525.Az

İslam dini, renessans, reformasiya haqqında düşüncələr (davamı)


 

İslam dini, renessans, reformasiya haqqında düşüncələr <b style="color:red">(davamı)</b>

Monqollar İranı, İraqı, Qafqazı işğal etdikdən sonra Suriya, Fələstin və Misirə üz tutdular. Onlar 1260-cı ildə qıpçaq türkləri – məmlüklərlə Fələstində qarşılaşdılar. Misiri idarə edən məmlüklər Hülakünün ordusunun əfsanəvi məğlubedilməzliyinə son qoyub, onu darmadağın etdilər və irəli getməsinin qarşısını aldılar. Daha sonra Suriya və Fələstini Səlib yürüşünün döyüşçülərindən elə mükəmməl təmizlədilər ki, yeni yürüşün keçirilməsi fikri bir daha Roma papasının ağlına belə gəlmədi.

Beləliklə, qıpçaq türk tayfalarının Misirdə yaratdığı Məmlük sultanlığı islamı şərqdən monqol işğalından, qərbdən isə xristianların yürüşlərindən qoruyub, sözün həqiqi mənasında islamın hamisi və xilaskarı oldu. Bununla da onlar təkcə islamı deyil, xristian və Avropa mədəniyyətini də xilas etdilər.

Qıpçaq türkləri qüdrətli monqol ordusunu darmadağın etməsəydilər, Misirdən sonra xaç yürüşlərində yorulub əldən düşmüş Avropada Hülakünün qarşısında duruş gətirə biləcək bir qüvvə tapılmayacaqdı.

lll 

İslamın, xristianlığın və bütövlükdə Avropanın həyatında ciddi dönüş yaradan qıpçaq türklərinin – Misir Məmlük sultanlığının tarixə sığmayan möhtəşəm rolu bu günədək həqiqi qiymətini almayıb.

İslam alimlərinin tarixində möhtəşəm qələbələrdən, qaliblərin, qəhrəmanların həyat və fəaliyyətindən daha çox, məğlubların, faciələrin tarixi və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üstün yer tutmuşdur.

Avropalıların, xristianların, xüsusilə katoliklərin islama subyektiv münasibəti onların gözlərini elə qapamışdı ki, bu tarixi hadisənin mahiyyətini görüb dərk etməmiş, indiyədək onun fərqinə varmamışlar.

lll 

Teymurləng hakimiyyətə gəlib imperiyasını yaradandan sonra islam Yaxın və Orta Asiyada nəfəsini dərdi. Onun varisləri tərəfindən müsəlman renessansının cücərtiləri suvarıldı. Elm ədəbiyyat, incəsənət, memarlıq inkişaf etməyə başladı. Şair Cami, Əlişir Nəvai, rəssam Behzad kimi nəhəng şəxsiyyətlər meydana çıxdı. Teymurləngin nəvəsi Uluq bəy dahiyanə kəşflərini dünya astranomiya elminə töhfə etdi.

Onlar daha sonra XVI-XVII ərslərdə Hindistanda Böyük Moğol imperiyasını yaratdılar. İmperiya müsəlman renessansının son qığılcımlarını elə möhkəm alovlandırdı ki, onun işıqları təkcə Hindistana yox, Cəvahirləl Nehrunun dili ilə desək, “bütün Asiya və Avropaya yayıldı”.

lll 

Vəhy və ya ağıl, ehkam və ya yaradıcılıq, tale və ya iradə azadlığı islam fəlsəfəsində həmişə qarşı-qarşıya durmuşdur. Əməvilər hakimiyyətə gələrkən həzrət Əlinin tərəfdarları onların hakimiyyətini qeyri-qanuni və təbiilikdən kənar hesab edərək, onlara beyət etmədilər. Cavabında əməvilər hakimiyyətlərinin legitimliyinə bəraət qazandırmaq üçün Qurani-Kərimə əsaslanaraq “Allah istəməsə, sən istəyə bilməzsən” dedilər (surə 81, ayə 29).

Bu isə o demək idi ki, insanların seçimi onların iradəsindən asılı deyildir. Hər şey taleyin, yəni Allahın hökmü ilə baş verir. Bu məntiqə əsasən, hakimiyyət də onlara Allahın iradəsi ilə verilmişdir. Ona görə də onların hakimiyyəti qanuni və təbiidir.

İmam Əlinin tərəfdarları isə belə düşünmürdülər. Onlar insanların “faili muxtar”, yəni işində, əməlində ixtiyar sahibi olduğunu iddia edirdilər.

Bu və digər səbəblərdən şiələr, əməvilər və sonrakı digər müsəlman sülalələrinin ideologiyası, siyasəti və əməli fəaliyyəti ilə barışmayıb, əsrlərlə müxalifətdə qaldılar.

lll

Abbasilərin hakimiyyəti dövründə bu fəlsəfi fikir qızğın diskussiya predmetinə çevrildi. Nəhayət, xəlifə əl Məmun ağılı, yaradıcılığı, iradə azadlığını rəsmi olaraq xilafət siyasətinin və fəlsəfəsinin başlıca strategiyası kimi qəbul etdi. Vəhy, ehkam, tale ikinci plana keçdi. Əl Məmunun ölümündən sonra bu strategiya unuduldu, yayılması və genişlənməsinin qarşısı alındı, nəticədə qadağan olundu. Vəhy, ehkam və taleyin hökmü önə keçdi. Əl Məmunun strategiyasının tərəfdarları təqib olunmağa başlandı. Bu da insanların zəkasının, fikir və iradə azadlığının, yaradıcılığının, bütövlükdə müsəlman renessansının inkişafının qarşısına sədd çəkdi, onu tənəzzülə apardı. Çünki bu, dövlət və dini hakimiyyəti öz əlində birləşdirən xəlifələrin maraqlarına uyğun deyildi. Onların istibdadının legitimliyinə və təbiiliyinə bəraət qazandırmırdı.

lll 

Beləliklə, bir tərəfdən monqol işğalı, digər tərəfdən dini və dövlət hakimiyyətini bir əldə birləşdirən xəlifələrin vəhylərə, ehkamlara və taleyin hökmünə söykənən radikal siyasəti renessansın islam dünyasında ərsəyə gəlməsinə imkan vermədi. Minilliklər ərzində Asiya və Avropada yaranmış dünyəvi dəyərləri yığıb toplayan, onu qoruyub inkişaf etdirən, müsəlman renessansının möhtəşəm mirasına XIV əsrdən etibarən, Avropa sahiblik etməyə başladı və onu sona çatdırdı.

Şərq isə öz möhtəşəm tarixinin kölgəsində yatıb qaldı.

lll

BÜTÖVLƏŞMƏ 

Renessans  Avropa ölkələrində XIV əsrdən başlayaraq (Petrarka, Nikolay Kopernik, Rafael, Mikelancello və başqaları) müsəlman renessansının qoruyub inkişaf etdirdiyi dəyərlərin, antik işıqlı, azad fəlsəfənin, ədəbiyyatın, elm və incəsənətin, rasional təfəkkürün üzərində quruldu. Renessansın aparıcı qüvvələri isə elm, ədəbiyyat, incəsənət xadimləri, maarifçilər oldular.

Dirçəlişin inkişafı insanları orta əsrlərin mistika, cəhalət və ehkamlarından xilas edib, onların dünyaya baxışında təbəddülat yaratdı. Artıq onlar papanın və kilsə keşişlərinin müqəddəs kitablardakı vəhylərin təfsirlərindən daha çox, elmə və məntiqə, azad fikirlərinə, görüb anladıqları reallıqlara daha çox inanmağa başladılar.

Maariflənmiş xalq özünü dərk etməyə başladı və anladı ki, dünyanı dərk etməyin yolu özünü dərk etməkdən keçir. Daha sonra özünə və şəxsiyyətinə, eləcə də tarixinə və dünyəvi dəyərlərə sahib çıxıb, bütövləşdi.

lll

DÖVLƏTLƏŞMƏ

Reformasiya dövründə elm xurafatı, zəka cəhaləti, azad fikir və iradə ehkamları üstələdi. Cəmiyyətdə alışan bu məşəl Roma papasının hakimiyyət dairələrinin, katolik kilsələrinin daxilində qığılcım yaratdı. Katolik kilsələrindəki hüdudsuz hakimiyyətə, korrupsiyaya, özbaşınalığa, uydurma “cənnət qəbzlərinə”, amansız cəza sistemlərinə qarşı yürüş başlandı.

Avropa monarxları papanın onların hakimiyyətinə müdaxilə, iddia və tələblərinə etiraz əlaməti olaraq hərəkata təkan verdilər. Nəhayət, reformasiya başa çatdı. Romadan başlamış bütün katolik kilsələrində, bütövlükdə xristian dinin daxilində ciddi islahatlar həyata keçirildi. Xristian dininin daxilində katolik və pravoslav qolundan əlavə yeni, müstəqil protestant qolu yarandı. İngiltərədə, Skandinaviya ölkələrində Mərkəzi Avropada katolik kilsəsindən və papanın nəzarətindən azad protestant kilsələri fəaliyyət göstərməyə başladılar.

Ölkələrdə xristianlaşmanı dövlətləşmə əvəz etdi. Hakimiyyətin ağırlıq mərkəzi kilsədən dövldətin əlinə keçdi. Xalqlar elm dilindən kilsələrin rəsmi dilinə çevrilmiş latın dilindən imtina edib, ana dillərində yazıb, yaratmağa başladılar.

Din dövlətdən ayrıldı. Hər ikisinin fəaliyyətini qanunlara təbe etmək uğrunda mübarizə önə keçdi.

lll

MİLLƏTLƏŞMƏ 

Dirçəliş və reformasiya dövründə elm, məntiq, özünə, şəxsi fikirlərinə inanan, bütövləşmiş, dövlətləşmiş insanlar ordusu yaranmağa başladı. Onlar orta əsrlərin qara pərdələrini yırtaraq, dünyanı öz gözləri ilə daha aydın görür, monarxlara, monarxiyaya, feodallara, onların üsul-idarələrinə, lüzumsuz imtiyazlarına nifrətlə baxıb, azadlıq və bərabərlik hüququ qazanmaq haqqında düşünürdülər.

Yenicə yaranmış burjuaziyaya əsrlərin ənənələrinin mütiliyindən, kilsələrin itaətkarlığından, monarxiyanın hüdudsuz hakimiyyətindən, feodalların imtiyazlarından azad, yeni insanlar – işçi qüvvəsi lazım idi. Onlar monarxların hakimiyyətini məhdudlaşdırmaq, ona nəzarət hüququnu qazanmaq üçün siyasi mübarizə meydanına atıldılar. İnqilablar  mərhələsinə keçdilər və qalib gəldilər.

lll

Bu qələbə təkcə burjuaziyanın deyil, yeni dövrün, köhnə dağınıq, parçalanmış feodal dünyasının üzərində qələbəsi idi. Bu qələbə elmin, mədəniyyətin, tərəqqinin, maarifin, bütövlükdə ümumi Avropa sivilizasiyasının qələbəsi idi. Bununla da Avropa bəşər tarixində yeni dövrə qədəm basdı, haqq, ədalət, azadlıq, bərabərlik, demokratiya uğrunda mübarizə üçün uzun bir yol aşdı.

Avropa xalqları həqiqətə, gerçəkliyə xeyli yaxınlaşdılar, milli kimliklərini dərk etdilər, bütün sahələrdə daxili münasibət tellərini möhkəmləndirdilər. Kapitalizmin – yeni dövrün siyasi, iqtisadi qanunları, fəlsəfəsi, ideyaları, pərakəndə feodallıqlardan ibarət coğrafi ərazilərinin bütün məntəqələrinə, məhəllə və evlərinə, təbəqələrinin bütün qruplarına, hər bir insanın qan damarlarına, beyninə və hüceyrələrinə yeridi. Onları ərazi, iqtisadiyyat, siyasət, mədəniyyət, mənəviyyat, adət-ənənə, mentalitet və dil birliyi ilə millətləşdirdi.

lll 

Renessans, reformasiya, inqilablar dövründə bütövləşən, dövlətləşən, millətləşən Avropa son dərəcə gücləndi, köhnə dünya ilə kifayətlənməyib, Yer kürəsində yeni bir dünya kəşf etdi. Köhnə və yeni dünyaya bütövlükdə ağalıq etməyə başladı.

(Ardı var)

 





07.06.2013    çap et  çap et