525.Az

Barat Vüsalın şeirləri


 

Barat Vüsalın <b style="color:red">şeirləri</b>

CAVAD  HEYƏTİN  XƏSTƏSİ

XX əsrin 90-cı illərinin əvvəlində Qarabağ uğrunda döyüşlərin qızğın vaxtında məşhur cərrah Cavad Heyət onlarla döyüşçümüzü aparıb İrandakı klinikasında müalicə etdirmişdi. Amma bir dəfə gözlənilməz bir əhvalat baş vermişdi. Narkozun vaxtı keçsə də, xəstələrdən biri hələ ki qalxmırdı...

I

Fikirlər içindədir bayaqdan köhnə həkim,
Çoxdan gedəsi idi... getmir evinə həkim.
Onu saxlayan nədir bu gün belə, yolundan?
Nigarandı, nigaran
adi bir xəstədən yox,
    yurdun bir mərd oğlundan...
Onun cərrah bıçağı sağaltmalıdır onu,
Narkozun vaxtı ötüb-oyatmalıdır onu,
İlıq həkim baxışı...
ilıq ata nəfəsi...
Ancaq xəstə oyanmır,
gəlmir nədənsə səsi...  
Həkimin qəlbindən çox
dərdinə qulaq asın,
Belə bir şey olmayıb... xəstəsi oyanmasın.
Daşnak ermənilərlə döyüşə girən xəstə,
Məşhur həkim əlində can üstədir, can üstə!

II

Xəstə ayılmamış... xəstə bayılmış,
Həkim hönkür-hönkür ağlamaq istər.
Bu dəm ürəyinin döyüntüsündən
Xəstə ürəyinə paylamaq istər.

. ..  Xəstənin əhvalı ağırdır, duyub
Əla xəstəxana...
Əladır həkim.
Cərrah bıçağını bir yana qoyub,
Başqa bir üsula əl atır həkim.

Bitib, tükənməyib hələ hər imkan,
Həkim işə salır son “silahı”nı.
Soruşur xəstənin silah dostundan:
- Dostun döyüşlərdən qayıdan zaman,
Ən çox oxuyardı hansı mahnını?

Mümkündür dəyişmək dərmanı neylə,
Başqadır aləmi qəlbin də, axı!
Astaca-astaca zümzümə eylə,
Durub qulağının dibində, oxu!

...Həkimin istəyi yerinə yetdi,
Oxuyuram, deyib yaralı dindi-
Xəstənin qulağı Quran eşitdi,
Dindi, “Qarabağın maralı” dindi.

Oxudu... oxudu sanki Qarabağ,
Demə ki, mahnıdan nə qandı xəstə?
Tanrım, sehirə bax, möcüzəyə bax:
O mahnı səsinə oyandı xəstə!

Göz dikib bir məşhur həkim əlinə,
Xəstəmi sevinir,
bir xalqmı indi?!
Doğma Vətən qədər əzizdir mənə
Bir xəstə, bir həkim,
bir mahnı, indi!

Mahnı qılınc çəkdi... bu da döyüşdü,
Üstünə qayıtdı xəstənin canı.
Ölümün qolları yanına düşdü,
Tapıldı təzə bir həkim dərmanı.

Demədi hardadı su götürülən arx,
Xəstənin üzünə mahnı su səpdi.
Həkimdən də  qabaq, dostdan da qabaq,
Xəstənin üzündən bir mahnı öpdü.

... Bir mahnı ən yaxşı dərman-dəvamı,
Can üstə xəstəmi...
Can üstə mahnı...
Yaşa həkim əli, cərrah inamı,
Yaşa mahnı-xəstə,
a xəstə-mahnı!

Döyüşdən döyüşə çapar o əsgər,
Baxma ağır halda yaralı yatır.
Bu dünya durduqca yaşar o əsgər,
Canı  “Qarabağın maralı”ndadır.

Onun düşündüyü ana torpaqdır,
Bir də ki, o gözəl...
vurğundur ona! 
Elçilik edən də tapılacaqdır,
Nə gəlib anamız Azərbaycana!

Mən öz törpağımı gözəl tapmışam,
Bu deyil adi bir
həyat söhbəti...
Könlümdə könlünə heykəl yapmışam,
Öpürəm əlindən Cavad Heyətin!

YADDAN ÇIXMAZ XƏLİL RZA

Sinəmdəki ürəkdimi, ondakı,
Çatdan əgər Xəlil Rza çıxmasa.
O sevincə ölər, sevinc demərəm,
Dərddən əgər Xəlil Rza çıxmasa!

İsti verməz söyüddürsə o odun,
Palıd tapın, məni bir az ovudun.
Kül başına o ocağın, o odun,
Altdan əgər Xəlil Rza çıxmasa!

Yaddan çıxmaz kitaba bax, sözə bax,
Hayandasa yaddan çıxıb bu torpaq.
Barat, heç vaxt yaddan çıxmaz Qarabağ,
Yaddan əgər Xəlil Rza çıxmasa!

ZİRVƏDƏ

Sənə söz vermişdim,  ay Sona xala,
Arif qardaşımla görüşəcəyəm.
Demişdim, özümün göz yaşlarımı,
Qatıb göz yaşına... döyüşəcəyəm!

Hökmən çatdıracam ismarıcını,
Demişdim, oğlunu görüb gələcəm.
Qovacaq qəlbindən ağrı-acını,
Oğlun varan yerə varıb gələcəm.

Qəribə bir qismət izlədi məni,
Ariflə görüşdüm nəmli səngərdə.
Təzə yüksəkliyi, təzə zirvəni,
Düşməndən almağa getdiyi yerdə.

Əsgərlər deyirdi, narahat olma,
Komandir, zirvədə bərk duracağıq!
İnandı, arxayın düşmədi amma,
Özüydü döyüşən zirvədə, artıq!

...Bir komandir kimi çəkdi tətiyi.
Dinəndə bir əsgər silahı dindi.

Alıb bir zirvəni, bir yüksəkliyi,
Oğlun bir zirvədə zirvəyə döndü...
O gündən ötüşdü günlər, həftələr,
Gözümdən getmədi o hal, o əhval.
Mənim başımdakı vədlər, vədələr,
Sənin başındakı qapqara bir şal!

Sanki xəbər tutub olub keçəndən,
Xəyalın yüyürüb qarşıma qaçdı.
Gərək yaddaşımı güllələyim mən,
Gör mənim başıma nə oyun açdı!

Gözümün önündə yüz ağrın-acın,
Gözlərin boylanıb oğlunu gözlər.
Dilimin ucunda bir ismarıcın,
“Bəs nə oldu?” deyib məni təhnizlər...

Necə də zəifmiş yaddaşım, heyif,
Görüm yaddaşımı gülləyə gəlsin.
Yadımdan çıxdı ki, deyəm, ay Arif,
Anan deyirdi ki, bir öyə gəlsin!

TOXUMLUQ  BUĞDA

Əlini vurmasın qoy ona yetən,
Hər vaxt ələ düşməz, hər vaxt tapılmaz.
Əzizim, toxumluq buğdadı vətən,
Ancaq hara gəldi buğda səpilməz!

Qoyulub göz üstə, öpülməlidir,
Onsuz çörək itər, onsuz el itər.
Oğul ürəyinə səpilməlidir,
Oğul ürəyində cücərib bitər.

Yaxşı gör hüsnündə bu yeri-göyü,
Onun nə minnəti, nə qılığı var.
Üzündə-gözündə anam tökdüyü,
Halal kündələrin ağ işığı var.

Onsuz bir kəsin də təhnəsi dolmaz,
Onsuz gül də açmaz, bülbül də ötməz.
Əzizim, hər buğda toxumluq olmaz,
Əzizim, hər buğda ürəkdə bitməz!

Oğul ürəyində, oğul qanında,
Nəsildən nəsilə keçir əbədi.
Ölüm ayağında bir qocanın da,
Toxumluq buğdadır ilk vəsiyyəti.

Onu qürur sayıb, nur sayanların,
Qəlbi qürurlanıb, gözü nurlanıb.
Toxumluq buğdası olmayanların,
Həmişə xəlbiri göydə fırlanıb.

Hər yetən anaya qəlb ana demir,
Adəm də keçməyib buğda sözündən.
Səndən su istəmir, günəş istəmir,
Günəşi özündən, suyu özündən!

Bilək ağzımızda daddı bu buğda,
Hər vaxt ələ düşməz, tapıla bilməz.
Namusdu, qeyrətdi, addı bu buğda,
Ancaq hara gəldi səpilə bilməz!

QİSAS

“Alı kişi dedi: Həsən xan, bu atlar sənin bəyənmədiyin o qulunlardır. Mən sənə yaxşılıq eləmək istədim. Məni dünya işığına həsrət qoydun. İndi səndən qisasımı almağa gəlmişəm”.
“Koroğlu” dastanından.

Həmin qulunlardı yedəyindəki,
Həmin qulunlardı, böyümüşdülər.
İlahi bəxş edən möcüzə təki,
Boy atıb təzədən görünmüşdülər.

Həsən xan, o beyni, o gözü qızmış,
Ağlı kəsən kimi yozdu bir işi.
“Görünür gözünü çıxarmaq azmış,
İndi nə istəyir bu Alı kişi?!”
Döndü zülümkarın ürəyi qana,
Qovrulub Qırata, Dürata baxdı.
Gəlib hayıf alsın mərdi-mərdana,
Yanında oğulu bir ata, baxdı.

Qorxudan ağzında dolaşdı sözü,
Yanıldı Həsən xan düz-dünyasını.
Qırat bir gözüydü, Dürat bir gözü,
Aldı Alı kişi öz qisasını!

Yaxşılıq da yadda, pislik də yadda,
Silinmir ürəkdən nə xeyir, nə şər.
Bir baş dığırlandı ayaqlar altda,
Bir ata, bir oğul dönüb getdilər.

Zalım öz kamını alası deyil,
Rövşən qalxasıdı Qıratın üstə.
Qisas qiyamətə qalası deyil,
Bir eşqin, bir yolun, bir andın üstə!

ÇƏLİKLİ QOCA

Əlində bir çəlik qoca bir kişi,
Bu gün iş yerimdə yolumu kəsdi.
Duydum ki, mənimlə var onun işi,
Sual dolu gözü gözümdə gəzdi.

Ölüb gedəsidi, yaxında, sandım,
Nəsə qızdırmışdı o, ürək mənə.
Titrəyən əlinə baxanda, sandım,
Yapış əllərimdən, - deyəcək mənə.

Baxışı nurluydu, gözü tərtəmiz,
Yaşı haqlamışdı doxsanı, bəlkə?
Dedi, eşitdim ki, qalıb yiyəsiz,
Xocalıdan olan nə qədər körpə.

- Ay oğul, bağrımı paraladı qəm,
Bizi qırsalar da, hələ ki sağıq.
Evdə vicdanımla söhbət etmişəm,
Aparıb birlikdə saxlayacağıq.

Bu gündən sabaha gümanı yoxdu,
Çətin yeriyirdi, çətin gəzirdi.
Qocanın özünə baxanı yoxdu,
Aparıb baxmağa yetim gəzirdi.

O ahıl kişiyə  vuruldum inan,
Köməksiz bir qoca görün, nə etdi.
Bir əli çəliyi güclə saxlayan,
Tutdu bir uçağın əlindən, getdi...

Götürüb apardı o, bir yetimi,
Yoxuydu, elə bil, indi vardı o!
Əgər görməsəydi xəcalətimi,
Aparıb məni də saxlayardı o!?

Kaş hamı olaydı  həmin qoca tək,
Əlindən tutmasaq bir ağlayanın.
Bir gün özümüz də ağlayacağıq,
Gəl mənim vicdanım, biz də and içək,
Gedib o qocanı yoxlayacağıq!

SAXLA

Çən-dumanı dağlara,
Dağları çənə saxla!
Öz qəbir yerindən keç,
Ölüb itənə saxla!

Saf eylə ürəyini,
Sərf eylə köməyini.
Bir tikə çörəyini,
Yoldan ötənə saxla!

Tanrıya salam yetir,
Gör ki, yaşamaq nədir?
Könlü özünə götür,
Ömrü Vətənə saxla!

 





10.12.2017    çap et  çap et