək,

Şair bunu görməsə, kor olsun gərək.

Üzünü mənə çevirərək:

– Qadasın aldığım mələkdir ey, mələk... Bütün redaktorlar belə olsa dərdimiz nədir?

Gülmək məni tutmuşdu. Baş redaktorun da dodaqları qaçdı. Bunu görən “şair” təzədən qızışmaq istəyirdi ki, baş redaktor:

– Əmi, üzr istəyirəm, amma vaxtımız çoz azdır.

– A bacıqızı, danışığın mənə yaman doğma gəler ey, hüsnün bizim sinəsi qayalı  dağları xatırlader. Soruşmaq ayıb olmasın haralısan?

– Həsən bəyin yerlisiyəm.

“Şair” bir an özünü itirdi, hətta “pıçıltı” ilə “bəs mənə dedilər”, amma o dəqiqə də vəziyyətdən çıxmağa çalışaraq ləhcəsini dəyişdi:

– Bə de də bə, elə mən özüm də o tərəfdənəm də bə...

– Siz düz başa düşmədiniz, mən Həsən bəy Zərdabinin yerlisiyəm.

“Şair” bu dəfə özünü, doğrudan da, itirdi və bir müddət nə deyəcəyini bilmədi:

– Bilirsiz, sizin bədahətən şeir deməyinizə heç bir sözüm yoxdur. Ancaq bu dəftərdəki şeirləriniz də elə bədahətən söylədiyiniz “şeir” səviyyəsindədir. Məsləhət görərdim, bunların üzərində işləyin, təcrübəli şairlərdən məsləhətlər alasınız – deyib dəftəri “şairə” uzatdı – təəssüf edirəm, inciməyin.

“Şair” suyu süzülə-süzülə ayağa qalxdı, baş redaktora verməyə hazırlaşdığı şəklini ehmalca cibinə qoyub tam başqa ləhcəylə (yəqin ki, bu dəfə öz doğma ləhcəsində):

– Qızım, sən dedin Həsən bəy Zərdabinin yerlisisən? Nə olar, heç vecinə də alma, adam elə Həsən bəyin də yerlisi ola bilər, ürəyinə salma, canın sağ olsun...

Çıxanda otağın qapısını bir az bərk çırpmağı onun kim olduğunu bir daha sübut etdi.

Hər ikimiz güldük, amma qapını çırpmağı ona, elə mənə də bir az toxunmuşdu. Ancaq ədəbli redaktor bunu büruzə verməməyə çalışırdı.Yazını alıb:

– Çox yaxşı, mən yazıya baxaram, inşallah sabah görüşərik.

Mən yazını ona uzadanda əlyazması  olmadığı üçün (kompyuterim nə gəzirdi) üzr istədim. O gülümsəyərək:

– Eybi yoxdur, verərəm qızlar yığarlar – dedi.

Mən oradan ayrılanda özümü quş kimi hiss edirdim.

P.S. Essedə cərəyan edən hadisələrin zaman,  vaxt, meyarı şərtidir.

 





07.06.2013    çap et  çap et