525.Az

Əlli yaş - qocalığın gəncliyi


 

Əlli yaş - <b style="color:red">qocalığın gəncliyi </b>

Həqiqətən, teatr virusu qanına düşdümü, ondan azad olmaq mümkün deyil. Yaxşıdır ki, bu virus xəstəlik yaratmır, əksinə, yaşı yüz illərlə ölçülən böyük bir sənətin qapılarını açır üzünə, əbədi zövq mənbələrindən biri ilə dost  edir səni.

Etibar Cəbrayıloğlu da teatr virusunun daşıyıcılarındandır. Teatra  bu sönməz  məhəbbətin səbəbi ilə maraqlandım.  Demə, mənim jurnalist dostum əmək fəaliyyətinə aktyor, hətta rejissor kimi başlayıb, onun teatra, dramaturgiyaya bitib-tükənməyən marağının arxasında məhz bu fakt dayanırmış. Onlarla qəzet səhifəsində çalışıb  ən müxtəlif mövzularda yazılarla çıxış etsə də, əksər məqalələrində, informasiya və müsahibələrində, incə yumorla yoğrulmuş müəllif yazılarında teatr mövzusu xüsusi yer tutur. Böyük yaş fərqimizin olmasına baxmayaraq, bizim dostluğumuzun əsasında da elə teatra müştərək məhəbbət dayanır.

Etibar Cəbrayıloğlunu mən bir vaxtların ən oxunaqlı və dəyərli qəzetlərindən olan “Press-fakt”da işlədiyi illərdən tanıyıram. Təbiidir ki, onun jurnalistlik fəaliyyətində diqqətimi cəlb edən məhz teatrla bağlı yazıları oldu və bu diqqət artıq kifayət qədər tanıdığım bir yazarın, qələm adamının bütün yaradıcılığını əhatə etdi. Təbiidir ki, “Press-fakt”, “Yeni Musavat”, “Cümhuriyyət”, “Politika”, “Üç nöqtə”, “Gün səhər”,  “Ədalət” kimi müxtəlif məramlı qəzetlərdə işləyən jurnalistin yazılarının məramı və niyyəti elə müxtəlif də olmalıdır. Etibarın yaradıcılığı da işlədiyi mətbuat səhifələrinin çızdığı çərçivəyə uyğun olmalıydı və bütün manevr imkanları da məhz həmin çərçivə daxilində mümkündü. Bununla belə, harda fəaliyyət göstərməsindən asılı olmayaraq, Etibarın məqalələrində, bir vaxtlar mətbuatımız üçün yeni janr olan köşə yazılarında  bir səmimiyyət, indi defisitə çevrilmiş jurnalist etikası, mövzuya tam bələdlik və peşəkarlıq özünü dərhal göstərirdi. Əlbəttə,  saydığım bu keyfiyyətlər sırasında  Etibar qələminə  məxsus  incə yumor hissini bəlkə də birinci qeyd etməliydim. Yazarın “Yasamaldan məktublar” silsilə köşə yazıları, hər şeydən əvvəl məhz yumoru ilə diqqəti cəlb edirdi. Əlbəttə, dünya ədəbiyyatında, o cümlədən, Azərbaycan ədəbiyyatında və jurnalistikasında  “məktublar” priyomundan çox istifadə olunub.   Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, İlyas Əfəndiyevin “Kənddən məktublar”, Nurəddin Babayevin “Oğluma məktublar” kimi əsərlərini yada salaq. Etibar bu ənənəni yeni dövrdə, yeni zamanda, yeni formatda və məzmunda davam etdirir, 90-cı illər reallığımızdan çıxış edir, günümüzün problemlərinə istehza, bəzən kinayə, hətta satira mövqeyindən yanaşır, vərdiş etdiyimiz, bəzən əsirinə çevrildiyimiz mental dəyərlərə tənqid gözü ilə  baxır, eyni zamanda, bu tənqidə, istehza və kinayəyə incə yumor qatır, çatışmazlıqları komik prizmadan keçirib  oxucusuna göstərir.  Onu da deyim ki, Etibar gördüyü və göstərdiyi  neqativlərdən  sevinmir, onları şişirtmir, pisin təntənəsinə çevirmir.

Etibar Cəbrayıloğlunun  fikirlərində, tənqidi yazılarının ruhunda, ümumiyyətlə, bütün yaradıcılığında səmimiyyətlə yanaşı, şəxsi təvazökarlıq hissi dayanır. Bəlkə elə bu keyfiyyət həmin yazıları daha təsirli etməklə jurnalistin şəxsiyyətinə hörmət oyadır, onun yazılarına inanır, etibar edirsən. Elə bu yerdə bu təvazökarlıq məsələsinə Etibarsayağı bir yumor qatıram: Amerikada Ağ evin qarşısında çəkdirdiyi şəklin altına Etibarın yazdığı şəkilaltı sözlər də onun təvazökarlığının, hətta utancaqlığının  parlaq göstəricisidir: “Vaşinqton, Ağ evin qabağı: Obama, bağışla, arxam sənədir...”  Güman edirəm şərhə ehtiyac yoxdur.

Deyirlər əlli yaş qocalığın gəncliyidir. Əgər müdriklərin bu iddiasını ciddiyə alsaq, Etibar yenidən gəncliyinə qədəm qoyur,  gözəl ailəsi ilə,  hazırda sərhədlərimizin keşiyini çəkən oğlu Turanla, qızı Fatimə ilə birlikdə. Fikrimcə,  bu ikinci gənclik  daha müdrik, daha məsuliyyətli, daha qənaətcil olmağı tələb edir, ən çoxu da vaxta qənaətcil olmağı, eyni zamanda, yaradıcılıqda  yeni keyfiyyətlər tələb edir. İnanıram ki, gənc yaşlarından müdrikliklə tanış olan jurnalist dostumda, idmançıların dili ilə desək,  ikinci nəfəs açılacaq, bundan sonra da həm həyatda, həm də yaradıcılıqda daha böyük uğurlar qazanacaq.

Əli ƏMİRLİ

 





11.12.2017    çap et  çap et