525.Az

"525-ci qəzet"in 25 yaşına 25 gün gecikmiş təbrik - "525"-25


 

YAXUD SEVİMLİ DOSTUM ÜÇÜN GECƏYARISI QEYDLƏR

"525-ci qəzet"in 25 yaşına 25 gün gecikmiş təbrik - <b style="color:red">"525"-25</b>

İnsan yaşa dolduqca tez-tez arxaya baxır. Nə itirib, nə qazandığını götür-qoy edir.

Bu götür-qoyların ən rahat vaxtı mənim üçün ətrafin sükuta qərq olduğu, səssizliyin hakim kəsildiyi gecələrdi. Çünki özüm özümlə təkbaşına qalır, acılı-şirinli xatirələrin ümmanına daldıqca  dalırsan. Belə vaxtlarda  sevimli məşğuliyyətim harayıma çatır. Həmdəmim, az qala, hər gün töküb-töküşdürdüyüm arxivimə əl atmağım olur.  Saxlancdakılar, sanki, ruhuma bir rahatlıq gətirir.  On illər... on illər öncəyə qayıdır, bir xeyli özüm özümlə, əslində  isə üst-üstə qalanmış  kitab və  jurnallarla, video-kasetlərlə, qəzetlərlə həmsöhbət oluram. Əzizləyə-əzizləyə saxladığım, tez-tez müraciət etdiyim qəzetlərin sırasında “525”in ünvanı və yeri ayrıdır.

Başqa cür ola da  bilməz.  Çünki çoxdan püxtələşmiş, sanballı, sayılıb-seçilən 25 yaşlı bu qəzetlə  dostluğumun düz 22  illik tarixi var. Ancaq mən onu elə düz 25 il əvvəl – hələ “dənizə baş vurmaq istəyində” olduğu zaman görmüşdüm.

1992-ci ilin, deyəsən, bu vaxtları idi.  Azərbaycan televiziyasinda ilk dəfə “Xoş gördük” adı ilə  səhər musiqili-informasiya proqrami efirə çixirdi. İki saat davam edən edən bu verilişdə düz dörd dəfə hər gün “Xəbərlər”i mən  təqdim edirdim.  Onda efir açılmamış  respublikada nəşr olunan əsas qəzetləri bizim redaksiyaya gətirirdilər.  Bir qayda olaraq mən onlara göz atır və lazım olan informasiyalardan bəhrələnidim.  Bir dəfə qəzetlərin içində iki səhifəlik “525”i də gördüm.  Ona ötəri nəzər salıb bir kənara qoydum. Sonralar da  “525” arabir  “məni bir oxu, mənə bir nəzər sal”  desə də, doğrusu, onunla  həmsöhbət olmadım.  “Xəbərlər” baş redaksiyasında  çalışdığım zamanlar da belə oldu.

Aradan təxminən beş il keçdi.  Artıq “525”  oxucular tərəfindən  qəbul olunmuş və mətbu orqanlar sırasında  özünə dayanıqlı, layiqli bir yer tutmuşdu. Rəşad Məcid başda olmaqla qəzetin yaradıcı kollektivi onu nəinki tanıda bilmiş, həm də yaradıcı adamların, qələm sahiblərinin üz tutduğu bir ünvana çevirməyi bacarmışdı. O zaman yazacaqlarımı nəşr etdirmək üçün ürəyimcə olan bir qəzetə - isti nəfəsi olan bir redaksiyaya  ehtiyacım var idi. Elə bir vaxt ictimai tədbirlərdən birində baş redaktor Rəşad Məcidi gördüm. Bu cavan oğlanin tədbirdə özünü olduqca səmimi və mehriban, bir az da rahat aparması, az qala, zalın hər yerindən börklərini yuxarı qaldıraraq onu salamlamaq istəyənlərin sayının çoxluğu da diqqətimdən yayınmadı. Ona yaxinlaşıb “525”ə yaza bilrəmmi?” müraciətimi ünvanladım. Rəşad Məciddən  çox böyük nəzakətlə “Heç bir problem yoxdu, Səyyad müəllim, nə zaman istəsəniz yazın” cavabını eşidəndə qəzetin efirqabağı əlimə çatan nüsxələrini kənara qoyduğum anlar gözlərimin önünə gəldi.

O vaxtdan çox fəal şəkildə  “525”lə əməkdaşlıq etməyə başladım. Və az qala onun xüsusi müxbirinə çevrildim. “Respublika” qəzetində çalışanda da, özümün təsis etdiyim və baş redaktoru olduğum  “Arena”nı nəşr etdirəndə də həmişə belə oldu. “525” mənim üçün doğma və seçilən ünvan,  müxtəlif məsələlərlə bağlı düşüncələrimi cəmiyyətə çatdıran əvəzsiz  tribunaya çevrildi. Diplomatlardan və dövlət məmurlarından  aldığım irihəcmli müsahibələr, beynəlxalq aləmdə baş verən hadisələr və ölkədaxili siyasətlə bağlı qələmə aldığım yüzlərlə köşə yazısı Yusif müəllimin “qayçısına” tuş  gəlmədən səhifəyə qoyuldu. Bizim dostluğumuz  daha da möhkəmləndi. Bu dostluqda ən böyük pay  məhz həmişə “525”in  payına düşdü.  Çoxlarından çox-çox fərqli olan “525” dostluğa heç vaxt zərrə qədər də kölgə salan olmadı. Və bu, təkcə mənə münasibətdə belə deyil. “525” səhifələrində yer verdiyi yazarları çox böyük qayğı ilə oxunu gizlətməyə çalışan kirpilərdən qorudu və qoruyur.

Bu qəzet yalanı, böhtanı, məkri, şər-şəbədəni heç vaxt yaxın buraxmadı, nəfsə boyun əymədi. Ona görə də bütün jurnalistlər  üçün redaksiyanın qapısı həmişə açıq oldu və açıqdı.  Yenicə əli qələm tutan gənclərə də yer verməyin nəticəsində onlar məhz “525”in “mətbəxində bişdilər”,  jurnalist ünvanı qazandılar. İndi onlardan bir çoxunun imzası oxuculara yaxşı tanışdı.

Yuxarıda qeyd etdim ki, “Arena”nın baş redaktoru olarkən də “525”lə çox aktiv şəkildə əməkdaşlıq edirdim. Bir dəfə qəzetin əməkdaşı Züleyxa Nadir BDU-nun jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədlidən müsahibə alıb gəldi. Bir az ehtiyatla bu fikirləri mənə söylədi:

-Səyyad müəllim, Cahangir müəllim jurnalistikanın indiki vəziyyəti ilə bağlı söhbətin bir yerində sizə ismarıc da göndərdi. Dedi ki, indiki Azərbaycan mətbuatında qəribə bir  vəziyyət yaranıb. Bəzilərinin öz qəzeti var, təsisçidir, ya da baş redaktor, amma yazılarını “525”də çap etdirir. Biri elə hamımızın tanıdığı Səyyad Ağbabalı. “Arena” qəzeti əlindədi, di gəl ki, imzası, az qala, hər gün “525”də görünür. Ona hörmətim və yaxşı yazıları olmasaydı, əməlli-başlı tənqid edərdim.

- Bəs, sən niyə demədin ki, Cahangir müəllim, tələbələrinizin az qala yarısı baş redaktor, ya da baş redaktorların müavinləridi? Onlar niyə həftə səkkiz, mən doqquz “525”ə  yazırlar? Elə Cahangir müəllimin özü də tez-tez “525”də yazmırmı?

Və stolumun üstündəki “525”ə baxdım. “Həpimiz hrantız, həpimiz erməniyiz” deyən ikinci vətənim üçün utandım”  sərlövhəli yazım dərc olunan “525-ci qəzet”in şənbə nömrəsini stolumun siyirməsinə qoydum.  Cahangir müəllim haqlı idi.

Əslində yazarlar, elə yazdıranlar da yaxşı bilirlər ki, niyə “525”in qapısını açırlar. Xeyli əvvəl  bu məsələ ilə bağlı öz mövqeyimi açıqlamışam. O vaxt ki, mətbuat tamamilə qütbləşmişdi. Bəlkə də təkrarlamaq yerinə düşər. Düşünün ki, əcnəbi bir politoloq, səyyah, yaxud bir naşir, tədqiqatçı ölkəmizə gəlir. Azərbaycan haqqında dolğun məlumat almaq üçün qəzetlərə baxır. Bir sıra qəzetlərlə tanış olanda onda belə bir təəssürat yaranır ki,  bura cənnətdi, hər şey aşıb-daşır, insanlar yağ-bal içində üzürlər, qurd quzu ilə yanaşı gəzir və s. Bir sıra qəzetlərin səhifələrinə baxanda isə tam tərs təəssürat yaranır: guya, Azərbaycan dağılır, insanlar ölümə sürüklənir, bura dəhşətdi, nə söz, nə mətbuat, nə də vicdan azadlığından danışmaq olmaz və s. və ilaxır.  Tam kontrast. Nəhayət, o əcnəbi “525-ci qəzet”i oxumağa başlayır. Onun fikri yavaş-yavaş durulur və aydınlaşır. Çünki Azərbaycan haqqında – onun siyasəti, iqtisadiyyatı, mədəni həyatı barədə reallığı əks etdirən yazılar oxuyur. Ədəb-ərkanı gözləyən, ölkəsini, millətini sevən, onu gələcəyə səsləyən, ruhuna ruh qatmağa çalışan bir mətbu orqanla həmsöhbət olur.

Xüsusi bir məqamı qeyd etmək istəyirəm. Həm iqtidar, həm də müxalifət cəmiyyətə ünvanladıqları ən ciddi mesajlar üçün zaman-zaman “525”i seçdilər. Sadəcə, bu yazı təbrik xarakterli olduğu üçün mən onların adlarını qeyd etmirəm. Budur reallıq. Təbii ki, 25 yaşındakı gənc 80 yaşlı müdrik qocanın gördüklərini görə, etdiklərini edə bilməz. Buna zaman lazımdı. Zaman isə onun nəbzini tutan  “525”in lehinə işləyir. Şübhəsiz, “525” ömrünün kamillik çağına doğru irəlilədikcə özü də kamilləşəcək. Bəlkə forması, səhifələrinin sayı da dəyişəcək, amma bütün zamanlarda “525”də Rəşad Məcidin möhürü və Rəşad-Yusif  tandemi boy göstərəcək.

“525”  öz səhifələrində bir ədəbi mühit yaratdı və ona isti nəfəs verdi. Bu barədə ən sanballı, ən kəsərli qələm sahibləri indiki yubiley günlərində də qeyd etdilər, yazdılar, danışdılar. Azərbaycanın söz ustadlarının, tanınmış yazıçı və şairlərinin qələmindən süzülüb gələn şeirlər, hekayələr və povestlər, hətta bütöv əsərlər “525”in  şənbə nömrəsinin səhifələrini bəzədi.

Bu qəzetin kiçik mənzil-qərargahında ətirli bir redaksiya havası, gözəl bir ortam var. O qərargaha gedən hər kəs mütləq yaradıcı bir insanla, yaxud böyük arzuların qanadında uçan, hələ qələmi əlində möhkəm tuta bilməyən hansısa  bir gənclə rastlaşır.

 “525-ci qəzet”in “qazanı həmişə qaynayır”.  Amma bu qazanın daşması mümkün deyil.  Çünki qazanın altında yanan ocaq körüklənmir və qazanın sahibləri odunun sayını, ölçü-biçisini əla bilirlər.

İllər tarixə qovuşacaq. Nəsillər dəyişəcək. Gələcək, həm də müstəqil mətbuatının tarixini bizlərin iştirakı olmadan çox acımasız formada tədqiq edəcək. Heç şübhəsiz, “525” həmin sınaqdan alnıaçıq çıxacaq. Hörmət-izzətə layiq  görülənlər sırasında öz layiqli yerini daim qoruyacaq.

 





08.12.2017    çap et  çap et