525.Az

“3-cü dəfə namizədlik” məsələsinə növbəti dəfə aydınlıq gətirildi


 

“3-cü dəfə namizədlik” məsələsinə növbəti dəfə aydınlıq gətirildi<b style="color:red"></b>

Novruz Məmmədov : “ İlham Əliyevin 3-cü dəfə namizədliyinin irəli sürülməsinə beynəlxalq aləmdə heç bir etiraz yoxdur”

“Biz kimlərinsə təkrar-təkrar “beynəlxalq imic”  məsələsindən bəhanə kimi istifadə edib, Azərbaycanı özlərindən asılı vəziyyətə salmağa çalışmasına razı ola və bu yöndə istənilən cəhdləri də artıq heç cür qəbul edə bilmərik”.
 
Bunu 525.az-a Prezident Administrasiyası (PA) rəhbərinin müavini və beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 3-cü dəfə namizədliyi rəsmi şəkildə irəli sürülən dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin beynəlxalq dairələr və aparıcı dövlətlər tərəfindən müsbət qarşılanmayacağı, qəbul edilməyəcəyi və bunun nəticədə Azərbaycanın dünyadakı beynəlxalq imicinə böyük zərbə olacağı yönündə müxalif dairələrdə, mətbuatda yer alan iddialara münasibətini bildirərkən dilə gətirib.

 “Biz artıq o iddialarla da  razı deyilik ki, ay nə bilim, beynəlxalq imic belə olacaq, filan olacaq və sair. Əslində, “beynəlxalq imic” məsələsinə qalanda, Qərbin ən yüksək inkişaf etmiş ölkələrindən birini götürüb, səni də kənardan oradakı vəziyyəti müzakirə edib, mövqe bildirmək üçün hakim seçərlərsə, onda görərlər və görərsiniz ki, durum nə dərəcədə dəhşətlidir, daha doğrusu, bunun özü dəhşət olardı...Amma görürsünüz ki, onlar öz işlərindədirlər”-deyən PA rəsmisinin sözlərinə görə, bu baxımdan, dövlət başçısının Azərbaycan Konstitusiyasına əsasən 3-cü dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsində də heç bir problem yoxdur və bunu artıq bitmiş məsələ hesab etmək olar:

 “İkincisi, dünyanın bütün dövlətləri - başda da ən böyük dövlət kimə deyirsinizsə, onun özü də bu məsələ ilə bağlı tam razılığını bildirib. Yəni,  bununla bağlı elə bir problem, etiraz yoxdur. Amma heç şübhəsiz, bundan sonra da bu yöndə söz-söhbət, danışıq,  iddialar və sair olacaq. Bunların olması da təbii görünür. Biz demirik ki, Azərbaycanın nöqsanı yoxdur, biz demirik  ki, Azərbaycanın problemi yoxdur.

Biz başqalarından fərqli olaraq, hər şeyi etiraf edirik, deyirik. Amma söhbət ondan gedir və  biz istəyirik ki, çalışaq imkan daxilində hər bir məsələdə ədalətli olaq və eyni zamanda,  hər bir məsələdə ədaləti görək. Bununla yanaşı, bizim üçün əsas məsələ - dövlət başçısının özünün də elə partiyamızın son qurultayında bəyan etdiyi kimi, ölkənin inkişafıdır, əhalinin rifahıdır, bu istiqamətdəki  proqramların, planların həyata keçirilməsidir, çatışmayan işlərin uğurla yerinə yetirilməsidir, nöqsanların aradan qaldırılmasıdır.

Yəni, bunların hamısını nəzərə alanda inanın ki, digər ölkələrlə müqayisədə Azərbaycanın bu gün tutduğu  yol ən düzgün, ən ədalətli yoldur. Bunu elə həmin Qərbin özündə də çox yaxşı bilirlər, başa düşürlər...”

Kamil Həmzəoğlu

 





10.06.2013    çap et  çap et